Üç əsrdən uzun üç il...
Unudulmaz ömür-gün yoldaşım Aidə xanıma 4-cü
məktub
Əzizim Aidə, sabah sənsizliyimin üçüncü ili tamam olur. Mənim
üçün üç əsrdən də uzun olan üç il. Yadındamı, 80-ci illərin
əvvələrində böyük yazar Çingiz Aytmatovun "Roman qazeta"da dərc
olunmuş "Gün var əsrə bərabər" əsərini 3-4 dəfə dönə-dönə oxudum.
Anlayırdım ki, an var, gün var, insanlar üçün əsrdən də uzun bir
təlatümlü həyat yaşamıdır. Nə biləydim ki, başıma gələcək.
Niyə üç əsr? Axı hər an mən səni düşünürəm, mən səninləyəm. Bu
hər anın ayrılıq yükü, əzab yükü toplananda heç üç əsrə də sığmaz.
Bu yükü həmişə daşıyıram. Mənim real və virtual, xəyallar dünyamda.
Bütün kodlarım da sənlə bağlıdır, sənin doğum gününlə, nişan
günümüzlə, toy günümüzlə, sənsizliyimin başladığı günlə. Gücüm tək
bircə şeyə çatır ki, bir an belə məzarının üstündəki qızıl gülləri
solmağa qoymayım.
Yəqin deyəcəksən ki, axı bu nə yaşamdır, nə güzərandır, özünü
üzmə. Sorma ruhi güzəranımı, əzizim. Bu böyük dünyada qərib olmaq,
sənsizlikdən doğan qəriblik nə qədər ağırmış. İnsanın içərisindəki
tənhalıqdan ağır nə varmış?!.
Bu il Amerikaya ilk dəfə sənsiz getdim. Dəfələrlə birgə
gəzdiyimiz prospektlər, yaşadığımız evlər, nəhəng ormanlar sənsiz
mənə necə də xırda görünürdü. Təkcə böyük görükən səninlə axırıncı
dəfə Amerikada olanda dostum, qardaşım professor B.Fazlollahinin
Atlantdakı evinin həyətində onun həyat yoldaşı Afaq xanımla
əkdiyiniz ağaclar idi, lap Ağdamın İmarətindəki çinarlar boyda...
Eh, Ağdam boyda, Qarabağ boyda, Sən boyda və başqa neçə-neçə
itkiləri olan adamın güzəranı necə olmalıdı axı. Hansı şəhərdə
olurdumsa dostlar, tanışlar səndən söhbət açırdılar, sənli
xatirələri çözürdülər.
Əzizim Aidə, bu məktub bir tərəfdən də əvvəlki məktubumdan ötən
bir il üçün hesabat məktubudur. Sənin əziz xatirəni əbədiləşdirmək
üçün hörmətli şairimiz Rəfail Tağızadə və dəyərli yazarımız Seymur
Əliyev "Yoxluğu hiss olunan İnsan" adlı nəfis bir kitab nəşr
elətdirdilər. O kitabda sənə həsr olunmuş şeirlər, esselər,
xatirələr toplanıb. Kitabın üstündəki şəkil sənin ən çox sevdiyin
şəkildir, bu şəkil həm də məzar daşının üstünə həkk olunub. O
şəkildə biz bir yerdəyik, oradan yalnız sənin şəklini götürmüşəm.
Sən həmişə deyirdin ki, ikimizin bu şəklini böyütdür, vur
otağımıza. Hələlik bu arzunu yerinə yetirə bilməmişəm, çünki sənin
şəklinə baxa bilmirəm, baxanda ruhum bədənimdən oynayır. Lakin
vəsiyyət edəcəyəm ki, bu qoşa şəklimizi böyüdüb, üç ildir qapısını
aça bilmədiyim otağımızın divarından assınlar. Yadındamı, keçən
məktubumda yazmışdım ki, sağlığında həmişə mənə yarı ciddi-yarı
zarafat deyərdin ki, bu qədər kitab yazırsan, heç birini mənə ithaf
etməmisən. Sənə yazmışdım ki, 2013-də Almaniya və Amerikada çıxan
kitabımı, yeni nəzəriyyəmi sənə ithaf etdim. Ötən ildə "World
Scientific" nəşriyyatında və Amerika "Springer" nəşriyyatında dərc
olunan 2 kitabımı da sənin əziz xatirənə ithaf etdim. Ötən il sənin
sevimli nəvən Günay Yaxın Doğu Universitetinin tələbəsi oldu. Yeri
gəlmişkən, deyim ki, bu Novruz günlərində Kiprdə olarkən,
Universitetdə doktor tələbələrim üçün dərs keçərkən dostları, ailə
üzvlərini bir ziyafətə dəvət etmişdim (həmişə səninlə etdiyimiz
kimi). Söhbətlər getdi, xatirələr çözüldü, birdən tələbə Günay söz
istədi. Dedi: "Heyf, bu dəfə sevimli Aidə nənəm bizim aramızda
deyil, ancaq O, cismani olaraq aramızda yoxdu. O, həmişə
mənimlədir, O, həmişə bizimlədir..."
Qəhər onu boğdu, göz yaşına sahib çıxa bilmədi. O biri nəvələr
də ona qoşuldu. Yaxşı ki, bir müddətdən sonra professor Nazim
Mahmudov ovqatı bir qədər durulda bildi.
Bu il sevimli nəvən Rafiq 12–ci sinfi bitirib dünyanın
sayılan-seçilən top universitetlərindən birinə qəbul oldu. Sevimli
nəvələrin Nicat Münhen Universitetini, Nihad isə İstanbul
Universitetlərinin birini bitirdi.
Əzizim Aidə, mən səndən sonra bu üç ildə heç bir bayram
keçirməmişəm, hətta bayram günlərində telefon zənglərinə də cavab
vermirəm ki, məni təbrik etməsinlər. Lakin telefon ismarıcları
olur. Dəyərli tələbəm dosent L.Qardaşova Novruz günlərində
telefonuma bir bayram ismarıcı göndərmişdi. Əsasən sənə həsr
olunmuşdu. O, yazmışdı ki, nəvələrinin uğurları Aidə xanımın ruhunu
sevindirəcək. Düz deyir. Bu məktubu ruhunun gözləri ilə oxuyanda,
nəvələrinin uğurunu görəndə ruhun bir daha təzələnəcək,
sevinəcək.
Əzizim Aidə, mənimlə hər bir müsahibədə jurnalistlər hökmən
səninlə bağlı suallar verir, sənə yazdığım məktublara istinad
edirlər. Öz yazılarımda da həmişə sənli xatirələrim yer alır. Bu
günlərdə dəyərli jurnalistimiz Şahanə Rəhimli məndən bir müsahibə
götürmüşdü. Çox hissəsi sənə həsr olunmuşdu. Dostum, böyük şairimiz
Ramiz Rövşən də çox yüksək qiymətləndirmişdi bu müsahibəni.
Şahanə soruşur:
- Çəhrayı rəngi sevirsiniz, bu rəngin içində nələr var, hansi
sirlər gizlənib?
- Bu ayın 21-də həyat yoldaşımın dünyasını dəyişməsinin 3 ili
tamam olur. Bir yazı hazırlayıram. Keçən il də birini yazdım: "Qara
paltarlı qadınım olmadın, niyə". Ona "Mediaforum" saytında dəyərli
dostlarım belə başlıq qoydular: "Çəhrayı paltarlı qadın" . Çünki
orada çəhrayı paltar barədə bir epizod var idi. Mənim də, həyat
yoldaşımın da sevdiyi çəhrayı rəng idi. Adətən çəhrayı paltar
geyinərdi. Və orada yazdım ki: "Bir gün gələcək, səninlə görüşəndə,
qara paltarda yox, sənin və mənim çox xoşumuza gələn çəhrayı
paltarında qarşıma gəlib əlimdən tutanda, qəbrimə daması qəmli göz
yaşların sevinc yaşı kimi ovcuma töküləcək". O rəng mənə bütün
gəncliyimi, həyatımı xatırladır.
Bu müsahibə ilə eyni zamanda gözəl yazarımız İlqar Rəsul APA TV
də mənimlə bir veriliş apardı. Orada da çox suallar sənlə əlaqədar
idi. Onu da deyim ki, dəyərli şairimiz, əziz dostum Musa Yaqub gecə
saat 12-də mənə telefon açıb kədərli-kədərli öz təəssüratlarını
bölüşdü, axı o da bu həyatı yaşayır. İlqar Rəsulun axırıncı sualı
belə idi:
- Rafiq müəllim, o dünyaya gedəndə nə aparacaqsınız və kimin
görüşünə tələsəcəksiniz ilk olaraq?
Sual məni çox tutsa da, bir qədər pauzadan sonra cavabım qısa
oldu: - Tanrıya şükür.
Ümid edirəm ki, məni çəhrayı paltarda qarşılayacaqsan və onda
bir daha deyəcəyəm: "Tanrıya şükür..."
Səni əbədi sevən Rafiq