Ömrünüzün getməkdən ibarət olduğunu söyləməklə heç kəsdə
təəccüb doğurmayacağıma əminəm. Gəlirik, gedirik; gedirik,
uzaqlarda itirik, bir cıqqılı, qara nöqtəyə çevrilincə ayaq
döyürük. Əfsanələrə can atırıq. Nə zamansa hansısa əfsanəyə
qovuşmağa ümidliyik.
Qoy bizdən bir əfsanə qalsın. Ya da özümüzlə bir əfsanə
aparaq.
2012-ci ilin fevralında o zamankı iş yerimdə şələ-şüləmi (köçən
adamın özüylə aparacağı şeylər sonda elə çoxalır, nələrisə yenə
çıxdığın yerdə qoymalı olursan) yığışdırıb təzə iş yerimə kəsə
cığırlarla payi-piyada, avtobussuz-maşınsız yol aldım, məlum oldu
ki, xeyli getməliyəmmiş. Bu nədi dedim, yol nə uzunmuş.
Həmin buludlu-soyuq qış günortasından iki il yarım keçdi. "Bir
əfsanəymiş..."
...o, ağ libaslı qadındı. Həmişə yaxşılıqlar eləməyə çalışar.
Uşaqların himayədarıdı, Yer üzünə bərəkət paylayar, ətrafına,
yan-yörəsinə nur, işıq saçar, göyüzündə yaşayar, hərdən aşağılara
enər – dada, yardıma çatmaqçun. Çünki onun qanadları var, çünki onu
quş kimi təsəvvür edərlər! Çünki o, uça bilir.
Ötən illərin, ayların, həftələrin gərginliklərini, dramatizmini
kənara qoyuram. Bu, heçdən qəzet, sayt yaratmaqdı, kollektiv
yapmaqdı, planlaşdırma aparmaqdı, yazı oxumaqdı, insanlarla
ünsiyyətdi, iclaslara, ad günlərinə yığışmaqdı, təbrik sözü
deməkdi, soruşulana cavab verməkdi, məsuliyyətdi, özün kimi
qalmaqdı. Adındı, imzandı...
Əfsanəyə davam edimmi?
...əlimdə telefon içəri keçdim. Gülümsədi. "Telefonunuzda
problem var?" – soruşdu. Hə dedim. Bəlkə də ürək dərmanı
istəyəcəkdim. Bir əyər-əskiyimiz olanda onun yanına qaçırıq, ona
ağız açırıq. "Hə, dedim, telefonumda şəbəkə itir..." Əslində,
telefonu əlimdə kimdənsə zəng gözlədiyimçün tutmuşdum.
Bayaq harda qalmışdım? "Gündəlik Teleqraf"dakı işimdə. Bu, axı
mənim son köşəmdi. Bu redaksiyada bu qəzetə sonuncu cümlələrimi
yazıram.
Qoy bu bir əfsanə olsun.
...bu yaxınlarda ondan borc pul almışdım. İşdə təcili lazım
oldu, mən də ondan istədim: "Sabah gətirərəm".
Səhəri gün gətirə bilmədim. Çatda yazdım: "Olarmı borcu maaşda
çıxaq?" "Niyə olmur – dedi. Çıxmasaq da olar..." Bu cavabı nəzakət
etiketi kimi də qəbullamaq olardı. Amma elə bil damarımdan qan
partladı, gözümdən yaş sıçradı.
"Allah səni nə qədər pak yaradıb!" yazdım.
...son köşəm, Humay, sənin olsun. Köməksizlərin himayədarı, ağ
libaslı, qanadlı Humay.