Avropanın siyasi paytaxtlarında yüz ilin soyqırımı
müzakirələrinin tərəddüdlə və Türkiyənin kəskin dirənişi şəraitində
keçdiyi günlərdə Roma kilsəsinin dini liturgiya üslubundan daha çox
hakim sifətilə çıxardığı qərar nəhayət, ermənilərin hüquqi
iddialara baş vuracağının anonsu idi.
Müstəqillik qazanandan 10 il sonra beynəlxalq məhkəmələrə
müraciət etməyə səlahiyyət əldə edən Ermənistanın tarixi keçmişinin
qisasını almaq üçün parlamentlərə və hökumətlərə baş əydiyi halda
Nürnberq mühakiməsindən yan keçməsi hər zaman sual doğururdu. Axı
genosiddə suçlanan insanların həyatdan getməsi ölülərin
cəzasızlığına əbədi təminat vermir. Hüquq nəzəriyyəsində sözügedən
cinayətlərə zaman məhdudiyyəti qoyulmadığından, üstündən 70 il
keçəndən sonra da yaşı bir əsrə çatmış esesçilərin aşkarlanıb
məhkəməyə gətirilməsi nasizmin son izlərinin məhv edildiyinə
sübutdur. Bir ay öncə ələ keçirilən Oskar Qreninqin-Osvensimin
mühasibinin yüz minlərlə yəhudinin ölümündən qazandığı pulları,
yaxud insan cəsədlərini krematoriya sobalarında bişirən düşərgə
aşpazı Hans Lipsisin əldə etdiyi saxta sənədləri onları İlahinin
çarmıxından qabaq qara mundirli hakimlərin mühakiməsindən geçməyə
məcbur etmişdi.
Bəs, erməni katolikosu 2-ci Qareginin Türkiyə Konstitusiya
Məhkəməsinə müraciəti, ardınca ötən əsrin əvvəllərinə aid sənədlər
üzərində iş aparmaq üçün peşəkar beynəlxalq ekspertlərdən ibarət
komissiyanın yarandığını bildirməsi Haaqa tribunalına gedən yolun
başlanğıcıdırmı?
Əslində, bir millətin ruhani liderinin irəli sürdüyü ittihamlara
ilk baxışda etiraz etmək o qədər də asan deyil. 1921-ci ildə
dağıdılmış o vaxtkı Sis, indiki Kozan katolikosluğunun
mülkiyyətinin geri qaytarılmasını istəmək dünyada ədaləti ilə
öyünən türkün məhkəmə orqanlarını sınağa çəkmək deməkdir. Bir
tərəfdən din və mədəniyyət abidələrinə həssaslığını göstərən
onlarla ölkədə belə tarixi yerlərin bərpası xalqlar arasında
dostluğa xidmət edirsə, o biri yandan günahlandırılan hökumətin
başçısının dilindən başsağlıqları səslənirsə, naziri anım
mərasiminə qatılırsa, onda gələcək barışıq və anlaşma üçün daha da
irəli getmək olmazmı?
Belə düşünən keşişlərin məntiqini səhv saymağa tələsməyin. Məgər
Türkiyənin Osmanlı dönəmindən qalan abidələrin davasını həmin
ölkənin rəsmi hakimiyyət orqanları aparmaqdan imtina edib? Süleyman
şah türbəsi uğrunda Suriyaya qoşun yeridən, bununla da Əsəd rejimi
əleyhinə müharibəsinə humanitar çalar qatan bir ölkənin missiyasını
başqalarının təkrarlamasına hüququ yoxdur?
Birinci və sonuncu erməni
Aprelin 24-dək dünyada güclənən həmrəylik fonunda mətbuatda,
xatirə mərasimlərində, konfranslarda səslənən ittihamları
ümumiləşdirən məşhur jurnalist Vladimir Pozner təzminat və torpaq
istəyənlərin mübarizəsinə Serj Sərkisyanın münasibətini soruşmuşdu.
Düzdur, sonuncunun mənəvi hakimiyyəti nəinki dünyada yaşayan 9
milyon, eləcə də daxildə azlığı təmsil edən təbəələri tərəfindən də
qəbul edilmədiyindən prezidentin rəyini son instansiya saymaq
olmaz. Lakin ən azı hüquqi baxımından Türkiyə dövləti üzərinə məhz
siyasi qüvvələrin, partiyaların və hərəkatların getməsini təşkil
edəcək simalardan biri də ölkə başçısıdır. Onsuz da xalqın müqəddəs
duyğularını hərə öz marağı üçün istismar edir, elə isə taxt-tacını
qorumaq üçün babalarının əmlakını qaytarmaq davasına niyə
qatılmayasan!
Sərkisyan türklərin keçmişləri ilə üzləşməkdən qorxmayaraq,
nəhayət, inkarçı mövqedən geri çəkiləcəklərini, yalnız bundan sonra
gələcək vəzifələr barəsində düşünəcəklərini deyərək, indiki
vəziyyətdə irəliyə qaçmağın məqsədəuyğun olmadığını söyləyib
konkretlikdən qaçmışdı. Bunun səbəbi başa düşüləndir. Onsuz da
atalarının qanını yerdə qoymaq istəməyənlərin əsil məqsədinin para
maraqları olduğunu deyənlər çoxluğu təşkil edir. Elə isə bəribaşdan
son niyyətini açıb deməyin nə mənası var? Əvəzində qoy dünya bir
xalqın bəşəriyyəti növbəti kütləvi qırğınlardan və fəlakətlərdən
daşındırmaq üçün necə səmimi niyyətlə mübarizə apardığını görsün və
insanlığı özünün böyük qələmi ilə təhlükələrdən xəbərdar edən
görkəmli rus yazıçısı Dostoyevskinin "cinayət inkar olunanda
yenidən təkrarlanmağa şərait yaradır" uzaqgörənliyinə əmin
olsun.
Lakin Allahın adından çıxış etmək səlahiyyəti qazanmış
katolikosluq müstəqil bir təşkilatdır. Onun rəhbəri yalnız uca
göylərə hesabat verir. Kimsə kilsə xadimlərini dünya malında gözü
olmaqda suçlandıra bilərmi?
Ona görə 2-ci Qaregin də malik olduğu statusa və beynəlxalq
əlaqələrə güvənərək sonunda şəxsi qələbə çalacağına inandığı bir
mübarizəyə qalxıb. Amma bu canfəşanlığın vahid dini rəhbər
məsuliyyətinə və milləti qarşısındakı tarixi missiyasına uyğun
olmadığını söyləyənlər də var.
Din müharibələri və ya silahlı savaşlara sitayiş
dinləri
Bəli, adətən kilsələr, sinaqoqlar və məscidlər həqiqətən sülhə,
barışa və birgəyaşayışa çağırış edirlər. Lakin inkvizisiya
məhkəmələrinə çəkilən və tonqallarda yandırılan brunoların ölüm
hökmü, protestantlarla katoliklər arasında davam edən min illik
müharibələr və qanlı Varfolomey gecələrinin əmri də tərslikdən dini
hücrələrdə hazırlanıb.
Tarix şərt şəkilçisini sevmir, deyirlər. Roma prokuratoru Ponti
Pilat Məryəmin övladlığından Allahın elçiliyinə yüksələn İsanı
çarmıxa - dar ağacına qaldırarkən qəddar və əbədi lənətlənən
hökmünü xristian peyğəmbərinin yaxın həvarilərinin yardımı ilə
verməmişdimi?
Ona görə Erməni Apostol kilsəsinin türklərlə döyüşün ön
cəbhəsinə çıxmasında qəbahət axtarmağa dəyməz və keşişlərin
səfərbərliyində qeyri-ilahi məqamlar tapmağın faydası yoxdur. 23
apreldə bir milyon yarım adamı müqəddəs elan edərkən, tarixdə ilk
dəfə yüz minlərlə insanı dini inancı yolunda İsaya sədaqət naminə
şəhid olduqlarını söyləyəndən sonra atılacaq addım sizcə ayrı nə
ola bilərdi? Halbuki şəhidlik məhz dinc insanların öz əqidəsindən
dönməyərək könüllü ölümü seçməyinə deyilir. Ən azı iki yüz min
insanın müsəlmanlığı qəbul edib türk ailələrində qaldığı,
köçürüldükləri yerdən geri qayıdacaqları təqdirdə bütün mülklərinə
sahib olacaqları faktını unudub, yaxud silahlı mübarizəyə qalxaraq
Rusiya imperiyasına yardım edənləri və hətta indiyədək sağ
qalanları yüz ilin ölülərinə qatıb ilahi mərtəbəyə ucaldanları
görəndə istənilən günahlı insanın onlara qoşulmağı gəlir. Axı
xristianlıq üçün əlində xaçla rəşadətlə dayanaraq etiqadından geri
çəkilməyən və özünü inamına qurban edən min ermənini tarixin heç
bir səhnəsində tapmaq mümkün deyil!
Ancaq 2-ci Qareginin başından, boynundan asdığı və əlində
gəzdirdiyi brilyantlı müqəddəs xaçın arxasında gizlədə bilmədiyi
çirkli niyyəti onun türklər əleyhinə davasını və keşişlərin
məsumluğu haqqındakı uydurulmuş əsatirləri darmadağın edir.
Kilsə ofisə çevriləndə
Baxın, Eçmiədzində təşkil edilən baş dini məbədin müqəddəsliyi
nəinki o torpaqlara haqlı iddia edən azərbaycanlılar, yaxud onların
mənsub olduğu inancın daşıyıcıları, eləcə də ortodoks xristianların
heç də hamısı tərəfindən qəbul olunmur. Hər tikilini qədimləşdirmək
mərəzindən inşasını bizim eranın 3-cü yüzilindən hesabladıqları
Eçmiədzin kilsəsi Sovetlərin dövründə ateistlərin evinə
çevrildiyindən, ötən əsrin 50-ci illərindən 1-ci Vazgenin səyləri
nəticəsində müəyyən simvolik rituallarla öz dini mahiyyətini əldə
etməyə başlayıb. Dünyadakı daha 3 müqəddəs patriarxlığın - Qüdsdə,
Livanda və İstanbuldakı evlərin üzərindən Ermənistanda vahid dini
mərkəzin - baş idarənin qurulduğu iddia olunur. Lakin cəmi 2 il
bundan əvvəl Qaregin əleyhinə qalxan üsyan ermənilərin milli-dini
birliyi haqqındakı mifləri dağıtmışdı, daimi gizliliyə və
mübhəmliyə can atanların iç üzünü açmışdı. Onların dövlətini
qoruyan kilsə içərisindəki nifaqın dərin kökləri haqda bilməyənlər
isə elə hey düşməni hifz edən və daim mübarizəyə qaldıran "sehrli
gücü" mistikləşdirməkdə davam edirlər. Halbuki zahiri sakitlik və
hüzur içərisində görünən belə məkanlardakı münaqişənin bütün ölkəni
hər an sarmağa qadir olduğunu unutmaq lazım deyil.
Məsələn, Qüdsün dini hakimi və idarəçilik ierarxiyasında 2-ci
yeri tutan patriarx Nurhan Manukyan görün o günlərdə yazdığı
məktubunda rəhbərini nədə günahlardırırdı:
"Ticarət və iş qurmaq bacarığı dini müdrikliyin göstərici deyil.
İnsanları satın alıb sonra da onları bir köşəyə ata bilərsiniz,
lakin müqəddəsliyi qəsd edib onu özünüzə mal edə bilməzsiniz!"
Əbasını və əlini insanlara öpdürən birisinin belə ittihamlara
məruz qalması heç də səbəbsiz deyildi. Onun idarəolunmaz mütləqi
hakimliyi və çevrəsini avtoritar üsullarla yönləndirmək xarakteri
2-ci Qaregini gözdən salır, lider kimi sərgiləməyə çalışdığı
obrazın saxtalığını göstərir və milyonların sidq ürəklə ona təzim
etməsinə imkan vermir. Ona görə Qaregin katolik dünyasının başçısı
2-ci Fransiskin iqamətgahına sığınan kiçik rahiblərə bənzəyir. Əgər
para düşkünü olan birisi istənilən siyasi rejimin ayaqları altına
yıxılmağa hazırdısa, onun milyonlarla insan üzərində şəksiz nüfuz
qazanması qeyri-mümkündür.
Doğrudan da dünya malına tamahı olmayan Qareginin və çevrəsinin
gündən-günə artan maddi imkanları, başqa vətəndaşaların yaşadığı
qadın sevgisindən məhrum olduqlarını söylədikləri halda hamısının
oğul-uşaq sahibi olmaları, müxtəlif kompaniyalara və biznes
layihələrinə baş vurmalarını hansı əba ilə pərdələmək olar?
Belələrinin süngü ilə hakimiyyətə gəlmiş siyasi liderlərin xalqa
zidd mövqeyinə qarşı çıxması mümkündürmü? Əsla yox.
Ona görə erməni baş kilsəsi öz rəhbərinin daşıdğı xəbis
keyfiyyətlərin simvoluna çevrilib. Kobudluq, qarşılıqlı inamsızlıq,
şübhə, dərin intriqalar və ruhaniyyətin simvolu olmaqdan daha çox
biznes adamlarının rəmzinə çevrilmiş məbəd sadə erməniləri özündən
uzaqlaşdırır, cəmiyyətin mənəvi böhranında əsaslı rol oynamağa
başlayır. Şirkət təhbərlərinə çevrilmiş belələrinin kilsələrə
toplanan külli miqdarda yardımlara əl uzatdığını sübut etməyə hakim
gərək deyil. Ona görə 2-ci Qareginin istefasını istəyən,
vəzifəsində qalmaqda davam edəcəyi təqdirdə katolikosun bununla da
dünyadakı tək kilsə, vahid diaspora və bir siyasi mərkəz formulu
ilə idarəçiliyə çalışan dünya erməniçiliyinə ölümcül zərbə
vurduğunu deyənlərin sayı artır. Qərb dəyərləri ilə çıxış edən,
məsələn, Fransa erməni patriarxlığının hər bir üzvü avtoritar
mədəniyyətə və despotik davranışa sahib olan yeganə dövlətlə, onun
bir kontoruna çevrilmiş din idarəsi ilə eyni siyasəti bölüşə
bilmir.
İki il əvvəl Parisdən göndərilən etiraz və istefa məktubları baş
yepiskop Norvan Zəkəryanın timsalında 2-ci Qaregindən demokratiya
və azadlıqlar istəyənlərin nə qədər çox olduğunu sübut edir. Lakin
bunların heç bir səmərəsi yoxdur. Dünyanın faniliyindən danışanlar
ruhani liderlik sükanından bərk-bərk yapışıblar!
Ömürlük seçilmiş katolikosun taxt-tacdan imtina etmək fikri
yoxdur. Ona görə soyqırım pərdəsi həm də daxili müxalifətin
kilsələrin dərin qaranlığına uzanan əllərini kəsməyin ən yaxşı
vasitəsidir. Bir Rusiya ermənisi acı təəssüflə deyir ki, ağrı
həqiqəti görməyə imkan vermir.
Həqiqətən də dünyadan getmişlərin davası altında 2-ci Qaregin
ona rəqib olanları və nüfuzundan qorxduğu 1-ci Aramı qabaqlayıb
iddia ərizəsini özü yazmağa qərar verib. Mübarizə tarixi yerlərə
qayıtmaq, türkləri dini məbədləri bərpaya məcbur edib sonra torpaq
davasına keçmək və bununla da millətinin tarixi taleyində yaşamaq
üstündə deyil, məqsəd nüfuz savaşında çevrəsinə uduzmamaq, həm də
yeni ruhaniyyət binasından, özəl maraqlar ünvanına çevrilmiş
kilsələrdən sadəcə qazanmaqdır.
Türkiyənin tarixini yaxşı bilən doktor Mehmet Perincək
Osmanlının vurduğu ziyanlara görə öz borclarını 1937-ci ildə
ödədiyini söyləyir. Yunanlar və ruslar 2-ci dünya müharibəsində
onlara vurulmuş ziyanı almanlardan almağa çalışır. 2-ci Qaregin isə
ölülərə sahib durmaqla diriləri ustalıqla idarə etməyin əvəzsiz
üsulunu tapıb.
Ermənistanın təntənəylə keçirdiyi soyqırım və hərbi paradın ön
cəbhəsində eyni simalar gedir. "Müqəddəs savaş" buna deyirlər!