Yuxarı

Elçini işdən qovun, yoxsa...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Afət Fərmanqızının İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini təhrif olunmuş formada hind musiqisi üzərində oxumasını parodiya edərək, sosial şəbəkədə yayan 5 tibb bacısının işdən qovulması faktını təsdiqlədi.

Xəstəxanadan mətbuata verilən açıqlamada sözügedən tibb işçilərinin məhz bu səbəbdən işdən azad olunduğu inkar edilmədi, lakin eyni zamanda xanımların öz ərizəsi ilə işdən ayrıldığı vurğulandı. Maraqlı və bir o qədər də etik olmayan bir deyim var – kimisə gic yerinə qoymaq. Bu açıqlaması ilə Şəki Mərkəzi Xəstəxanası camaatı “gic yerinə” qoydu.

Videonu izlədim. Olduqca pozitiv, insanın simasına gülüş qonduran videodur. 5 tibb işçisi heç bir siyasi mesaj ötürməyən, dini, irqi, etnik ayrı-seçkiliyə çağırışı etməyən, dövlət təhlükəsizliyinə və milli maraqlara zidd olmayan əyləncəli video çəkdiyi üçün illərdir fəaliyyət göstərdikləri iş yerini tərk etməyə məcbur edilir. Nə qədər tragikomikdir.

On üç saniyə, on üçcə saniyəlik video və sən artıq işsizsən. Sevdiyin işindən, iş yoldaşlarından məhrum edilirsən.

Səbəb nədir? Mətbuata açıqlama verməkdən boyun qaçıran baş həkim Elçin Əmirov qoçudurmu? Ümumiyyətlə, nahar vaxtı çəkilən videoya Elçin Əmirov niyə şərh vermək məcburiyyəti duyur? Ona bu ixtiyarı kim verib? Biz nə vaxt bu qədər qansız, ədalətsiz, özbaşına olduq?

Səhiyyə Nazirliyi çıxış yolu kimi xanımların məhkəməyə müraciət etməsini tövsiyə edir. Nazirlik mahnı oxuduğuna görə zorla ərizə yazdırılaraq işdən çıxarılan xanımların doğrudanmı məhkəməyə müraciət edərək, öz hüquqları uğrunda mübarizə aparacağını düşünür?

Tibb işçisi insan deyilmi? Onun əylənmək, zarafat etmək, mahnı oxumaq, rəqs etmək haqqı yoxdurmu?

Xəstəxananın dərman qoxan divarlarının, xəstəliklərin, neqativin arasında bu gözəl xanımların öz həyat eşqlərini itirməmək, müsbət əhval-ruhiyyədə qala bilmək üçün çəkdiyi kiçik səhnəcik onların kariyerasını niyə məhv etməlidir?

İnkişaf etmiş, vətəndaş cəmiyyəti prinsipləri ilə, demokratik şəkildə idarə olunan ən böyük dövlətlərin də qüsurları olur, vətəndaşları bəzən ədalətsizliklə üzləşir. Bu normaldır. Amma ədalətsizliyə heç olmasa hər hansı bir amal, daha böyük ədalət, dövlətçilik, təhlükəsizlik, xalqın mənafeyi uğruna yol verilsin. Bu kiçik vəzifəli qoçuların özbaşınalığına göz yummaq gələcək elçinləri yetişdirməyəcəkmi?

Susmaq həm də gələcək tibb bacılarının, həkimlərin, müəllimlərin, mühəndislərin yaradıcı ruhunu məhv edəcək, iş zamanı əylənmək, pozitiv olmaq şansını əlindən alacaq. Vəzifəsindən, səlahiyyət və öhdəliklərindən asılı olmayaraq hər kəsin duyğuları, emosiyaları var. Biz bu gün beş tibb bacısını (və yaxud, deyildiyi kimi, iki tibb bacısı, 3 xadimə - fərq etmir) başqalarına “ibrət olsun deyə” işdən qovduğumuz zaman digərlərinin robotlaşmasına şərait yaradırıq. Məhz bu kimi hallara görə poliklinika və dövlət xəstəxanalarında həkim və tibb bacıları bizlə manqurt kimi, qaşqabaqla, qəribə səs tonuyla, kobud şəkildə danışır. Çünki içlərində olan müsbətləri, duyğuları, yumor hissi olanları inci tək seçərək qol-qanadını sındırırsız, vəzifələrindən azad edirsiz.

Mən əminəm ki, o tibb bacıları öz xəstələri ilə olduqca mehriban, gülərüz, mülayim davranırdı. Mən əminəm ki, o beş qadın Şəki Mərkəzi Xəstəxanasına rəng qatan əsas işçilər idi.

Bir neçə müddət öncə ABŞ-da xəstələrlə həkimlərin xəstəxana otağında duet oxumasının videosu yayıldı. Çox keçmədi ki, ABŞ-ın öndə gedən televiziya proqramları sözügedən həkimləri qonaq qismində dəvət edib xalqın adından onlara təşəkkürünü bildirdi. Həmin həkimlər də böyük bir fəxrlə efirdə “biz Amerika xalqı üçün əlimizdən gələni edirik” deyərək qürurlandı. Budur bizim ABŞ-la, Avropa ölkələri ilə fərqimiz.

Dövləti formalaşdıran onun vətəndaşlarıdır. ABŞ olmaq səndən, məndən, baş həkim Elçindən, bəlkə də Elçinin özünün işdən azad olunmasından başlayır.

Özbaşınalığın, fərdlərə edilən hörmətsizliyin, kobudluğun qarşısını almaq üçün Elçin kimiləri hər kəsə nümunə olsun deyə işindən azad etmək lazımdır, xanımların məhkəməyə müraciətini gözləmək deyil.

Çox qəribədir: sadə əməliyyatlar zamanı səhlənkarlığa yol verib insanları qətlə yetirən, uşaqları şikəst qoyan, sağ ayağın əvəzinə sol ayağı kəsən həkimləri işdən azad etmirlər, amma adi bir mahnı oxuyanları bu cür əxlaqa zidd şəkildə işdən çıxarırlar.

Redaksiyadan: Müəllifin fikirləri redaksiyanın mövqeyini əks etdirmir!

Tarix
2019.03.15 / 15:20
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin xidmətləri qiymətləndirilmir

ABŞ eksperti: Zəngəzur – İƏT-in ən strateji layihəsidir

İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur - Video

Markov: Qarabağda İrəvanın işğal etdiyi 3 növ ərazi vardı

Soçidə 3 əsas məsələ gündəmdə olacaq - Markov

Soçi görüşündən gözləntim budur – Krutakov

Terrorizm ermənilərin mentalitetindədir – İsrail eksperti

Putin İrəvana təzyiq etməlidir - Pakistanlı analitik

İrəvan nə təxribata, nə də terrora son qoyacaq - Sıtin

Putin Bakıya münasibətini rəsmən bəyan etdi - Korıbko

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla