Yuxarı

Ağzını söyüşlə açanların yaramazlığı…

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ən böyük sosial şəbəkələrin qərargahlaşdığı ölkənin – ABŞ-ın Prezidenti həmin sosial şəbəkələrlə bağlı bir sərəncama imza atıb.

Sosial şəbəkələr deyərkən:

Feysbuk - Yaranıb: fevral, 2004, Kembric, Massaçusets, ABŞ;

Yutub - Yaranıb: 14 fevral, 2005, San mateo, kaliforniya, ABŞ;

Tvitter – Yaranıb: 21 mart 2006, San-Fransisko, Kaliforniya, ABŞ;

İnstaqram - Yaranıb: oktyabr, 2010. Sahibi: Feysbuk.

Bəli, son 16 ilin icadları olan sosial şəbəkələr artıq elə bir inkişaf (və görünür həm də, “in­kişaf”!) mərhələsinə gəlib çıxdı, insanların, cəmiyyətin (və görünür, həm də, dövlətlərin!) həyatına elə daxil oldu ki, onlar haqqında yeni yanaşmalara, qərarlara ehtiyac yarandı; budur, söz-söhbətlər aləmi başına götürdü və 28 may 2020-ci ildə məhz ABŞ-da, məhz prezident sə­viyyəsində ciddi hüquqi münasibətlə qarşılaşdı: Prezident Donald Tramp “Onlayn senzuradan müdafiə barədə” Sərəncam imzaladı.

Nə baş verir? Bu Sərəncamın mahiyyəti nədən ibarətdir?

Diqqət edək:

- Feysbuk, Yutub, Tvitter və İnstaqram informasiyaların təqdim edilməsinə açıq və gizli müdaxilələrlə insanların baxışlarını istədikləri istiqamətdə cəm etməyə, yönləndirməyə (formalaşdırmağa) çalışır;

- Sosial şəbəkələrin tətbiq etdikləri bir çox məhdudlaşdırıcı tədbirlər sırf siyasi motivlidir və fikir plüralizminə ziddir;

- Onlayn platformaların fəaliyyəti şəffaf və hesabatlı deyil, onlar fikir azadlığını qorumaq üçün universal normativ standartlara və alətlərə malik deyil;

- Onlayn platformaların genişlənməsi və təsirini hədsiz artırması onların fəaliyyətinin tənzimlənməsini zəruri edir;

- Daha ümumi şəkildə desək, nəhəng sosial media şirkətləri öz maraqlarına uyğun olmayan fikirləri senzuraya məruz qoyur, bununla da “təhlükəli güc” tətbiq edir;

- Bütün bunlar isə ABŞ qanunlarına, özəlliklə “Kommunikasiya Etikası Qanunu”nun 230-cu bən­dinə uyğun gəlmir. Ona görə də ABŞ-ın bu sahədə toxunulmazlığının sınırları aydınlaşdırılma­lıdır;

- ABŞ Prezidentinə görə, özəlliklə, Tvitter ABŞ-a qarşı açıq şəkildə siyasi qərəz nümayiş etdirir, başqa ölkələrin “siyasi aləti” kimi çıxış edir və onların anti-ABŞ siyasətini dəstəkləyir;

- Trampın bu mövqeyi sosial şəbəkə yaradıcıları, çoxmilyonlu istifadəçilərin hamısı tərəfindən eyni məhəbbətlə qarşılana bilməz, əlbəttə; əlbəttə, razılaşanlar, anlayış göstərənlərlə yanaşı, tə­rəddüd edib, daha yeni izah və qərarlara ümid edənlər də, razı qalmayanlar, qarşı çıxanlar da olacaq.

Ancaq gəlin etiraf edək, bütün hallarda, sosial şəbəkələr (özəlliklə, yuxarıda adı ­ke­çənlər) nəhəng təsir gücünə malikdir və sosial şəbəkələrin hüquqi tənzimlənməsinin vacibliyi bugün ABŞ-ın özündə dərindən dərk olunursa, sabah-birisigün bu planda idrak prosesi bütün ölkələri əhatə edəcək.

- Necə bilirsiz, ABŞ boyda, ABŞ güc və nüfuzda ölkənin prezidenti belə bir narahtlıqları bölüşürsə, bu narahatlıqlar başqa – özəlliklə, inkişaf etməkdə olan ölkələrə şamil deyilmi? Bəs, müstəqillik tarixi cavan ölkələrə necə?

Yəqin heç təsadüfi deyil ki, artıq Avropada da bir sıra dövlətlər (örnəyi, Almaniya) sosial şəbəkələrin zərərli təsirlərindən qo­runmaq üçün məhdudlaşdırıcı qanunlar qəbul edib (və proses davam edir);

- Sosial şəbəkələr barədə universal normativ standartların mövcud olmaması burada “feyk” bilgilərin, mənəvi-əxlaqi normalara uyğun gəlməyən materialların, terrora, zorakılığa çağırışların, qeyri-qa­nuni ticarətin, digər zərərli əməllərin geniş yayılmasına, ayrı-ayrı fərdlərə, şirkətlərə, ölkələrə qarşı kampaniyalar təşkil edilməsinə, siyasi təlatümlər yaradılmasına münbit ortam yaradır;

- Elə bizim öz respublikamız özü dəfələrlə xarici antiazərbaycan qüvvələrinin sosial şəbəkələr, on­layn platformalar üzərindən qərəzli kampaniyalarına məruz qalmayıbmı? Ölkəmizə qarşı ardıcıl terror çağırışları indi də davam etmirmi?

– Ağzını söyüşlə açıb, qarğışla yumanların “yuvalandığı” (demək olar, yatıb-durduğu) yer olan sosial şəbəkələr… necə deyərlər, isitmir, yandırır; bir az da obrazlaşdırıb böyütsək, “atom elektrik enerjisi” vermir, “atom bombası”na dönüşür, sanki;

- Azərbaycanın özünəxas siyasət yürüdən bir müstəqil dövlət kimi beynəlxalq arenada nüfuzunun artması antiazərbaycan və bərabərindəki ermənipərəst dairələri, əlbəttə, rahatsız edir, bu rahat­sızlıqlar səbəbindən də ölkəmizə qarşı qarayaxma kampaniyaları təşkil olunur;

- İnternet azadlığı heç bir vəchlə digər azadlıqları sıxışdırmamalı, gözardı (istərsəniz, qulaqardı, vicdanardı deyək…) etməməlidir, burada dəngənin təmin edilməsi (yaxud qorunması) üçün hüquq tənzimləmələri qaçılmazdır;

- Sosial şəbəkələrlə bağlı beynəlxalq səviyyədə universal normativ hüquqi aktların hazırlanması və tətbiqi ilə bağlı dartışmaların getdiyi, ayrı-ayrı ölkələrdə qanunlara əlavələrin qəbul olunduğu, yeni qanunların qəbuluna hazırlıq getdiyi bir vaxtda, belə bir ritorik sual meydana çıxır: respublikamız bu qlobal prosesdən qıraqda qala biləcəkmi? Qalmalıdırmı? Yoxsa, ümumdünya “e-nizam”ına öz töhfələrini verməyəmi çalış­ma­lıdır?

Elə bilirəm, bizimçün bu planda ən önəmli məsələlər ərazi bütövlüyümüzlə, su­ve­renliyimizlə, dövlət atributlarımızla bağlıdır. Hər kəlmələri terrorla “error” verənlərin, bayaq da vurğuladğımız kimi, ağzını söyüşlə açıb, qarğışla yumanların yaramazlığı da, sepa­rat­çıların, işğalçı zehniy­yət­lilərin müxtəlif təxribatları da, daha nələr, nələr də, insan hü­quqlarına, ümumxalq maraqlarına, Vətən və ali dövlət çıxarlarına uyğun, bəşəri çağırışlara cavab verən tərzdə “çəki-düzən”ə gətiril­məlidir.

Elə deyilmi?..

Tarix
2020.05.31 / 00:45
Müəllif
Əkbər Qoşalı
Şərhlər
Digər xəbərlər

İlk rus imperatordan son “prezident”ədək…

Ərdoğandan dərhal sonra Şərifin Bakıya gəlməsi...

Gəncə vurulanda cınqırını çıxarmayanlar…

Rusiyadan idxal edirik: əsas hədəfimiz isə budur

Azərbaycanlını Rusiyada öldürmək olar...

Koronovirus önünə nə ilə və necə çıxırıq?

AB-nin Bakı standartı: Əli Kərimli ilə nə danışılıb?

10 maddəlik münasibət

“Relaks” olayı: kim bundan faydalanmağa çalışdı?

Ölkədə bir-birini didən qruplaşma...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla