30 aprel 1975-ci il tarixində - 40 il əvvəl ABŞ və onun
yaratdığı oyuncaq Sayqon rejiminin nəzarətində olan Cənubi
Vyetnamın paytaxtı Sayqon şəhəri azad edildi. Cənub-Şərqi Asiyanın
ikiyə bölünmüş daha bir dövləti yenidən birləşdi.
Qəhrəman Vyetnam xalqı qələbəsinin 40-cı ildönümünü təntənə ilə
qeyd edir.
Bəşər tarixinə ən qəddar müharibələrdən biri kimi daxil olmuş
ABŞ-Vyetnam müharibəsi haqqında mənim məlumatım hansısa müharibə
xronikasına dair filmdən və ya yazıdan əldə edilməyib. Mən ağır
müharibədən qələbə ilə, lakin çox böyük itkilərlə çıxmış Veytnamda,
həmin dəhşətli müharibənin getdiyi ərazilərdə, daha konkret Kam-Ran
yarımadasında döyüş xidməti keçmişəm.
Sakit Okean Donamasına məxsus 17-ci Operativ Eskadranın
tərkibində Cənubi Vyetnama döyüş xidməti yerinə yetirərkən biz əmin
idik ki, beynəlmiləl borcumuzu yerinə yetiririk. O zaman açıq
müharibə getmirdi. Bizim qarşımızda duran vəzifələrdən biri də ABŞ
tərəfindən taleyin ümidinə atılmış 1 milyonluq Sayqon ordusunun
qalıqlarına qarşı mübarizə aparmaq və onları məhv etmək idi. Sovet
İttifaqının Müdafiə Nazirliyi bizim oradakı fəaliyyəti "Fəaliyyətdə
olan dversiya qrupları əleyhinə mübarizə" adlandırırdı.
O zaman ABŞ-la müharibə yeni bitmişdi və Kam-Ran yarımadasıda
1964-cü ildən davam edən qəddar müharibənin izləri hər yerdə
görünürdü.
ABŞ qoşunları tərəfindən bütöv yaşayış məntəqələri kimyəvi
silahlarla tam məhv edilmişdi. Müharibənin bitməsindən bir neçə il
keçməsinə baxmayaraq, kimyəvi silahların təsiri qalmaqda idi. Orda
hərbi xidmət keçmiş hər bir kəs o müharibənin izlərini indi də
bədənlərində gəzdirirlər.
Müharibə dövrübdə Kam-Ran ABŞ-ın 7-ci operativ donamasının
bazası olmuşdu. 7-ci donamanın flaqmanı atom təyyarədaşıyan
kreyseri "Enterprise" üçün xüsusi priçal da tikilmişdi.
Bu kreyserin göyərtəsində yerləşən 99 qrıcı təyyarə hər gün
Cənubi Vyetnamın müxtəlif yaşayış məntəqələrinə yüzlərlə ton mərmi,
o cümlədən kimyəvi silahlar tökmüşdü.
Mənə elə gəlirdi ki, bu yerlərdə bir daha insan yaşaya
bilməz.
Döyüş xidmətində olarkən şahidi olduğum iki hadisə heç vaxt
yadımdan çıxmır. Bunlar ABŞ dövlətinin müttəfiqlərinə, onlara
inanıb sədaqətlə xidmət edənlərə münasibətinin ən parlaq
nümunəsidir.
ABŞ müharibəni uduzub ölkəni tərk edərkən yalnız Sayqon
rejiminin elitasını özü ilə apardı (1999-cu ildə Texas ştatında
olarkən onların yaşadıqları qəsəbəni gördüm. Olduqca acınacaqlı
şərait idi). ABŞ siyasətinə xidmət edən, onun uğruda döyüşən 1
milyonluq Sayqon ordusu isə taleyin ümidinə buraxıldı. Sonradan bu
ordunun qalıqları cəngəlliklərə çəkilərək uzun illər Vyetnam və
Sovet qoşunlarına müqavimət göstərdi.
Müşahidə etdiyim ikinci mənzərə isə lap dəhşətli idi. ABŞ
ordusunda xidmət etmək üçün ABŞ-dan on minlərlə it yığılıb
gətirilmişdi. Bu itlərin çoxu döyüş tapşırığını yerinə yetirərək
məhv olmuşdu. İtlərin bu müharibədəki rəşadəti döyüşən ordu
əsgərinin rəşadətindən daha yüksək idi.
Müharibə uduzulduqdan sonra sağ qalmış və müharibədə rəşadət
göstərmiş bu itlərin sonrakı taleyi daha dəhşətli oldu. Sağ qalmış,
o cümlədən döyüş əməliyyatlarında yaralanaraq sağlamlığını itirmiş
itlərin hamısını güllələdilər. Səbəb onların geri daşınması üçün
xərc çəkməmək idi. Bu itləri güllələdikdən sonra heç olmasa bir
çuxur qazıb, üstünü də örtmədilər.
Mən ABŞ xalqını çox sevirəm. ABŞ-a xidmət edənlərə isə Vyetnam
müharibəsinin qəhrəmanları olan itlərin taleyini xatırlatmaq
istərdim. Ehtiyatlı olun!