Bu gecə bağa elə bil qəfil payız gəlmişdi. Sənin
addımladığın yollara kölgə salan ağacların saralıb tökülən
yarpaqları yolları sapsarı saraltmışdı. Hava da deyəsən tez
qaralmışdı. Ya mənə elə gəlirdi. Amma onu bilirəm ki, bu günün
gündüzü axşamından qaranlıq idi.
Heç özüm də bilmədim sevdiyim bağın aşağısından axan çayın
kənarındakı mənimçün rahat, doğma olan məkana necə gəlib çıxdım. Bu
sakit guşə mənə çox şeyləri xatırladırdı.
Səsini içinə almış çaynikin çayından armudu stəkana süzüb
birnəfəsə içirəm. İtən anlar qarışıq. Əl dəyməyən, dodaq toxunmayan
stəkan səninçün süzülmüş çayı soyudur. Bu gecə kimi. Mizin
kölgəliyindəki lampanın süzülən işığı altında gözünü mənə dikən
stəkandakı çayın narahat, narazı baxışları səni məndən sorur,
lal-dinməz. Ruhumuzu oxşayan, rahatlayan çayın bu gecəki narahat
səsi də bu darıxdırıcı gecənın sükutunu poza bilmir. O, ixtiyarda
deyil.
Sanki bütün qaranlıqlar bura çöküb. Çox şeylərin itdiyi bu
gecədə mən də yoxam.
Bu gecə bir kölgə gedirdi bizim küçənin ortasıyla. Evlərinin
qabağında hava almağa çıxmış söhbətləşən qadınlar məni görmürdülər.
Həmişə diqqət kəsilənlər bu gecə nədən diqqətsiz idilər, görəsən.
Dəmir qapının adamın sinirlərinə təsir edən cırıltısını təkcə mən
idim eşidən. Qaldığım otağın qapısının bir tayını açıb içəri
keçdim. Mənimçün heç kimin olmadığı bu evdə başqa kiminsə olmasına
fikir vermədən. Heç televizorun işləməsinin fərqində belə
olmadan.
Pəncərənin açıq qalmış tayına gözünü dikən çarpayı yastığı özünə
başdaşı qoyub. Divandakı xırda yastıqlar da daha dağınıq deyil.
Təkcə onlar sakitcə qucaqlaşıblar bu gecə. İstifadə olunmamış o bir
ədəd salma çay onu boğan otaq bildiyi salafan torbada mənimtək
darıxırdı. Dolab da çarpayı kimi səsini içinə almışdı. Otağın
havasızlığı məni bayıra itələdi.
Bu qədər çoxluğun içində nə qədər tənhalıq varmış bu gecə.
Yer-göy tənhalaşıb sanki.
Şəhərin məni özünə çəkən, cəlb edən özünəməxsus küçələri,
həyətləri, evləri bu gecə mənimçün adiləşmişdi. Nə şəhər o şəhər
idi, nə də gecə o gecə. Sənsiz gecəni yaşamağın bu qədər ağır
olacağını anlamağa başladım. Sabahkı gün məni boğacaqmı, ya dəli
edəcəkmi?.. Bilmirəm.
Gecəni uzadan tənhalıq qurtarmaq bilmir. Uzanır uzana bildiyi
qədər.
Kimsənin məni görmədiyi qaranlığın içindən qaçmaq istədim üzü
aydınlığa sarı. Məni sıxan, darıxdıran tənhalığı suların qoynuna
atmaq, qurtulmaq üçün yenidən çayın sahilinə düşdüm.
Gecədə qəribə bir sükut var. Adamı lal edən, Ayı göydən qoparan
bir sükut.
Boşluqdan, havasızdan qopmaq istəyirsən. Boğulursan. Qaçmaq
istəyirsən. Qayıdacağın, gedəcəyin bütün yollar sənə yoxuş kimi
görünür. Qalxa biləcəksənmi? Çıxa biləcəksənmi? Gücün çatacaqmı?
Qollardan, ayaqlardan elə bil daş asılıb. Ağırlaşmısan. Bu
ağırlığın içində yaşamaq cəhənnəm əzabıdir.
Ağır, çox ağır addımlarla geri qayıdanda qaranlıqda pilləkəndə
ağaran qadın ayaqqabısının tanış səsi diksindirdi məni. İtmiş məni
bu səs hardan tapdı görəsən?..
Hər gecə tum aldığımız dükançı kişi hər şeyi anlayırmış kimi bu
dəfə əlində iki dondurma qabağımıza qaçırdı.
Qoşa addımların səsindən dan yeri sökülməyə başlayırdı...