Ana səhifə Yazarlar |
...Orxan tutulan gün Əli Taziyevə, "Maqasa" ömürlük həbs cəzası
verdilər. Terrorçu idi, "Maqas". Neçə-neçə terror aktının
təşkilatçısı. Moskva onun başına milyonlar qoymuşdu. Və nəhayət
tutdu. Adi, sıradan bir əməliyyat nəticəsində. Moskvada,
təcridxanada saxlanılanda belə "Maqas"la bütün normalara uyğun
davrandılar. Srağagün məhkəmə qarşısına çıxardılar, vicdanında
günahsız insanların ölümü vardı…
"Maqas" kimi Orxan da qatildir. Günahsız bir nəfəri öldürüb. Bəlkə
də həmin gün o lənətə gəlmiş binanın qarşısından keçməsəydi, heç
bıçağa da əl atmayacaqdı. Orxana bəraət yoxdur, o, cəzasını
çəkməlidir. Və böyük ehtimalla çəkəcək də. Amma Orxan hansısa
təhlükəli residivist və ya elə həmin "Maqas" deyil deyil axı? Adi
bir polis əməliyyatçısının bacara biləcəyini, nədənsə böyük bir
OMON ordusuna tapşırmışdılar; daxili işlər naziri Kolokoltsev
kabinetində gecələyirdi, Moskva polisinin şefi bütün şəxsi heyəti
ayağa qaldırmışdı. Nə baş verirdi axı? Nə təlaş idi bu?
"Maqas"danmı qorxurdular? Axı o, həbsdədir. Zakayev uzaq Londonda,
Uduqov İstanbulda, Umarov Allah bilir Qafqaz dağlarının hansı
mağarasında. Bəs onda nə qovhaqovdur?
Yox, əslində bu qovhaqov deyildi. Bu, bir kriminal şou idi. Və
Rusiya telekanlları telejurnalistikanın olan-olmayan bütün
qaydalarına, normalarına tüpürdülər. Lay divar boyda qara paltarlı
OMON-çularıın parkın içərisində boyu 1 metr 65 santimetr olan
birisini yerə yıxıb təpikləməsini bütün dünyaya yaydılar.
Vəhşicəsinə təpiklənən birisi isə adi, sıradan biri idi. Və hamı
ekranlardan evlərə girən bu realiti-şounu həvəslə izləməkdəydi.
Hətta uşaqlar da...
Orxan qatildi. Orxan mütləq cəzalanmalıdı. Ona bəraət də yoxdur.
Amma Orxan nəinki Moskvanı, bütün Rusiyanı belə satmağa hazır olan
hansısa rus polisini ələ alıb, hansısa metrostansiyanı
partlatmayıb. Rəzilliyin həddinə baxın, qatili təpikləyirlər,
vəhşicəsinə döyürlər, sonra vertolyotla düz Moskvanın göbəyinə
gətirirlər, onu şəxsən nazir özü qəbul edir və onu zərərsizləşdirən
"qəhrəmanları" alqışlayır. Bunun adı doğrudan da şoudur. Amma məni
bir şey maraqlandırır. Görəsən nazir Kolokoltsev bu il Moskvada
qətl törətmiş bütün qatilləri də belə öz kabinetində salamlayır? Və
bu adamların sayı az da deyil ha? Düz 255 nəfər. Hə, bu rəqəm
göydən götürülməyib, Rusiya DİN-in rəsmi saytındandır. Bu ilin
təkcə yanvar-iyul aylarında Moskvada məhz bu qədər qətl hadisəsi
törədilib. Qatillərin hamısı içəridədir.
"Belə qətllər çox baş verir. Adi məişət zəminində olan qətldir.
Bunu bu dərəcədə telekanallarda təqdim etmək, hər dəqiqədən bir
"Azərbaycan vətəndaşı Orxan Zeynalov tutulub" xəbərini vermək,
əlbəttə, başa düşülən deyil. Nəyə lazımdır bunu etmək?! Qətldə
şübhəli bilinən tutulub, istintaqı aparılmalıdır. Amma bunu
nümayişkaranə şəkildə təkrar-təkrar göstərməyin mənasını başa
düşmək olmur". Bunu Azərbaycan DİN-in Rusiya Federasiyasındakı
nümayəndəsi, polis polkovniki Eldar Səmədov deyir. Cənab
polkovniklə razılaşmamaq mümkün deyil. O, Moskvadadır, orda
görəvdədir. Bəlkə də ürəyinin dərinliyində adi məişət zəminində baş
verən bir qətldən şou düzəldilməsinin səbəbələri barədə ehtimalları
da var. Amma sıradan bir qatilin saxlanılarkən vəhşicəsinə
döyülməsini və bu səhnələrin də telekanllarda nümayişkaranə şəkildə
göstərilməsinin "mənasını başa düşmək olmur" deyir. Əslində, burda
hansısa məna axtarmaq da düzgün deyil. Bir azdan hər şey bəlli
olacaq. Axı, elə həmin telekanalların təbirincə desək, Azərbaycan
vətəndaşı Orxan Zeynalov tutulub?
...Təxminən 3 ay əvvəl Moskvada işləyən atasının yanına getmiş 21
yaşlı azərbaycanlı Salaməddin Nağıyev orada çayda boğulan 3 azyaşlı
qız uşağını xilas etdiyi halda, özü batıb. Hadisə Lyuberetsk
rayonunda baş verib. Gündüz saatlarında çayın kənarında gəzən
Salaməddin yardıma çağıran qışqırıq səsi eşidib. Qızların çayda
boğulduğunu görən azərbaycanlı gənc körpüdən suya tullanıb. O, iki
qızın sahilə çıxmasına yardımçı olub. Hətta Salaməddin özü
batdığını hiss eləyəndə də üçüncü qızın suyun üzünə çıxmasına kömək
edib. Bir neçə dəqiqənin içində isə özü suda görünməz olub. Bu
hadisə yayda olmuşdu. Bu hadisə barədə rus telkanalları bircə, hə
bircə kadr belə göstərmədi. Hadisənin səhəri günü isə Rusiyanın
məhşur portallarından olan lifenews.ru yazırdı.
"Mərhumun yaxınları meyitin tapılıb çıxarılması işində yardım üçün
yerli polis şöbəsinə müraciət ediblər. Lakin axtarış əməliyyatları
bir qədər ləngiyib. Ona görə də mərhumun yaxınları dövlət
strukturlarını gözləmədən öz şəxsi maliyyələri hesabına özəl
xilasedicilər vasitəsilə axtarışlara başlayıblar. "Biz dalğıclar
tapdıq və saatı 4 min rubl olmaqla onlara pul ödədik. Salaməddinin
meyiti hadisədən beş gün sonra tapıldı".
"Salamı qətiyyən tanımırıq. Amma o, ömür boyu bizim yaddaşımızda
əsl qəhrəman kimi qalacaq", - deyə öz həyatı bahasına xilas etdiyi
qızların valideynləri Salaməddin haqda deyib. Və Orxan da
Səlaməddin də eyni xalqın nümayəndəsidir, bilməmiş olmazlar
oralarda. Hə, Azərbaycan vətəndaşlarıdır...həm də.
Və sonda…Bir neçə il əvvəl elə həmin Moskvada elə həmin Orxanı
cəzalandırmaq üçün küçəyə axışan "skinhedlər" 9 yaşlı tacik qız
Xurşidonu evlərinin qabağındaca doğramışdılar. "Skinhedlər"ə
verilən cəza isə o qədər yüngül oldu ki?
Bəlkə də elə Xurşidonun qatilləri idi iki gün əvvəl Orxanı
axtaranlar. Deyəsən tapdılar. "Skinhedlər" təkcə küçələrdə
veyillənmirlər, onlara harda desən rast gəlmək olur Moskvada. Hətta
Petrovka küçəsi, 38-də belə.
Və nəhayət. Baş verənlərdən artıq 3 gün keçir. Azərbaycanın
diaspora qurumları isə susur. Millətdən, azərbaycanlılardan danışan
Söyün Sadıqov da, ağsaqqal Abbas Abbasov da, Konqresi də. Onlar
susan arada isə...
Moskvanın İzmaylovo rayonu ərazisində yerləşən ticarət mərkəzinin
yanında üzərində çoxsaylı bıçaq zərbələri olan kişi meyiti tapılıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən şəxs
Azərbaycan vətəndaşı Ruslan Qaraxanlıdır.
Susun, hələ...
Tarix
2013.10.17 / 14:07
|
Müəllif
Səbuhi Məmmədli
|