Yuxarı

Nə var axı Bakıda?!

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanki hamı Bakıya üz tutur. Bəzən bu, insanların daha müasir və daha parlaq mühit istəyi ilə izah olunur. Bəzən də növündən - ağ, qara, zavod, yaxud təndir olmasından asılı olmayaraq, çörəkpulu dalınca gəlirlər.

Amma bu “bəzən variant”nı faktlarla bəzəyək.

Dövlət başçısı tərəfindən regionların sosial-iqtisadi inkişaf proqramı çərçivəsində çox iş görülüb. Elə 2004–2018-ci illər ərzində ümumi daxili məhsul artıb, qeyri-neft sektoru inkişafdadır, sənayeni də, kənd təsərrüfatını da unutmaq olmaz. Həmin bu müddətdə ölkədə neçə milyon yeni iş yeri açılıb, 100 mindən çox müəssisə yaradılıb, işsizlik və yoxsulluq səviyyəsi rekord həddə enib.

Görülən işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Buna görə də Prezidentin fərmanı ilə “Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” da təsdiqlənib.

Həqiqətən, bu qədər iş görülür, nə var axı Bakıda?

Sayaq! Ali təhsil müəssisələrinin əksəriyyəti Bakıdadır. Müxtəlif illərdə onların Bakı ətrafına köçürülməsi müzakirə mövzusu olub, ancaq mövzu kimi də qalıb. İntelekt və perspektiv ambisiyalılar şimal, cənub, qərb sərhəd rayonlarından da Bakıya üz tuturlar. Amma ən seçilən ali məktəblərin hərəsi bir şəhərdə olsaydı, belə olmazdı. Onda da Bakıda yaşayan abituriyent ora sənəd verməyəcəkdi.

Bakı yenə qabarır. Müxtəlif dövlət xidmətləri, agentliklər yaradılıb, nazirliklər var. Bakıda var! Bayaqkı ali məktəb bölgüsü onlara da şamil olunsaydı, necə olardı? Təsəvvür edin, hansısa nazir Kürdəmirdə, o biri Beyləqanda, Qubadadır. İnanmadınız?

Qaçqın və məcburi köçkünlərin çoxu Abşeron yarımadasında, əsasən Bakı, Xırdalan, Sumqayıt sakinləridir. Onlar müxtəlif peşə sahibləridir, çoxlarının da avtomobili var. Bu da dövlətin onlara uzun illər yaratdığı güzəştli, vergisiz yaşam şəraiti ilə bağlıdır - maşın üçün pul yığa bilənlər olub. Aralarında taksi sürücüləri də az deyil. Düşünün, Bakı-Sumqayıt taksiləri Qubadlı-Zəngilan, Laçın-Kəlbəcər, Cəbrayıl-Füzuli, Ağdam-Şuşa və s. marşrut xətti ilə çalışsaydı, yollar boşalardı. Hərçənd əvvəlcə Qarabağa gedən yolu və oradan erməniləri boşaltmaq lazımdır. O bərəkətli torpaqlar alınsa, heç qayıdanların "taksavatlıq" edəcəyinə inanmıram, çünki hamısı sahibkar ola bilər, liderimizin sahibkarlığa dəstəyi fonunda bu qaçılmazdır.

Məcburən paytaxtda yaşayanlar, işğalla üzləşmişlər bir yana, digər rayonlardan da paytaxta üz tutanlar çoxdur. Əgər bölgələrdə yaradılan iş yerləri siyahıya alınsa, monitorinq qrupu yaradılsa, komisiyalar olsa və hər hansı bir rayondakı müəssisələr oranın sakinlərinin işlə təminatını ödəsə, onlar Bakıya çətin gələr. Gəlsə də, bayramdan bayrama, xeyirdə, şərdə gələr…

Hazırkı temp davam edəcəyi təqdirdə isə çıxış yolu Türkiyə variantıdır. Paytaxt İstanbul yox, Ankara!

Qədim paytaxt şəhərlərimiz Gəncə, Bərdə, Qəbələ mərkəz olmaq üçün darıxmış diyarlardır. Gəncə ilə Bərdə düşmən nişangahına yaxın olduğu üçün Qəbələdə dayanaq və “tıxac ancaq Bakıdadır” deməyək...

Tarix
2019.09.28 / 20:37
Müəllif
Anar Rəhimov
Şərhlər
Digər xəbərlər

Lukaşenko 12 ildən sonra ABŞ-a səfir təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla