Bu gün Riqada Şərq tərəfdaşlığı sammiti start götürüb.
Rəsmi Bakı artıq Prezident İlham Əliyevin bu sammitdə getməyəcəyini
bəyan edib. Onun yerinə Azərbaycanı bu görüşdə Xarici İşlər naziri
Elmar Məmmədyarov və Prezident Adminitrasiyası rəhbərinin müavini
Norvruz Məmmədov təmsil edəcək.
Maraqlı məqam orasındadır ki, Bakının rəsmən bu istəyini bəyan
etməsindən sonra APA agentliyi özünün etibarlı mənbələrinə
istinadən mühüm informasiya yaydı. Məlumatda əslində Bakının Avropa
Birliyinin fəaliyyətindən narazı olduğu və onun Bakıya qarşı
qərəzli mövqe tutmasını təqdir etmədiyi bildirildi.
Görünür, Bakı artıq Avropa Birliyinin Şərq tərəfdaşlığı
layihəsinin reallaşmayacağını bilir. Üstəlik, son dövrlərdəki
proseslər bu proyektin nəticələrinin tam şəkildə gerçəkliyə
çevrilməsinin mümkünsüz olduğunu nümayiş etdirir. Rusiyanın
postsovet məkanın hələ də əsas güc mərkəzi olaraq qalması Brüsselin
bütün imkanlarını əlindən alıb.
Hazırda isə veriləcək əsas bir neçə sual var. Bunlar sırasında
ən önəmli suallardan biri Avropa Birliyinin Şərq tərəfdaşlığı
proqramının niyə nəticə əldə etməməsidir.
Bunun isə hər üzv ölkə üçün ayrıca səbəbi var. Təəssüf ki,
Brüssel yaranmış bu proseslərin öhdəsindən heç cürə gələ bilmədi.
Son günlər onun Rusiya kimi nəhəngin qarşısında tərəddüdü ona olan
etimadın daha da azalmasına gətirib çıxartdı. Şərq tərəfdaşlığının
konkret nəticəyə çatmaması layihəyə üzv altı ölkənin hər birində
müxtəlif cür təzahür etdi və bir növ Avropa bu ölkələri özündən
kənara itələmiş oldu.
Belorus – Moskvanın sadiq qardaşı
Doğrudur, Ukrayna böhranı başlayandan bu yana Lukaşenkonun
Kremlin təsir dairəsindən çıxmaq istədiyi ilə bağlı şayiələr gəzir.
Əslində, Rusiyaya qarşı yürüdülən sanksiyaların təsiri onsuz da
ağır şəraitdə olan Minski çətin duruma salır. Artıq illərdir ölkəni
idarə edən Lukaşenko da Putinin təsir dairəsindən çıxmağı
fikirləşir. Doğrudur, Şərq tərəfdaşlığı layihəsi onun üçün mühüm
imkanlar yaradır. Lukaşenko Qərbdə ona qarşı münasibətin necə
olduğunu anlayır. Əslində o, Brüsselin yanında yer alacağı halda
özünün üzərindən dərhal xətt çəkiləcəyini başa düşür. Bu isə
Lukaşenkoya heç bir halda sərf eləmir.
Lukaşenkoya Moskvanın təsirindən qurtulmağa imkan verməyən
önəmli digər məqam da var. Hazırda Minskin boğazından Moskvanın öz
caynaqları ilə necə yapışdığı heç kəsə sirr deyil. Bunun üçün
Rusiyanın Belorusda olan hərbi bazalarına və hökumət dairələrinə
təyin edilən mühüm şəxslərin bir çoxunun Moskvanın nəzarətində
olmasına diqqət etmək kifayətdir. Məhz bu amillər Lukaşenkoya
irəliyə doğru addım atmağa imkan vermir. Brüssel son altı il
ərzində məhz bu istiqamətdə fəaliyyətini genişləndirməliydi. Bunun
əvəzinə isə o, Lukaşenkonu yanına buraxmayaraq, ona qarşı tələblər
irəli sürdü. Bu isə təbii ki, Lukaşenkonu Avropanın qucağına heç
vaxt gətirməyəcəkdi.
Ukrayna – qardaşlığın "bəhrəsi"
Avropa Birliyi ilə assosiativ üzvlük haqqında müqavilənin "ən
yaxşı" bəhrəsini məhz Ukrayna gördü. Artıq bir neçə aydır ki,
Vaşinqtona yaxınlığı ilə seçilən ukraynalı siyasətçilər (məsələn,
eks-prezident Viktor Yuşşenko) Avropanın onları satdığını bəyan
edirlər.
Kiyevə Brüsseldən vəd edilən dəstəyi yalnız sözdə müşahidə etmək
mümkündür. Əslində isə 2014-cü ildə Ukrayna ilə aparılan
danışıqlarda Kiyevə ayrı şeylər vəd edilmişdi. Qərb istənilən halda
Ukraynaya dəstək verəcəyini söyləyirdi. Bəs indi necə?
Hazırda Ukrayna meydanda təkdir. Ölkənin şərqində iki separat
zona (Donetsk və Luqansk respublikaları) yaradılıb. Rusiya demək
olar ki, hər gün məhz bu ərazilərə müxtəlif silahlar göndərir.
Üstəlik, terrorçuların dayanmayacağı və işğal etdikləri əraziləri
daha genişləndirəcəkləri də bildirilir. Ölkəyə aid Krım yarımadası
artıq faktiki olaraq əldən gedib və rəsmən Rusiyaya birləşdirilib.
Ukrayna ən dəyərli xəzinəsini itirib. Moskva isə artıq Dnesteryanı
yaxınlığında yerləşən Odessada da separat (bu vilayətdə
"Bessarabiya Xalq Respublikası" yaradılması istənilir)
əhval-ruhiyyəni hər keçən gün daha da artırır. Bunun qarşılığında
isə Avropa sadəcə bəyanatlar verməklə, tənqidlərlə
kifayətlənir.
Ukrayna zamanla ölür. Bir zamanlar Avropanın ən böyük dövləti
olan bu ölkə artıq parçalanıb yox olma riski ilə üz-üzədir. Belə
olan halda Qərbin qazandığı uğur da burada sonlanmış olacaq- həm də
faciəvi.
Moldova – bəxti gətirməyən qardaş
2014-cü ildə Kişinyov Avropa Birliyi ilə rəsmən assosiativ
üzvlük haqqında müqaviləni imzaladı. Əslində, Moldova digər üzv
ölkələrin hər birindən fərqli olaraq, nisbətən daha yaxşı
geopolitik şəraitdə özünə yer etməyi bacarıb. Amma heç bir halda
Kişinyovun azad şəkildə hərəkət etməsinə Moskva izn verməyəcək.
Onsuz da müqavilə imzalanmazdan əvvəl Kremlin Moldovaya mühüm təsir
imkanı kimi qalan Dnesteryanı münaqişəsi var idi. Üstəlik,
Rusiyanın burada öz hərbi bazasını yerləşdirməsi Kişinyov üçün
əlavə problem yaratdı.
Kreml tərəfindən Brüsselə cavab addımı olaraq atılan addım da
kifayət qədər maraqlı idi. Moldova assosiativ üzvlük haqqında
müqaviləni paraflaşdırandan dərhal sonra Qaqauziya muxtariyyəti
özlərinin əsas hədəflərinin Gömrük İttifaqına yönəlmək olduğunu və
Kişinyovun Qərb siyasəti ilə razılaşmadığını bəyan etdi. Son
seçkilərdə Kremlin açıq-aşkar müdafiə etdiyi namizədin qalib
gəlməsi Moldovanın işini daha da ağırlaşdırdı.
Bu ölkənin yeni münaqişə zonasına çevrilməsi üçün potensial
təhlükə mövcuddur. Avropa isə məhz bu problemin öhdəsindən gəlmək
iqtidarında deyil.
Gürcüstan – arzularının qurbanı olan qardaş
Avropa siyasəti üçün ən ağır cavabı Tiflis verdi. 2008-ci il
müharibəsi Gürcüstanı ağır vəziyyətə saldı.
Tiflis hələ də düşdüyü o böhrandan çıxa bilməyib. Moskvanın məhz
bu Cənubi Qafqaz ölkəsinə qarşı sərt siyasətinə Qərb sadəcə ənənəvi
hədələrlə cavab verməklə kifayətləndi. Üstəlik, assosiativ üzvlüklə
bağlı müqavilədən dərhal sonra Moskvadan şok zərbə alan Gürcüstan
demək olar ki, öz əraziləri ilə tamamilə vidalaşıb.
Kreml yenidən öz ənənəvi siyasətini həyata keçirdi. Abxaziya və
Cənubi Osetiya ilə müttəfiqlik və inteqrasiya haqqında müqavilə
imzalayan Putin bu bölgələrin müdafiəsini öz üzərinə götürdü. Bir
zamanlar Axalkalakidən rusları qovan gürcülər indi öz torpaqlarında
iki yeni hərbi bazanın yerləşdirilməsini müşahidə etməyə
məcburdurlar.
Moskva isə hələlik daha önəmli kartını əlində saxlamış olur.
Ölkənin cənubundakı ermənilərə hər cür təsir vasitəsi olan Rusiya
Tiflisin növbəti "yanlış" addımında onu cəzalandırmaqdan ötrü
Samsxe-Cavaxetiyanı alovlandıracaq. Bu isə avtomatik olaraq
Gürcüstanın rəsmən yox olması deməkdir.
Avropa da ənənəvi olaraq susur və "narahatlıqla izləyir".
Ermənistan – Rusiyanın qardaşı
Ən maraqlı məqam isə Ermənistanı bu layihəyə qoşmaq cəhdi idi.
Avropa onsuz da illərdir ki, müxtəlif variantlarla İrəvanda
Rusiyanın təsir dairəsini zəiflətməyə çalışır. Lakin bütün mühüm
dairələri əlində saxlayan Kreml istənilən problem zamanı sadəcə
kadrların dəyişikliyini etməklə kiçik qardaşını "qoruyur". Özündən
başqa heç kəsi burada ağalığa buraxmayan Rusiya məhz İrəvan
vasitəsilə Cənubi Qafqaz siyasətini diktə edə bilir.
Əslində, Avropanın start nöqtəsi məhz Ermənistan olmalıydı.
Düzgün qurulmayan və cəsarətsiz siyasətin nəticəsində isə Avropa
Ermənistanla bərabər, Azərbaycanı da özündən uzaqlaşdırmağa başladı
(Dağlıq Qarabağın işğal faktında israr edilməməsi). Ermənistanın
Avrasiya İttifaqına qoşulduğunu bəyan etməsi isə Brüsselin bütün
planlarına vurulmuş ən ağır zərbə oldu. Lakin Avropa hələ də
Sərkisyanın mənasız addımından nəticə çıxarıb, məsələyə yanaşma
tərzini dəyişdirə bilməyib.
Azərbaycan – yalnız qardaş
Azərbaycan əvvəldən assosiativ üzvlüklə bağlı müqaviləni
imzalamayacağını bəyan edib. Bakının buna qarşı fikri indiyə qədər
dəyişməzdir.
Əslində Bakının yürütdüyü balanslı xarici siyasət də dediyi
sözdən dönməməyə imkan verir. Azərbaycan bu addımı ilə Rusiya-Qərb
toqquşmasında tərəf olmayacağı barədə siyasi kursuna sadiqlik
nümayiş etdirir.
Əvəzində isə strateji əməkdaşlıq əvəzinə Avropa Azərbaycanı
"qara piarla" hədələyir, hətta iş o yerə çatır ki, Avropa
Oyunlarının ilkinə qucaq açıb, "Avropa ailəsinə" mədəni sahədə
inteqrasiya edən Bakının məhz bu addımına qarşı inanılmaz kampaniya
aparılır.
Azərbaycanın dəstəyini qazanmaq istəyən qurum heç bir halda
Bakının üzərinə təhdid və şantajla yox, təkliflərlə və paketlərlə
gəlməlidir. Hətta "təkliflər və paketlərlə" daxil olmaq istədiyi
qardaş - "gözü çıxan Ukrayna"nı gördüyü halda Azərbaycan hansı
əsasla təhdidlərdən çəkinməli və özünü tərəf kimi apararaq xaosa
sürüklənməlidir?
Nəticə:
Sadalanan dövlətlərin hər birində adı çəkilən problemlərdən belə
nəticəyə gəlmək olar ki, Şərq tərəfdaşlığı layihəsi öz aktuallığını
itirməyə başlayıb. Əslində proyekt doğru düşünülsə də, həyata
keçirilməsi məsələsində həddən artıq problemlər var. Avropanın öz
yanına çəkmək istədiyi ölkələrdən ən azından beşinin tərkibində ya
münaqişə ocağı var, ya da ki qonşu dövlətlə müharibə şəraitindədir.
Üstəlik Rusiyanın bu ölkələrə təsir imkanlarının zəiflədilməsinə
heç bir şəraitin yaradılmaması, onların müdafiəsinə zəmanətin
verilməməsi artıq bu layihənin təsir imkanlarını aşağı salıb. Əgər
Avropa yaxın müddətdə yanına çəkmək istədiyi ölkələrlə bağlı
yanaşmasını dəyişməsə, onları tamamilə itirəcək.
Bu isə Avropanın siyasi iflasıdır.