Əslində Azərbaycanda sosial və iqtisadi sferada
islahatlar xeyli müddət əvvəl başlayıb. Əhaliyə xidmət sahəsində
inqilabi dəyişiklik olan ASAN Xidmətin yaradılması və onun uğurlu
fəaliyyəti bir tərəfdən korrupsiyaya qarşı uğurlu mübarizə və
şəffaflığın artırılmasında mühüm addım hesab olunursa, digər
tərəfdən bu xidmət əhalinin sosial problemlərinin həllində mühüm
rol oynayan bir mexanizmdir.
Təbii ki, elektron hökumətə keçidlə bağlı bütün məsələlər
həllini tapmayıb, lakin bu sahədə dinamik inkişafı görməmək mümkün
deyildir.
Qeyri-neft sektorunun inkişafı naminə həyata keçirilən
islahatlar da nəzərəçarpacaq dinamikaya malikdir. Texnoparkların
yaradılması, alternativ və bərpa olunan enerji mənbələrinin
formalaşması sahəsində işlər, aqrar sektorun canlanması və s.
Təəssüflə qeyd olunmalıdır ki, uzun müddət idxal və ixrac
əməliyyatlarında brokerlərin fəaliyyəti sahibkarlığın, xüsusən də
orta və kiçik sahibkarlığın inkişafına mane olan neqativ halların
da yaranmasına səbəb olmuşdu.
Ötən ilin son aylarında ölkə Prezidentinin yeni islahatlara start
verməsi ilə vəziyyət müsbətə doğru sürətlə dəyişməkdədir. Cəmi bir
neçə ay keçib, bu gün lisenziyaların verilməsində olan bürokratiya
və korrupsiya yüz faiz aradan qalxıb. Eyni zamanda lisenziyaların
alınması üçün rüsumlar azaldılıb, bəzi sahələrdə lisenziyalaşma
dayandırılıb.
Yoxlamalara iki il müddətinə moratorium qoyulması biznes üçün
ciddi şansdır. Biznesmen buna əlavə imkan kimi baxmalıdır, amma
müsbət mənada. Nəzarətsilikdən sui-istifadəyə yol verməməlidir.
Gömrükdə broker (vasitəçi) xidmətin ləğv edilməsi idxal və ixrac
əməliyyatları üzərində monopoliyanın aradan qalxmasına
gətirəcəkdir. Rəqabət mühitinin formalaşması ilə idxal olunan
malların ucuzlaşması baş verəcəkdir.
Azərbaycan dövləti sosial sahədə hər hansı məhdudiyyətə
getməmişdir, əksinə bəzi kateqoriyalar üzrə pensiyaların, əmək
haqlarının artımı göstərir ki, dövlət sosial sahədəki proqramları
davam etdirəcəkdir. Ünvanlı dövlət sosial yardımlarının
verilməsində ünvanlılığın tam təmin olunması istiqamətində son
illərdə atılan addımlar müsbətdir. "Ünvanlı dövlət sosial yardımı
sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikasi
Prezidentinin 23 fevral 2015-ci il tarixli Fərmanı yardım üçün
müraciət edən əhalinin işini çox asanlaşdırmaqla yanaşı,
şəffaflığın artmasına və korrupsiya hallarının azalmasına
gətirəcəkdir. Bununla belə bu sahədə daha ciddi islahatların həyata
keçirilməsi vacibdir.
Ünvanlılıq tam təmin olunmalı və korrupsiya halları tam aradan
qalxmalıdır. Əhalinin ələbaxımlılığının aradan qaldırılması üçün
tədricən başqa dəstək proqramları tətbiq edilməlidir.
İctimai nəzarətin gücləndirilməsi günün vacib tələbidir.
Yoxlamalara morotoriumun qoyulduğu bir vaxtda ictimai nəzarət yeni
yoxlama mexanizmi kimi nəzərdə tutula bilməz. Bununla belə cənab
Prezident ictimai nəzarətin vacibliyi ilə bağlı dəfələrlə qeyd
edib. Ölkə Prezidenti aydın mesajlar verir. İctimaiyyət və onu
təmsil edən təsisatlar qərarların qəbulundan başlamış onların
icrasına qədər, bütün proseslərə cəlb olunmalıdır. İslahatlar
yalnız vətəndaş və ictimai iştirakçılığın təmin olunacağı halda
ciddi effekt verə bilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının iştirakı ilə "İctimai
nəzarətin təşkil olunmasında QHT-lərin rolu" mövzusunda keçirilən
dəyirmi masada vətəndaş cəmiyyəti nümayəndələri islahatlarla bağlı
xeyli səmərəli təkliflər irəli sürüblər. Şura hazırda bu
istiqamətdə ölkə Prezidentinə vətəndaş cəmiyyətinin təkliflərini
formalaşdırmaq üçün 3 işçi qrupu yaratmışdır. Ümid edirik ki,
vətəndaş cəmiyyətinin təklifləri ictimai iştirakçılığın
genişlənməsinə, onun effektin daha da artmasına gətirəcəkdir.
Bununla belə, əksər mərkəzi icra hakimiyyəti orqanlarında
ictimai şuralar yaradılmamışdır. Hazırda Ədliyyə Naziliyində,
Prezident yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar üzrə Dövlət
Agentliyində, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə
Komissiyada, Dövlət Miqrasiya Xidmətində bu şuralar səmərəli
fəaliyyət göstərir. Ümid edirik ki, cənab Prezidentin ictimai
nəzarətin gücləndirilməsi ilə bağlı son tələbləri digər mərkəzi və
yerli icra hakimiyyəti orqanlarını belə şuraların tezliklə
formalaşmasına sövq edəcəkdir. Həm də formal yox, işlək ictimai
şuraların.
Ölkədə bütün sferalarda, o cümlədən idarəetmə, sosial, iqtisadi
sahələrdə islahatların yeni dalğası qlobal böhranın ölkəmizə
gətirdiyi təsirlərin aradan qaldırılmasına gətirməlidir. İqtisadi
və sosial sferada islahatlar üçün ən səmərəli vaxt elə böhran
dövrüdür. ABŞ ən böyük islahatları "böyük depressiya" illərində
həyata keçirmişdir. Əslində indi də qlobal böyük depressiya dövrü
başlanmışdır. Bir sıra ölkələrdə böhranlar daha əvvəl
başlanmışdır.
2004-cü ildə möhtəşəm yay olimpiya oyunlarını təşkil edən
Yunanıstan, Avropanın ən inkişaf etmiş ölkələrindən olan İspaniya,
Portuqaliya sosial-iqtisadi böhranın məngənəsinə hələ neçə illər
əvvəl daxil olmuşdur.
Bizdə vəziyyət dəfələrlə yaxşıdır. Yaranmış yeni şərait həm də
bir şansdır. İslahatlara dəstək verənlər hər cür təşviq olunmalı,
sabotaj edənlər, sui-istifadə hallarına yol verənlər isə ifşa
edilməlidir.