Səməd Vəkilovu çoxdan tanıyan biri kimi onu
tanımayanlara deyim ki, siz bir hüquqşünasın, bir jurnalistin və
əlbəttə, bir vətəndaşın mübarizə və canatımlarından, narahatlıq və
qayğılarınndan, şahid olduqlarından və görməyi arzuladıqlarından
xəbərsiz qalmısız. İzn verin, 40 yaşının tamamında bir balaca
bələdçilik edim.
Ola bilsin, dostumun adını-familini oxuyub, bir balaca fikrə
gedən, yaddaşını qurdalayıb, ad-familin tanış gəldiyini düşünən,
gülümsünənlər çox olacaq. Ona görə də deyim: Bəli, bu, jurnalist,
hüquqşünas, insan hüquqları ilə məşğul olan Səməd Vəkilovdur.
Hər bir kəs ilahi və dünyəvi mənada başdan-başa, bütövlükdə və
tamam-kamal öz taleyinin yiyəsi olmaya bilər, amma hər insan
seçdiyi ixtisasın, peşənin, işlədiyi sahənin sahibi və adamı olmağa
məhkumdur. Bundan qaçmağa yol yoxdur, zatən. Bu baxımdan Səməd
Vəkilovu bizə və sizə - hamıya tanıdan, onun haqqında gərəkli
təəssürat yaradan, bələdçi məlumatlar ötürən ilk mənbə və qaynaq
seçdiyi ixtisas, çalışdığı sahələrdir.
Səməd Vəkilovun iş və peşə seçimləri onun fitrətinin və
təbiətinin qayə və məzmunu ilə müəyyənləşib. Onu daim problemlərə,
çətinliklərə, insan talelərinə və bunların kontekstində və fonunda
mübarizəyə doğru aparıb. O da qaçmayıb, geri durmayıb, çəkinməyib
və çəkilməyib. Gedib. Jurnalistikada olub. Ağrılı mövzulara
girişib, çətinə düşmüş insanlara, problemlərə əl uzadıb. Dəyərli
şəxsiyyətlərlə ünsiyyət bağlayıb, onlarla özü arasında rabitə
yaradıb, kanal açıb, eyni mənəvi-psixoloji müstəvidə, mühitdə,
əhvalda, söhbətdə birləşib.
Təbii insan hüquqları nəzəriyyəsinə görə, hüquqlar insanla birgə
doğulur. Allahın bəxş elədiyi bu təbii hüquqları C.Lokk 3 yerə
bölürdü – yaşamaq hüququ, azadlıq hüququ, mülkiyyət hüququ. Bəlkə
kiməsə bir qədər qeyri-peşəkar görünər, məncə, bütün hüquqları
həmin sıraya aid eləmək, Allahın öz bəndəsinə hədiyyə verdiyi haqq
kimi qiymətləndirmək olar və lazımdır.
Bu mənada Səməd Vəkilovu insan hüquqlarının və bütövlükdə HAQQIN
müdafiəçisi saymaq heç kəsə qəribə görünməməlidir; HAQQ naminə
çalışmaq Səmədin ictimai obrazının və peşəsinin yox, əslində,
daxili tələbatının vacib kriteriyasıdır. İşindən, fəaliyyətindən
həzz almayan, sevinməyən birisinin yaşadığına, insan həyatı
sürdüyünə inanmaq olarmı? Səməd məhz sevdiyi işin və sevdiyi
insanların əhatəsindədir.
Əgər insan ömrünü Yol kodu altında simvollaşdırsaq, mən həmin
Yola məhkum insanın fəaliyyətini 3 əsas peşənin çevrəsinə salardım.
Biri var Yolçəkənlər, biri var Yolgöstərənlər, biri də var Yol
gedənlər. Səmədin təbiətində bunların hər üçündən nəsə var...
O, ehtiyac olanda yol çəkir, cığır salır, əmindirsə, yol
göstərməyi özünə ayıb bilmir və əlbəttə, düz saydığı yolla gedir;
dayanıb baş girləmir.
...Bir insanı daha yaxından tanımaq, onun kimliyinin
"enini-uzunu"nu ölçmək istəyirsinizsə, həmin adamın ətrafındakıları
təsəvvürünüzdə canlandırın: Kimləri görəcəksiz? Ailəsini,
qohum-əqrəbasını, tanışlarını, el-obasını... Bəs sonra? Mənə elə
gəlir, Səmədin çevrəsi çox genişdir, çünki onun ürəyi genişdir.
Səmədin qayğıları, narahatlıqları, düşüncələri təkcə bir nəsli,
bir eli yox, cəm halında bir xalqı, milləti əhatə etməyə hesablanıb
və buna qadirdir.
Bəyəm Səmədin adı-soyadı sizə tanış gəlmədi? Bu boyda təsadüfmü
olar? Mənsə deyirəm: Bu, başqa bir Səməddir, bu, fərqli bir
Vəkilovdur. Və onu da bilirəm: Ot kök üstə bitər… Allah köməyində
olsun, Səməd Vəkilov!
Dostum, 40 yaşın mübarək!