Sevginin zirvəsi Rafiq Əliyevə (və sevgisini itirən hər
kəsə…)
Yaraları sağaldan zaman SƏNin yoxluğunu unutdura bilmədi.
SƏNsizliyi sağalda bilmədi. Bir günlük xatirəni bir gecəyə danışıb
qurtara bilmirdik. İndi bir gecəyə 40 illik xatirəni özüm-özümə
danışıram. Öz-özünə danışmaq qədər sürətli heç nə yoxmuş bu sürət
zamanında.
***
Bir ildir əlim evimin zənginə qalxmır. Üzümə heç kimin açmadığı
qapının çalınan zənginə özüm gedirəm. Gələn qonaqlar da daha
əvvəlki kimi səslü-küylü olmurlar. Özünəməxsus sükut, səssizlik
aparıb dəhlizin nəvazişli şirinliyini. Otağın boşluğunu duyan
çaynik də dəyişib səsini. Divara hopan səslər gecələr olanları,
olmuşları yuxuma danışır ahəstə bir səslə. Düz bir ildir evin hər
tərəfindən-gah otaqdan, gah mətbəxdən mənə zillənir baxışların:
- Ac deyilsən?
- Çay içmisənmi?
- Sənə soyuq deyil ki?
- Gecələr üstünü yaxşı ört.
- Bayırda yaman soyuqdur, əynini qalın gey...
Hər yerdə, hər zaman SƏN varsan. Məni darıxdıran və məni
darıxmağa qoymayan SƏN. Gecələr "yuxun şirin olsun" dediyim SƏNə,
"əbədi yuxun şirin olsun" deyirəm bir ildir. Xəyalların,
xatirələrin yola verdiyi bu bir ildə alışa bilmədim SƏNsizliyə. Bu
evin hər yerində SƏN varsan. Güzgülər hələ də SƏNi göstərir.
Siluetin baxır güzgüdən:
- O biri köynəyi gey.
- Bu qalstuk sənə yaman yaraşır.
- Şərfini vur...
***
Səfərə çıxıram. Dönub arxaya boylanıram. Qapı elə mən örtən
qapıdır. Pilləkanlər də qupquru…