Bakıda axşamlar evə qayıdanda blokun qaranlıq olduğunu
görüb qorxurdum. Evdəkilər bloka hər gün işıq salırdılar. Ancaq o,
bircə günə yoxa çıxırdı. Onlar başqa lampa salırdılar, yenə kimsə
açıb aparırdı. Bir neçə həftə belə davam edəndən sonra onlardan
birini dərin maraq bürüdü, oğrunu güdüb tapmaq qərarına
gəldi.
Lampanı salıb qapını bağladı, gecə səhərə qədər gözlükdən keşik
çəkmək istəyirdi. Haradasa saat 2-ə qədər dözə bildi, sonra qapını
açıb lampaya baxdı, yerindəydi; qapını bağladı, getdi yatmağa.
Səhər saat 8-də qapını açıb yuxarı baxdıq: ora boş idi.
Əvvəl elə bilirdim ki, bu məsələ təkcə lampalarla, küçə fənərlərilə
bitir, qurtarır, oğru yalnız işıq oğrusudur. Sonra bir bazar günü
26 nömrəli məktəbin qabağında dayanmışdım. Gördüm uzaqdan bir kişi
gəlir, boynunda uşaq oturub atasının başını qucaqlayıb. Onlar
yaxınlaşdıqca söhbətləri də aydınlaşırdı:
- Hə, 2-dir. Yanında 6.
- İçii, içiii - uşaq əlini məktəbə tərəf uzadıb ağlamağa
başladı.
Kişi pilləkənləri üç-üç adlayıb məktəbin qapısından sağ tərəfə
vurulmuş lövhəyə çatdı. "2"-ni ordan qopartdı verdi uşağa, 26
nömrəli məktəb oldu 6 nömrəli məktəb.
Hər şey kiməsə lazımdı; gözünə dəyir, xoşuna gəlir, götürüb
aparır evinə. Pişiklər üçün iki-üç dənə köhnə nəlbəkidə su
qoyursan, dərhal kimsə tapılıb suyu yerə əndərir, nəlbəkini atır
çantasına.
Ona görə də fikir verirəm, ağıllı adamlar plastik içki qablarını
yarıdan kəsib suqabına çevirirlər.
Hələ bir dəfə evdən köhnə qaşıq götürüb düşdüm binanın həyətinə,
ölmüş pişiyimi basdırmağa. Qaşığı torpağa batırdım, batırdım,
gördüm torpaq donub. Qaşığı yerə qoyub getdim çəngəl gətirməyə.
Gəldim gördüm, pişik ölüsü yerindədir, qaşıq yoxdur.
Ona görə də başqa ölkələrdə qar yağanda səkilərə düzülən
papaqları, bir tay əlcəkləri, çətirləri görürəm, gözlərim yaşarır.
Axı mən belə görməmişəm. Görməmişəm ki, kim qartopu oynayanda nəyi
düşüb itibsə, elə orda da qala, götürüb qoyalar səkiyə.
Belə baxıram ki, Azərbaycanda pəncərələrin qabağına dibçəkdə gül
qoymaq ənənəsi bəlkə buna görə yoxdur. Başqasının malına hörmət
yoxdur, fərqi nədir, bu güldür, papaqdır, yoxsa lampa.
***
Bu yay təzə başlamışdı, qapı döyüldü, gördüm poçtalyondur.
İngiltərədə poçtalyonlar uniforma geyinirlər. Əlində iri bir poçt
bağlaması vardı, "posılka".
Dedi, siz 3 nömrəli qapısınız, bunu 4 nömrə üçün gətirmişəm,
evdə yoxdurlar, sizə verim, çatdırarsınız. Elektron imza qurğusu
uzatdı, imza atıb bağlamanı aldım. Axşam qonşunun qapısını döydüm,
evdə yox idi. Səhəri gün getdim, hələ gəlməmişdi.
Həmin gün başqa bir poçtalyon gəldi. Dedi, tətil vaxtıdır,
qonşunuz 7 nömrə evdə yoxdur, bunu sizə verə bilərəmmi? Razılaşdım.
İri bağlamanı alıb imza atdım. Dedi, bu bağlamanı göndərən mağaza
sizin ünvanınızı, imzanızı internet səhifəsində saxlayır, qonşunuz
bağlamanın taleyini bilmək üçün ora öz sifariş nömrəsini yazaraq
daxil olsa, görəcək kimə verilib əmanəti, özü gəlib alacaq
sizdən.
İki-üç gündən sonra daha bir poçtalyon gəldi. Nəticədə altı
yeşik çaxırı qəbul etdim 6 nömrəli qonşu üçün.
Yeri gəlmişkən, biz yeddi qonşuyuq. Həmin gün evdə ilk dəfə
narahatlıq hiss olundu. Dəhlizdə gəzməyə yer qalmadı. Belə qərar
verildi ki, bundan sonra qonşular üçün heç bir qutu qəbul etməyək.
Ancaq elə səhəri gün mən bu qərarı pozdum. Heç qərar yadıma
düşmədi, elə poçtalyon verdi, mən də aldım, çevrilib ayaqqabı
qutusu böyüklüyündə bağlamanı o biri qutuların üstünə qoyanda
xatırladım.
Bir neçə gün keçdi, "Amazon"dan qonşu üçün üç-dörd kitab
qalınlığında qutu gəldi. Bu dəfə poçtalyonu görən kimi qərar yadıma
düşdü, ancaq o, "2 nömrəli qonşu" deyən kimi buzum əridi. O
qonşunun əri ağciyər xərçəngindən lap təzəlikcə vəfat edib, arvadı
trinidadlı, öz qaraşınımızdır, onun necə ağlaması, meyiti aparan
sarı təcili yardım maşını yadımdan çıxmayıb. İndi də yəqin
qohum-əqrəbasının yanına gedib ovunmağa. Qutunu alıb poçtalyonu
yola saldım.
Səhəri gün yenə poçtalyon gəldi, bizim özümüzə "Ebay"dən gələn
bağlamanı verdi, getdi. Getməsilə qayıtması bir oldu: "Sizin 4
nömrə evdə yoxdur, bunu da onun üçün imzalaya bilərsinizmi." Qutuya
baxdım, deyəsən, içindəki balaca stol idi, təxmin edirəm,
ayaqlarıyla mıxları, şurupları da yanında. Onu da aldım. Axşam biz
altı yeşik çaxırı və qalan qutuların hərəsini evin bir küncünə
itələdik.
Növbəti poçtalyon gələndə hazır idim. Dedim, özümüz də
gedəcəyik, qəbul etmədim. Ancaq bir neçə gündən sonra həyətə
girəndə poçtalyonla üzbəüz gəldim. 6 nömrəli qonşu üçün kompüter
klaviaturası nazikliyində yüngül bir bağlama götürdüm.
Bir neçə gün sakitlik oldu. Sükutu ilk pozan poçtalyona qətiyyətlə
yox dedim. Onda o, məni fakt qarşısında qoydu. Dedi, bir dəqiqə.
Məsələ bundadır ki, bizə bu sifarişi verən qonşunuz özü kuryer üçün
qeyd qoyub: "Əgər evdə olmasam, 3 nömrəli qonşuya verin"...
Düzbucaqlı, kvadrat, düzbucaqlı kvadrat. Axşam istədik,
qutuların hamısını çıxarıb çardağa yığaq. Ancaq onların sahibləri
hər an gələ bilərdi. Onda biz təzədən böyük əziyyət bahasına
qutuları aşağı düşürməli olacaqdıq.
İyulun axırlarında məsələ ən şiddətli nöqtəyə çatdı. 1 nömrəli
qonşu getdiyi, gəzdiyi ölkələrdən iri həcmli əşyalar alıb evinə
göndərməyə başladı. O, bunların qonşulardan hər hansı birinə verilə
biləcəyini yazırmış sifariş edəndə. Daha bu qədər də ərk etmək
olmaz. Dəhlizdəki iki ayaqqabıqoyandan birini çölə çıxardıq,
təkrar-emal müəssisəsinə göndərdik, 1 nömrəli qonşunun əşyalarını
onun yerinə yığdıq, sonra peşman olduq. Fikrimizdən keçdi ki, bütün
qutuları maşına yığıb aparaq poçta təhvil verək, imzamızı geri
götürək. Canımız qurtarsın.
Ancaq mümkün deyildi. Hamısı eyni bir poçtdan gəlməmişdi.
Cürbəcür göndərənlər, dövlət poçtu, özəl poçt xidmətləri, müxtəlif
kuryer xidmətləri. Ağıllı bir adam məsləhət gördü ki, onları açaq.
Ancaq biz ona cavab verdik ki, poçt bağlamasını açmaq cinayətdir,
azı 470 funt sterlinq cəriməsi var. Sonra dedik ki, sən Altıağaca
getsən, orda beş ağac qalar.
Belə-belə, üç aya iyirmi iki əmanət yığdıq. Evə hər gələn qonağa
onların tarixçəsini danışmalı olurdum. Hamısı deyirdi ki, biz
düzgün etməmişik onları qəbul etmişik, ancaq çıxış yolu göstərə
bilmirdilər.
...Ən birinci 4 qayıtdı. O, avqustun ortasında gəldi. Avqustun
sonlarına doğru o birilər də gəldilər. Üç günün içində 2 nömrəli
qonşudan başqa evinin başına keçdi. Bağlamalar getdi, qonşu evlərdə
xırthaxırt kəsildilər, xışhaxış açıldılar.
Qutular gedəndən sonra onların yerində qalan boşluqda oturub
yenə Bakı bloklarında qaranlıqdan qorxduğum illəri xatırladım. Evdə
oturmuşduq, qapıdan içəri bir kağızın ucunu sivişdirdilər. Açıb
gördüm dama-dama dəftərdən cırılmış bir parça vərəqdir, üstünə
yazılıb: "3.. nömrəli poçta gəlin". Baş üstə. Getdim, dedilər, sənə
bağlama var, ancaq şəxsiyyət vəsiqənlə gəlməliydin.
Təfərrüata varmalı oldum, dedim, vəsiqəmi bir işədüzəltmə
agentliyi girov saxlayıb, əvəzində məni bir yerə işə düzəldib, o iş
yerindən maaş alanda iş yiyəsi işədüzəldənə mənim maaşımın yarısını
verəcək, ondan sonra işədüzəldən də şəxsiyyət vəsiqəmi qaytaracaq
mənə. "Heç olmasa, hardan gəlib, elə-belə üstünə baxa bilərəm?" –
mən soruşdum.
Poçt işçisi əlindəki zərflərə ştamp çırpırdı: "Seyfdədir. Olmaz.
Nə bilək kimsən." Ay dolandı, şəxsiyyət vəsiqəm özümə qayıtdı,
poçta getdim. Dedilər, qaydaya görə, 2 həftə götürülməsə geri
qaytarılır, biz də qaytarmışıq geri.
İngilis poçtalyon bağlamanı evə gətirir, evdə heç kəs olmasa
qonşuya təhvil verir. Bizim poçtalyonsa evə də gətirməyə qorxur.
Birdən qapını açan ev yiyəsi olmaz, evin qonağı olar, uşağı
hazırlaşdırmağa gələn müəllim olar, iynə vurmağa gələn tibb bacısı
olar, elçiliyə gələn oğlan adamı olar və bağlamanı
mənimsəyər...
"Oxu zalı"