9 May qarşısında dünyadakı bölücülüyə bir baxın.
Doğrudur, heç də hamı Avropa dövlət və hökumət başçılarının
Moskvaya gəlməkdən imtina etməsinin səbəblərini hər gün dünyaya
yanlış bir dillə kultivasiya edən beynəlxalq medianın təqdim etdiyi
kimi düşünmür, çünki yaddaşsızlığın və zombiləşmənin təsirinə
uymayanalar yetərincədir. Vaxtilə dünyanı bürüyən inqilab
bayraqları altında sağa-sola sürülən kütlələr indi daha böyük əzmlə
oynanılan tamaşaların növbəti savaşların prelüdi olduğunu yaxşı
dərk edir.
Proses Hitlerin tarixi bəraət alması ilə nəticələnsə, qətiyyən
təəccüblənmərəm. Çünki faşizmin stalinizmlə bərabərləşdirilməsi,
hər iki sistemin zahiri totalitar ideologiya oxşarlığı üzərindən
çıxış edənlərin məqsədi təkcə uzun on illər boyunca İkinci Dünya
müharibəsində rollarını şişirtməyə çalışan Qərb koalisiyasının
riyakarlığını deyil, həmçinin desovetləşmə adı altında vaxtilə
böyük bir imperiya qurmuş xalqları yenidən məhv edib öz əsarətinə
salmaq niyyətidir.
İndi Ukraynada silinən kommunizmin izlərinə yaxşı baxın.
Keçmişin inkarı üzərində qurulan yeni Avropa divarları dünən
faşizmə qarşı eyni səngəri bölüşərək Berlinə qədər gedib çıxmış
vahid Sovet xalqını düşmən barrikadalara çəkilməyə məcbur edib.
Ata-babalarının yaxalarından asdıqları orden-medalları çıxarıb onu
tarixin zibilliyinə atanlar təntənəli bir şəkildə demokratiya
akademiyalarına qəbul olunurlar. Diqqət edin hazırkı Ukrayna
hökumətinə: onları himayə edənlər sanki İkinci Dünya müharibəsində
məğlub olan almanların qisasını alırlar. Cəmi 70 il əvvəl
hitlerizmi yıxmağa qalxmış iki slavyan millətini indi böyük
toqquşmadan ayırmaq üçün Angela Merkel baş vasitəçi olub. Tarixin
ironiyası bax budur.
Əslində Avropada qanlı tarixi xatırlamağı o qədər də sevməyən
milyonlarla insanın tələbini nəzərə alıb ilk dəfə 9 Mayda Almaniya
Bundestaqında keçirilən anım mərasimində əsas nitqi prezident və ya
kansler deyil, tarixçi alim edəcək. Yox, məsələ heç də iqtisadi
böhranların kölgəsində qalmış məğlubiyyət, ağrı və itkilərdən
ibarət keçmişini unutmaq istəyində deyil. Lakin anti-Rusiya
isterikası elə bir miqyas alıb ki, qərblilər tarixin heç bir dövlət
başçısının əlində özünün avtoritar hakimiyyətinə legitimlik
qazandırmaq istifadəsinə bu yolla qarşı çıxaraq, səhnəni alimlərə
veriblər. Ancaq burada da ikiüzlülükdən əl çəkə bilməyiblər. Sübut
axtarırsız? Elə isə 1940-cı ildə az qala döyüşsüz Hitlerə təslim
olmuş və bununla da 3-cü Reyxin dünyəvi hökmranlığının qarşısının
alınmasında müstəsna xidmətləri olmayan Fransanın hazırkı
prezidentinin davranışlarına diqqət yetirin. Moskvadakı hərbi
paradı və qələbə təntənəsini Putinin yeni Avropa yürüşünün baş
məşqi adlandıran Fransua Oland Stalinin tiraniyası altında azad
olmuş Parisin istiqlaliyyətini, özgürlüyünü bir kənara buraxıb,
gəlib 24 apreldə İrəvanda ermənilərlə həmrəylik nümayişlərinə
qatılacaq. Ötən əsrin iki müharibəsinə yanaşma fərqini gördünüzmü?
Tutalım, dərsliklərdən çıxardığınız Böyük Vətən Müharibəsinin
sərhədləri indi bir-birinə qarışdığından hansısa arqumentlə rusları
kommunistlərin tarixi qələbələrini təkbaşına özəlləşdirməkdə qınaya
bilərsiniz. Bəs onda Birinci Dünya savaşının ikincisindən
müqəddəsliyi nədədir? Putinlə bir sırada dayanmaq faşizmin
oyanışına və yeni müstəmləkə hərəkatına xidmət hesab olunursa, yüz
il əvvəlki Türkiyəni bölüb-parçalamaq üçün aparılan savaşlar
"erməni soyqırımı"nı tanımaq adı altında niyə yenidən
dirçəldilir?
Əgər imperiyalardan qisas almaq gərəkdirsə, onda türklərin
qurduğu Osmanlının qorxusu Rusiyanın hazırkı niyyətlərindən çoxmu
təhlükəlidir? Ərdoğanı sultan adlandıranların onun ərəb dünyasına
göz dikdiyini deyəndə, gərək dönüb özlərinə baxsınlar. Məgər, Yaxın
Şərqdə sümürgənlik yapan ordular Amerikaya və Britaniyaya məxsus
deyil? Yəqin, dünya insanının beyinini yuyanlar işğalçılıq
ideologiyasının demokratiya bayrağına necə büründüyünün
görünmədiyini zənn edirlər. Deməli, Avropa özünə lazım olanda bir
neçə əsr əvvələ qayıdıb zamanın çarxını geri döndərmək hüququna
malikdir.
Türkiyə üzərində qurulan siyasi Nürnberq məhkəmələrinin əsil
səbəbi də məhz budur. Atatürk 1919-cu ildə meydana çıxmasaydı,
hazırda müsəlman dünyasında nəhəng bir türk dövlətinin yerində
monarxik quruluşa dayanan, əraziləri bir neçə paytaxtlara verilmiş
geriqalmış yarımmüstəmləkə rejimin şahidi olacaqdıq. Ona görə 100
il əvvəlki yarımçıq qalmış ssenarini davam etdirənlərin
məqsədlərini anlamaq o qədər də çətin deyil. Düz dörd cəbhədə -
Antantaya, yunanların istilasına, yaxud balkanlarda formalaşan
üsyançılara, həmçinin daxildəki imperiya qalıqlarına qarşı döyüşən
böyük Mustafa Kamalın tarixi missiyasını indi təkrarlamağa həyati
bir zərurət yaranıb. Fransız və ingilis qoşunlarının o vaxt tutduğu
Anadolu indi hüzur içində də olsa, türklər əleyhinə beynəlxalq
təzyiqlər heç vaxt indiki qədər sistemli və təsirli olmayıb.
Rusiyanı bir, Türkiyəni isə ayrı keçmişinə görə mühakimə
edirlər.
Vatikan kilsəsinin verdiyi mesajla hərəkətlənən dini və siyasi
mərkəzlərin Türkiyəyə vurduğu zərbələri rəsmi Ankaranın
soyuqqanlıqla seyr etməsi çoxlarında fərqli təəssüratlar yaradıb.
Gerçəkdənmi, sükut diplomatiyası belə yerdə daha yararlıdır, yoxsa
daxildə konstitusion islahatlara və dövləti yenidən şəkilləndirməyə
başı qarışmış Ədalət və İnkişaf Partiyası ona qaşı yürüyən oyunda
hazırlıqsız yaxalanıb və Çanaqqala zəfərini Moskvadakı qələbə
nümayişlərinə bərabər tutanları görə bilmir.
Bir millətin iki paytaxtında - Bakıda və Ankarada tamam fərqli
bir dünya duyumu var. Azərbaycan diplomatiyası anti-türk qovğasına
qarşı daha təsirli dirəniş anlayışına sahib olarkən, hətta buna
görə Prezident İlham Əliyevin Əhməd Davudoğluna telefon açması
fonunda belə qeyri-adekvat tövr, yaxud yüz ilin inkarını nəzərdə
tutan arqumentlərin zəif bir şəkildə səsləndirilməsi davam edir.
Doğrudanmı, oturuşmuş dövlət ərkanı belə olmalıdır? Bəlkə,
Azərbaycan yenicə müstəqilliyə qovuşanda ölkəmizdə iki cinaha
ayrılmış türkpərəstlərlə rusofillərin savaşını təzədən dövriyyəyə
qaytaranların məntiqində bir həqiqət payı var?
Yaddaş təzələnməsi üçün zəruri xatırlatma: Sovetlər Birliyi
dağılanda ölkəmizdə hakim kursa çevrilən türkçülük ideologiyasının
əleydarları dərhal bolşevizmin ilk illərinə qayıdıb qaranlıq
arxivlərin "xəyanət dosye"lərini işıq üzərinə çıxardılar. Böyük
Atatürkün Leninə məktubunu, hətta az qala o vaxtkı 11-ci Qızıl
Orduya komandanlıq etmiş Xəlil paşanı demokarik cümhuriyyətin
süqutunun əsas baiskarı kimi elan edənlərin ilk qaranquşları bax
onda meydana çıxdı. Halbuki Nuru Paşanı Bakıya göndərilməsini,
ermənilərlə savaşa hazırlanan ilk Azərbaycan hərbi birliklərinin
formalaşdırılmasını və sonrakı illərdə gerçəkdən də anti-ingilis
dalğasında yaranmış bolşevizm-kamalizm ittifaqını heç də yenicə
azadlığına qovuşmuş Azərbaycan Cümhuriyyətinin boğulmasına deyil,
Türkiyəni ələ keçirmiş beynəlxalq imperializmə qarşı olduğunu
vurğulamaq onların yadndan çıxdı. Yoxsa, Atatürk əlini uzatsaydı,
guya "Bakıdan keçib İstanbula gedəcək bolşevik silahlı dəstələrinə
müqavimət göstərmək lazımdır" əmrini versəydi, Leninin tankları
Qafqazı tutmayacaqdı? Bunu deyənlərin ötən əsrin əvvəllərində hökm
sürən dünya inqilablarından, məsələn, Kayzer Almaniyasının
yıxılmasından, Təbrizi ələ keçirən Britaniya ordularından və artıq
Avropada qurulmağa başlayan Amerika müstəmləklərindən xəbəri
yoxdur.
Bəs elə isə Azərbaycanın Qarabağ savaşı olmasaydı, Ermənistanla
tarixi düşmənçiliyini Sovet illərindəki kimi bir kənara qoyub
onunla yaxın qonşuluq və dostluq siyasəti yürütmək mümkün
olacaqdımı? Bir az da sualı genişləndirib "bir millət - iki dövlət"
formulunun əleyhinə olanların leksonuna yaxınlaşdırsaq, Türkiyənin
əsrin əvvəllərindəki qovğalardan çıxmaq üçün bizə arxa çevirdiyini,
hətta xəyanət edərək qan qardaşlarını satdığını iddia etmək
doğrudurmu?
Əslində, diqqət edirsinizsə, düşmənin ən böyük üstünlüyündən
biri müxtəlif dövrlərində belə təfriqə ideologiyalarını dövriyyədə
saxlamağı bacarmasıdır.
Bilirsiz, yüz il əvvəl Amerika prezidenti bir plan hazırlamışdı.
O vaxt Osmanlıda çalışan amerikalı səfir Morgentaunun yazdığı
raportlar indinin özündə də dünya erməniçiliyinin əsas siyasi
silahıdır. Vilson Türkiyənin beş vilayətində Ermənistan dövlətini
yaratmağı təklif edirdi və bununla da yarım milyona qədər qırılmış
bir xalqın pozulmuş haqqını bərpa edəcəkdilər. O vaxt beş yüz illik
imperiya səltənətinin sonuna yaxınlaşan Osmanlı rəhbərləri, onların
içində yetişən gənctürklər və sonra milli azadlıq hərəkatına
başçılıq edən Mustafa Kamal da Amerika prezdentinin təkliflərini
rədd etdilər. Belə olanda artıq çarizmin yerində meydana çıxmış
müstəqil Ermənistan dövlətinə Azərbaycanın ərazilərindən pay
verildi. O cümlədən, İrəvan da beləcə 9000 kvadrat kilometrlik
ərazisi ilə ermənilərə paytaxt kimi hədiyyə edildi. Məgər
Türkiyədəki köçürülmələr və savaş olmasaydı, o zamankı Azərbaycan
hökumətinin yetərli milli gücü, hərbi imkanları dünyanı yenidən
bölüşdürənlərin qarşısında dayanmağa çatardımı ki, Vilsonun, yaxud
bolşeviklərin planını pozsun?
Ona görə Türkiyənin Ermənistanla savaşı üzərimizə yüklədiyi və
bizi qurban verdiyi haqqında gizli mərkəzlərdə, yaxud siyasi
kulislərdə söhbət aparanların məqsədi hamıya bəllidir. Sovet
dövründə çiyin-çiyinə faşizmə qarşı savaşan erməni-azərbaycanlı
birliyi, Kirovabadda marşal Baqramyana, Çənlibeldə marşal
Babacanyana məhəbbət simvolu olan büstün qoyulması, yaxud rəşadətli
bolşevik Kamonun adının bir neçə küçədə əbədiləşdirməsi qərarları
azərbaycanlıların erməni sevgisindən daha çox, kommunizmin yaratmaq
istədiyi vahid millət amalının nəticəsiydi. Ona görə İkinci Dünya
müharibəsinə qatılmamış Türkiyə haqqında ermənilər belə bir
uydurmanı hələ də yaddaşlarında saxlayırlar ki, əgər Hitler Stalini
yensəydi, onda dərhal Yerevana hücum çəkən türklər ikinci dəfə
erməniləri yer üzündən siləcəkdilər.
Ancaq bütün hesablamaların ziddinə olaraq yoldaş Koba müharibəni
uddu və 1948-ci ildə başlayan böyük azərbaycanlı köçü hesabına
türklərlə sərhəddə Yaxın Şərqdən və Amerikadan gətirilmiş ermənilər
yerləşdirildi. 1991-ci ildə Türkiyəsiz, Türqut Özalsız və Süleyman
Dəmirəlsiz Azərbaycanın Ermənistanla düşmənçilyi də bax beləcə
tarixin hökmü kimi ortaya çıxdı. Ona görə "kimsə öz oyununu bizə
yükləyib" səfsəfəsi başdan-ayağa böhtan və yalandır.
Lakin küfr təkcə bununla bitmir. Türkiyə içindəki ermənilər və
ya sülhpərəstlərin inancı da eynən bizim məmləkətdəki keşişlərlə
vahid bir pozuculuğa xidmət edir. Onların məntiqinə görə,
Azərbaycan olmasaydı, Kəlbəcər qovğasını "nifaq alması"na
çevirməsəydilər, türklər ermənilərlə çoxdan barışar, geniş ticari
əməkdaşlıqlar quraraq çoxdan İrəvanla qardaşlaşardı. Yəqin, ən
sonda bu yolla soyqırım üzərində qərar tutmuş dünya erməniçiliyinin
Gümrüdə, yaxud Basarkeçərdə satılan türk tekstilinə aldanıb geri
duracağını zənn edənlər varmış.
Bütün iqtisadiyyatını başqasına təslim etmiş bir ölkənin hansı
hissəsini ələ keçirməyin mümkünlüyü haqqında mübahisələri bir
kənara qoyuruq. Lakin bizim üçün ən təhlükəlisi "Azərbaycan
olmasaydı, türklər ermənilərlə barışardı" deyənlərdi.
Vaxtilə moldovanları rumınlardan ayıran Sovet rəhbərləri belə
bir avantüranı ortaya atmışdılar ki, Hitlerin müttəfiqi kimi çıxış
edən Rumıniyanın düşmənləri çox oldğundan, demokratik bir
respublika kimi yaradılan Moldaviyanın SSRİ tərkibində qalması
onların müstəqil varlğının başlıca zəmanətidir. Ona görə hətta
NATO-ya üzv olan və Avropa Birliyinin tərəfdaşına çevrilən bir
dövlət o vaxtkı kommunistlərə təslim edilmiş qardaşı ilə hələ də
birləşə bilmir. Azərbaycanın Türkiyənin xarici siyasət maraqlarına
zərbə vurduğunu iddia edənlər də eyni qəbilədəndir.
1990-cı ildən sonra soyuq müharibənin bitməsi ilə həm də
Türkiyənin Qərb üçün əhəmiyyətini itirdiyini düşünənlərin
bədgümanlarına baxmayaraq, yeni dünya düzəni tamam fərqli mənzərəni
ortaya çıxardı. Azərbaycan neft-qaz siyasəti özünü Qərblə
birləşdirmək xəttindən, yaxud iki yüz illik sümürülməyə son qoymaq
və iqtisadi cəhətdən yeni qitələrə çıxmaq strategiyasından daha
çox, Türkiyə ilə birləşmək planları idi. Gerçəkdən də müxtəlif
alternativlərin fonunda seçilən yol həqiqi vahid orqanizm halına
gələn və eyni arteriyalar üzərində qərarlaşan fərqli arxitektura
demək oldu. Ona görə Ulu Öndərə Sovet keçmişinə görə ehtiyatla
yanaşan və onun Rusiya xəttinə üstünlük verəcəyini düşünən ən qatı
ülküçülər belə Böyük Millət Məclisində onu ayaqda alqışalamaqdan
başqa yol görmədilər. Türkiyənin Cənubi Qafqaz siyasətinə aktiv
qoşulması bax belə baş verdi və Qərb maraqlarının naqilinə çevrilən
bir ölkə Sovetlər dövründəki əhəmiyyətini təzədən özünə qaytardı.
Bunun harasında Ermənistanla sərhədləri açmaq qədər mühüm olan
strategiyaya bərabər gələn, yaxud ondan geri qalan siyasi-maliyyə
itkisi var? Gerçəkdənmi Türkiyə Ermənistanla düşmənçiliyinin
hesabını bizdən çıxarmaq üçün daha çox paya iddia edib, yoxsa
Azərbaycan bütün seçimlərini siyasi Kəbəyə çevirdiyi Türkiyə
üzərinə könüllü yeritməyib?
Cavab hər kəsə bəllidir - bizi "iki millət, iki dövlət"ə
çevirib, sonra ayrılıqda əzmək istəyənlərin milli şüurlarda şübhə
yaratması üçün belə təxribatlar informasiya məkanından heç zaman
çıxarılmayacaq.
Ona görə artıq hərbi müttəfiq halına gələn, əsgəri təlimlərini
birləşdirən və vahid siyasi mərkəzə çevrilən iki dövlətin dünya
siyasətinə fərqli baxışları onları Britaniya ilə Amerikanın
yürütdüyü xəttin bənzərinə çevrildiyini söyləyənlərin daha haqlı
olduğunu sübuta yetirir. Bəs nədən Türkiyə siyasətində, hökumətində
azərbaycanlılar heç olmasa müşavir, yaxud parlamentar səviyyəsində
təmsil olunmur? Yəqin, eyni sualları türk generallarının Azərbaycan
silahlı qüvvələrində yer almadığında axtaranlar da,
müstəqilliyimizin ilk illərində Xalq Cəbhəsinə hamilik edənlərin və
ya Altan Karamanoğluna qədərki müstəsnalığın qaytarılmasını
istəyənlərin də haqlı görüntüsü yarana bilər. Lakin bu zahirən
belədir. Ermənilərin Rusiyada elitaya çevrilməsinin tarixi
özəllikləri tamam başqadır və əslində Rusiya ilə Ermənistanın
siyasətini bütün parametlərlə götürüb Türkiyə və Azərbaycan
əlaqələrinə tətbiq etmək də tamam yanlış olardı.
Türkiyə düşmənlərinin genişlənən hərəkatı fonunda Qarabağı
beynəlxalq müstəvidə irəlilətmək çətinliklərinin hamımız
fərqindəyik. Lakin diplomatiyamızın bəzən hətta rəsmi Ankaranı
qabaqlayıb onlara cavab verməsi və əsil mübarizə istehkamına
çevrilməsi yalnız düşmənin ziyanınadır. Türkiyə Azərbaycanın, ya da
əksinə bizim ölkəmiz qardaş məmləkətin ön cəbhəsidir, qoruyucu
zirehi və söykəndiyi qala divarıdır.
Günlər öncə Ukrayna Daixli İşlər naziri Avakovu Romada görəndə
və onun erməni kilsəsinin patriarxı 19-cu Nerses Bedrosla oradakı
görüşünü izləyəndə yeni Maydan hökumətindən ədalət mücəssiməsi
düzəldən və postsovet məkanı üçün nümunəvi inqilabçılar pleyadası
yaradanların saxtakarlğına növbəti dəfə əmin olursan. Axı ölkəsi
müharibə içərisində olan birisinin erməni mənşəyini düşünməsi və
Qolodomora görə, yəni Rusiya əleyhinə olan tədbirə Vatikandan
erməni keşişini çəkib gətirməsinin demokratiyaya və Qərblə bir
olmağa çalışan ukraynalılara nə aiddiyəti var? Cavab aydındır
-sadəcə yüksək vəzifəsindən millətinə töhfə vermək.
Deməli, Azərbaycan da Türkiyənin yanında olmaq üçün dünyada hər
bir fürsətdən faydalanmalıdır. Əks halda, içərimizə səpələnmiş
düşmənlər insanları "mən türk deyiləm" deməyə təhrik, yaxud vadar
etməklə Azərbaycanın və Türkiyənin baş kəndlərinə "troya atları"
atmış olacaqlar.
Avropada yaşayan milyonlarla türkün səsinin zəif eşidildiyindən,
sayı 150 milyona çatan bir toplumun 10 milyonluq erməni xalqının
faydalı iş əmsalınından geri qalan siyasət yürütdüyünü
söyləyənlərdən, yaxud Xocalının tanımamasına əsaslı izah verə
bilməyən Ankaranın özünü mühüm xarici siyasət silahından məhrum
etdiyini düşünənlərdən bizə xeyir gözləməyin. Çünki Birinci Dünya
müharibəsində qırılan 15 milyon insanın içərisindən ayıraraq yalnız
bir hissəsinə müqəddəslik verilməsini təşkil edən Avropa
paytaxtlarının ən böyük uğuru Türkiyəni içəridən parçalaması,
günahkar axtarışı və onun Azərbaycanla qardaşlığına son qoyması
olardı. Ona görə 24 apreldə dünya siyasi liderlərinin ağzını güdən
bir siyasəti kənara atıb ermənilərə təzyiqi gücləndirmək və onları
əbədilik məğlub edən bir kursu gündəmə gətirmək lazımdır!
Baxmayaraq ki, bir sıra hallarda İsrailə duyduğumuz rəğbət
fonunda yalnız regional missiyalarının anladılması məqsədilə
söyləyəcəyimiz bir fikri heç zaman unutmamalıyıq. Ərəb dünyası
içərisində yer alan İsrailin dövlət varlğını, ona uzanan beynəlxalq
yardım əllərini eynilə Ermənistanın türk dünyası içərisində
oynamasına yol vermək olmaz.
Türkdən xristian dünyasına düşmən düzəldənlərin dövlət
divarlarında hələ də keçmiş sultanların böyük portretləri qalır.
Qorxunun səbəbi də məhz budur. Azərbaycan siyasi çıxarlarından,
yaxud müharibə təhlükəsindən qorunmaqdan ötrü türkə sığnmayıb. Heç
olmasa, bircə dəfə ayağı İstanbula dəymiş insanımızın ruhunu
görməyənlər bunun izahını verə bilməzlər. "Canım Türkiyə" deyə
bilməyənlərin milli identikliyini bir kənara qoyun və onlarda yad
qan axtarmayın. Əsil miliyyətçilik ruhda olur. Dünyanın dörd bir
tərəfində dolaşandan sonra gəlib Topqapıda asılıb qalmış tarixi,
heç bir dənizin dalğalarına bənzəməyən Boğazlardakı ləpələri, insan
selinin səs-küyü içərisində özünə sığınacaq tapmış qağayıların
şövqünü, Nəcib Fazilin ustad kəlmələrinin ahəngini və ən sonda,
böyük Mustafa Kamalın əbədiyaşar ruhunu içərisində duymayanların
türk olması mümkünsüz.
"Canım Türkiyə" hər zaman isti Günəş məkanı, oynaq və duyğulu
mahnılar məmləkəti olmaya bilər. Lakin Azərbaycan Türkiyənin siyasi
deyil, ilk növbədə, ruhi müttəfiqidir, ürək ortağıdır. İstəsəniz,
"siam əkizləri" də deyə bilərsiniz!
Ruhun milliyyəti və dini isə dəyişmir! Qanın qrupu kimi!