O axşam hava
sevənlərin idi. Sevgini duyanların idi. Sevgi havasıydı. Sevənlər
havaya baxıb havalanırdılar. Nə pəncərələrində işıqları yanan evlər
onun fərqindəydi, nə də nələri isə axtaran polis onun
fərqində.
Nazim Hikmət demiş: "Ne sen bunun farkındasın, ne polis
farkında".
Üzünün, ruhunun işığı su basmış yollara işıq salırdı. Oynaşan
damcılar bərq vururdu o işıqda.
Sən o axşam həmişəkindən daha gözəl idin. Ruhun gülürdü.
... O bir payız axşamı idi.
Çoxlarının sevdiyi yağışlı bir payız axşamı.
Amma elə bil o yağış iki nəfər üçün yağırdı.
Sənin üzünə yağan yağış...
Sanki hələ də röyaların, nağılların içindəyəm. Bunun reallıq
olduğuna özüm də inana bilmirəm. O gün, o xoş zaman bir də
təkrarlanacaqmı? Olanları bir də yaşayacağıqmı?
Bizə sevincin, yaşamağın şirinliyini yaşadan axşamın əllərindən
tutub saxlamaq istəyərdim. Dondurmaq istəyərdim zamanı. Təki
qurtarmayaydı o axşam. Ağlayan buludun göz yaşları içimizi yenə də
sərinləşdirəydi kaş.
Ruhumuzu oxşayaydı.
Suların şırıltısı, yamşayıl otlar, yarpaqlar o alatoranlıqda
payız ömrünün baharını bəxş edirdi bizə.
Hər şey təbii idi o axşam. Hava da. Biz də. Ətraf da.
İlk dəfəydi qoluma girirdin, elə bildim elektrik keçdi içimdən.
Ürəyim buna tab gətirəcəkmi? - deyə söylədim özüm-özümə. Arzusudu,
dedi.
Çətirini başımıza tutmuşdum. Qanadlarımtək. Çətirə dəyən
damcılar Şopenin nöktürnlərini səsləndirirdi. Sən mən tərəfə
çönəndə çətirdən yayınan damcılar aramızdan buxarlanırdı.
* * *
Kim bilir, bəlkə də ömrümüzə hələ bundan sonra çox payızlar
gələcək. O payızlarda da belə yağışlar yağacaq. Biz də olacağıq.
Amma o an, o məqam o vaxtkı kimi olmayacaq.
Nə sular elə səs salacaq, nə gecə elə sakit olacaq, nə də biz o
olacağıq. Ya içimizin sakitliyi fərqli olacaq, ya havanın. Ya da
dəyişən nələrsə olacaq.
Bir ömür qədər yaşanan an yaddaşa tarix yazır.
Əlvan, çox əlvan bir xəttlə. Açıb oxuya bilirsən. Dönüb baxa
bilirsən. Üzünü sığallaya bilirsən. Təbəssümlə dolu donub qalmış
üzünü. Xatirələrdə...
O axşam hər şey fərqli idi.
Zaman da. Ovqat da. Qərarlar da.
Hər şeyi dəyişə bilən o gün də, o axşam da.
Üzümüzün və içimizin yanğısını yuyan yağış da.
O, axşam.
Bizləri xoşbəxt edən anların məkanı. O axşam...
Həyat yaşamağı bacaranlarındır.
O axşam hava sevənlərin idi...