Şəki Ağır Cinayətlər
Məhkəməsində prokuror ötən il yanvarın 23-də İsmayıllıda baş vermiş
hadisələrlə bağlı tutulan şəxslərə iş istəyib.
Vəkil Nemət Kərimlinin APA-ya verdiyi məlumata görə, prosesdə
dövlət ittihamçısı çıxış edərək Müsavat Partiyası başqanının
müavini Tofiq Yaqublunun 7 il, "REAL" Hərəkatının sədri İlqar
Məmmədovun isə 8 il müddətinə azadlıqdan məhrum edilməsini
istəyib.
Proses günün ikinci yarısında davam etdiriləcək.
Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi
İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib
ki, ötən il yanvarın 23-də İsmayıllı şəhərində "Çıraq" otelinin
inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş
vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan
qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə
yerinə toplaşmış bir qrup şəxs tərəfindən "Çıraq" hotelinin və
müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən
kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə
Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb
edilərək barələrində məhkəmə tərəfindən həbs-qətimkan tədbiri
seçilib.
Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə
istintaq idarəsində cinayət işi başlanıb, həmçinin prokurorluq və
polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
yaradılıb.
İctimai qaydanın pozulmasına səbəb olan hərəkətlərdə, özgə
əmlakının qəsdən məhv edilib zədələnməsində, hakimiyyət
nümayəndələrinə qarşı zor tətbiq edilməsində, yanğın və
dağıntıların törədilməsində fəallıq göstərmiş rayon sakinləri Vasif
İbrahimov, Şükran Mühübəliyev, Şakir Mustafayev, Ceyhun Abbasov,
Cəfər Cəfərov və əvvəllər məhkum olunmuş Elşən Qurbanov, eyni
zamanda yandırılan "Çıraq" hotelindən iki televizor, bir divan və
bir kreslonu soyğunçuluq yolu ilə açıq taladıqlarına görə Səxavət
Səmədov və Xəyal Şaranov Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində
məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
İctimai qaydanın kobud surətdə pozulmasına səbəb olan
hərəkətlərdə iştirak etmiş daha 52 nəfər saxlanılıb və məhkəmə
tərəfindən onlardan 23-nə inzibati həbs, 15-nə inzibati cərimə
növündə tənbeh tədbirləri tətbiq edilib, 14 nəfər isə xəbərdarlıq
edildikdən sonra buraxılıb. Tutulmuş və həbsə alınmış şəxslərə
hüquq və vəzifələri izah edilib, eləcə də hər biri saxlanıldığı
andan müdafiəçi ilə təmin olunub.
Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat
Partiyası başqanının müavini Tofiq Yaqublu və "REAL" Hərəkatının
həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək,
rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe
olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi
ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar
ediblər.
Onu da qeyd edək ki, Müsavat Partiyası başqanının müavini Tofiq
Yaqublu və "REAL" Hərəkatının sədri İlqar Məmmədova qarşı Cinayət
Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan
hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak
etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə və ya
müqavimət göstərmə) maddəsi ilə ittiham irəli sürülüb. Onlar ötən
il yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı
ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə
təqsirləndirilirlər.