Sənin yoxluğun mənim üçün
çox şeyi adiləşdirdi. Sənsizlik qədər böyük bir ağrını
daddım.
Getdikcə balacalaşan, amma gülüşünü itirməyən gözlərin ilıq
baxışları mənə indi əvvəlkindən daha doğma gəlir. Başıma-üzümə
sığal çəkən qurumuş əllərin payız buludu kimi idi. Hər dəfə o doğma
səsinə, çağrışına uşaqlıqda olduğum kimi qaçırdım. Hansı yaşda
olmağımdan asılı olmayaraq, sığındığım qucağında, məni bağrına
basan taqətsiz qollarında qəribə bir cazibə vardı. İndi də
darıxanda, kövrələndə, inciyəndə, incidiləndə, özümü tənha, yalqız
hiss edəndə, küsdürüləndə o müqəddəs sığınacağıma, yuvama qaçmaq,
sığınmaq, mənə qanad kimi açılan o qollara pənah gətirmək
istəyirəm. Hara qaçım, hara sığınım indi? Başımı qoyacağım diz
daşlaşıb. Sığınacağım qucaq buza dönüb.
Üzümü şəklinə söykəyirəm. Alışıb-yanan içim, vucudum üşüyür,
ANA.
Səndən keçmiş zamanda danışmaq nə qədər çətindi...
Hər dəfə Bilgəhə gələndə "səni ziyarətə gəlmişəm", deyərdim.
İndi atamı görməmişdən qabaq sənin ziyarətinə gəlirəm. O soyuq,
qara daşdan baxıb həmişəki kimi gülümsəyirsən. Yolboyu məni ağladan
sənsizliyinə üzündən təbəssüm qatırsan. Sənə baxıb ağlamağa
utanıram. O təbəssümə göz yaşı qatmaq istəmirəm. Kənara çəkilib
içimi, gözümü boşaldıram. Sənin sənsizliyinə dözməyən atamın halına
daha çox ağlayıram. Acıyıram. 67 illik birgə həyatın ağır
ayrılığını duyuram atamda.
Atam hər gecə "Ay Gülarə" deyib səni çağırır yuxusunda.
* * *
"A bala, bizim ölən vaxtımızdı. Təki sizin çiyninizdə gedək.
Allah bizə bala dağı göstərməsin", deyirdin. İndi çiynimizdə
gəldiyinəmi sevinirsən?
Yoxluğun ömrümüzün dadını, həyatımızın sevincini
qaçırtdı.
Dünyada kimsədən, hətta doğma övladlarından da heç nə ummayan
anam, səndən keçdi bizə gözü-könlü tox olmaq. Halallıq...
Yoxluğun məni kəndimizdən bir az da uzaqlaşdırdı.
"Məni həyətdə, evdə qarşılayacaq adam köçdü bu dünyadan. Ən
ağrılı halımda üzümə gülən, təbəssümü bütün nisgilimi unutduran o
üzü görməyəcəm orda. Kəndim doğmalığını misqal-misqal itirir.
Xatirələrimdə yaşayan evimizin rahatlığı yox oldu. Ata-ananın ev
üçün, ailə üçün ayrı bir cazibə qanadı, cazibə qüvvəsi var. Sındı o
qanadın biri..." deyirəm hər gün öz-özümə.
Ömründə kimsəni incitmədin. İndi bu susqun duruşun incidir
məni.
Hamının sakit yatdığı bu əbədi məkanda Azan səsini eşitdikcə,
yəqin, Qarabağ yadına düşür.
Sən muğamı, xalq mahnılarını, aşıq havalarını, Qarabag səsini,
onun əvəzsiz zəngulələrini çox sevərdin. Köhnə xanəndələri səsindən
tanıyardın. Məşədi Məmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Şəkili
Ələsgər, Cabbar Qaryağdıoğlu, o vaxtların başqa məhşur
xanəndələrinin Varşavada, Kiyevdə, Tiflisdə buraxılmış səs
yazılarına cavanlığında babamın qədim-təzə saxlanılan patefonunda o
qədər qulaq asmışdın ki!
Sözə, səlis danışığa xüsusi onəm verərdin. Yanında şeiri bir
dəfə oxuyan kimi təkrarən söyləyərdin. İndi bu qədər danışdığıma,
sorğularıma baxışınla cavab verirsən.
Dinmirsən. Sakitcə dayanıb dinləyirsən. Burada da könlümü qırmaq
istəmirsən. Məni qarşıladığın təbəssümlə yola salırsan.
Mənim əbədi təbəssümlü ANAM...