Bu gün Azərbaycanda yüz minlərlə sənədsiz ev mövcuddur. Xüsusilə Bakı və ətrafında bu evlərin sayı kifayət qədər çoxdur. Həmin evlərin bir hissəsi sənədləşdirilsə də, proses davam edir. Lakin elə evlər var ki, onların sənəd alması olduqca mürəkkəb və hətta mümkünsüzdür.
Axar.az xəbər verir ki, məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə İqtisadiyyat.az-a açıqlamasında sənədləşdirilməsi mümkün olmayan fərdi yaşayış evlərindən danışıb.
Onun sözlərinə görə, yüksək gərginlikli elektrik xəttlərinin altında, yüksək təzyiqli qaz və su kəmərlərinin çox yaxınlığında və ya üzərində, neftlə çirklənmiş torpaq sahələrində tikilən qanunsuz evlərə çıxarış verilməyəcək.
Ekspert bildirib ki, bu evlər təhlükəsizlik tələblərinə cavab vermir və bu baxımdan da onlara sənəd verilməsi mümkün deyil.
R.Qasımzadə vətəndaşlara bu cür evləri almaqdan çəkinməyi tövsiyə edib: "Çıxarışı olmadığı halda o evlərin gələcəkdə satılması, alınması mümkün olmayacaq. Belə hallarla üzləşməmək və gələcəkdə problemlər yaşamamaq üçün vətəndaşlar hər hansı fərdi yaşayış evi almadan öncə diqqətli şəkildə həm sənədləri yoxlatdırmalıdırlar, həm də tikinti üzrə mütəxəsis cəlb edib tikintinin normalara uyğun olub-olmadığını dəqiqləşdirməlidirlər”.