Amerika Qafqazdan gedir
Demokratiya dəyərlərin ixracından daha çox, iqtisadi-siyasi
maraqların alətinə dönəndə təhlükəyə çevrilir. Bunu hazırkı hərbi
toqquşmalarla yanaşı, yaxın keçmişimizin acı təcrübələri də sübut
edir.
70 il ərzində Sovetlər Birliyinə qarşı aparılan təxribatların və
diversiyaların əsas hərəkətverici qüvvəsi olan Amerika Mərkəzi
Kəşfiyyat İdarəsi ötən əsrin sonlarına doğru - əslində imperiyanın
çöküşünə az qalmış Prezident Ronald Reyqandan belə bir tapşırıq
alır: "Düşmənin - yəni, kommunistlərin cəbhəsində ən təsirli zərbə
üçün baza hazırlamaq və onun gerçəkləşdirilməsinə gərəkən maliyyə
resurslarını ayırmaq tələb olunur!" Beləcə, Amerika rəhbərinin "şər
qüvvə" adlandırdığı güclü rəqibinin iflasını doğuracaq və Leninin
təbiri ilə desək, onun qəbirqazanına çevriləcək vətəndaş
cəmiyyətləri institutları kütləvi mübarizənin ön cəbhəsinə çıxır.
Yəqin, Solidarnost, Xartiya-77 və digər təşkilatlar haqqındakı
əsatirlərin də məhz o zamana təsadüf etdiyini xatırlatmaq yerinə
düşərdi.
Dünyaya səs salmış DTK-nın arxa bağçasında yaradılan belə
təsisatlar qısa zaman kəsiyində gözə görünməyən cəbhənin əldə
etdiyi uğurlardan daha böyük nəticələr qazanırlar. Özü də xəfiyyə
strukturlarının pozuculuq fəaliyyətinin ifşa olunduğu şəraitdə
razılaşaq ki, belə açıq, hamının gözü qarşısındakı casusluq
xidməti, azadlıq üçün canından keçməyə hazır olan mücahidlərin -
demokratiya eskadronlarının həyata keçirdiyi inqilablar 20-ci əsrin
yekun siyasi mənzərəsini dəyişməyə bilməzdi.
Artiq "hədəf ölkə"yə hərbi qüvvələrini yeritməklə deyil, ondan
qat-qat ucuz başa gələn layihələrlə istənilən asi siyasi rejimi
yerində oturtmağa, daha doğrusu, onu taxt-tacdan salaraq itaətkar
biriləri ilə əvəzləməyə nail olurdular. Beləcə, demokratiyanın 4-cü
dalğası Panamaya, Qvatelamaya, yaxud da bütün tarix boyu sabit
dövlətçilik axtarışlarında olan ərəb ölkələrinə tanklardan və
toplardan qabaq yetişdi. NED, MDİ, Fredoom House və sair kimi
cazibədar abreviaturalar arxasında irəliləyən insan haqları və
siyasi hüquqların genişlənməsi nəzəriyyələri indi az qala MKİ-nin
özünü meydandan sıxışdırıb çıxarmaq gücündədir. Halbuki təkcə
avtoritar hakimiyyətlər üçün deyil, eləcə də Avropada müstəqil
qərar verməyi bacaran Orbanı, Berluskonini, yaxud rusların atom
enerjisindən bəhrələnmək istəyən bolqar liderini qorxudan kabus -
demokratiya fondları kəşfiyyat strukturlarının ayrılmaz bir qoludur
və bunu 2004-cü ildə etiraf edən Corc Buş Konqresə müraciətində
hərbi xərclərdən daha çox 3-cü sektora yetərli maliyyə yardımı
istəmişdi. Ona görə dövlətin gizli və aşkar fəaliyyətinin harda
başlayıb-qurtardığını ən qatı konspiroloqlar da faş edə bilmir. Bir
də axı necə pisləyəsən - məgər bütün informasiya məkanı onların
işğalı altında deyil?
180 min hərbi qüvvəni ağır coğrafi relyeflərə, Hindiquş
dağlarının ətəyinə göndərməkdənsə, istənilən dövlətin idaəretmə
institutlarını sındırmaq və məhv etmək orduların qoruduğu
millətləri başsız qoymağın daha əlverişli yolu deyilmi?
Amerika Azərbaycanda niyə dayaqlarını və nüfuzunu
itirir?
Cənubi Qafqazın geopolitikası çoxdan dəyişib. Ənənəvi qüvvələrin
sıxışdırıb çıxarılmasının hansı üsullarla baş verdiyini isə
Vaşinqton və Bakıda yaxşı bilirlər.
Əslində, 90-cı illərdə Rusiyanın tarixi gücünün sarsıdılmasına
çox da böyük qüvvə sərf etməyə ehtiyac qalmadı. Zəif dövlətçiliyə
və Qərbdən gələn texnoloji-maliyyə asılılığına görə müstəqil
ölkələrin hamısı, o cümlədən, Sovetlər Bilriyinin son varisi təkcə
nəhəng hərbi resurslara və nüvə arsenalına deyil, həmçinin böyük
bir coğrafiyada ən azı 200 ilin cinayətlərinin cavabdehliyinə məruz
qaldı. O vaxtlar Azərbaycan üçün əldə olunmuş müstəqilliyin
itirilməsinə real təhlükələr olmasaydı belə, ruslardan tarixin
hesabını soracaq milyonlarla millətçi azərbaycanlı meydana
çıxmışdı. Keçmişi ilə üzləşmək bu dəfə də ruslara baha başa gəldi.
Regionda möhkəmlənmək istəyən qüvvələr fürsəti əldən
vermədilər.
Beləliklə, ABŞ mühüm bir Qafqaz ölkəsində güclü neft
platformalarından qabaq insanların qafasında, keçmişi ilə gələcəyi
arasında seçim edən toplumların məfkurəsində möhkəmləndi. 2008-ci
ilə qədər bütün ziddiyyətlərə və çirkli məqsədlərlə maraqlarını
sürdürmək tendensiyalarına baxmayaraq, bölgədə simpatiya
alternativsiz olaraq Vaşinqtonun tərəfində idi. Barak Obamanın
"xaricdə yaxşı oynayan" Buş hakimiyyətini əvəzləməsi ona miras
qalan uğurlu tərəfdaşlıq və iqtisadi-siyasi ortaqlıq xəttindən də
geri çəkilməklə yekunlaşdı.
"Demokratlar" Qafqazlardan Saakaşvli ilə barəbər çıxdılar və
əllərində olan yüksəklikləri təhvil verərək yeni qitələrə - Obamanı
özününkü sayan müsəlman aləminə yönəldilər. Amma assimetrik
müharibələr həqiqətən çətin olurmuş. Bir neçə cəbhədə vuruşmaq 610
milyard dollarlıq hərbi büdcəyə malik Birləşmiş Ştatlar üçün
gerçəkdən asan olmadı.
İndi mötəbər sosioloji sorğuların nəticələrində hətta ən yetkin
siyasi vətəndaş belə Amerikanı Yaxın Şərqdəki xaosla eyni
assosiasiyada dərk edir. Tərəfdarlarının itirilməsinin nəticəsi və
antiamerikanizm əhvalının genişlənməsi öz növbəsində bölgədə revanş
götürmək istəyənlərin işinə daha çox yarayır.
Gündəlik medianın manşetlərində anti-Qərb çağırışlarının yer
alması da dediklərimizə sübutdur. Qafqazda yenidən qüvvələr
nisbətinin dəyişməsi prosesi gedir.
Con Kerrini Qorbaçovdan necə ayırmalı?
Azərbaycan insanı üçün Qarabağı Ermənistana birləşdirmək istəyən
Sovet rəhbərləri ilə müasir amerikalı hakim sinfinin bir çox
təmsilçilərinin elə bir fərqi yoxdur. Ona görə iki xalqın
qovğasında tərəfsizliyə iddia edən hər bir Amerika siyasətçisi
Qafqaz siyasətinin irəliləməsində ən əhəmiyyətli məsələni
unutmamalıdırlar. Təməl prinsipi çox sadədəir - Qarabağ məsələsinə
münasibətini göstər, deyim sən kimsən!
Razılaşın ki, Con Kerrinin 45 illik siyasi tərcümeyi-halının
kiçik bir hissəsini təşkil edən məlum petisiyalar Sovet Baş
katibinə bəlkə də Birləşmiş Ştatların təkbaşına ağalığı üçün, sırf
vahid liderlik duyğusundan irəli gəlib. Lakin 4 aydır dövriyyədə
olan bu tarixçəyə Departamentin hətta növbətçi sözçüsü tərəfindən
belə əsaslı reaksiya verilməyib. Elə isə qəddar yaddaşı işə salmağa
nə ehtiyac var - qarşındakı liderlər Qorbaçovdan fərqlənmək
istəmirsə, onda Ermənistan-Azərbaycan prezidentlərini danışıqlar
masasına oturmağa təkid etməklə münaqişəni inhisarına ala, regionda
sülhün təminatçısı statusunu qazana bilməzsən!
"Kerri planı" niyə belə əks-səda doğudu?
Avropaya gedən siyasilər tez-tez rus casuslarının neft-qaz
mənsəblərində - bəzən İtaliyada, yaxud Yunanıstanda əleyhimizə
güclü təbliğat apardıqlarını deyirlər. Yəni, vaxtilə alman
faşistlərinin mundirini geyinmiş və Xatını törətmiş milli canilər
kimi. Ona görə bəzən Deutçe Villedən, sonra Afinada köhnə
müqavilələri pozan SİRİZA hökumətinin kabinetlərindən "doğma
uniformalı" çekistlərin çıxdığını deyəndə qətiyyən adama təəccüblü
gəlmir. Bu maraqları təmin etmək sənətinin pozulmaz qanunudur.
Amerika dövlətinin ikinci şəxsinin adı ilə yayılan sənədi Edvard
Snoudenin deşifrə etdiyini və burada bizim aramızı vurub siyasi
elitaları dalaşdırmağa çalışdığını söyləməyə elə bir əsasımız
yoxdur. Müstəqillik illərində gördüyümüz müxtəlif işğal
siyasətlərindən, maraq zonaları uğrundakı savaşlardan fərqli
olaraq, indiki sənəd dövlətin, onun kəşfiyyat strukturlarının birgə
süzgəcindən keçərək icraya yönəldilmiş "kiçik Marşal planı"na
bənzəyir. Onun cəmiyyət üçün açıq olan paraqrafları ilə yanaşı,
populizmdən uzaq olan bir mühüm dövlət adamının dediyi kimi,
"bilsəniz, dəhşətə gələrsiniz " hissəli qovluqları da mövcuddur.
Görünür, Azərbaycan dövlətinin müxtəlif diplomatik
kommunikasiyaları məsələni bağlı qapılar arxasında həll edə
bilmədiyindən, problem ictimai xarakter alıb və xalqı böyük siyasi
təlatümlər barəsində xəbərdar etmək son varianta çevrilib. Belədə
sadə vətəndaş hansı nəticəni çıxarmalıdır?
Əlbəttə, söhbət terror və ya inqilab hazırlıqlarından getmir.
İstənilən Qərb ölkəsində strateji layihələndirməyə, yaxud praqmatik
mənafeləri gerçəkləşdirməyə cavadeh olan siyasətlçilər, beyin
mərkəzləri və ideya mühəndisləri Azərbaycanda hazırkı hakimiyyətin
alternativinin məhz xaos olduğunu yaxşı bilirlər.
Elə isə demokratların son illər rəsmi Bakıya dair qəzəbli
qərarına səbəb nə olmuşdur?
Burada geopolitikanın izlərini axtarmaq lüzumsuzdur. Çünki
Rusiyanın əleyhinə ittifaqda yer almamaq nə Ukraynanın, nə də
Qərbin taleyinin bu tandemdə həll olunması üçün bizdən gözlənilən
dəstəyin itirilməsi anlamına gələ bilməz.
Ancaq deyəsən, vaxtilə Jak Jirakın uzaqgörənliklə söylədikləri
təkrar olunur - Amerikanın milli, əslində, transmilli fondlarını
ölkəsindən qovan hakimiyyətlər dinc qoyula bilməz! Hökm aydındır -
səfirlərin arzuolunmaz şəxsə çevrilməsindən daha təhlükəlisi qara
siyahıya saldığın inqilab fondlarıdır ki, indi Azərbaycan bunun
hesabını artıqlaması ilə ödəyir.
Azərbaycan xarici siyasətini dəyişibmi?
Ukraynanın hansı kursu seçməli olduğunu maraqla və həm də öz
dərilərində hiss edərək yaşayan Sovet xalqlarının hamısı o qənaətə
gəlib ki, Baltikyanı ölkələri çıxmaq şərtilə başqalarını birmənalı
seçimə vadar etmək cinayətdir. Bunu Latviyanın keçmiş prezidenti
Vayra Freyberqa da iki gün öncə Bakıda səmimiyyətlə etiraf etdi.
Müxtəlif resurslara, coğrafiyalara, milli-etnik quruluşlara malik
olan dövlətlərə vahid xarici siyasət hədəfi göstərmək çox
yanlışdır. Əks halda, faciə qaçılmaz olacaq.
Balanslı siyasətə məhkum olsa da, coğrafiyası ilə toqquşmaya
qərar vermiş slavyan qardaşları ilə müqayisədə tarazlıq kursunu çox
çətinliklə qoruyan Azərbaycan təhlükəsizliyinin yeganə zəmanətini
əldən vermək istəmir. Elə isə Amerika demokratları regional
dayaqlarından özlərini məhrum edib gələcək prezidentlərə hansı
mirası qoyub gedirlər?
Demokratiya böhranını kim yaradır?
Uzun müddət bütün fəlakətlərdən çıxmağın yeganə açarı kimi
təklif olunan Qərb siyasi modeli, üsul-idarəsi və dövlət-vətəndaş
münasibətləri ixrac üçün xüsusi imtiyaz qazanmışdı. Ancaq
əhalisinin 2 milyon nəfərini itirmiş İraq üçün demokratiya xaosun
alternativi kimi necə çıxış edə bilər? Ona görə bir ovuc imtiyazlı
kasta üzərində siyasət qurub millətlərə və onların təhlükəsizliyinə
istinad etməmək Vaşinqtonda, Brüsseldə və Berlində qərar qəbul edən
məmurların başlıca səhvidir. 1.5 milyona qədər köçkünü Türkiyəyə
sığınmış bir ölkədən qaçan azsaylı qaçqınlarını gəmilərdə batırmaq
qərarını vermək, yaxud vaxtilə baraklarda saxlanan yaponların
gününə qoymaq istənilən inqilaba namizəd ölkə üçün mühüm siqnaldır.
Halbuki miqrantlar diktatorlardan deyil, xaosdan başlarını götürüb
qaçırlar.
Amerika-Azərbaycan münasibətlərinin gələcəyi necə
olacaq?
Oyun sözü azərbaycanlıların dilində ikimənalıdır. Avropa
yarışlarına qarşı Amerika oyunları necə də olmasa, çoxlarını
diksindirir. Sizcə Sovet keçmişi ilə vidalaşmağa çalışan, bütün
kommunistlərin mirasını çox asanlıqla ayaqları altına atanların
zəkalarını, qələmlərini və bütün yaradıcı qüvvələrini verdikləri
amerikapərəstliyin indi Qafqazda daralan meydanı sizcə Ukrayna
Maydanı ilə müqayisədə çoxmu əhəmiyyətsizdir? Yəni, Rusiyanı məğlub
etmək üçün Qafqazı atıb getmək və ona Qara dənizdən zərbə vurmaq
istəyənlərin bir gün Xəzərdə Putinlə görüşməyəcəyinə heç kəs
zəmanət verə bilməz.
Amerika regiondan səssiz-səmirsiz çıxıb gedir. Yoxsa,
Azərbaycanı itirməyə başqa nə ad qoymaq olar? Əks halda diplomatik
kanallar adekvat işlək qabiliyyətlərini itirməyibsə, məhşur
Vikiliksdəki xüsusi təsvirləri bir kənara buraxıb, kanonlarla
düşünməyə deyil, gerçək informasiyaları rəhbərlərinə çatdırmağı
düşünməlidirlər.
Yəqin, son sətirləri təbəssümlə qarşılayanlar da olacaq. Yəni,
Kerrinin masası üzərində minlərlə kəşfiyyat məlumatı yoxdurmu?
Olsun. Lakin təəssüf, axırıncı dəfə qızılgül inqilabı ilə
Gürcüstanı fəth edən və gürcü havasına ingiliscə oynayan Corc
Buşdan fərqli olaraq, Obamanın komandası regionu yaxşı tanımır.
Xanım Klintonun o zamankı gəlişini cəbhədə atəşkəsi pozmaqla
qarşılayanların isə nə demək isdədikləri hamıya bəllidir. Heç kəs
Qafqazda Amerika prezidentini gözləmir. Çünki dünyada indi o qədər
qlobal problem var ki!
Bununla bərabər, Azərbaycanın, iki xristian qonşusundan fərqli
olaraq, regionun taleyində həlledici rol oynadığını unutmaq olmaz.
Hər halda bahalı dövlət olmağın hesabı hamı üçün ağırdır.
Bizim meydanda gedən yarışların qalibi kimi pyedestalın birinci
pilləsinə çıxmağa yalnız bir şərt tələb olunur - ədalətlə oynamaq,
qaydaları tanımaq və müttəfiqlik prisiplərinə əməl etmək. Yoxsa,
milyonların cəsədləri üzərindəki liderlik ölüm səltənətlərinin
şahlığına çevriləcək!