Yuxarı

Telman İsmayılov gerçəkləri: yelnən gələn selnən gedər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar Moskva qəzetləri həmyerlimiz Telman İsmayılovdan yaman yazırlar: onun tam müflis olmasından, ona qarşı cinayət işi qaldırılmasından və s. Dostum Tofiq Mamedovla da bu barədə danışırıq, soruşuram ki, nə məsələdir, İmayılova qarşı əməlli-başlı kampaniya gedir?! Tofiq acı-acı gülümsəyir ki, bəli, elədir, yıxılan ağacın baltalanması prosesi gedir. Balta vuranlar da Moskvada da kifayət qədərdir...

Dostum bir siqaret çıxarır, yandırır, tüstüsünü həlqə-həlqə ağzından buraxır. O, yalnız fikirli olanda belə edir. Bilirəm, odur ki, müdaxilə edirəm:

- Sən, deyəsən, İsmayılovla şəxsən tanışsan?!

Tofiq səssizcə başını tərpədir, pencəyinin sol qolunu azca geri çəkib biləyindəki qızıl “Omeqa” saatını göstərir, “onun hədiyyəsidir”, - deyir.

- 90-cı illərin əvvəlləri idi, bütün İttifaqda ara qarışıb məzhəb itmişdi. Yuxarıda demokratlarla partokratlar hakimiyyət uğrunda didişir, aşağıda adi adamlar bir qarın çörək uğrunda mübarizəyə girişirdilər. Bakıda artıq qanlı 20 Yanvar hadisəsi baş vermiş, qırmızı qərənfillərin faciəsi gerçəkləşmişdi. Fürsətdən yararlanan, Bakıda qəbir gülləri statusuna qədər qiymətdən və hörmətdən düşmüş qərənfilləri Moskvaya daşıyıb varlanan işbazların gəlhagəli idi. Həmyerlimiz Telman İsmayılov da belələrindən biri, bəlkə də birincisi idi, Moskvada gül alverinə girişmişdi. Mən onda Moskvada Qorki rayonunda (indiki Tver) rəis müavini idim. “Belorus” dəmir yolu vağzalı və eyni adlı metro stansiyası bizim rayonun inzibati ərazisində yerləşirdi. “Belorus” metro stansiyasının arxasında kiçik bir gül bazarı vardı, burda bizim uşaqlar gül satardı. Eşitdiyimə görə, bazarın müdiri (onda belə deyilirdi) İsmayılov əslən azərbaycanlı idi, amma onu şəxsən tanımırdım. Günlərin bir günü bu İsmayılovun vəkili mənə müraciət etdi, onun adından bir yerli kimi kömək istədi. Dedim, məsələni araşdırım, bir “zondlama” aparım, baxarıq.

Deməli, Moskva teatrlarından birinin uğursuz aktrisalarından biri “Belorus” metro stansiyasının arxasındakı gül bazarında öz premyerası üçün bahalı qızılgül buketi sifariş vermişdi. Amma aktrisanın adı yox, yaşı çox olduğundan buketin pulunu verən tapılmamışdı və satıcı ilə alıcı arasında konflikt yaranmışdı. Aktrisa bahalı buketi, faktiki olaraq, havayı almaq istəmiş və qarşı tərəfin haqlı müqaviməti ilə üzləşmişdi. Nəticədə aktrisa qarşı tərəfi təhqir etmiş, onları “Moskvanın çörəyini yeyib moskvalılara şıllaq atan” məlum ev heyvanı ilə müqayisə etmişdi. Təbii ki, qarşı tərəf də borclu qalmamışdı və əməlli-başlı qarşıdurma yaranmışdı. Qarşı tərəfdən canfəşanlıq edənlərin biri də bazarın müdiri İsmayılovun bacısı, ya da qardaşı oğlu idi. Aktrisa da məhz ondan Milis idarəsinə şikayət etmiş, gül almağa gələrkən bazarda pozğun satıcılarla qarşılaşdığını, seksual təkliflər aldığını ərizəsində göstərmişdi. Xülasə, məsələ “bir buket qızılgül”ün miqyasından çıxmış, xeyli təhlükəli hal almışdı.

Dostum deyir, bir xeyli fikirləşdim, əvvəl həmin şikayətçi aktrisanı dəvət etdim. Xanımın xarici görünüşü, uğurlu rolları, anşlaqları barədə (Moskvada hamı teatra gedir) bir-iki yüngül komplimentdən sonra mətləbə keçdim. Dedim, xanım, siz cavan görünsəniz də, 50-ni keçmisiniz, amma sizə seksual təklif edən satıcının heç 30 yaşı yoxdur, bildiyimə görə, sizin qızınızla yaşıddır. Onun dayısı Moskvada tanınan, imkanlı adamdır, artıq yaxşı bir vəkil də tutub. Siz mənə deyin görək, Moskva kimi bir yerdə cavan, yaraşıqlı bir gəncin anası yaşda qadına seksual təkliflər etdiyinə məhkəməni inandırmaq olarmı? Həm də siz bütün Moskvada tanınmış, məşhur aktrisasınız, bu lazımsız səs-küy, adınızın mətbuatda hallanması sizə lazımdırmı?! Mənim təəccübümə rəğmən, xanım mənə diqqətlə qulaq asdı, sözlərimlə razılaşdı, amma sonda qayıtdı ki, bunu belə qoymaq olmaz, axı, onlar məni təhqir ediblər. Dedim, qələt ediblər, artıq səhvlərini başa düşüblər. Siz zəhmət olmasa, rəisin adına bir ərizə yazın ki, onları bağışlayırsınız, artıq şikayətçi deyilsiniz. Onlar da həmin buketi, yox, cərimə kimi ikisini sizin evinizə gətirərlər və Moskvanın ən böyük aktrisalarının birindən üzr istəyərlər. Aktrisa iki qızılgül buketi haqqında söhbəti eşidəndə gülümsədi, amma dedi, evimə yox, bazar günü tamaşadan sonra teatra, mənim adıma gətirsinlər. Razılaşdıq, xanım barışıq ərizəsi yazdı və getdi.

Bir neçə gündən sonra İsmayılovun vəkili qəbuluma gəldi. Mənə konvertdə yerlimizin adından pul gətirmişdi. Onu əvvəlcədən də tanıyırdım, abrını ətəyinə bükdüm, dedim Telmanla biz azərbaycanlıyıq, qürbətdə yaşayırıq, bir-birimizə kömək etməyə borcluyuq. Amma İsmayılov əl çəkmədi, şəxsən zəng etdi, məni ofisinə dəvət etdi. Yerliyik deyə getdim, həm də şəxsən tanış olmaq istəyirdim. Ofisi Belarus vağzalının yaxınlığında, “Malaya Qruzinckaya” küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində, 3 otaqlı mənzildə yerləşirdi. O vaxt indiki cah-cəlal yox idi, amma mühafizəsi, katibəsi vardı. Məni gülərüzlə qarşıladı, xeyli söhbət etdik (Azərbaycanca salamlaşsaq da, rusca danışırdıq). Yerevan konyakı ilə şokolad nuş etdik, üstündən də ətirli “Pele” kofesi içdik. Ayrılanda dedi, sənə qardaş, bir yurddaş (“zemlyak”) kimi bir hədiyyəm var, qoy Telmandan Tofiqə yadigar olsun. Etiraz etmədim, mənə üstü şəkilli kağız paketin içində bir qutu verdi. Evdə açdım, Telman İsmayılovun “ekstrasensliy”inə heyrət etdim. O vaxt eşitmişdim ki, Mixail Qorbaçov ağ qızıldan “Omeqa” taxır. Mən də istəyirdim... Amma qara bazarda 2-3 min dollar (indiki kursla 7-8 min) idi...

Dostum sönmüş siqaretini yandırır, sonra bir xeyli saatına baxır. Xəyala dalır... Onu reallığa qaytarmalı oluram:

- Son vaxtlar Moskva mətbuatı Telman İsmayılovdan yaman yazır: onun tam müflis olmasından ona qarşı cinayət işi qaldırılmasına qədər...

- Bəli, haqlısan. Hazırda Moskva İstintaq Komitəsinin Birinci idarəsi keçmiş milyarder Telman İsmayılovun adı hallanan çoxsaylı sifarişli qətl ittihamlarını araşdırır. Bu iş üzrə Telman İsmayılovun qardaşlarından biri Rafiq artıq həbsdədir. Digər qardaşı Vaqif isə axtarışa verilib. Telman İsmayılovun da barəsində ittiham irəli sürüləcəyi və beynəlxalq axtarışa veriləcəyi gözlənilir. Mətbuat xəbər verir ki, T.İsmayılovun cinayətkar qruplaşmalarla əlaqələri barədə məlumatlar yeni deyil. Məsələn, onun məşhur azərbaycanlı kriminal avtoritetlər – Sabirabadlı Hikmət və Rövşən Lənkəranski ilə şəkillərinə tez-tez rast gəlmək olur.

- Deyirlər, İsmayılov əslən Göyçaydandır?

- Bəli, Telman İsmayılov 1956-cı ildə Göyçayda çoxuşaqlı ailədə anadan olub. Onun valideynləri dağ yəhudiləri idi. Atası Mərdan kişi həmin dövrün gizli iş adamlarından biri idi, ayaqqabı sexi işlədirdi, Telman 14 yaşından ona kömək edirdi. Cəmi 4 ildən sonra o, Azərbaycanda ilk kommersiya dükanının müdiri olur. 1973-1976-cı illər ərzində Azərbaycanın Xalq Təsərrüfatı İnstitutunda (hazırkı İqtisadiyyat Universiteti) təhsil alır. Orduda xidmət etdikdən sonra təhsilini Moskvada Plexanov adına institutunda davam etdirir və 1980-ci ildə bitirir. Bu zamandan da həyatının Moskva dövrü başlayır. Həmin illərdə İsmayılov Ticarət Nazirliyində iqtisadçı vəzifəsində çalışır, “Востокинторг”-da mütəxəssis işləyir. 1988-ci ildə İsmayılov “Xeyriyyəçi kommersiya kompaniyası” kooperativini təşkil edir. Bu dövrdə o, həmin zamanlar Moskva şəhər icraiyyə komitəsində kooperativ fəaliyyəti üzrə komissiyanın sədri işləyən, sonralar Moskvanın məşhur meri olan Yuri Lujkovla tanış olur.

1989-cu ildə “AST” şirkətlər qrupunu təşkil edir. “AST” onun iki oğluna və qohumlarına məxsusdur və 2000-ci illərdə 30 kompaniyadan ibarət olub. Həmin dövrdə “AST” qrupunun illik dövriyyəsi 2 milyard dollara bərabər idi. 2000-ci illərdən etibarən “Çerkizovsk” bazarı da həmin qrupa məxsus idi və Moskva meri Y.Lujkovun xeyir-duası ilə Telman İsmayılova verilmişdi.

- “Çerkizovsk” bazarı haqqında xüsusi danışmağa dəyər...

- 2000-ci illərin ortalarında bu, Rusiyanın Avropa hissəsində yüngül sənaye mallarının ən böyük topdan və pərakəndə satış bazarı idi. Bazar 100 hektardan çox sahəni əhatə edirdi, burda 100 mindən çox adam işləyirdi. Bazarın sahəsi Moskva hökumətinin və Rusiya İdman və Turizm İnstitutunun mülkiyyəti idi və 30 illik icarəyə verilmişdi. “AST” qrupu bazarın dörddən üçünə nəzarət edirdi, qalan hissəsi əslən Qubadan olan Zaxar İliyev və Qod Nişanova məxsus idi. Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, “Çerkizovsk” bazarı “AST” qrupuna hər gün 1 milyon dollar təmiz gəlir gətirirdi. Deyilənə görə, bazarda şıdırğı narkotik, silah və insan alveri gedirdi, milyardlarla dollarlıq yüngül sənaye malları Çindən qaçaqmalçılıq yolu ilə gətirilirdi. On minlərlə qeyri-qanuni miqrant burda yeyirdi, işləyirdi, yatırdı və yaşayırdı. Bir sözlə, “Çerkizovsk” bazarı Moskvanın simal-şərqində qanundankənar bir şəhər idi. Vergidən yayınma halları burda maksimum həddə idi. Telman İsmayılov nahaq yerə demirdi ki, mən Moskvada 3 rubl qazananda ikisini verirəm.

Amma bütün pis günlər kimi, yaxşı günlərin də ömrü az olur. Rusiya Federasiyasının o vaxtkı baş naziri Vladimir Putin 2009-cu il iyunun 1-də hökumətə ölkədə kontrabandanın kökünü kəsmək haqqında göstəriş verir. Və iyunun 29-da Telman İsmayılovun bazarı bağlanır. Bazarın bağlanması ilə İsmayılov Rusiyadan küsür və Türkiyənin Antalya bölgəsində “Mardan Palace” otelinin açmaq fikrinə düşür. Bununla da həyatının ən böyük səhvini edir.

- “Mardan Palace” Telman İsmayılovun sonunun başlanğıcı olur?!

- Tamamilə haqlısan, bu, doğrudan da belədir. Əvvəla, İsmayılovun bütün layihələri kimi, “Çerkizovsk” bazarı istisna olmaqla, 2 milyard dollara başa gəlmiş “Mardan Palace” otel-şəhərciyi də uğursuz olur və sahibinin müflişləsməsinə səbəb olur. Sonra Telman İsmayılov Rusiyada qazandığı pulları Türkiyədə xərcləməklə, artıq yenidən prezident postunu tutmuş Vladimir Putinin qəzəbinə gəlir və onun Rusiya biznesinin qolları və yolları birdəfəlik kəsilir. Doğrudur, sonralar dostluq əlaqələrində olduğu Ramzan Kadırov onu bir neçə dəfə Rusiya lideri il barışdırmaq, yollarını açmaq istəyir, amma bir şey alınmır. Hazırda Telman İsmayılov faktiki olaraq müflis olub, Moskvada “Praqa” restoranı, Antalyada “Mardan Palace” oteli əlindən alınıb. Özü isə laməkandır, Rusiya, Türkiyə məhkəmələri onu axtarır, necə deyərlər, itə də bir əppək borcludur.

- Qəribədir, qısa zamanda milyardlar qazanan birisinin bir andaca onları itirməsinin səbəbləri nədir?

- Əvvəla, “yelnən gələn selnən gedər” deyərlər. Sonra, düşünürəm ki, əsas səbəbləri İsmayılovun xarakterində axtarmaq lazımdır. Şəxsi müşahidələrimin, eşitdiklərimin, gördüklərimin nəticəsində bu qənaətə gəlmişəm ki, Telman İsmayılovu başqalarından fərqləndirən, onun qələbəsini, məğlubiyyətini şərtləndirən 3 əsas xüsusiyyəti olub. O, həddindən artıq qabiliyyətli, insanlarla ünsiyyət qurmağı, inandırmağı bacaran, daşdan da pul çıxaran bir şəxs idi. Amma sözün əsl mənasında gopçu idi, yeri gəldi, gəlmədi yalan danışırdı, bununla da ağıllı, pullu adamları özündən uzaqlaşdırır, kredit imkankarını məhdudlaşdırırdı. Və ən əsası, həddən artıq bədxərc adam idi, pulu hara, kimə xərcləyəcəyinin bilmirdi. Onu tanıyanları, köhnə tanışlarını görən kimi, cibinə dəstə ilə dollar basırdı, onun olduğu toylarda dollar dolu kimi yağırdı. Deyirlər ki, “Mardan Palas” otelinin açılışında Monika Belluçi, Cenifer Lopez, Şeron Stoun, Peris Hilton, Riçard Qir, Tom Cons, Fipil Kirkorov və İosif Kabzon kimi məşhurlar iştirak edib, hərəsinə də neçə milyon qonorar verilib. Var-dövlət isə ad-san kimidir – qazanmasan qorumağa, qorumasan qazanmağa dəyməz.

Tarix
2017.05.11 / 15:21
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Onlar rahat pul qazanır, hazırcavab olurlar...

Vüqar Səfərli nə oyunlar açıb və kiminlə? – Faktlar

Bu gün Vahid Azərbaycan milləti yaranır

Mən arağın daşını necə atdım...

Lotu Bəxtiyar Tagilə gəldi, amma bizi “tapşırmadı”

İrəvan 100 milyonlar qazana bilər: Bakı qarşısını almalıdır - SOS

O, ömründə belə qəribə heyvan görməmişdi...

Akif Əlizadənin çadır verdiyi hərəkatçı...

Ona hədiyyə gətirən alimi elə pərt etdi ki...

Əlikram anasını necə ağlar qoydu…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla