Yuxarı

Ona hədiyyə gətirən alimi elə pərt etdi ki...

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

OLDUĞU KİMİ GÖRÜNƏN VƏ GÖRÜNDÜYÜ KİMİ OLAN KİŞİ

Köhnə jurnalist Telman Heydərovun 80 illiyinə

Bəzən mənə elə gəlir ki, Mövlanə bu sözləri məhz Telman Heydərov haqqında demək istəyib. Sadəcə olaraq, “bəxti” gətirməyib, aradakı böyük zaman fərqi ona bu kişi ilə şəxsən tanış olmağa imkan verməyib. Mənim isə bəxtim gətirib, “Xalq qəzeti”»ndə Telman müəllimin Siyasət şöbəsində siyasət öyrənmişəm, onunla çiyin-çiyinə düz 10 il işləmişəm. Sözün əsil mənasında, olduğu kimi görünən və göründüyü kimi olan kişini bir neçə addımlıqdan, bilavasitə iş prosesində müşahidə etmişəm. Ondan – ustadımızdan, şeirdən tutmuş nəsihətə kimi, çox şey eşitmişəm, çox şey öyrənmişəm, indi də karıma gəlir. Şəhriyar demiş, o günlər elə bil bir sinema pərdəsidir gözümdə, indi oturub seyr edirəm özüm də...

Telman Heydərov köhnə kişilərdəndir, onlar haqqında deyirlər ki, kişilər 41-45-də getdilər. Telman müəllim isə, sadəcə olaraq, axıra qalıb, 41–45-də nəinki müharibəyə, heç məktəbə getməyə yaşı çatmayıb. Bəlkə, Allah onu qəsdən qoruyub, bizim üçün bir nümunə saxlayıb ki, köhnə kişiləri görək?! Deyirəm, bu suallara cavab tapmaq üçün bir az irəli gedim, köhnə kişi haqqında bir arayış verim…

Artıq bir neçə ildi ki, Telman müəllimlə işləyirdik, İttifaq Mirzəbəyli ilə birlikdə ustadla bir otağın havasını içirdik. Humanitar sahənin tanınmış alimlərindən biri gündəmlə səsləşən iri siyasi bir yazı gətirmişdi. Telman müəllim şöbə müdiri kimi yazını redaktə etmiş, qəzetdə getməsinə kömək etmişdi. Həmin alim də, yerli normalara uyğun olaraq, bir qutu konfet, bir köynək, üstündə qalstukla sovqat gətirmişdi, ustada hədiyyə etmək istəyirdi. Telman müəllim əməlli-başlı əsəbiləşdi, dedi sən məni tanımırsan, bu nə hoqqadır çıxarırsan?! Mən 40 ilə yaxındır (səhv etmirəmsə, 97-98-ci illər idi) bu qəzetdə işləyirəm, bircə dəfə belə şey etmişəm? Həmin alim də bir az pərt kimi idi, nə edəsini bilmirdi… Sağ olsun İttifaq Mirzəbəyli, təcili bir çay dəsgahı yaratdı, pərtliyi, incikliyi aradan qaldırdı. Telman müəllim də qonağı yola salanda sovqatını qoltuğuna verməyi unutmadı.

İndi isə mətləb üstünə qayıdım, ustadla ilk tanışlığımızdan danışım. Bizi mərhum Məmməd Nazimoğlu tanış etmişdi, daha doğrusu, məni “Xalq qəzeti”nə işə dəvət etmişdi. 1996–97-ci illərdi. Telman Heydərov altmışı haqlamışdı, başı tamam ağarmışdı, amma cavanlıq enerjisi, yaşayıb-yaratmaq eşqi aşıb-daşırdı. Mən jurnalistikaya elmdən gəlmişdim, yazılarımın məzmunu olsa da, formasında xamlıq hiss olunurdu. Bəzən yazının ideyasını buraxıb, fikirlərimin arxasınca gedirdim, fəlsəfəçilik edirdim. Telman müəllim də əsil peşəkar redaktor kimi hərəkət edirdi, yazının mahiyyətinə dəymədən, fikirlərin bir məcraya yönəlməsinə kömək edir, formanı düzəldirdi. O, olduqca həssas adamdır, insanı hiss etdiyi kimi, yazını, sözü də hiss edir. Yaxşı redaktordur, yazını korlamadan - müəllifin dəsti-xəttinə və qəlbinə toxunmadan düzəldə bilir. Obrazlı desək, yazı (söhbət YAZI-dan gedir) tut ağacı kimi bir şeydir, ondan saz da düzəltmək olar, paz da.

Bu prosesdə redaktorun peşəkarlığı üzə çıxır, onun şeirə, ya şairə qulluq etməsi məlum olur. Telman müəllim sözsüz şeirə qulluq edən redaktor idi, o, hətta adi yazıdan “saz” düzəldə bilirdi. Mən buna sonralar, “Xalq qəzeti”ndə onunla birlikdə işləyəndə, yüz dəfə, min dəfə əmin oldum.

Konfutsinin yaxşı bir sözü var (ümumiyyətlə, onun yaxşı sözü çoxdur, deyəsən ən yaxşısı budur), deyir yüz dəfə qaranlığı söyməkdənsə, bir dənə şam yandırmaq yaxşıdır. Telman müəllimin də qaranlığı söyməklə, yəni kimisə, nəyisə pisləməklə, ümumiyyətlə, şər işlərlə arası yoxdur. Onunku xeyir işdir, yaxşılıq etməkdir. Sağ olsun – bildiyini bizdən əsirgəmir, sözün əsil mənasında, yolumuzda şam yandırırdı. Və yavaş-yavaş isti münasibətlərimiz yaranırdı. Onu tanıdıqca göztoxluğuna və şükranlığına heyrət edirdim. İnanın ki, bu kişi paxıllıq nə olduğunu bilmir, Allahın verdiyinə daim şükr edir. Ondan hələ bir nəfər haqqında bir pis kəlmə eşitməmişəm. Yaxşı tərəfi varsa deyir, olmayanda danışmır, “yuxarıdakı kişi”nin öhdəsinə buraxır. Dindar olmasa da, Allah adamıdır, borc hissini biləndir, övladlıq, atalıq, vətəndaşlıq borcu onun üçün müqəddəsdir…

Otaqda həmişə mübahisəmiz düşürdü, mən Şəhriyarı XX əsrin ən böyük Azərbaycan şairi sayırdım, İttifaq Mirzəbəyli Sabiri. Yəqin fərqli təbiətimizdən irəli gəlirdi, mən insanı düşündürən, fəlsəfi şeiri sevirəm, İttifaq isə cəmiyyəti yumorla, gülüşlə müalicə edən sənətin tərəfindədir. Yeri gəlmişkən, illərlə davam edən mübahisəmiz indi də nəticəsizdir, hər ikimiz öz fikrimizdəyik. Telman Heydərov isə heç kimin tərəfində deyildi, arabir bığaltı gülümsəyirdi, kefi kok olanda Rəsul Rzadan bir-iki misra deyirdi. Bununla da bizə yol göstərirdi, “hər şairin öz yeri var” demək istəyirdi. Şeirə arabir müraciət etsə də, məqalə ilə sözünü tez-tez deyirdi. Onun “Güllələnmiş kitablar” yazısı indi də yaddaşımın qızıl fondundadır.

Deməli, Telman müəllim indiki 20 Yanvar dairəsindən bir az yuxarıda doqquzmərtəbəli binada yaşayır. 20 Yanvar hadisələrində şəhərə əsas hücum da bu istiqamətdən olmuşdu. Telman müəllim ailəsi ilə birlikdə mənzilin həyətə baxan otağında daldalansa da, kitablar küçəyə baxan otaqda müdafiəsiz qalmışdı. 20 Yanvar dairəsindən atılan güllələr də pəncərələri dəlib kitab şkafına dəymiş, onlarla kitabı “al-qana qərq etmişdi”. O qədər təbii və səmimi yazılmışdı ki, oxuyanda elə bilirdim, güllələr bizim evə dəyir, bizim kitabları (adamları deyə bilmirəm!) həyatdan məhrum edir…

Böyük-kiçiyə hörmət, təvazökarlıq və nəzakət əsil-nəcabətdən, ailə tərbiyəsindən gələn keyfiyyətlərdi və Telman müəllimin şəxsiyyətini daha da yüksəldirdi. Ziyalı ailəsindən çıxan kişi bu ənənələri ləyaqətlə davam etdirirdi. Son dərəcədə zəhmətkeşdi, bir dəqiqəsini də boş keçirmirdi, respublikada baş verən bütün yenilikləri bilir, postsovet məkanında və dünyada baş verənləri izləyirdi, konkret işimizlə bağlı, siyasi məsələləri bizimlə müzakirə etməyi sevirdi. Respublikanın adlı ziyalıları ilə şəxsən tanış idi, bir qismi “Xalq qəzeti”nə Telman müəllimin xətrinə gəlirdi. Biz onun sayəsində Fuad Qasımzadə, Budaq Budaqov, Yaqub Mahmudov kimi alimlərlə tanış olmaq imkanı qazanmışdıq. Keçmişləri xatırlamağı, ümummilli lider Heydər Əliyev, “Kommunist” qəzetinin redaktoru Ağababa Rzayev haqqında danışmağı bir ayrı aləmdi. Deyirdi, Heydər Əliyev Azərbaycan KP MK-da keçirilən iclasda mənim “Kommunist” qəzetinin kollegiya üzvlüyünə namizədliyimi təsdiq edəndə cavandım, cəmi 30 yaşım vardı. Zarafat deyildi, Azərbaycanın, respublikanın rəhbəri adımı çəkirdi, mənə etimad göstərirdi (maraqlıdır, cavan yaşında ona daha bir etimadın göstərilməsindən, “Əməkdar jurnalist” adı verilməsindən heç zaman danışmır – Q.A.)…

Ağababa müəllimin cəsarətli redaktor, peşəkar jurnalist kimi yüksək qiymətləndirirdi. Deyirdi, o, əsil rəhbərdi, yaxşını mükafatlandırmağı, pisi cəzalandırmağı bacarırdı, olduqca ədalətli və ləyaqətli kişi idi, sözü ilə əməli həmişə düz gəlirdi. Eyni zamanda, səmimi insan kimi iş yoldaşlarının qayğısına da qalırdı, onların səhhəti, ailə problemləri ilə maraqlanırdı, hamıya kömək edir, əlindən gələni əsirgəmirdi. Məsələn, mən xəstə oğlumu Moskvaya müalicəyə aparmaq üçün baş redaktora müraciət edəndə, çəkinmədən səhiyyə nazirinə zəng etdi, bizə xəstəxanaya göndəriş, mehmanxanada yer düzəltdi. Bir deyil, iki deyil, unutmaq olarmı?!

Yeri gəlmişkən, Telman müəllim gördüklərini, bildiklərini (eşitdiklərini yox!) “Geriyə boylananda” adlı avtobioqrafik kitabında cəm edib, gözəl təhkiyə ilə oxucuların ixtiyarına verib. Bu kitab “Xalq qəzeti”nin əlli illik salnaməsidir - Telman müəllimin özü kimi… Sağ olsun Nazim Mustafa, bu kitab haqqında elə bir yazı yazıb ki (“Bütövlük” - Xalq qəzeti, 24.07.2012), mən indi bədahətən bir-iki kəlmə deməyə utanıram və kitabı əldə edə bilməyən oxucuları onun ünvanına yollayıram. Özüm isə Telman müəllimlə, İttifaq, Nazim, Əliqismətlə işlədiyim günləri, keçirdiyim illəri – bizim “Xalq qəzeti”ni xatırlayıram. Burnumun ucu göynəyir… O günlər elə bil ki, nağıldı, keçdi getdi, itdi batdı, dağıldı…

Mən “Xalq qəzeti”ndə cəmi 10 il işləmişəm, o günlərin, xatirələrin əlində əsirəm. Telman müəllim isə 50 ildən çox işləyib, görün o, nə çəkir? Bəli, bu yazının adını başqa cür də qoymaq olardı: “Əlli il bir bir qəzetdə, bir kollektivdə işləyən kişi”.

Telman müəllimin həyatı boyu iki stixiyası (tərcüməyə gəlmir!), iki səcdəgahı olub, biri “Xalq qəzeti”dir, biri ailəsi. Hansının birinci olduğunu mən bilmirəm, özündən soruşun, bəlkə bilir?! Amma ailəsini - iki oğlunu, indi nəvələrini çox sevir, lap çox sevir. Onun övladları üçün nələr etdiyini, bu yolda nələr çəkdiyini mən də bilirəm, sadəcə olaraq, ictimailəşdirmək istəmirəm. Yalnız onu deyə bilərəm ki, Telman müəllim Allahın dərdini də, qismətini də kişi kimi qəbul edib, bir dəfə də taleyindən şikayət etməyib. Amma vaxtsız ağaran saçları öz sözünü deyib, onu ələ verib…

Sonda bir pritça danışmaq, onunla da köhnə kişi haqqında təzə söhbətimə yekun vurmaq (axırınsı olmasın, axarınsı olsun!) niyyətindəyəm. Deməli, səhrada yol gedən bir yolçu yaman susuzlayır, obrazlı desək, dili-dodağı yanır. Uzaqdan yaşıl çətirli, qollu-budaqlı bir palıd ağacı görür, irəli yüyürür. Təbiətin qaydası budur, harda yaşıl rəng varsa, kökü sudur. Nə isə, yolçu gəlib çatır, görür palıdın altında çay kimi bir bulaq qaynayır. Diz üstə çökür, Allahın nemətindən doyunca içir. Kefi kökəlir, ilham pərisi də gəlir. Və bizim yolçu bulağa müraciət edir: “Gözəl bulağım, sənə nə arzulayım? Deyim ki, sənin böyük dayağın olsun, bu palıddan böyük dayaq ola bilməz. Deyim ki, sənin suyun bol olsun, sən onsuz da qaynayırsan. Deyim ki, sənin suyun sərin, təmiz olsun, sən elə təmizlik timsalısan. Bir olan Allahdan arzulayıram ki, bunları sənə çox görməsin. Biz gəldi-gedərik, sən yaşa, bulaq”…

İndi, Telman müəllim, biz sizə nə arzulayq? Biz də bu yolçu kimi, bir olan Allahdan arzulayırıq ki, olanları sizə çox görməsin, ürəyinizə görə versin. Bir də, əgər könlünüzdən keçirsə (!), nəvələrin toyunu görməyi qismət eləsin. Biz də sizə yoldaş olaq, sirdaş olaq. Əskilərdə “Xalq qəzeti”ndə olduğu kimi…

Tarix
2019.04.29 / 12:34
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla