Yuxarı

Akif Əlizadənin çadır verdiyi hərəkatçı...

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixçi-jurnalist Nəsiman Yaqublu “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” (Sovet dövrü:1920-1991) adlı kitabında mənim yaxın dostum Azər Qasımzadə haqqında xeyli məlumat verib. Təbii ki, mən bu kitabın hazırlanmasında və ərsəyə gəlməsində çəkdiyi əziyyətlərə görə hörmətli müəllifə təşəkkür edirəm. Amma bu böyük insanı “Çox adamın tanımadığı dissident hərəkatçı” kimi təqdim etməsinə etirazımı bildirirəm.

Azər Qasımzadə Azərbaycanda hərəkat dövründə ilk müstəqil siyasi-ictimai qəzet açan (“Dirçəliş” qəzeti, 1988-ci il, dekabr), ilk demokratik siyasi partiya yaradan (Azərbaycan Dirçəliş Partiyası, 1989-cu il, mart) şəxsdir. O, 1989-1992-ci illərdə Xalq Cəbhəsi Hərəkatının Ali Məclisinin üzvü olub, Hərəkatın rayon təşkilatlarının yaradılmasında yaxından iştirak edib. Onu necə tanımamaq olar?! Sadəcə olaraq, biriləri Azərin mətbuat birinciliyini, o biriləri siyasi fəaliyyət pionerliyini mənimsəyiblər. Odur ki, Azər Qasımzadənin adını çəkilməsini istəmirlər. Mən aşağıda Azər Qasımzadənin siyasi-ictimai portretini çəkməyə çalışacağam və indiyə kimi qaranlıq qalan bəzi məqamlara işıq salacağam...

Azər Əliağa oğlu Qasımzadə əslən bakılıdır, 1955-ci ildə Fatmayı kəndində anadan olub. O vaxtlar AZİ adlanan Neft Akademiyasını bitirib, bir müddət istehsalatda işləyib. Mən onunla Elmlər Akademiyasının Geologiya İnstitutunda 1986-nın ortalarında tanış olmuşam. Mən ixtisasca geokimyaçı, elmlər namizədi idim, Azər paleontologiya ilə məşğul olurdu, dissertantdı. Adi tanışlığımız vardı, yollarımız arabir partiya iclaslarında, elmi konfranslarda kəsişirdi. Azər maraqlı adamdı, yaltaqlara, nadanlara qarşı o, buz kimi soyuq olardı, iclaslarda qaynamağı, coşmağı, həqiqəti müdafiə etməyi də vardı, sözünü deməyi bacarırdı. Ümumiyyətlə isə Azər azdanışan, qulaq asmağı bacaran adam idi, bu da gəncləri onun ətrafına cəm edirdi.

1988-ci il, noyabrın 17-də eşitdim ki, camaat meydanlara gedir, etiraz mitinqləri təşkil edir. Noyabrın 18-i Azadlıq meydanına gəldim, çiskinli-küləkli bir hava vardı. Tribunada Sabir Rüstəmxanlı çıxış edirdi, sevdiyim şairlərdəndi. Meydanda adam azdı, 30-40 min ancaq olardı. Bir az gəzdim, tanış adam görmədim. Birdən bizim Azərlə rastlaşdım. Qara-yaşıl “Diklas” plaşı tamam islanmışdı, yumşaq qara saçları başına yapışmışdı, amma iri qara gözləri inamla, maraqla baxırdı. Bəli, Azərin sərt, mübariz xasiyyətinə qətiyyən uyğun gəlməyən, iri, uzun kipriklərin dövrəyə aldığı, ağıllı və gözəl gözləri vardı. Bu gözlər həmişə maraqla və səmimiyyətlə dolu olardı, baxanda gözlərindən gün doğardı...

Qərəz, Azərlə ailəvi dostluğa çevrilən və 20 ildən çox davam edən (O, 2009-cu ildə vəfat edib) ailəvi dostluğumuz həmin gündən başladı. Xüsusi olaraq, vurğulamaq istəyirəm ki, Azər Qasımzadənin həmin dövrdə 17 gün davam edən meydan hərəkatında 3 BÖYÜK xidməti olmuşdu. Birincisi, indi çox hərəkatçının şərik olduğu “çadır” məsələsidir ki, bunun müəllifi Azər Qasımzadədir. Camaat Azadlıq meydanından getmək istəmirdi, minlərlə adam açıq havada gecələyirdi. Gecələr soyuq olurdu, tonqallar qalanırdı. Azər şəxsən Elmlər Akademiyasının Geologiya İnstitutunu direktoru Akif Əlizadəyə müraciət etdi və Meydan hərəkatı üçün çadır istədi. Sağ olsun Akif müəllim, 15-20 böyük çadır verdi. Meydanda “çadır şəhərciyi” belə yarandı.

İkincisi, faktiki olaraq, Azərin əlindən alınan “məlumat” məsələsidir. Meydan hərəkatının ilk günləri idi, meydana yüzminlər gəlirdi, amma nəinki dünya, İttifaq ictimaiyyəti də bundan xəbərsiz idi. Biz artıq gecələr meydanda, “Elmlər Akademiyası” çadırında qalırdıq. Azər məndən soruşdu ki, sən aspiranturada Moskvada olmusan, demokratik qüvvələrlə əlaqən olmamış olmaz! Dedim var, Valeriya Novodvorskayanın “Demokratiçeskiy Soyuz” təşkilatından bir-iki nəfəri tanıyıram. Azər təcili tribunaya yaxınlaşdı, Sabir Rüstəmxanlı, ya Nemət Pənahlı ilə əlaqə yaratdı, məlumat verdi. Sonra çadıra qayıtdı, mənimlə oturub ingilis (bütün paleontoloqlar ingilis dilini babat bilirlər) və rus dillərində müraciət hazırladı. Mən həmin gecə evdə qaldım və “Demokratiçeskiy Soyuz”un uşaqları ilə əlaqə yaratdım, müraciəti hər iki dildə onlara çatdırdım. Onlar da yazdılar, bütün dünyaya yaydılar. Səhərisi gün Azər bu barədə meydanda tribunaya (Nemət Pənahlı “trubina” deyirdi) məlumat verdi.

Üçüncüsü, Azərin yaratığı “Tərəqqi” cəmiyyətidir. Bu, faktiki olaraq, Azərbaycanın hərəkat dövrünün ilk qeyri-formal təşkilatıdır. Dediyim kimi, Azadlıq meydanında Elmlər Akademiyasının öz çadır-qərargahı vardı. Azər Qasımzadə Meydan Hərəkatı dövründə gecə-gündüz bu çadırda olardı. İnanmazsız, mən bir dəfə onun çörək yediyini görməmişdim. Qərəz, Azər əlində bir qalın dəftər bir tərəfdə oturardı, çadır-qərargahı ziyarət edənlərə “Tərəqqi” cəmiyyətinin məqsəd və məramı haqqında məlumat verərdi. Qoşulmaq istəyənlərin adını, ünvanlarını, telefonlarını yazar, qol çəkdirərdi. Yeri gəlmişkən, Azər Qasımzadə Dirçəliş Partiyasını da “Tərəqqi” cəmiyyətinin əsasında yaratmışdı.

Fəxrlə deyə bilərəm ki, mən sürətlə ictimai-siyasi xadimə çevrilən Azər Qasımzadənin həmin dövrdə mətbuat sahəsində köməkçisi olmuşam. Yuxarıda adı çəkilən “Dirçəliş” qəzetinin ikinci baş redaktoru (birinci Azər özü olub) olmuşam. Qəzetimiz 5 min tirajla çıxıb, Bakıda yaymışıq, Azərbaycanda yaymağa çalışmışıq. Birlikdə bir neçə ictimai-siyasi dərgi buraxmışıq, bütün respublikaya paylamışıq. Nəsiman Yaqublunun “Azərbaycan Milli Azadlıq Hərəkatı Ensiklopediyası” (Sovet dövrü:1920-1991) adlı kitabında adını çəkdiyi, müəllifinin bilinmədiyi “Gülüstan” toplusunun müəllifi mənəm. Həmin dövrdə mən yazılarımı Q.Arif imzası ilə yazırdım. Yeri gəlmişkən, “Gülüstan” toplusundan olan bir neçə hekayəmi (məsələn, “İnsanlar və Qartallar”, “Dağlardan insanlığa marşrut” “Ədəbiyyat” qəzetində mərhum Sabir Əhmədovun sağlıgında çap olunub) və O.Henridən tərcümələrimi mətbuatda çap etdirmişəm.

Xüsusi olaraq vurğulamaq istəyirəm ki, məşum 20 Yanvar hadisələri haqqında həmin dövrdə bütün Azərbaycan bir kitab (“Qara Yanvar”) buraxıb, Azər Qasımzadə də bir kitab (“Aqressiya”) buraxıb. Azər Qasımzadə 20 Yanvardan sonra bir ay əlində materiallar, şəkillər Ukraynanı, Pribaltikanı gəzib, soydaşlarımızın maddi dəstəyi ilə 20 min tirajla “Aqressiya” dərgisini buraxıb. Sonra bu dərgini Ukraynada, Pribaltikada, Rusiyada, Qazaxıstanda yayıb. Biz də (bu sətirlərin müəllifi, İlham Həyatov, Elman Tağıyev, Rəfael Mustafayev və s.) ona kömək etmişik, Bakıda, bütün Azərbaycanda 5 min nüsxə yaymışıq.

Yuxarıda deyildiyi kimi, Azər Qasımzadə 1989 -1992-ci illərdə Xalq Cəbhəsi Hərəkatının Ali Məclisinin üzvü olub, hərəkatın rayon təşkilatlarının yaradılmasında yaxından iştirak edib. Onu Xalq Cəbhəsinin rəhbər şəxsləri də, sıravi üzvləri də yaxşı tanıyıb. Azər 1992-ci ilin martında Xalq Cəbhəsini siyasi motivlərlə (Cəbhənin hakimiyyəti yerlərdə zorla ələ almasının əleyhinə olub və hakimiyyət vaxtının yetişmədiyini bildirib) tərk edib. Dircəliş Partiyası Xalq Cəbhəsi – Müsavat hakimiyyəti dövründə müxalifətdə olub. 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdıb Ali Sovetin sədri seçildikdən sonra Azər Qasımzadə parlamentin iclaslarına dəvət edilib və çıxış edib. Çıxışında Dirçəliş Partiyasının Heydər Əliyevi demokratik islahatlar keçirəcəyi təqdirdə dəstəkləyəcəyini bildirib.

Azər Qasımzadə, səhv etmirəmsə, 1994-cü ildə Vahid Bankın aldadılmış üzvlərinin hüquqlarının müdafiəsi təşkilatını yaradıb (mən bu layihədə iştirak etməmişəm, həmin dövrdə Rusiyada idim) və həmin təşkilatın rəhbəri olub. 1995-ci ildə həmin bankın təsisçilərinin əli ilə şərlənərək (guya evindən silah tapılıb) həbs olunub. Mən bu xəbəri eşidən kimi Rusiyadan gəlmişəm və dostumun məhkəmələrində iştirak etmişəm. Amma onun bu qədər iradə ilə müdafiə etdiyi, uğurlarında həbsə getdiyi Vahid Bank üzvlərindən biri də məhkəmə proseslərinə gəlməyib, onu müdafiə etməyib. Azərə günahsız yerə 6 il iş kəsilib və o, iki il türmədə yatıb.

Azər Qasımzadə 2009-cu ilin iyul ayında Bakıda ürək çatışmazlığından dünyasını dəyişib. Evli olub, atasının adını daşıyan Əliağa adlı bir oğlu var...

Tarix
2019.07.25 / 20:01
Müəllif
Qalib Arif
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla