Ölkədə fəaliyyət göstərən siyasi partiya sədrlərinin və nümayəndələrinin növbəti səfəri iyulun 10-da Ağdam şəhərinə təşkil olunub.
Axar.az xəbər verir ki, siyasi partiya sədrlərinin işğaldan azad olunmuş ərazilərə səfərləri ölkəmizdə təşviq edilən siyasi dialoq mühitinin ayrılmaz hissəsidir.
İşgüzar və fəal fikir mübadiləsi şəraitində keçirilmiş səfər zamanı Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Ağdamda siyasilərin qarşısında çıxış edərək demokratik ənənələrin dərinləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə təşviq olunan siyasi dialoq mühiti çərçivəsində görülmüş işlər haqqında geniş məlumat verib.
Sağlam və etibarlı əməkdaşlıq mühitinin siyasi sabitliyin, dayanıqlı inkişafın əsas və prinsipial göstəricilərindən olduğunu vurğulayan Administrasiya rəsmisi bildirib ki, mövcud istiqamətdə əldə edilmiş bütün uğurların əsasında məhz Prezident İlham Əliyev tərəfindən nümayiş olunan siyasi iradə dayanıb.
Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların sədr və nümayəndələri, habelə politoloq, siyasi şərhçi, internet televiziyalarının rəhbərləri və qəzet redaktorlarının iştirak etdiyi Ağdam səfərinin proqramı kifayət qədər zəngin idi. Belə ki, səfər çərçivəsində partiya sədrləri Ağdam Dəmiryol və Avtovağzal Kompleksinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra səfər iştirakçılarına Xıdırlı kəndində görülən inşaat işləri haqqında geniş məlumat verilib. Ağdam Muğam Mərkəzi, Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi, Ağdam Konqres Mərkəzi və Ağdam City Hotel mehmanxanasında olmuş qonaqlar, eyni zamanda, İmarət Kompleksi və Cümə Məscidini də ziyarət ediblər.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqların qarşısında çıxış edərək bildirib ki, Ağdamda qısa müddət ərzində görülən işlərin timsalında işğaldan azad olunmuş bütün ərazilərdə aparılan genişmiqyaslı işlər Azərbaycan dövlətinin iqtisadi qüdrətini nümayiş etdirir. Qeyd olunub ki, görülən işlərin sürəti və yüksək keyfiyyəti Qarabağın dünyanın ən füsunkar məkanlarından birinə çevriləcəyindən xəbər verir.
Eyni zamanda, Ağdam Sənaye Parkı haqqında da geniş məlumat verilib. Parkda ümumi investisiyalarının məbləği 238 milyon manatdan çox olan 27 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 2090 iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən sənaye parkına 72 milyon manatdan çox investisiya yatırılıb, 300-dək daimi iş yeri yaradılıb.