Yarım əsrdən artıq Qərbin SSRİ-yə qarşı planlarında ön
cəbhəyə çevrilmiş Türkiyənin son illər nümayiş etdirdiyi
müstəqillik və balanslı xarici siyasət kursu növbəti sınaq
qarşısındadır.
Doğrudur, keçmişdə Birləşmiş Ştatların əsas strateji dayağı olan
bir dövlətin hakimiyyət zirvəsinə mötədil islam platformalı AKP-nin
gəlməsi regional və beynəlxalq miqyasda baş verən dəyişikliklərə
kəskin fərqli münasibətləri üzə çıxardı, çoxlarının riskli saydığı
tərəfdaşların qazanılmasına yol açdı. Lakin 24 apreldən sonrakı
Türkiyə tamam başqadır.
Əslində, soyuq müharibənin bitməsindən sonra Sovet mirasını bir
kənara ataraq Şərqə - Rusiyaya açılan pəncərə nəinki ənənəvi
düşmənçilik münasibətlərini ortadan qaldırdı, eləcə də strateji
ortaqlıq üçün mühüm iqtisadi və siyasi bağları qurmağa imkan verdi.
Özü də yenirusların dövləti maraqlarını tanıyan bir müsəlman ölkəsi
ilə dostluğu yalnız qlobal məsələlərin həllində onlara kömək
etmirdi, həmçinin, əhalisinin yeddidə birini - 20 milyondan
artığını islam etiqadlıları təşkil edən bir məmləkəti radikalizmdən
kənar bir iqtidar modeli ilə tanış etmək, onlara birgəyaşayışın
Türkiyə nümunəsini göstərmək, uzun illər vuruşduğun tərəfin
üstünlüklərini süngüsüz qəbul etdirmək fürsəti verirdi.
Müsəlmanlara Türkiyə testi
On ilə yaxın müddətdə Rusiya coğrafiyasının ucqar əyaləti
olmaqdan daha çox, hərbi və silahlı toqquşmaların önündə gedən
Çeçenistanın hələ də anti-rus dairələrinin, xüsusilə də mütəşəkkil
təməlçi qüvvələrin cazibə mərkəzi olaraq qalması fonunda Türkiyədə
bütün bunları pisləyən bir iqtidarla yaxından əlaqələr qurmağın
faydasını kim inkar edə bilərdi? Ekstremist dini cərəyanlara
qoşulan postkommunist cəmiyyətlərini kənardan yönəldən
qibləgahların içərisində ən təhlükəsizi Atatürkdən miras qalan
dövlətdirsə, bundan hansı haqla imtina etməli? Ona görə özünü
Vizantiyanın varisi adlandıran Rusiyanın müasir idarəçiləri
mürəkkəb şahmat partiyasında - Qərb və Şərq qarşıdurmasında türk
fiqurları ilə oynamaqdan özlərini məhrum etmədilər.
Beləliklə, 21-ci əsrin iki xarizmatik lideri Putin və Ərdoğanın
arasında dərinləşən dostluq münasibətlərinin hesabına yeni
iqtisadi-siyasi ittifaqın əsası qoyuldu. Bir çoxları bununla da
Avrasiya qitəsində aparıcı rol oynamağa çalışan ABŞ-ın və Çinin
qarşısına güclü bir sipərin çəkildiyini də iddia etdilər. Hər
halda, ticarət dövriyyəsinin 31 milyard dollara çatması quru
statistikadan daha çox beynəlxalq mövqeləri möhkəmlənən iki
dövlətin yaxınlaşması demək idi və xalqların təbii-doğal
əlaqələrinə qarşı çıxılmayanda yaranan gücün təsdiqiydi.
Yenirusların açdığı qapıdan sürətlə içəriyə daxil olan türklərə
Rusiyanın maliyyə-bank sistemində 12 faizlik paya, inşaat
sektorunda dəyəri bir neçə yüz milyard dollara çatan layihələrə
sahiblənmək imkanı verdi. Razılaşın ki, dünyanın 20 güclü
iqtisadiyyatı klubunda yer almaqla regional ambisyalarını
genişləndirməyə çalışan Ərdoğan komandası xarici siyasət vektorunu
yalnız Avropa Birliyinin yarımaçılı qapısında gözləməklə keçirən
sələflərindən məhz bununla fərqlənməyi bacardı.
Hətta Ukrayna münaqişəsinin yaşandığı son iki il ərzində belə
Ankara-Moskva yaxınlaşmasını durdurmaq mümkün olmadı. Görünür,
böhranlara təkcə faciə kimi deyil, həm də fürsət olaraq yanaşanlar
haqlıdılar.
Suriyada Əsəd rejiminin gələcəyi barəsində onsuz da vahid
mövqeyə gəlmək mümkün olmamışdı. Ərəb dünyasnı yenidən quran
ölkələrin iradəsi tələb etdiyi halda Suriyaya qoşun yeritməyən
Türkiyə bunun həm də Rusiya ilə toqquşma demək olduğunu yaxşı
bilirdi. Məgər, Moskvadan göndərilən "İsgəndər" və S-300 raketləri,
yaxud MİQ-29 qırıcı təyyarələri İran, Hüzbullah və Əsədlə birləşib,
yalnız bir ölkəni qorumağa xidmət edirdi? Yaxın Şərqin itirilməsi
təhlükəsi qarşısında qalan Putinlə son 4 ildə 2 milyona qədər
köçkünün sığınacaq tapdığı, silahlı atışmaların sərhəddinə çatdığı
bir ölkənin konfrontasiyaya getmıəməsi həqiqətən unikal
hadisəydi.
Krımsız Ukrayna Krımsız Türkiyə demək
deyil
Krım üzərində uzun on illər boyu mədəni-siyasi hamiliyi həyata
keçirən rəsmi Ankaranın dünyanın ilhaq kimi tanıdığı hadisə zamanı
bir çoxlarının gözləntilərinin əksinə olaraq Qara dənizə qoşun
yeritməməsi, üsynçı antirus liderləri formal qəbulla kifayətlənməsi
və onlara əlahiddə status tələb etməməsi ilk növbədə, tarixən qanlı
rus-türk müharibələrinə meydan olmuş tatar torpaqlarında qüvvələr
nisbətinin necə köklü dəyişdiyinin göstəricisiydi. Məgər səsi ilə
talelərini müəyyənləşdirən və bir güllə atmadan böyük rus
dünyasının tərkib hissəsi olmaq istəyən xalqın Brüssel və Ankaranı
deyil, məhz Moskvanı tutmasını kim qadağan edə bilərdi?
Hər halda, Ukraynada Qərbin yürütdüyü siyasəti Türkiyənin
bölüşməməsi Moskva ilə yaxınlaşmanın yeni dalğasını yaratdı. Məsələ
təkcə iqtisadi sanksiyalara qoşulmamaqda deyildi. Onsuz da
ümum-Avropa vahid kursunun diversiya edildiyini düşünən Merkel və
Ollandın öz sıralarına yarım əsrdir buraxmadıqları Türkiyəni
qınamağa haqları yoxdur. Ötən ilin dekabrında Qərblə
konfrontasiyanın pik vaxtında yeni prezident sarayına səfərə gələn
Putinin "Cənub axını" layihəsini dayandıraraq onu yeni marşrutla
əvəzləyəcəyi qərarı isə əsil şok effekti doğurmuşdu. Bütün
Avropanın birləşib imtina etməyə hazırlaşdığı rus qazını - mavi
qızılını almağa razılıq verməklə Türkiyə NATO-dakı müttəfiqlərini
qəzələndirsə də, onlar qarşısında mühüm üstünlük əldə edərək
avro-məmurlardan daim asılı olmaqdan qurtulmuşdu.
Gerçəkdən də bir-birinin ardınca Ərdoğanla görüşə gələn
komissarlar dərhal üzvlükdən danışmağa başlamışdılar. Halbuki türk
xalqını belə vədlərə inandırmaq qeyri-mümkündür və Avropa ilə
dialoqda əhəmiyyətli enerji resursundan özünü məhrum etmək siyasi
nadanlıq olardı. 61 milyard kubmetr qazın üzərindən, o cümlədən,
Azərbaycan, Türkiyə və İranın potensilaından formalaşan enerji gücü
Türkiyəni istənilən Birlyin qeyri-azad təmsilçisindən daha
əhəmiyyətli söz sahibinə çevirir. Digər tərəfdən, Rusiya
Poroşenkodan fərqli olaraq, Maydandan və inqilabdan deyil, xalqının
iradəsindən formalaşan və Vaşinqtondan təyin olunmayan bir
iqtidarla, etibarlı partnyorla işbirliyinin davam etdiyinə tam əmin
olur. Üstəlik, Donbasdan fərqli olaraq, yeni qaz mərkəzi olan
Anapada müharibə getmir, vətəndaşlar qırılmır və boru kəmərlərinə
də nə siyasi,nə də hərbi təhlükə var.
Rusları türklərə qarşı qaldiran "Troya
atları"
Lakin indi qərblilərin bacarmadığını düz yüz il əvvəl olduğu
kimi yenə də ermənilər həyata keçirir. Doğrudanmı, Ermənistan
Ankara və Moskva arasında gərginlik yaratmağa, isti münasibətləri
tamam korlamağa qadirdir?
Bəlkə də 24 aprelə Vatikanın və digər Avropa siyasi
paytaxtlarının həssas yanaşması həm də Rusiyanı qıcıqlandırmaq
planının tərkib hissəsi olub?
Əslində, yandırılmayan qovluqlar hər zaman işə yarayır. Bir əsr
əvvəl də erməni xaqlının kütləvi qırğınlarına görə Berlində məhkəmə
quranların niyyəti təkcə Osmanlının varisindən qisas almağı yox,
bolşevizmlə kamalizmin birliyinə zərbə vurmağı hədəfləmişdi.
Diqqət edin, Putin "erməni soyqırım"nın 100 illiyi ilə bağlı
dünyəvi hərəkata qətiyyən başçılıq etmədi, əksinə, öz ölkəsinin
paytaxtında dayaqları çox möhkəm olan erməni maliyyə, iqtisadi və
siyasi gücünün bütün imkanları ilə meydana çıxmasının qarşısını
aldı, Moskvanın anti-türk isteriyasının yaşandığı məkana dönməsinə
yol verilmədi. Yəqin, burada dünya erməniçiliyinin gözləntilərdən
danışmağa dəyməz.
Putinin İrəvana səfəri barəsində Sərkisyan və Nalbandyanın
dilindən verilən ilkin bəyənatlar da sonralar sual altına alındı və
bunun səbəblərini anlamaq o qədər də çətin deyil. Ən azı 20 gün
ərzində bütün arxivləri Türkiyə əleyhinə artilleriya silahına
çevirmək həqiqətən çarizmin siyasətini davam etdirərək ermənilərin
Türkiyəyə qarşı iddialarına açıq dəstək vermək anlamına gələ
bilərdi. Rusiya rəhbəri bu dəfə Türkiyə ilə münasibətləri qorumaq
naminə genişmiyaslı təxribatlara getmədi və onun İrəvana səfəri bir
xalqın faciəvi keçmişini bölüşmək, kədərinə şərik olmaqdan daha
üstün məqsədlərə xidmət edirdi.
Yəqin, ekspertlərin süni şəkildə körüklədiyi kreml.ru saytı
üzərindən Putinin "soyqırım" bəyənatının detallarını təhlil etməyə
elə bir ehtiyac yoxdur. Çünki Rusiya Dumasının 1995-ci ildə məlum
tanıma qərarından sonra heç bir hüquqi gücü olmayan deklorativ
prezident müraciətlərinin təhlükəsini qabartmaq səbatsızlıqdır.
Putin İrəvana dünya ilə apardığı savaşı davam etdirmək üçün
getmişdi və buna birinci olaraq yüz ilin ölülərinə göz yaşı axıdan
ermənilər əmin oldular. "Soyqırım" kəlməsini dilə gətirməyən şəxsin
çıxışını dinləyənlər sanki Ukrayna ilə döyüş aparan liderin
Minskdəki nitqinə şahidlik edirdilər. Məgər, Putinin dünyada artan
rusofobiya təhülkəsini Sisernakaberd tribunasında qabartmasının
tarixi erməni qırğınları ilə nəsə bağlılığı var?
Putin Qərbin "genosid diplomatiyası" ilə Ermənistana sahiblənmək
planınını durdurmaq, Qafqazdakı mühüm ərazi qurşağının həqiqi
yiyəsini göstərmək naminə, o cümlədən, son illər İrəvanda sıraları
genişlənən atni-Kreml hərəkatına mesaj vermək üçün son fürsəti
əldən buraxmadı.
Faşizmə qarşı baş tutmayan yeni ittifaq
Lakin Ərdoğanın üsyanı sanki bütün dünyada keçmişinə görə
qınanan türkün qəzəbini Putinin üzərinə yönəltmək hadisəsidir.
Halbuki erməni qırğınlarını kriminllaşdırmaq qərarını ən sonda
Konstitusiya Məhkəməsi səviyyəsində dayandırmış və Sərkisyanla
matəmi birgə bölüşən Fransua Ollanda qarşı oxşar ittihamlar
qətiyyən yağdırlmır. Elə isə sual olunur: doğrudanmı, Türkiyə
Rusiyanın bir daha belə suçlamalarına hədəf olmamaq üçün qəti
fəaliyyətə keçib?
Bir tərəfdən Taner Yıldız "Türk axınının soyqırıma qurban
verilməyəcəyini" deyir, o biri yandan iki ölkənin silah sənayesi
yeni müqavilələrə imza atır, Ərdoğan isə Putindən incidiyini az
qala dövlətlərarası böhranın əlaməti kimi dilə gətirir. Gerçəkdənmi
diplomatik skandal dərinləşəcək və Türkiyə 24 aprelin kölgəsindən
çıxa bilməyəcək? 9 May qələbəsində təmsilçiliyini səfir səviyyəsinə
endirmək çıxış yoludurmu?
Siyasi təhlilçilərin son hadisələrin təhlilində 7 iyun
seçkilərini unutması çox təəccüblüdür. Ərdoğanın birbaşa başçılıq
edə bilmədiyi kampaniya keçmiş rəqiblərinin daha kəskin ittihamları
şəraitində keçir. AKP əleyhdarları hakim partiyanı Qərbdən
qopmaqda, ənənəvi müttəfiqlərini itirməkdə və ölkədə fundamental
insan haqlarına zərbə vurmaqda qınayırlar. Elə Qərbdən gələn
basqılar da oxşar tezislərə söykənir. Belə olan təqdirdə, Rusiya
kartından yararlanmaq yaxşı seçki texnologiyasına çevrilib.
9 May paradını təntənəli şəkildə protest edib onun içərisinə 24
apreli qatırsan və bununla da alman faşizminə qarşı yenidən
birləşmək istəyəməyən Amerikanın, onun avropalı tərəfdarlarının
Moskvaya tətbiq etdikləri siyasi izolyasiyada, boykot hərəkatında
iştirak edirsən. Bu nəinki yeni ərazilər ələ keçirməkdə
suçlandırılan Putinlə yanaşı durmaqdan imtinadır, eləcə də Qərbin
ruslarla müharibədə bu dəfə türklərin 2-ci Dünya savaşında olduğu
kimi neytral qalmayacağına işarədir. Halbuki Rusiya rəhbəri 100
ilin tarixi qələbəsinə - Çanaqqala zəfərinə özünün 2-ci adamını
göndərmişdi və Ərdoğanın Putinə cavab jesti belə
olmamalıydı.
Türkiyə Stalinin qalibiyyətini müasirləşdirmək istəyən Rusiyanın
təntənəsində iştirak etməməyi "erməni soyqırımı"na bağlayaraq
ustalıqla Qərbin tərəfinə keçir. Yəqin, Obamadan gözləntilər böyük
olmadığından Ərdoğan bütün kin-küdurətini yönəltməyin yaxşı
ünvanını tapıb.
Bilirsizmi, bu nəyə bənzəyir? Tehranda müəyyən dairələr Rusiyanı
günahlandırır ki, Putin İrana orta mənzilli raketləri satmaqla onu
dünya ilə davasında taktiki silahına çevirir. Diqqət etdinizmi,
söhbət bir ölkənin başqasını alət yerində istidafəsindən
gedir.
İndi Türkiyə tarixində ilk dəfə Rusiyanın resursları ilə
regional və beynəlxalq planlarını reallaşdırmaq imkanından özünü
məhrum etməyə çalışır. Əsil "türk qambiti" sayılacaq iqtisadi və
enerji maraqlarını erməni məsələsinə qurban vermək həqiqətən
düşmənin uğurudu.
Türklər və ruslar birləşib vahid gələcəyə deyil, keçmişə
baxacaqlarsa, onda hər iki xalqın ayağı Moskvadan və İstanbuldan
kəsiləcək. Soçi uğrunda hərbi batalyonlarla deyil, inşaat dəstələri
ilə mübarizə aparanları meydandan çıxarmaq, Rusiyanı itirmək
yenidən keçmiş ədavətlərə qayıtmaq deməkdir. Qafqaz öz dərisində
belə savaşların izlərini çox saxlayıb. Nə vaxt Rusiya-Türkiyə
müharibəsi törənibsə, onlara hakimliyi də ingilislər və almanlar
edib. Siz elə bilirsiniz Antanta ötən əsrdə dağılıb və daha mövcud
deyil?