Bayıl türməsindən villalara doğru
"Heç nə izsiz qalmır"- almanlar əbəs yerə belə deməyiblər.
Məsələn, sən kriminal keçmişini gizlətməyə çalışarkən bütün zahiri
və daxili dəyişikliklərə getməyə razılaşırsan, lakin əvəzində
növbəti cinayətlərə yol verirsən.
Ona görə sovet keçmişimizin bir parçası kimi zəbt olunaraq
paytaxt tariximizdən silinən sonuncu "Dostluq parkı"nda inşa
edilmiş bahalı mülklərin də fəlsəfəsini başa düşmək üçün detektiv
janrda düşünməkdən başqa çarəmiz qalmayıb. Vəhşi kapitalizmin
birinci mərhələsindən uğurla çıxan azərbaycanlılar öz varidatlarını
dayanıqlı valyutada saxlamaq üçün daşınmaz əmlakı mühüm alternativ
kimi seçiblər. Hansı yolla qazanıldığı onsuz da soruşulmayan böyük
pulların daimi amnistiya qərarı altında olmasından istifadə
etməmək, əlbəttə, ağılsızlıq olardı.
Cəmiyyətin üst qatına çıxmış burjuaziyamız bütün dünyada olduğu
kimi əhalinin aztəminatlı hissəsindən sürətlə ayrılaraq xüsusi
ərazilərdə özünə qəsr və qala tikməkdə davam edir.
Dərhal sual olunacaq: məgər kapitalizmin əsas xarakterini
müəyyənləşdirən belə təbəqələşmə deyilmi? Vaxtilə bütün ictimai
formasiyaların marksist-leninçi anlayışlarla dərkinə çoxları qarşı
çıxdığından, indi biz müasir iqtisadçılar nəslinin görkəmli
nümayəndələrinə istinad eləməyə məcburuq. Görün, "21-ci əsrin
kapitalı"nı yazmış Tomas Piketti ötən yüz ili və bizi gözləyən
perspektivi necə xarakterizə edir?
Müharibə varlıların və kasıbların həyatında
Bir kitabı ilə dünyada məşhurluq qazanan Paris məktəbinin 42
yaşlı professorunun dərin tədqiqatlarının nəticələrinə görə,
Amerika və Qərbi Avropa əhalisinin 10 faizi və yerdə qalan
hissəsinin maddi imkanları arasındakı fərq 1980-ci ildən bu yana
artmaqdadır. Yalnız 1914 və 1970-ci illər mərhələsində
müharibələrdən qaynaqlanan "anomaliyaları" çıxmaq şərtilə bu nisbət
dəyişməyib. İqtisadi qeyri-bərabərliyinin normaya çevrildiyini
görərkən, hər bir fərdin zənginlik mərtəbəsinin yuxarısına
çıxmasını onun şəxsi qabiliyyəti və istedadı ilə deyil, daha çox
irsi yolla ona qalmış varidat, yaxud faydalı nikahlardan əldə
olunmuş mülklər təşkil etdiyinə əmin olursan. Üstəlik, bazar
iqtisadiyyatının qanunları bir ovuc azlığın maraqlarına daha çox
xidmət edir.
Yəni demokratik cəmiyyətlərin başlıca tezisinin burada iflasa
uğradığını görməmək mümkün deyil. Belə ki, hər kəs öz istedadı və
çalışmaları sayəsində maddi nemətlərin sahibinə çevrilməliydi.
Nəticədə hamının avtomatik olaraq milli gəlirdən ədalətli qaydada
bəhrələnəcəyi, hüquq bərabərliyinin buna geniş imkanlar açacağı
haqqındakı miflər də beləcə dağılmış oldu.
Bəs onda dövlət nə üçündür? Burada lenincəsinə "cəbr aləti"ndən
və hamıdan hesab sormaq üçün yaradılmış bolşevik cəza-izləmə
aparatından danışmağa tələsməyin. Liberal dəyərlər dünyasında
dövlət insanları və cəmiyyəti təhlükələrdən qorumaq üçün məhdud
səlahiyyətlərə malik gözətçidən başqa bir şey deyil. Ancaq suala
cavab verməzdən əvvəl alimin gətirdiyi başqa bir misala diqqət
yetirək. Sən demə, Qərb özünün ərsəyə gətirdiyi üsul-idarənin
başlıca ziddiyyətlərini həll etməkdə acizdir. Böyük inqilablar
törədərək ümumxalq sərvətlərinə sahib durmuş və bununla da özəl
sektorun xüsusi inkişaf səviyyəsinə çatmış ölkələrin hamısında
dövlətlər kasıb bir duruma düşüblər, çünki xarici borcları artmaqda
davam edir.
Rəqəmlər çox kədərlidir. Dünyanın iqtisadi nəhəngləri sayılan
Britaniya və Fransanın müxtəlif maliyyə mərkəzlərinə, fondlara və
ayrıca ölkələrə borcu ÜDM-in 90 faizinə bərabərdir. Əvəzində isə
şəxsi sərvətlər də elə həmin nisbətdə ümummili gəlirin nüvəsini
təşkil edir və təhlillər belə bərabərsizliyin gələcək onillərdə də
davam edəcəyinə şübhə yeri qoymur.
Bəlkə burada dövlətin müdaxiləsini arzulayanlar vaxtilə Fransada
milyonlarla insanın dünya üçün birlik, bərabərlik və qardaşlıq
şüarlarını irəli sürməsində, vətəndaş kodeksləri və şəxsi
toxunulmazlıq hüquqları haqqında müxtəlif billəri meydana
gətirməsində bir siyasi cinayət görürlər? Axı gerçəkdən də bütün
məzlumların uğrunda həyatlarını qurban verənlərin ideallarının
ziddinə olaraq kapitalın bərabər bölgüsü təmin olunmayıb, imtiyazlı
azlığın "bəxti gətirməkdə" davam edir. Köləlik zəncirindən azad
olanların çoxu sonradan gedib ağalarının kölgəsinə sığınmağa məcbur
qalırlar. Bütün maliyyə-iqtisadi böhranlarda, yaxud silahlı
savaşlarda kisələrini dolduranlar isə həmişə başqaları olur.
Arxitektura azadlığı və koması uğrunda
savaşanlar
Şəhərimizin Bayıl yamaclarına yalnız həbsxana assosiasiyası ilə
yanaşanlardan fərqli olaraq, ən azı 42 adam orda yeni "milyonçular
məhəlləsi" salmağa risk etməyib. Ələ keçirilən yerlər məxsusi
olaraq Xəzər dənizinə doğru geniş üfüqlər açmaqla bərabər, xüsusi
turizm komplekslərinin yerləşdiyi massivin bir hissəsidir. İlkin
məlumatlara görə, villaların hər birinin bazar qiyməti 3-5 milyon
dollar civarındadır. Böyük yaşıllıq zonasının yerində ucalan
mülklərin yaxın dağ və qayaüstü əhatəsi zənginlik vadisi kimi göz
oxşadıqca uzanıb gedir. Burada orta əsrlər Romasında təşəkkül
tapmış Barokko üslublu malikanələrin hər növünə rast gələ bilərsən.
Belə füsunkar memarlıq nümunələri Qərbin intibah dövrünün
romantizmini xatırladır və mənəvi azadlıqların məhsulu kimi
qarşımıza çıxır. 70 ilin sovet əsarəti Azərbaycan insanının
daxilində buxovladığı arxitekturanı, rəngarəng peyzaj qalereyasını
və antik əşyalar dünyasını neft bumu yaşayan paytaxtımızın hər
guşəsinə daşıyıb gətirməyə imkan verib. Axı yeraltı sərvətimizin
heç olmasa bir damlası hamımızın damarından keçib gedir…
Burada qurulmasına illər və böyük pullar sərf olunmuş, bir
vaxtlar erməni sənətkarlarının əlindən aldığımız inşaat sənayemizin
qanuniliyi, tikinti normalarına əməl etməsi şərti çoxlarına yersiz
görünür. Axı parkı yaşayış məskəninə çevirənlər qeyri-rəsmi
ödənişlərlə dövlətin bütün hüquq sistemini ala biləcəklərinə əmin
olublar. Prezidentin dediyi kimi, bütün günahları üstünə götürməyə
və istənilən cinayət hökmünə möhür vurmağa hazır olan şəhər
bələdiyyələri paytaxt burqomistrlərinin arxa bağçalarında
saxladıqları gecə gözətçilərinə çevrilib.
Lakin bir çoxlarının müstəntiq qiyafəsində maraqla kimə
məxsusluğunu sual etdiyi villalar təkcə Bayılda tikilməyib və onu
belə intizarla gözləmək heç də ədalət hissindən xəbər vermir. Nəyin
mənbəyini öyrənmək istəyirlər - xərclənən pulların, yoxsa, alınan
adamların? Məgər yüksək materiyadan danışıb hamını sovet
təvazökarlğına çağıranlar sufi ömrü yaşayıb o məkanlardan imtina
edərdilər? Əsla yox. Ona görə sadə xalqın diskussiyalarını düzgün
məcraya yönəltmək ictimai rəyi fromalaşdıran institutların ümdə
vəzifəsidir. Dünənə qədər müxtəlif neft buruqlarının gilyotin
bıçağına çevrilərək kəsdiyi gecəqondu evlərinin dağılmasındakı
mənzərə ilə Bayıl ehramlarının uçurulması yalnız bir cəhətinə görə
fərqlənir: koması başına uçurulan fəqir evlərinin sahibləri nəinki
qaçıb gizlənmir, əksinə, günəş altındakı son nəfəsliyi uğrunda əsil
ölüm-dirim savaşına çıxırdılar.
Türkiyədə tez-tez gördüyümüz mənzərədir, deyilmi? Halbuki hər
kəsin evlə təminatı üçün əlçatan şərtləri yaratmaq azdır,
insanların buna yetəcək qədər vəsaitinin olması naminə nəhəng
zavodları, fabrikləri hərəkətə gətirmək, yüksək texnologiyaya
dayanan kütləvi məşğulluq sahələrini yaratmaq hər bir hökumətin
borcudur.
Bahalı həbslər dövlətə baha başa gəlir
Dövlətin əraziləri isə təkcə Bayılda ələ keçirilmir. Siyahısı
tutulsa, yüz min hektarlarla münbit torpaqlar, meşələr, təbii qoruq
zonaları, hətta mədən yataqları və yamaclar da şəxsi mülkiyyətlər
altına düşür. Buradaca vurğulayaq ki, strateji layihələr həyata
keçirilərkən, o cümlədən, müxtəlif infrastruktur dəyişilikləri
zamanı on minlərlə torpaq sahibi dövlətdən ədalətli kompensasiya
tələb edirdi. Qanunlar belə razılaşmaların dəqiq hüquqi çərçivəsini
müəyyənləşdirsə də, vətəndaşla məmur arasındakı sövdələşmələri
Quran ayəsinə büküb imzalamaq heç də hər zaman mümkün olmur. Bəs
onda dövlətin mülkiyyətinə əl uzadılırsa, hansı cəza mexanizmi işə
düşməlidir?
Əlbəttə, həbsxana haqqında ümumiyyətlə danışmağa dəyməz. Çünki
son kredit milyonçularının qanunazidd əməlləri üzündən məhbəs bir
neçə varlını artıq qəbul edib və həyatını belə kardinal
dəyişənlərin hesabına ölkənin ictimai-siyasi mənzərəsi də xeyli
dəyişib. Təəssüf, dünyada bahalı həbslərin statistikası yoxdur.
Lakin buna bolşevikcəsinə sevinənlər də çox səhv edirlər. Çünki
əski inqilabçılar nəslindən fərqli olaraq, müasir katorqanın
içərisindən çıxanlar azadlığa döndükləri andan itirdikləri
dəbdəbəni qaytarmaq üçün bütün vasitələri yenidən işə salırlar.
Dünyada bu mərhələni çoxdan keçən onlarla ölkə var. Kapitalistlər
birləşməyi bacarırlar. Onlar ictimai rəyə təsir etməyə, sosial
toqquşmalar törətməyə qadirdilər. Çünki nüfuza və geniş əlaqələrə
malikdilər. Ona görə həmin təbəqə ilə həssas davranmağa
məcbursan.
Baxın, keçmişdə yalnız məzlumlara güc göstərildiyini iddia
edənlərin çoxu indi Azərbaycanda böyük kapitala və biznesə basqıdan
danışmağa başlayıblar. Doğrudan da pulun özünə təhlükə görərkən
sabit və təminatlı məkanlara üz tutması yeni hadisə deyil.
Türkiyənin birjalar ittifaqının bu ilin yanvar-aprel ayları ərzində
orada ortaq yaradılmış 60 şirkətdə, o cümlədən, 16 səhmdar
cəmiyyətdə azərbaycanlıların da yer aldığını açıqlaması maliyyə
sızıntıları haqqında iddiaların əsassız olmadığını sübut edir.
Düzdür, yatırılan investisiyanın məbləği bir neçə milyon dolları
keçmir, ancaq rəsmi elan olunan və gizlində qalan vəsaitlərin hər
manatına ölkə iqtisadiyyatında əlahiddə ehtiyac duyulduğunu hər kəs
etiraf edir.
Dövlətlə dövlətlilərin savaşı tarixdə burjua inqilabları ilə
nəticələnib. İndiki Amerika aristokratiyasının kriminal keçmişini
yada salan çox az adam var. Morqanlar və Rotşildlər istənilən
partiya və qrupun üzərində hakimiyyət qurmağı bacarıblar. Ona görə
də burjuaziya ilə müttəfiq olmaqdan başqa yol qalmır.
Baxın, imtiyazlı zümrə həmişə siyasi iqtidarları şantaj etməyi
bacarıb. Axı paytaxt merinin qarşısına çıxmayanlar həmişəlik Volter
sükutu elan eləməyəcəklər. Onların müxtəlif vəzifə adamlarına
bağlılığı rəsmən bəyan olunursa, onda gələcək sabotajlar, iqtisadi
və siyasi əngəlyaratmalar qaçılmaz olacaq. Qazanılmış pulların
dövlətin əleyhinə işləməsi, yaxud müxalif qüvvələrin əlinə keçməsi
ötən əsrin 90-cı illərində bütün postsovet məkanındakı
qeyri-sabitliyin başlıca səbəbləri idi. Satılmağa hazır olan
medianın, hər bir narazı hökumət yetkilisini himayəyə götürməyə
qadir xarici mənafe qruplarının dünyasında yaşadığımızı bir an belə
unutmamalıyıq. Bəli, siyasət maraqları idarəetmə sənətidir!
Sağ qalmaq və ya varlılar üçün yazılmış
qanunlar
İki gün əvvəl Putin "Böyük Rusiya" konfransında növbəti dəfə
xalq arasında daha çox dartışılan "oliqarxların yönəltidiyi dövlət"
iddialarına ustalıqla cavab verdi. Rusiyanın biznes elitasından bir
qovluq şikayət məktubunu qəbul edən rus prezident iş adamlarını
hakimiyyyətlə gizli sövdələşməyə, dar dəhlizlərdə razılaşmaya
deyil, açıq yollarla, hamının aşkar görə biləcəyi vasitələrlə özünə
üstün şərait yaratmağa səslədi. Rüşvətlə deyil, qanunlarla işləməyə
çağırışın, Putinin hamı üçün bərabər imkanlar təklifinin havadan
necə asılı qaldığını görməmək mümkün deyildi - narazı baxışlar,
kristallaşmış proteksiyaçılıq ənənələrinin qısa zaman ərzində
dəyişilməsinin mümkün olmadığını bir daha göstərdi.
Azərbaycanın yaxın keçmişində böyük ticarət mərkəzləri olan AMAY
Abdullanın günahlarının nə olduğunu yalnız məhkəməmiz bilir. Lakin
hər dindirilməsində müxtəlif hüquqi aktlara baş vuran sabiq
biznesmenin qanunla silahlanması yaşadığımız dövrün başlıca
dərsləridir. Cəmi bir dəfə "sağ qalma" yarışlarını izləyən hər kəs
əmin olur ki, vəhşi təbiətdə mövcudluğunu qorumaq üçün nəhayətdə,
hüquqi normaları tanımalısan. Bunun alternativi yoxdur.
Ərazilərimizin işğal reallığı indi paytaxtda daha yaxşı duyulur.
Torpaq fondları tükənməkdə, əhalimiz isə artmaqdadır. Ona görə
bütün qəsr və qalalara müharibə aça bilməyəcəyimizi nəzərə alıb
dünyanın getdiyi yola baş vurmalıyıq. Qərblilər sovet adamlarına
ötürdükləri sistemin növbəti həlqəsini təklif edirlər: bahalı
mülklərə yüksək vergi və məbləği hər ölkədə fərqli olan yuxarı
gəlirlərə diferensial öhdəliklər tətbiq etmək varlılarla savaşı
hüquq müstəvisinə gətirməyin yeganə yoludur.
Dövlət təminatlı vətəndaşlarının hesabına güclüdür. Sadə xalq
dilinə çevirsək, bütün zümrələrə münasibətdə ədalətili olmağın yolu
hər kəsdən qazandığı və ya mailk olduğuna uyğun vergi almaqdır.
Ona görə də Bayılda həbsxana divarlarının yerində villalar
ucaltmaq istəyənlərə sadəcə qanuni menyünü göstərmək lazımdır.
Dövlətin torpağını mülkə çevirənlər çoxmilyonluq malikanələrində
kirayə yaşamağa razı olmayıb sonda haqqa dönəcəklər. Bax onda
Dövlət Bayrağının kölgəsinə hamı bir millət kimi toplaşa
biləcək!
Depardye nahaq yerə Parisi Moskvaya dəyişməmişdi ki!