Oxucuların xoşbəxt saydıqları şairlərin taleyində
xoşbəxtlik anlıq olur.
Şairlər tək bir insan ömrü yaşamırlar. Şairlər nə qədər insan
ömrü yaşayırlar. Öz ömürlərini yaşamağa vaxtları qalmır. Şair
ömrünün pis günü yaxşısından çox olur. Özgə ömürlərin dərdləri şair
ömrünü yeyib talayır. Özünə nə zaman, nə də həvəs qalır yaşamağa.
Bu şair ömrüdü, şair taleyidi. Ona "niyə belə yaşadın" deyə
bilməzsən.
Sən şair taleyi yaşadın, qardaş. Amma bu məmləkət bir az
fərqlidi…
Sən həm də rəssam ömrü yaşamalı oldun. Sənin işin bir az da ağır
oldu…
Doğrudur, adamı özündən yaxşı heç kim tanıya bilməz. Mən Adili
ən yaxşı tanıyanlardanam. Adilin dairəvi eynəyinin arxasından o
xırda, iti gözlərinin nələr gördüyünü, nələr anlatdığını, nələr
demək istədiyini yaxşı anlayırdım. Onun nələri etdiyindən, nələri
etmək istədiyindən, etmədiyindən xəbərdaram.
Biz başından istifadə ediləsi adamın əlindən, ayağından;
əlindən, ayağından istifadə ediləsi adamın başından istifadə
edirik.
Adil Mirseyid başqa bir məmləkətdə yaşasaydı, dəyəri başqa
olardı. Daha çox tanınardı. Təbii ki, həyat tərzi də fərqli
olardı.
Adil son vaxtlar gördüyü qarlı, şaxtalı günlərin sayının
çoxluğundan üşüməyə başladı. Qışda cins kürkdən paltoya keçdi.
Yayda pencəyə. Qızmadı. Çünki artıq könlü də üşüyürdü. Amma
könlündən küsmədi. Artıq son günlər can ağrılarına tab gətirə
bilmirdi. Onu sıxan, incidən, küsdürən ağrılar da bir tərəfdən.
Mənə zəng edəndə çox danışmazdı. "Salam. Necəsən? Hardasan?
Yarımsaatdan sonra Nərimanov parkında olacam", deyib, danışığı
kəsərdi. Bilirdim ki, görüşmək, söhbətləşmək istəyir. Saatlarla
oturub söhbətləşərdik.
Adil, bu gün Nərimanov parkına gəldim. Həmişə məni gözlədiyin,
var-gəl etdiyin yerə. Yalquzaq kimi gəzdim oraları. Mənə elə gəldi
ki, hamı mənə baxır. Mənim təkliyimə. Ağacın altındakı çayxanada
(Adil oranı belə adlandırırdı) oturdum. Həmişəki kimi bu dəfə
"kəkotulu çay"ı sifarişi olmadı. Qəhərdən boğuldum. Tez durub
çıxdım "məni öyrəşdirdiyin" çayxanadan. Artıq bütün çayxanalardan
qaçıram. Daha sənsiz qalan çayxanalar məni özünə çəkmir.
Darıxdırır, qovur, itələyir məni oralardan.
Əvvəllər həftədə bir dəfə içalat kababı yeməyimiz vardı. Sənin
üçün bu daha rahat idi deyə. Sonralar içalatın səni yedi. İndi mən
içimi yeyirəm.
"Sevdiyim bir qadın var adı ehtiyac"- deyən Adil Mirseyid, bu
sevgisinə; həm də əqidəsinə, yoluna, ədəbiyyata, poeziyaya sonadək
sadiq qaldı. Dəyişmədi. Bundan sonra da heç dəyişməz.
Adilin ürəyincə olmayan, əlacsızlıqdan etdiklərinin mənəvi
peşmançılığının acısını necə yaşadığını da görmüşəm…
Sənin sonuncu gecədəki ağrılarına dözə bilmədim. İynənin belə
sənə təsir etmədiyini görüncə halım dəyişdi. Yaddaşımda həmişə
sənin əvvəlki kimi qalmağını istədim. Hərdən eynəyini bir az geri
itələyib şirin-şirin danışan; "Gəl bir Torqovını gəzək"- deyib,
təxminən hər küçəsində kirayənişin qaldığın, işlədiyin şəhərlə
bağlı xatirələrini danışa-danışa mənimlə asta-asta addımlayan Adil
kimi...
Bu gecə sənin bu halına tab gətirə bilməyəcəyimi duyub səndən
ayrıldım. Bunun son ayrılıq olduğunu düşünmək belə ağlımdan
keçmədi. Demək ki, bizi ayrılıqdan saatlar ayırırmış. Səninçün
dayanan, bizi səndən ayıran, döyən saatlar.
Amma mənə yenə də elə gəlir ki, sən hansısa çayxanada hamısı
səni tanıyan çayçıların birinə çay sifariş verib, söhbətə
başlamısan...
Dünya ədəbiyyatı, mədəniyyəti, incəsənətindən kimlərisə
bilgiləndirirsən. Qızışan məclisdə söhbət şeirdən, əsl poeziyadan,
esselərindən gedir.
nə cavan ölmək istərəm
nə də yüz il yaşamaq gələr ağlıma – deyirdin.
Emersonun "hər ağızda bir dua var" fikrini də tez-tez
işlədirdin.
"Vağzallarından tanınar şəhərlər", söyləyən Adil olanlarını
götürüb Ləki vağzalından Bakı vağzalına gəldi. Indi də içində,
beynində, yaddaşında qalanlarını – yazmadıqlarını, demədiklərini,
neçə-neçə kitablıq yazıları özüylə Ağdaşa apardı. Dolu gəldiyi kimi
dolu da getdi. Nə qədər ideyalar, layihələr, fikirlər, şeirlər
ürəkdə, beyində qaldı. Beşikdə öldü. Oxunası Adil Mirseyid
oxunmamış qaldı. Maraqlı söhbətlər, əksəriyyətin bilmədiyi
məlumatlar Adillə getdi.
Adilin apardığı, qoyub getdiyindən çox oldu.
Adil bizim zamanla uzlaşmayan özgə bir Zamanın adamı idi.
Işığı özündən uzaqlara düşən, şam kimi əriyən şair idi, Adil
Mirseyid. Gün-gün, il-il əridi…
Adil Mirseyid bir şair kimi taleyi ilə oynadı.
Tənhalığı sevən Adil Mirseyid son gedişi ilə bizi tənha
qoydu.
"Şair ömrü yaşamaq, qaranlıqda qıl körpüdən keçmək kimi bir
şeydir", deyirdi, Adil Mirseyid.
Aparan kimi apardığını bildi. Itirən itirdiyinin
fərqindədirmi?!
Bulud adam, Güzgü adam, Nəgmə adam qara lentli şəkildən boylanan
adam oldu.
Ağdaşda sonuncu kitabına son kərə ürək sözlərini yazıb bütün
yazdıqlarını bizlərə bağışlayırdı...
Olanını bağışlamağı sevən Adil Mirseyid.
Ruhun şad olsun, qardaş...
аdil mirsеyidin аkvаrеlləri
uzаqdаn dənizə qоvuşаn
sеvdаlı buludlаr
аdil mirsеyidin аkvаrеlinə köçəcək
bir аzdаn
sоnrа dа dоlub dоlub bоşаlаcаq
yumаq istəyəcək
gümаnı yаğışа yаğmurа qаlаn
bu məmləkətin günаhlаrını
yа dа qəfil gələn rüzgаr
qоvub аpаrаcаq
əlində fırçа tutmuş
bir divаnə rəssаmın
ümidləri üstünə
buludlаrın оvqаtı
qаrışıb rəssаmın оvqаtınа
köçəcək rənglərin yеddinci
qаtınа
bu bаşqа bir mənzərədi
rəssаmın аkvаrеlində
hüznlü göyüzü və biz
təkcə аdil mirsеyidin аkvаrеlində
qаlаcаq
sеvdаlı buludlаr
аğ-qаrа ümidlər
bir də gözünü göy üzünə dikən
dəniz
(21.12.2004)
Daha bundan sonra heç nə köçməyəcək sənin akvarelinə, Adil
Mirseyid.
Köçənlər də köçürənlərlə köçdü...
22.07.2014