Böyük yazıçımız İsa Muğannanın ölüm xəbərini gecə yarısı
aldım. Elə bildim, göydəki ulduzlardan biri axıb getdi.
Azərbaycanın yüzilliklər ərzində yandırdığı ən böyük zəka
işıqlarından biri söndü və gecənin qaranlığı bir az da
qatılaşdı.
İsa Muğanna nadir istedad sahibi idi. O, bunu ilk əsərlərində
göstərmişdi. Cavan yaşlarından Azərbaycan ədəbiyyatının
klassiklərindən birinə çevrilmiş, adı nəslimizin böyük yaradıçıları
olan Mirzə Cəlil, Ə.Haqverdiyev, Y.Çəmənzəminli, M.S.Ordubadi,
S.Rəhimli, M.İbrahimov, Mir Cəlal, Ə.Vəliyev, Ə.Məmmədxanlı,
İ.Əfəndiyev, İ.Şıxlı və bu kimi yazarlarımızın adları ilə birgə yer
alıb. Ancaq eyni zamanda İsa Muğanna ədəbiyyat tariximizdə yeni,
təkrarsız bir hadisə idi. Nəslimizə yeni üslub, yeni baxış, yeni
düşüncə tərzi, ən başlıcası, unudulmaz insan xarakterləri
gətirmişdi. İsa Muğanna yaradıcılığı nəsrimizdə yeni bir ədəbi
məktəbdir. Özündən sonrakı yazıçıların yaradıcılığına ciddi təsir
göstərib, nəsrimizi bəsit sosialist realizmi şablonundan qurtarıb,
20-ci əsrin dünya nəsrinin ən gözəl örnəkləri səviyyəsinə
qaldırıb.
Gənclik illərimizdə onun hər bir əsərini böyük intizarla
gözləyirdik. "Doğma və yad adamlar", "Teleqram", "Kollu koxa",
"Tütək səsi", "Yanar ürək", "Məhşər", "İdeal"... İsa Muğannanın bu
bir-birindən gözəl əsərləri ötən yüzilin son dərəcə mürəkkəb
tarixini, ictimai-siyası hadisələrini əks etdirməklə yanaşı, qədim
psixoloji təhlilləri ilə milli xarakterin qeyri-adi dərəcədə
mürəkkəb və bənzərsiz mənzərələrini yaradıb.
Onun ən çox müzakirə olunan "İdeal" romanını "Yazıçı"
nəşriyyatının baş redaktoru olanda mən nəşr etmişdim. Bunu ürəklə
yazıram. Çünki o vaxt Mərkəzi Komitənin İdeologiya şöbəsi əsərin
nəşrinə icazə vermirdi. Özəlliklə "Qapalı dünya" bölümünə heç cür
icazə vermək istəmirdilər. Mən uzun müzakirədən sonra başa sala
bildim ki, bu bölmə əsərin bir qəhrəmanına aiddir. Müəllifin öz
fikri deyil. Buna görə müəllifi ittiham etmək olmaz. Əslində
dünyaya belə qeyri-adi yanaşmağı bədii əsərə gətirmək yazıçının
böyüklüyüdür.
Yalnız bundan sonra Mərkəzi Komitədən bildirdilər ki, bu əsərin
məsuliyyətini özün boynuna götür. Bununla razılaşdım və əsərin
məsuliyyətini boynuma götürdüm: "İsa Muğanna özü kifayət qədər
ağıllı adamdır. Nə yazdığını bilir. Yazdığının məsuliyyətini elə
özü müəllif kimi daşıyır. Ancaq eyni zamanda, mən də bir naşir kimi
məsuliyyəti boynuma götürürəm.
Bu əsərin böyük bir hissəsi "Yanar ürək" adı altında çap olunub.
Bu genişləndirilmiş və təkmilləşdirilmiş nəşrdir. Həmin bölmə də
əsər qəhrəmanının düşüncələridir və bu düşüncələr elə ciddi
məsuliyyət doğurmur".
Əsər çox böyük tirajla çap olundu. Sonra da dəfələrlə çap
edildi. Həmin illərdə İsa Muğanna tez-tez nəşriyyata gəlirdi. Bizim
onunla əvvəldən, heç şübhəsiz, çox yaxın münasibətimiz var idi,
bundan sonra dostluğumuz daha da möhkəmlənmişdi.
İsa Muğanna son dərəcə maraqlı, gözəl insan, dost, həmsöhbət
idi. Onun həyat yoldaşı Firuzə xanım da İsa Muğanna qədər dəyərli
insandır. Çox gözəl xanım və əziz bacımızdır. O, İsa müəllimə
yaraşan bir xanımdır. Firuzə xanım ömrünün axırına kimi İsa
müəllimə xidmət etdi. O, İsa Muğannanın böyüklüyünü dərk
edirdi.
İsa Muğanna ilə mən Yazıçılar İttifaqının Moskvada keçirilən
qurultayına birlikdə getmişdik. Firuzə xanım da bizimlə idi.
Təyyarədə Firuzə xanım İsa müəllimə yemək vermək istəyəndə o dedi
ki, "İsmayıl Şıxlı şəkərdi, əvvəl İsmayıla ver, sonra mənə
verərsən".
Firuzə xanım yolda yemək üçün pendir və çörək götürmüşdü; az
qala hamıya o pendir-çörəkdən verdi. İsa Muğanna bir tikəsini də
hər kəslə bölməyi bacaran insan idi.
Onun əsərlərinə çoxlu filmlər çəkilib. Hər biri bizim film
sənətində böyük hadisədir. İsa Muğanna bizim gənclik illərimizdə
idealımız olan insan kimi də, yazıçı kimi də böyük söz sahibi
idi.
Bir dəfə kamera, fotokamera götürüb onların qapılarını
döymüşdüm. 4 saat oturub onunla ədəbiyyat haqqında maraqlı
söhbətlər eləmişdik, bir albom şəkil çəkdirmişdik birlikdə. O
söhbəti lentə də aldırmışdım. Həmin gün zarafatlaşa-zarafatlaşa
Firuzə xanımın da çox dadlı piroqundan yemişdik.
Bunlar hamısı çox əziz xatirədir mənim üçün. İsa Muğanna
Azərbaycanın qərb bölgəsinin İsmayıl Şıxlı ilə yanaşı, bütün böyük
xarakterlərini, xüsusiyyətlərini ədəbiyyata gətirmişdi. Bununla
yanaşı, keçən əsrdəki Azərbaycanın mürəkkəb psixologiyasını, insan
və cəmiyyət arasındakı münasibətlərini ədəbiyyata gətirmişdi. Əgər
onun uğurlu dil tərcüməçisi olsaydı, yaxud o ingilis, ispan dil
mühitində yetişsəydi, heç şübhəsiz indi İsa Muğanna dünyanın ən çox
tərcümə edilən, dünyada ən çox oxunan yazıçılarından biri
olardı.
İsa Muğanna ömrünün müdrik yaşında bizi, ədəbiyyatı tərk etdi.
Onun özünəməxsus dünyası var idi. Onun düşüncəsində insan öləndən
sonra hamının təsəvvür etdiyi yol ilə yox, tamam başqa yol ilə
gedirdi. Onun kitablarında da buna işarə var.
Bu gün o özünün təsvir etdiyi dünyadadır. Ancaq o elə bir
dünyadır ki, bizdən elə də uzaqda deyil. O, bundan sonra da, əsrlər
keçdikcə əsərlərini oxuyan oxucularını görəcək, onların səsini
eşidəcək.
Azərbaycan var olduqca İsa Muğanna da Azərbaycanla bərabər var
olacaq.