Azər Vali
(Almaniya)
Universitetdə dərs deyən
vaxtlarimda tələbələrim məndən soruşurdular ki, müəllim, niyə
rüşvət almırsınız. Əvvəl cavab verirdim ki, atam almayıb və məni də
öyrətməyib. İnanmırdılar.
Sonra deyirdim ki, məktəbdə anam müəllimə işləyən vaxt rüşvət
verməyə imkanım olmayib; texnikumda dayim müəllim işlədiyinə görə
rüşvət verməyə imkanım olmadı. Universitetdə müəllimlərim almadi
deyə, mən də rüşvət verə bilmədim; özüm universitetə müəllim işinə
düzələndə də rüşvət vermədim.
Tələbələrim yenə inanmadılar.
Sonra dedim ki, kafedradakı müəllim rəssam yoldaşlarım da almır.
Yenə də inanmadılar. Daha sonra başqa arqument gətirdim ki, sizdən
aldığım rüşvətdən qorxuram.
Soruşdular, nəyə görə? Cavab verdim ki, mən sizlərdən aldığım
rüşvətlə neçə illər yığıb, yeni tikilən evlərdən birində ev alacam.
Zəlzələ olanda ev çökəcək üstümüzə. Komissiya yaradib biləcəklər
ki, bu evi tikən memar rüşvət verib təhsil alib, rüşvət verib işə
düzəlib, rüşvət verib binanın proyektini kimlərəsə təsdiq etdirib
və rüşvət verib bu binani tikib. Bu binanın çökməsinin və ölənlərin
səbəbkarı da o memardan rüşvət alanlar olub. Biri də ailəsi ilə
birlikdə çöküntülər altında, o dünyada günahlarının cəzasını çəkir
indi.
Yenə də inanmadılar.
Onda dedim ki, 122 tələbə hər semestrdə 50 manatdan mənə rüşvət
versəniz, çox az olur dolanışıq üçün. Birdəfəlik yığışıb, 5-10
milyon verin, şələ-küləmi yığım, çıxıb gedim bu universitetdən.
Onda inandılar.
Amma bir qəpik də vermədilər. Sakitcə özüm çıxıb getdim xariciə,
Murad Köhnəqala demiş, küçə süpürmək həsrəti ilə...