Ötən əsrin 30-cu illərinə aid olan məşhur bir politoloji
termin var - paktomaniya. İndi hər şeydə keçmişin mistik izlərini
axtaranlara həmin ifadənin dəqiq mənasını bilmək maraqlı
olardı.
Birinci Dünya müharibəsinin kütləvi qırğınlarını hələ torpağa
tapşırmamış Avropa ölkələrində savaş əleyhinə genişlənən milli
hərəkatlar siyasi səhnənin önünə çıxmışdı. 1928-ci ildə 15 dövlət
vahid bir sənədin altına imzalarını qoyaraq, bir-birilə
dalaşmayacaqları haqda razılığa gəlmişdilər. Üstündən bir müddət
keçəndən sonra "sülhpərvər" ölkələrin sayı 63-ə çatdı və onlar
milli siyasətin mühüm aləti olaraq, həmçinin müxtəlif maraqlarını
gerçəkləşdirmək üçün hərbi gücdən istifadə etməyəcəklərinə dair
yazılı öhdəlik götürdülər.
O vaxtlar siyasi xəritədə mövqelərini hələ yaxşı bərkitməmiş və
dünyanın kollektiv təhlükəsizlik sistemində yer tutmağa çalışan
Sovetlər Birliyi əsas aparıcı dövlətlər tərəfindən tanınmaq naminə
nəinki bolşevik inqilabının ixracı ideyalarından əl çəkməyə hazır
idi, eləcə də daxili qüvvələrini toparlamaq naminə vaxt udmağa
hava-su kimi ehtiyac duyurdu. 1938-ci ildə özünün xalq
komissarlığının Xarici İşlər nazirini - gələcəkdə həyat yoldaşını
casusluqda və antisovet fəaliyyətində suçlayıb sürgünə göndərdiyi
Polina Jemçujinanın ərini - Molotovu Hitlerin adamı ilə müqavilə
bağlamağa göndərən yoldaş Stalin diplomatiya tarixində indiyədək
ətrafında söz-söhbət kəsməyən sazişə doğru addım atır. Kim bilir,
hər zaman qeyri-rasional sistemdə qərarlar verən "xalqlar atası"nın
hesablamaları o zaman nədən ibarət olmuşdu - bəlkə nasional
sosializmin sürət götürən qatarının zərbəsinə tuş gəlməmək və
müharibə etməmiş böyük iştahasını almanların liderinə qəbul
etdirmək üçün İosif Vissarinoviç bununla növbəti çoxgedişli
kombinasiyasını qurmuşdu. "Ribbentrop-Molotov paktı" nəinki
bir-birinə hücum etməmək haqqında zəmanətlər verirdi, eləcə də
Almaniyaya və ya Sovet İttifaqına qarşı üçüncü dövlətin hərbi
əməliyyatları başlayacağı təqdirdə tərəflər öz neytrallıqlarını
qoruyub saxlamağa söz verirdilər.
Lakin paktın mətninə əlavə edilmiş və az qala 50 il gizli
saxlanmış bəndlərdə "maraq zona"ları adı ilə əsil ərazi bölgüsünə
gedilmiş: Qırmızı ordunun bayrağı altına Moldova, Ukrayna, Polşa və
Baltikyanı ölkələrin daxil edilməsinin hüquqi, hərbi əsası
qoyulmuşdu.
İndi Stalini keçmiş xəyanətlərdə - xüsusilə, diktatura rejimi
yaratmaqda və kainata təkbaşına ağalıq istəyində qınayanlar onun
dünyəvi cinayətlərinin üstünə həmin sənədi də qoymağı unutmurlar.
Ancaq müasir rus dövlətinin başçısı Putin ruh oxşarı saydıqları və
idarəçilik texnologiyaları arasında paralellər apardıqları
sələfinin - bəlkə də mənəvi liderinin əvəzindən mübahisəyə girərək
bir dəfə söyləmişdi ki, əgər Sovetlər Birliyi Almaniya ilə döyüşmək
istəmirdisə, burda pis nə vardı ki? Yaxud, Polşanı bölməkdə
suçladıqları halda nədən Hitlerin Çexoslavakiyaya hücum etməsi
fürsətindən yararlanan polyaklar dərhal çex torpaqlarının bir
hissəsini ələ keçirmişdilər?
Kifayət qədər kəskin suallardı və o dövrün reallığını əks
etdirir. Məgər 1938-ci ildə Fransa və Britaniya alman faşistlərinin
liderləri ilə belə sövdələşməyə getməmişdilər?
Ona görə də paktlar istər tiran rejimlərinin, istərsə də
demokratik sistemlərin əlində sadəcə rəngli kağız parçasıdır. Çünki
hərb meydanlarında tökülən qanlardan fərqli olaraq sülh sazişlərinə
cəmisi bir neçə qram mürəkkəb xərclənir - indi imzalanmağa böyük
təntənə ilə və siyasi şövqlə hazırlaşdıqları Amerika-İran
razılaşması kimi.
Paktomaniya İkinci Dünya müharibəsinin qarşısını ala bilməmişdi,
çünki Avropada tüğyan edən ideologiyalar əqidə düşmənlərini başqa
cür məğlub etməyin yolunu ortaya qoymamışdı. 3 apreldə Lozannada
İranın nüvə məsələsi ətrafında şifahi əldə olunmuş konsensus eynən
77 il əvvəlki müqavilə ekizinin sanki yenidən doğuluşudur. Hətta o
vaxtkı kimi tərəflər bir-birinə 10 il möhlət verirlər və hamını
inandırmağa çalşırlar ki, sözləşmənin bütün hərfinə və ruhuna sona
qədər sadiq qalacaqlar.
Doğrudanmı, 1979-cu ildən bu yana dünyanın bütün resurslarını
səfərbər edərək İranın şər və iblis obrazını formalaşdırmağa
çalışan Qərb hələ niyyət protokolu səviyyəsində olan sövdələşmənin
gələcəyinə belə nikbin baxır? Axı cəmi on iki ildir atom bombası
yaratmaq planına girişmiş bir müsəlman ölkəsinin nüvə silahı
ideyasından qabaq okeanın o tayından ona qarşı diversiya, sanksiya
və ticari embarqoların tam bir buketi, çeşidli seriyaları işə
salınmışdı. Çünki düşmənçiliyə son vermək müasir imperiyaların işi
deyil. Əks halda yüz minlərlə diplomatik personala malik nəhəng
idarələr, kəşfiyyat mərkəzləri və ən əsası külli miqdarda büdcə
vəsaitlərini sümürən ordular gərək işsiz qalsınlar.
İranın nüvə proqramını on iki ildir əsas gündəliyinə daxil etmiş
siyasi paytaxtlar üçün yeni şəraitdə daha böyük və İrandan fərqli
təzə düşmən obrazı qlobal ağalıq planı üçün qaçılmazdır.
Əslində isə Amerika üçün Qüdsün müqəddəsliyi uğrunda savaşan və
müsəlman dünyasının müqavimət mərkəzinə çevrilən bir ölkənin islami
varlığı, sitayiş etdiyi peyğəmbəri və idarəçilik üsulu hər hansı
kütləvi qırğın silahlarından daha böyük təhlükə olaraq qalır və
nüvə bombası haqda düşünməyən 90-cı illər İranına qarşı tətbiq
olunanlar da dediklərimizi təsdiqləyir.
Yaxşı xatırlayırsız yəqin, inqilabın ilk zərbəsini səfirlik
binasına vurmaqla başlayan və 66 amerikalı diplomatı uzun müddət
girova çevirən dini lider Xomeyni onu səmavi xilaskar kimi
qarşılayan milyonların üzərindən hamıya mesaj vermişdi ki,"böyük
şeytan"la savaşları uzun sürəcək. Bununla da əsası qoyulmuş
ruhaniyyət sistemi dünya düzəninə yeni ahəng qatmışdı, anqlosaks
dəyərlərinin alternativi olduğunu sübuta yetirmişdi.
Xristian aləmi üçün Məhəmməd peyğəmbərin doğulduğu torpağa
sahiblənmək və Allah evinin başına dolananları nəzarətdə saxlamaq
belə müsəlman dünyasının çəkili bir hissəsini itaətsizlik
müharibəsindən daşındıra bilmədi. Ona görə ərəb coğrafiyasında
mövcud olan və keçmişin qalığını xatırladan rejimlərlə müqayisədə
İranın dövlət quruluşu daha cazibədar olub - axı burada Allahın
yerdə insan surəti ilə çıxış edən başçısı Fələstin uğrunda
güzəştsiz bir xətti izləməklə yüz illərdir ki, Məkkəyə və Mədinəyə
sahiblik edənlərdən daha çox din qardaşlarına yardım əlini
uzatdığını göstərməyə çalışır. HƏMASın və ya Hizbullahın terror
siyahılarında baş yerləri tutması onları hədəflərindən yayındıra
bilməz. Tehranda yaxşı bilirlər ki, həmin siyahıları tərtib edən
mərkəzlər sabah Beytül-müqəddəsi tamamilə ələ keçirəndən sonra
növbəti səlib yürüşünün ünvanı imam Əlinin ruhuna səcdə edənlərin
torpaqları olacaq.
Demokratiyanı vaxtilə süngü gücünə yayan, bununla da neft-qaz
səltənətinə yiyələnən Qərbin siyasi sistemi nə qədər pərdələnsə də,
uzun on illər boyu diktatura quruluşlarının himayəçisi olduğunu
gizlədə bilməz. Kral Fəthin matəm törəninə qatılan və az qala nəşi
altına girməyə hazır olan avropalı hökumət başçılarını yəqin
unutmamısız. Lakin İrandakı vahid ruhani liderlərlə yanaşı, xalqın
seçimindən keçən və dörd illik müddətdə prezidentlik mandatı
qazanan demokratik siyasi mübarizə səhnələrini də heç kəs inkar edə
bilmir. Burada müəyyən hakimiyyət bölgüsü prinsipləri ilə yanaşı,
cəmiyyətin mənəvi simasını əldə saxlayan və sərhədsiz azadlıqlar
virusundan qorunmağa qadir olan təsislatlara da geniş yer verilib.
Ona görə də şiə məzhəbinin daşıyıcıları - islam dünyasının çəkili
bir hissəsinin ikinci Kəbəsinə çevrilən bir ölkə yaşadığı və
mübarizə apardığı inancları ilə atom silahından daha böyük qüvvədir
və belə qənaətə gələn Reyqan hökuməti, sonrakı prezidentlər isə
atom silahını hazırlamaq səbəbilə radioaktiv obyektləri, əslində
isə bütün İran torpaqlarını bombalamağa hazır idilər. Hətta oğul
Buş dönəmində Amerika-İran gizli ticarəti və danışıqları
aparılmasına baxmayaraq, BMT də Birləşmiş Ştatları təmsil edən
səfir Con Bolton hərbdən başqa yolun qalmadığını, hətta müharibənin
tarixini də göstərməkdən çəkinməmişdi.
Beləliklə, həqiqi Qərb modelinə alternativ olan İranın islami
varlığı teokratik, klerikal, ayətullahlar məmləkəti adlanmağından
asılı olmayaraq, Sovetlər Birliyi qədər Amerika üçün başağrısı
deməkdir.
Qərb bir-birinin ardınca öz üsul-idarələrini başqa məkanlara
yaydıqca İranı terrorizmdə günahlandırıb onu iqdisadi təcridetmə
ilə boğacağını düşünürdü. Lakin ələbaxan ərəb monarxiyaları ilə
müqayisədə fars dövlətçiliyi daha dayanıqlı çıxdı. Uzun on illər
boyu həm siyasi, həm də dini ələsalmanın sloqanına çevrilmiş "molla
rejimi" ifadəsi mistik mason-anqlosak diplomatiya məktəblərinin
gücündən geri qalmadı, əksinə, sonda onların fövqünə yüksəlməyi
bacardı.
Bəli, sanksiyalar və təcridetmə siyasəti bəhrəsini verdi -
millətin iqtisadi gücü sarsıldı, lakin xalq nə qədər zəiflədisə,
hakimiyyət bir o qədər möhkəmləndi. Bunu meydanlara çıxan
milyonlarla insanın Xameneyinin işarəsi ilə necə hərəkət etdiyi də
təsdiqləyir.
Bütün bunlar nəyin hesabına baş verdi - xalqın dözümü, fars
imperiyasından qalan ənənələr, yoxsa, müqəddəs kitablarla yanaşı,
dünyanın gizli idarəçilik sirlərinə sahib olmaqla? Bütün cavablar
ikinci dərəcəlidir. Fakt budur ki, İran hələ atom bombası
yaratmamış düşmənlərindən istədiklərini qopara bildi və döyüşün
növbəti raundu üçün əlverişli mənəvi, iqtisadi, siyasi, hətta hərbi
üstünlüklər qazandı.
İndi 30 iyun razılaşması qarşısında hamını düşündürən sual
Suriya məsələsində heç bir güzəşti tanımayan və Əsəd hakimiyyətini
qoruyub saxlayan Tehranla necə dil tapılacağı məsələsi deyil. Nüvə
problemi ətrafında danışqıları həm də rejimini saxlamaq vasitəsi
kimi görən Bəşərin qətiyyən satılacağı, yaxud şiə xəyanəti ilə
qarşılaşacağı gözləntisi yoxdur. Əksinə, 3 aprel həm də Yaxın
Şərqdə İranın maraqlarının tanınmasını və geopolitik çəkisinin
artmasını rəsmiləşdirən gün deməkdir.
İndi Yəmənə koalisya şəklində hücuma keçən ərəb orduları da şiə
qurşağı ilə üz-üzə qalduqlarını yaxşı bilirlər. Söhbət heç də
Amerikanın İranı özünə yenidən müttəfiq etməklə ənənəvi qaydada
Yaxın Şərqin təsir dairələrinə bölünməsindən və bəlli əraziləri
farslara peşkəş etməsindən getmir. Bu yerdə heç Rusiyanın mühüm
regional dayaqlarından məhrum edilməsi də söz mövzusu deyil.
İndi İraqda Səddam rejimi devriləndən sonra hakimiyyətə
gətirilmiş marionet rejimlərin ayaqda qala bilmədiyindən onların
şiə platforması ilə silahlanması və dünyada islam bayrağı altına
keçənlərin sayının artması ilə baş qaldıran xofun qarşısını almaq
üçün Türkiyə kimi ehtiyatlı oyunçudan daha güclü müttəfiqə ehtiyac
duyulur. İŞİD İranı düşmənçilikdən çıxarmaqda Amerikaya kömək
etdi.
Lakin Qərbə güclü İran heç vaxt sərfəli ola bilməz. Ona görə
dünya çapında hər gün qaralanan Məhəmmədin dinini terrorçuların
əlindən xilas etmək üçün Ağ Ev qara daşın başına dolanmağa deyil,
ruhani hakimiyyətinə üz tutub. Deməli, ərəb ölkələrində inqilab
havasına köklənmək min illik tayfa idarəçiliyinin və klanlararası
ziddiyyətlərin qarşısında dayanan bəndi ortadan qaldırmaq deməkdir.
Bu isə nəticə etibarilə, böyük bir qitədə aramsız müharibələrə,
yeni xilafət quruculuğu ideyalarının müsəlmanlar yaşayan bütün
ərazilərə yayılmasına yol aça bilər. Məğlubiyyət hissi altında
olmaq, qisas duyğusu ilə yaşamaq və dini düşmənlərindən intiqam
almaq planları bir "Şarli" faciəsinə dözməyən Qərbin sakitliyi və
əminamanlığı üçün ciddi təhlükədir.
İran xristian dünyasına bax burda lazımdır. Özünün raketləri,
inqilab keşikçiləri və bəsit qüvvələri ilə. Bir şərtlə ki, İsrailin
varlığına təhlükə törətməsin və İraqı, Suriyanı, Yəməni buraxıb
Kəbəyə göz dikməsin. İŞİD-i boğandan sonra nüfuzu güclənən İranın
çoxları üçün növbəti kabusa çevrilməməsi MAQATE adı ilə onların
içərilərinə yeriyən casus şəbəkəsinin nəzarətindən, ona Avropa qaz
və neft bazarında veriləcək kvotalardan asılı olacaq.
Lakin Barak Obamanın Kubadan sonra ikinci düşmənini qucaqlamağa
hazır olmasının bir ayrı - həm də daha önəmli sirri də var. Bəlkə
də o heç bir haqq etmədiyi Nobel mükafatını bu yolla doğrultmaq
istəyindədir. Amerika prezidenti əsl Trotski kimi daimi inqilab
nəzəriyyələrinə inanaraq belə bir qənaəti bölüşür ki, qapıları
açmaq, ideyaların mübadiləsini aparmaq və bu gün meydanlarda
sanksiyalardan qurtulacağını bayram edən gəncləri Qərb dünyası ilə
tanış etmək İranın bir dövlət kimi iflasını sürətləndirəcək.
Vaxtilə Reyqan Qorbaçov üçün nələri etmişdisə, indi onun varisləri
Cenevrədə əsl avropalı libasına bürünmüş Məhəmməd Zərifə oxşar
canıyananlığı və xidməti göstərməyə çalışırlar. Axı popun, repin,
cazın və digər azadlıq marşlarının qarşısında heç Sovet hökuməti
duruş gətirə bilməmişdi. İndinin kütləvi qırğın silahları olan
ayfonların və onun analoqlarının qabağında dayanmaq həqiqətən İran
xalqı üçün çətin olacaq.
Amerikalılar Stalinin "düşməni öldürmək üçün onu bərk-bərk
bağrına basmaq lazımdır" nəsihətindən görünür, yaxşı nəticə
çıxarıblar. Axı Kremlin keçmiş rəhbərini Hitlerlə əvvəlcə müttəfiq
olmağa sövq edən səbəblər bu gün tam miqyası ilə Amerika-İran
müttəfiqliyində özünü təcəssüm etdirir. Hətta Moskvaya gələn
Ribbentrop özünü burda "doğma evində və keçmiş yoldaşları arasında
olduğu kimi" hiss etdiyini söyləyirmiş. İranın Ağ Evdə
simpatizanları olmasa da, günün birində Tehranda Birləşmiş
Ştatların səfirliyinin açılacağına heç şübhəniz olmasın. Bu isə
artıq müharibənin yeni səhifəsi demək olacaq.
İndi İran sitayiş etdiyi müqəddəs Quranın, zənginləşdirdiyi
uranın və bəşəriyyəti fiziki deyil, mənəvi məhv edən yeni kütləvi
qırğın silahlarının - Feysbukun, Tvitterin, hər yerdə elektron
casus qurğularına çevrilmiş və sanki Allahın ekranından insanlığı
izləyən aypədlərin, androidlərin zərbəsindən qorunmalıdır.
Ona görə qədim fars müdrikləri müasir dövrün vuruşlarına nəzər
yetirib yəqin bunu söyləyərdilər: "Rəqibinə sonsuz nifrət edə
bilərsən, lakin onun silahlarının aşiqinə çevrilib düşməninə qalib
gələ bilməzsən!"