YENƏ YOL POLİSİNƏ BÖHTAN ATIRLAR
Bu dəfə kimlər və nə üçün?
Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan mətbuatının ən çox
müraciət etdiyi mövzulardan biri də daxili işlər orqanlarının
fəaliyyəti ilə bağlı olan məsələlərdir. Mətbuatımızda gedən bu
səpkili yazılarda polisin işini təqdir edənlər də olur, tənqid
edənlər də.
DİN-in Mətbuat Xidməti kimi gündəlik olaraq polisin fəaliyyətinə
aid belə yazıları, əsasən də tənqidi yazıları, xəbərləri,
müraciətləri izləyir, əgər orada reallıq varsa, haqlı tənqid və
iradları müvafiq instansiyalara məruzə edirik, araşdırırıq və sonda
həmin KİV-ə cavab veririk. Bu bizim gündəlik işimizin bir
hissəsidir. Lakin polisin fəaliyyəti ilə bağlı son günlər mətbuatda
gedən iki yazı - bir müraciət, bir müxbir yazısı üzərində xüsusi
dayanıb, bəzi fikirlərimi oxucularla da bölüşməyi vacib bildim.
Avqustun 20-də saytlardan birində özünü Azərbaycan Ziyalılar
Birliyinin sədri kimi təqdim edən Eldəniz Quliyevin ölkənin Daxili
İşlər nazirinə müraciəti dərc edilmişdi. Özünün iddiasına görə,
Ziyalılar Birliyinə rəhbərlik edən şəxsin nazirə müraciəti sizcə
necə olmalıdır? Sözsüz ki, müəllifi buna vadar edən səbəb çox
ciddi, həm də cəmiyyəti bərk narahat edən bir məsələ olmalı və
ziyalıcasına yazılmalıdır. Çox təəssüflər olsun ki, bu vətəndaşın
müraciətini oxuyanda müəllifi ilə "titulları" arasında dərin bir
uçurum görünür. Və göz önünə nəinki kəmsavad, hətta ibtidai
təhsilin, kitab-dəftərin belə nə olduğundan xəbərsiz biri gəlir.
Guya polis adının, qanunlarımızın və dövlətçiliyimizin təəssübünü
çəkən bu dırnaqarası ziyalı Dövlət Yol Polisinin fəaliyyətindən
narazılığını bildirir. Yayın cırhacır istisində, qışın şaxtasında
gecə-gündüz yollarda insanların, nəqliyyatın hərəkət
təhlükəsizliyini təmin edən, cinayətkarlıqla mübarizə aparan Dövlət
Yol Polisinə - böyük bir kollektivin ünvanına təhqir və həqarətlər
yağdıran bu adam mundirində dövlətimizin müqəddəs atributlarını
daşıyan insanların qarasına "mal oğrusunu xatırladan polis formalı
gədələr", "ova çıxmış tülkü kimi şöngüyüb gizlənən" kimi küçə
söyüşləri yağdırır.
Ziyalı adına ləkə yaxan, bu ada xələl gətirən, bu adın arxasında
gizlənərək başqalarına çirkab atan Eldəniz Quliyev yəqin onu da
bilmir ki, daxili işlər orqanlarının işgüzar nüfuzunu gözdən
salmağa, polis əməkdaşlarının şərəf və ləyaqətinin təhqirinə
yönəlmiş cızmaqarasına görə qanun qarşısında məsuliyyət daşıyır.
Hətta olmuş olsa belə, bir nəfərin neqativ hərəkətinə görə onun
təmsil etdiyi quruma qarşı əsassız ittihamlar irəli sürmək, onların
ünvanına KİV vasitəsilə təhqirlər yağdırmaq birbaşa cinayətdir.
Hiddətlənən DYP əməkdaşları yığılıb onu məhkəməyə versələr,
başçılıq etdiyi o birliyin özü kimi 500 şəriki də gəlsə, onu
məsuliyyətdən qurtara bilməz. Ayıbdır, E.Quliyev! Heç nəyinə də
olmasa, öz saç-saqqalına hörmət elə...
Barəsində danışmaq istədiyim ikinci məsələ isə adlarını çəkib
reklam etmək istəmədiyim bir qəzet və onun dəmtutan saytında dərc
edilmiş "Nuşirəvan Səfərovun oxuması vacibdir" adlı yazıdır. Bakı
Şəhər DYPİ-nin bir əməkdaşının guya qanunsuz hərəkətlərinə həsr
olunmuş bu söz yığını niyə məhz N.Səfərova ünvanlanıb? "Mənim
səndən-sənə şikayətim var"ın əsl niyyəti nədir?
Çoxsaylı vətəndaşların müraciəti əsasında uzun müddət Azərbaycan
Mətbuat Şurasının "Qara siyahı"sında yer alan bu qəzeti
hazırlayanlar yaxşı bilirlər ki, DYPİ Daxili İşlər Nazirliyinin
vacib bir xidmət sahəsi olmaqla dövlət orqanıdır. Oranın
əməkdaşları da başda Nuşirəvan Səfərov olmaqla, dövlətin müəyyən
etdiyi vəzifələri nazirliyin rəhbərliyi altında icra edirlər. Elə
buna görə də həmin idarənin əməkdaşları haqqındakı ictimai rəyi də
onların rəislərindən min dəfə çox DİN-in və ən əsası da
dövlətimizin, xalqımızın bilməsi vacibdir.
Yol hərəkət qaydasını kobud şəkildə pozan, polisin qanuni
tələbinə məhəl qoymayaraq söyüşlə, təhqirlə cavab verən sürücünü
müdafiə edərək qanun keşikçisini əsassız ağır ittihamlarla suçlayan
belə bir cızmzqaranı dərc edən qəzet və sayt, əslində, bu yolla öz
dar düşüncələrinə görə ən çox işləri düşən DYPİ-yə "xox gəlirlər".
Yəni, istəyirsənsə, belə yazmayaq, onda bizimlə hesablaşmalısan,
başqa sözlə, tez-tez pozduğumuz YHQ-na görə yazılan protokollar
üzrə ödəməli olduğumuz cəriməni bizdən soruşmayın, işıqforun
qırmızı işığına məhəl qoymamağımıza, avtomobili sənədsiz, yaxud da
sərxoş vəziyyətdə idarə etməyimizə göz yumun, bizdən qorxun və
çəkinin. Ancaq unudurlar ki, onlar çox təhlükəli bir yoldadırlar və
bu yolla çox da uzağa gedib çıxa bilməyəcəklər. Çünki əlahəzrət
Qanun hamı üçün eynidir - özünü ziyalı, müxbir sayanlar üçün də,
həkim, çoban üçün də. Qanunun tələblərinə hamı riayət
etməlidir.
O ki qaldı adıçəkilən yazıda qeyd olunan Dövlət Yol Polisinə
yönəli əsassız iddialara, onları ətraflı şəkildə təkrarlamağa lüzum
görmürəm. Mahiyyəti ondan ibarətdir ki, avqustun 18-də saat 24
radələrində BMV-X6 markalı avtomobil qayda pozuntusuna yol verdiyi
üçün ərazidə xidmətdə olan YPX əməkdaşları tərəfindən saxlanılıb.
Xanım sürücü polisin sənəd təqdim etmək tələbini aqressiv formada
qarşılayaraq maşını hərəkətə gətirib. Polisdən qaçmağa çalışan
sürücü tezliklə saxlanılıb. Elə əsl mərəkə də bundan sonra
başlanıb. Polis əməkdaşlarını nalayiq sözlərlə təhqir edən sürücü
xanım, ən nəhayət, heç bir sənədinin olmadığını etiraf edib. Belə
olan halda şəxsiyyətini müəyyənləşdirmək və barəsində inzibati
protokol tərtib edilməsi üçün sürücü aidiyyəti üzrə polis bölməsinə
dəvət olunub. Burada da o öz aqressiv hərəkətlərini davam
etdirib.
Bölməyə gələn sürücünün bacısı onun sənədlərini təhqiqatçıya
təqdim edib. Məlum olub ki, gecə yarısı heç bir sənədi olmadan
BMV-X6 markalı avtomobili idarə edən, yol hərəkət qaydalarını kobud
şəkildə pozan, xidməti vəzifələrini yerinə yetirən polis
əməkdaşlarına müqavimət göstərən bu şəxs Bakı şəhər sakini Samidə
Rəhimovadır. Yaxınlarının və özünün üzrxahlığı, eləcə də qadın
olması nəzərə alınaraq, S.Rəhimova ilə bağlı yalnız törətdiyi qayda
pozuntusuna görə inzibati protokol tərtib edilib. O da öz
növbəsində sənəddə qeyd edilənləri imzası ilə təsdiqləyib, heç bir
şikayətinin olmadığınlı bildirib.
Yeri gəlmişkən, yol polisləri ilə sürücü arasında olan bütün
söhbətlər və hərəkətlər YPX avtomobilinə quraşdırılmış kamera və
səsötürücülər vasitəsi ilə qeydə alınıb. O ki qaldı guya polis
əməkdaşlarının bu zaman onun paltarını cırması və sifətinə xəsarət
yetirmələrinə, bu da açıqca iftiradır. Azca vicdanı olan hər bir
vətəndaşımız etiraf edər ki, hətta, belə deyək, ən kobud yol polisi
əməkdaşı da qadınlara güzəştə gedir, bəzi xırda qüsurlarına göz
yumurlar. Qadının paltarını cırmaq, onun sifətinə xəsarət yetirmək,
belə zərif məxluqa qarşı bir neçə polisin güc tətbiq etməsini iddia
etmək gülünc olduğu qədər də iyrənc şər və böhtandır.
Fikir verdinizmi, yol hərəkəti qaydasını pozan, polisin qanuni
tələblərinə riayət etməyənləri bəzi üzdəniraq yazarlar necə
cani-dildən müdafiə edirlər? Çünki onları bir məqsəd, bir hədəf
birləşdirir - vəzifə borcunu fədakarcasına, qanunun tələbləri
çərçivəsində həyata keçirən polis! Qanuna hörmət edən şəxs onu
həyata keçirən dövlət nümayəndəsinə hörmət və sayğı göstərməlidir.
Bizim yüzminlərlə belə həmvətənimiz, soydaşımız var. Amma nə edəsən
ki, atalar sözündə deyildiyi kimi, meşə...
Sonda onu da xıtırladım ki, öz şəxsi mənafeləri üçün Azərbaycan
mətbuatı adına xələl gətirən, jurnalist etikasından xəbərsiz olan
belə şəxslər haqqında, onların gündəlik fəaliyyətləri barədə bizdə
- DİO-da xeyli "xoruz səsi eşitməyən" faktlar var ki, açıb
ictimaiyyətə təqdim etsək, gərək onlar ölkədən baş götürüb
qaçalar...