Yuxarı

O səsləri eşidirsiniz?..

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər öncənin hadisəsidir. Onda atam hələ doğulmayıbmış. Bir gün babam – atamın atası evə gələndə görür ki, 20 yaşlı kiçik qardaşı onun həyat yoldaşına – gəlin 7 aylıq hamilə imiş – nəsə nəql edir, gəlin də gülür. Tək deyilmişlər, babamın anası və birinci arvadından olan böyük qızı da – mənim böyük bibim - yanlarında imiş. Gördüyü mənzərə xoşuna gəlmir. Qısqanclıqla – çox güman, düşünüb ki, aralarında nəsə var – hamilə arvadını da, doğma qardaşını da öldürür...

Babam əzazil adam olub. Qardaşını və bir hamilə qadını öldürməyin başqa nə adı ola bilər ki! Araşdırmadan, əmin olmadan iki cavanın qanına girib.

Böyük bibim bunu həmişə yana-yana danışardı. Deyərdi ki, öldürülənlərin ikisi də günahsız idi…

Deyərdi ki, nənəsi – babamın anası ölənə kimi oğluna qarğış töküb. Babamı əfv etmədən, ölən oğlu və gəlini üçün göz yaşı tökə-tökə bu dünyadan köçüb…

Detallarına qədər bilmirəm, təbii ki! Böyüklərin söhbətlərindən bəzi alayarımçıq epizodlar yadımda qalıb. Heç vaxt öyrənməyə xüsusi maraq da göstərməmişəm.

Hər yay Yevlaxda yaşayan böyük bibim bizə qonaq gələrdi. Bizdə və əmimgildə bir ay qonaq qalardı. O vaxt onun 78-80 yaşı olanda mən 5-6-cı siniflərdə oxuyurdum. Yəni arada o qədər yaş fərqi vardı. O, bu mövzuda danışanda ürəyim sıxılırdı. Kədərlənirdim. Bu barədə düşünməməyə çalışırdım. Amma yaddaşımın bir küncündə qalıb bu əhvalat. Hərdən yadıma düşür…

İndi xatırlamağım da səbəbsiz deyil. Həyatımızda baş verənlərlə o qanlı olay arasında bir əlaqə olduğunu güman edirəm…

Arvadını öldürəndən sonra babam yenə evlənib. Əmilərim, bibilərim, atam dünyaya gəlib. İkinci Dünya müharibəsi başlayanda öncə babam, sonra nənəm vəfat edib. Onda atam yaş yarımlıq imiş. Atamı, əmilərimi bibilərim böyüdüb. Müharibə illərində çox çətinliklər görüblər. Aclıq, səfalət, min bir əziyyət çəksələr də, böyüyüb boya-başa çatıblar.

Böyük əmim texnikum, ortancıl əmim ali təhsil alıb. Böyük əmim kənddə kolxozda mühasib, ortancıl əmim təhsilini bitirdikdən sonra Bakıda institutda müəllim qalıb.

Atam da orta məktəbdən sonra bir müddət sürücü işləyib. Sonra isə sənədlərini Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsinə verib. İnstitutu fərqlənmə ilə bitirəndən sonra kəndə qayıdıb. Qonşu kəndlərdə, öz kəndimizdə pensiya yaşına çatana kimi müəllim işləyib.

Ailə qurub. Biz doğulmuşuq...

2005-ci ildə parlament seçkilərində Tərtərdə mənə doğma olan kəndlərdə namizəd kimi görüşlər keçirəndə atamın dərs dediyi şagirdlər – artıq yaşı 50-ni ötmüş qadınlar, kişilər atam barədə elə hörmətlə, ehtiramla danışırdılar ki, qürurlanırdım. Deyirdilər, tarixi elə öyrədib ki, orta məktəbdə keçdiklərimizi hələ də əzbər bilirik. Deyirdilər, tarix fənnini bizə Camal müəllim sevdirib...

Uşaqkən mənə elə gəlirdi ki, kədər yalnız keçmişdədir, böyüklərin danışdıqları əhvalatlarda, hekayətlərdədir. Gələcəkdə yalnız xoş günlər, xoşbəxtlik var...

Ağlım kəsəndən sonra bildim ki, ortancıl əmim – bibilərim onu institutda dərs dediyinə görə “alim qardaşımız” deyə xatırlayırdılar - ailə qursa da, övladı olmayıb. Sonra xəstələnib. Həkimlər xərçəng diaqnozu qoyublar. Müalicələrin xeyri olmayıb. Amansız xəstəlik onun cavan ömrünü yarıda qoyub...

Uşaqlığımdan qalan travmatik xatirələrim əmimlə bağlıdır. Üzünü görməmişəm. O, vəfat edəndə 1 yaşım varmış. Amma xatirəsi həmişə bizimlə olub. Çox əziz tutulub...

Anam həmişə deyərdi ki, əmin sağ qalsa, həyatımız tamam başqa cür olacaqdı...

Əmim mənimçün kədərli keçmişdir...

Sonra...

Sonra biz də böyüdük.

Atamla anam minbir çətinliklə, kirpikləriylə od götürərək bizi böyütdülər, oxutdular...

Böyük qardaşım ailə qurdu. Üç övlad atası oldu.

Kiçik qardaşım Sankt-Peterburqa köçdü. Orada kiçik bizneslə məşğul idi.

Bilmirəm sadəlövhlükdən idimi, bir vaxtlar mənə elə gəlirdi ki, cavan adama heç nə olmaz. Məsələn, mən heç vaxt ağlımın ucundan keçirməmişdim ki, qardaşlarım ölə bilər. Mənim ən böyük qorxularım anamla və atamla bağlı olub. Allaha dua edəndə də məhz atamı və anamı qorumasını istəmişəm...

Çünki uşaq kimi inanırdım ki, gənc adam ölməz...

Bir gün...

Onda artıq institutu bitirmişdim. İşləyirdim. Özümə görə güzəranım, uğurlarım vardı. Arzularım vardı.

Bir gün telefonuma bir zəng gəldi. Az hallarda zəng edən qohumlardan biriydi. Dedi ki, təcili evə gəl.

Elə bildim atama nəsə olub...

Ya da anama...

Bakıdan Tərtərə avtobusla 5-6 saatlıq yoldur. Mən 5-6 saata o dünyaya gedib qayıtdım...

Ağrının şəklini çəkmək olmur...

Şəklini çəkə bilmərəm. Çəkmək də istəmirəm. Özümə aiddir. Bölüşüləcək ağrı deyil...

Kiçik qardaşım Sankt-Peterburqda avtomobil qəzasında həlak olmuşdu. Sink qutuda gətirmişdilər nəşini. Görənlər bilir, görməyənlərə arzu etmirəm. Dəhşətli səhnədi: canından artıq sevdiyinin ağ kəfənlə, qırmızı örtüklə yerdə uzanmasını görmək...

Görmək və dözmək...

Mənim pəhləvan cüssəli, yaraşıqlı qardaşımı qaranlıq bir məzara necə sığdıracaqdılar...

Heç cavan adam da ölərmi?!

Onda Azərin cəmi 30 yaşı vardı. Subay idi...

İnsanın gənc yaşda doğmasını, əzizini itirməsi təsvirəgəlməz hissdir. Zahirən dəyişmirsən, təbii. Amma... Daxildə sanki zəlzələ baş verir. Darmadağın, sınıq-sınıq, qırıq-qırıq olursan. Zərrə-zərrə, damla-damla xırdalanırsan. Ovuc içi boyda olursan.

Elə bil hündür bir binanın üstündən yıxılmısan. Ölməmisən, amma hər yerin ağrıyır.

Həyata baxışın dəyişir. Dünyaya artıq tamam başqa nəzərlərlə baxırsan. Dünya yerli-dibli dəyişir sənin üçün. Həyat fəlsəfən dəyişir, daxili qanunların dəyişir. Qolların yerindədir, amma sənə elə gəlir qolun yoxdur. Ayaqların yerindədir, amma sənə elə gəlir, bircə addım atsan, yıxılacaqsan...

İnsanlara da başqa cür yanaşırsan - daim itirmək qorxusu ilə...

Hətta şəkillərə... Uzun müddət şəkillərə baxanda ilk ağlıma gələn bu olurdu ki, görəsən qəbir daşının üstündə necə görsənər...

Atamın yaslı evinə sevinc, nəşə bir də beş il sonra – mən deputat seçiləndə gəldi...

Atam, anam, qardaşım, bacım, bütün ailə üzvlərim, qohum-əqrəba çox sevinmişdilər...

Elə bildik kədər bitdi...

Elə bildik “ağırlığım-uğurluğum” burda qalsın deyib, kədərin üstündən atlandıq. Ağırlığımızı, ağrılarımızı keçmişə gömdük...

Bir gün...

Ömrümdən, taleyimdən saymadığım bir gün isə məlum oldu ki, böyük qardaşım xərçəng xəstəliyinə tutulub. Xəstəlik çox gizli inkişaf etmişdi. Həkimlər müayinə etdi. Analizlər götürüldü. Cavab çıxana kimi onu da itirdik.

Bir göz qırpımında olan oldu, yenə fəlakət oldu...

Xərçəng aman vermədi. Qəfil yaxaladı. Nə xəstəliklə söhbət edə bildik, nə də müalicə etdirə bildik...

Heç nəyi dəyişməyə gücümüz çatmadı...

Gücüm çatmadı...

Həyat o qədər qəribədir. Tərtərdə müharibənin ən qızğın çağında ikisi də könüllülər batalyonunda döyüşlərdə iştirak etmişdilər. Sağ-salamat evə qayıtmışdılar...

Ölüm qarşısında çarəsizlik... ha çalışsan, bunu ifadə edə bilməzsən... Heç nə edə bilmirsən. Dünyanın sahibi-mütləqi də olsan, milyardların da olsa, göyə də çıxsan, dağları da endirsən, xeyri yoxdur...

Heç kəsə səsin-ünün çatmır. İçində qışqırırsan, ruhun fəryad qoparır. Səni heç kim eşitmir, duymur, hiss eləmir. Sən də heç nəyi dəyişə bilmirsən. Heç kəsi qaytara bilmirsən. Kainat qarşısında, Təbiət qarşısında, Allah qarşısında nə qədər kiçiksən, zəifsən, ümidsizsən. Üfürsələr, yıxılarsan, şüşə kimi sınarsan, zərrələrə bölünüb dağılarsan.

Qolların var, yox kimidir. Qoparıblar...

Ayaqların var, yeriyə bilmirsən...

Yaralısan, qanın axmır...

Mübarizdən – böyük qardaşımı da itirdikdən sonra anladım ki, kədər – keçmiş deyil. Həmişə gələ bilir. Sən dünən bilmədiyin kimi, bu gün də bilmirsən başına nə gələcəyini, sabah nə olacağını. Nələr olacağını...

Qardaşlarımın faciəsindən sonra çoxlu cavabsız sualım yarandı: mənim atam da, anam da yaxşı adamlardır. Əminəm ki, heç vaxt heç kəsə pislikləri toxunmayıb. Ağlım kəsəndən, yaxşı ilə pisi seçəndən, bildiyim, anladığım qədər, şahidi olmuşam ki, mərhəmətlidirlər, insaflıdırlar. İmkanları çatdığı qədər ehtiyacı olanlara yaxşılıq etməyə çalışıblar. Son tikələrini də bölüşməyi bacarıblar.

Məntiqlə mənim qardaşlarım uzun və xoşbəxt ömür yaşamalı idilər. Niyə belə oldu? Ailəmdəki bu itkilərin babamın uzun illər öncə etdiyi haqsızlıqlarla bir əlaqəsi vardımı? Əlini qanına batırdığı günahsızların karması idimi bizə bu acıları yaşadan? Biz onunmu günahlarının cəzasını çəkirik?...

Axı niyə biz cəza çəkməliyik?..

Dünyanı bürüyən pandemiya da karmadırmı? Bizə əziz, dəyərli olan insanlar dəhşətli xəstəlik üzündən can çəkişir. Nəinki ailəsi, ölkəsi, bəşəriyyət üçün lazımlı, gərəkli insanlar – alimlər, həkimlər, yazıçılar, siyasətçilər, sənətçilər dünyadan köçür, uşaqlar, cavanlar, yaşlılar ölür...

Və biz heç nə edə bilmirik. Biz acizik...

Bu da cəzadırmı? Ədalətsiz müharibələrin ölümə, əzaba, məşəqqətə, sürgünə, əsarətə tərk etdiyi günahsız insanların ahıdırmı?..

Bəlkə dünya bir anlıq ayaq saxlasın, dayansın, nəfəsini dərsin və... bütün bunları düşünsün?!

Bəlkə səsləri eşidək?..

Tarix
2020.06.18 / 23:04
Müəllif
Aynur Camalqızı
Şərhlər
Digər xəbərlər

Xankəndidə yaşanan mistika və Əliyevin eyhamı...

Bu gün Xankəndi Paradına Onlar da qatılacaq…

“Xocalı alınsın...” Niyə belə qarğımışdın, Qənirə?

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd artıq bizdədir!

Prezident nöqtə qoydu: Xankəndi də, Xocalı da…

Mehriban xanımın Laçında dediyi bu söz...

Ad gününü Laçın Gününə qatan Xanım…

Rasim Balayev nəyi “səhv” etdi ki…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

İlham Əliyev bu günü yaddaşımızdan sildi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla