Axar.az
Yuxarı

Azərbaycanda hamının bir-birinə salam verdiyi şəhər

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkindidi. Bir aza qaranlıq düşəcək. Geriyə, Bakıya qayıtmalıyıq.

Şuşanın giriş-çıxış postunun yaxınlığında maşından düşüb səfərimizin son anlarını yaşamağa tələsirik. Beş addımlıqdan keçən Laçın dəhlizi boyu Xankəndiyə boylanırıq. Foto çəkdiririk: bəli, biz burdan Xankəndiyə baxdıq! Bir az sonra, bəlkə də yazımın axırında bir vacib müşahidəmi yazacam.

İndisə bizə mehribanlıq göstərmiş hərbçilərlə vidalaşırıq.

***

Bütün yolboyu beləydi, postlarda (sayı elə də çox deyil) hərbçilər bizimlə çox nəzakətlə, xoş ovqatla davranırdı. Şuşada, demək olar ki, hamı biri-biriylə salamlaşırdı. Azərbaycanda hələlik insanların biri-birinə salam verdiyi yeganə şəhər Şuşadı.

Səhər obaşdandan başlamış səfər - saat 5-ə qalmış toplaşdıq - sanki gerçəklik yox, yuxunun davamıydı, elə bil, yatıb yuxu görmüşdük: Şuşa yuxusu...

Saat 11 ərəfəsində Şuşaya çatanda müəyyənləşdirməyə çalışırdıq - birinci haranı ziyarət edək, haradan, necə başlayaq?.. Söhbət təkcə nabələd olmaqdan getmir, məsələ təkcə 1750-ci illərdə əsası qoyulmuş qədim bir şəhərin quruluşunda, memarlıq strukturunda deyil. Həm də sanki alt şüurumuzun “relyefi”ylə hərəkətdəydik...

“Mütləq Qala qapısına gedək”.

“Cıdır düzünə mütləq...”

“Vaqifin məqbəsərini unudarıq ha...”

“Gəlin Gövhər Ağa məscidindən başlayaq”.

Özümüz-özümüzə tapşırıq verirdik. Redaksiya üçün materiallar hazırlamalıyıq, çəkiliş eləməliyik. Ancaq Şuşada uca bir nöqtə tapıb oradan Xankəndiyə boylanmaq hamının birgə arzusuydu.

Yadımdan çıxmamış deyim: azərbaycanlılara işgəncə verilmiş Şuşa həbsxanasına baş çəkdik. O həndəvərdən Xankəndi aydın görünürdü. Hava açıq, göyüzü günəşliydi, uzaqdan Xocalını da görə bildik.

Bizim yox, Allahın ayarladığı zamanla Gövhər Ağa məscidinə gəlib çıxanda Günəş zeniti təzəcə keçmişdi, zöhr vaxtı yenicə başlamışdı.

Günortadan az ötmüş Cıdır düzünə yetişib, oradan Daşaltının sərt qayalarına baxıb, bir hovur daş üstündə oturub nəfəsimizi dərəndən sonra Cıdır düzünə enən yolun solunda qəbiristanlığın mərmərlərini ermənilərin necə söküb apardıqlarını görəndə bir fikir bir daha beynimin bağlı qapılarını döyəclədi: ermənilər buralara kök salmağa, sakin olmağa yox, yağmalamağa gəlmişdilər.

Gözümüzlə gördük, Şuşanın içərisində neçə-neçə həyəti adamboyu ot basmışdı, ora illərlə insan ayağı dəyməmişdi, bəs Şuşa ermənilərin nəyinə gərəyidi?.. Yaşamayacağın şəhəri niyə alırdın, ay gavur?!

...Əgər siz nə zamansa insanların biri-biriylə salamlaşdığı, qoşa minarəli məscidi olan, dağlarla əhatələnmiş gavurdan azad bir şəhərə daxil olsanız, dərhal tanıyın: BURA ŞUŞADI.

Üç qapılı (Gəncə, Ağoğlan və İrəvan qapıları) Şuşanın üçüncü - indi Daşaltıya enən tarixi İrəvan qapısından çıxıb Bakıya doğru yol aldıq.

Axşamçağıdı. Yolboyu səhərdən başlamış iş vaxtı hələ bitməyib, ekskovatorun çömçəsi havada fırlanır, fəhlələr çalışır. Daha nələrsə tikilir, quraşdırılır.

Sərt döngələri burulduqca ətrafdakı heybətli dağlara tamaşa edirəm, uzaqda batan günəşin Yer üzünə səpələdiyi hüznü alıram. Biz gedirik, dağlar qalır.

***

Heç vaxt 90-cı illərin Qarabağ uğursuzluqları haqda “Torpağı filankəs satdı”, yaxud “Şuşanı filankəs verdi” ittihamını qəbul eləməmişəm, insan mənəviyyatının bu dərəcədə deqradasiya olunacağına inanmamışam.

Amma nədənsə Qarabağ dağlarının ucalığını, böyüklüyünü, əlçatamazlığını seyr elədikcə bəlkə də bacarıqsızlığa, yaxud əlacsızlığa tən bir məna ifadə eləyən tonla “Bu torpaqları düşmənə verməkmi olardı” deyə bərkdən səsləndim.

Bu səfər mənə 44 günlük savaşdan qazandığımız qələbənin də miqyasını əyani göstərdi: Böyük, çox böyük!

***

Bir müşahidəmi yazımın axırına saxlayacağıma başda anons eləmişdim. Yuxarıda ucundan-qulağından yazmışam. Məsələ belədi: Şuşaya ayaq basan hər bir adam - bizdən savayı gələnlərdə də gördük - mütləq şəhərdə bir yüksək yer tapıb Xankəndiyə boylanmaq, Xanın kəndini görmək istəyir.

Ayaqlar gözlərin sevdiyi yerəcən gedər!

Qurban Yaquboğlu

Tarix
2021.10.25 / 10:37
Müəllif
Qurban Yaquboğlu
Şərhlər
Digər xəbərlər

Hacı Şahinin İrana "ehtiyatlı" cavabının səbəbi

Yaxşı, Mövlud, yaxşı, sonraya qalsın...

Ölümünə doğru təmkinlə gedən Əfəndi...

Türkiyə üçün plan hazırlanıb: ermənilər cənubdan girəcək və...

Üzünü baş daşıma söykə...

Yolçəkən Səməd Vəkilov...

Humay

KULT
Xəbər xətti
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla