Açılış mərasimini canlı
izləyən 68 min tamaşıçının, o cümlədən, ekranlar qarşısına toplaşan
yüz milyonlarla insanın hər biri nümayiş olunan möhtəşəm təqdimatın
əlahiddə bir cəhətini qabardar və mövqeyində haqlı
görünər.
Lakin dünyada sülh üçün, dostluq və əmin-amanlığa verilən
mesajların çoxluğuna görə hər kəs vahid bir rəydə şərikdir:
Azərbaycan müharibədə qol çırmayıb gücünü sınayanlara, son illər
hər gün evlərimizə tökülən qanlara və müxtəlif ideologiyalar
uğrunda törədilən kütləvi qətllərə qarşı ən güclü siyasi-mədəni
sipər çəkdi, silahların barıt qoxuyan yaylım atəşinin əvəzində uca
göylərə işıqdan, nurdan bir ayrı səhifə yazdı. Adamlar bunun
fərqindəydilər.
Vaxtilə dünyada Qvatemalaya, Nikaraquaya, yaxud elə bizə yaxın
Əfqanıstana müxtəlif ölkələrin hərbi qüvvələri yeridiləndə yüz
minlərlə insan etiraz aksiyalarına çıxar, məzlum xalqların səsinə
səs verərdilər. Ancaq indi hamı kəsilən başların haqqını tanıyır və
quzuluq kompleksinin daşıyıcısı kimi bununla barışır,
ədalətsizliklə hesablaşır və hər gün artan qəddarlığa dirənişi
ağlının ucundan belə keçirmir. Bizim dövlətimiz dünən işğala məruz
qalanların hayqırtısını, torpaq itkiləri altında diplomatiyanın hər
cür rəzalət sifətlərini görənlərin haqq səsini dünyaya çatdırmağı
bacardı. Millətləri təkcə ideologiyalar yox, həm də vahid meydanlar
birləşdirir. Müxtəlif lojalarda otursalar da, bərabərsiziyi, sosial
ayrıseçkiliyi kənara ataraq hər kəs vahid bir hissin, xoş bir
ovqatın, birləşdirici emosiyanın daşıcıyıcısına çevrilmişdi.
Tarixin bütün dönəmlərində xarakterindən asılı olmayaraq, hər
bir dövlət izmçilik və qatı nəzəriyyələr təlqin edən kitabların
vasitəsilə milli həmrəliyi təmin etməyə çalışır, lakin Qərb
cəmiyyətlərində hamını heyrətə gətirən coşqu, azadlıq, bərabərlik
duyğuları sanki yaranışından belə xəlq olunmuş kimi görünürdü.
Nəydi bunun səbəbi? Yoxsa, sadəcə düşmənə görə onlar bir
aradaydılar?
Qəti olaraq, xeyr. Əslində nəhəng hərb maşını kimi hamını
lərzəyə salan Sovetlər Birilyinin çatışmayan cəhəti tamam başqa
gerçəklikdə gizlənmişdi. Sadə britaniyalıların, yaxud ispanların
adicə öz futbol komandalarına yüz illərlə canlı tamaşaçılıq etməsi
təkcə fərdin öz zövqünə xidmətə çevrilmirdi, həm də onların
arasında yaxşı rabitəyə, səmimi ortamların bölüşdürülməsinə səbəb
olurdu. Dünən kiminsə siyasi hədəfində olan nazir də, başqasını
hiddətləndirən parlamentari də, yaxud vətənin ağırlığını
çiyinlərində daşıyan sadə vətəndaş da eyni amala xidmət etmək,
yaxud məmləkətin xoş gününə şahid olmaq üçün o meydana
toplaşmışdı.
Ürəklərdəki kini-küdurəti unutmağın məkanını ayrı cür yaratmaq
olmurmuş. Yəqin diqqət etmisiniz, xüsusilə də Şərq xalqlarında
faciə ədəbiyyatı xüsusilə inkişaf edib. Roman və povestlərinin bəhs
etdiyi süjet xətti sanki "Səfillər"in növbəti fəsilləridir.
Müsəlman dünyasında oturuşmuş yas ideologiyasının min illərlə yaşı
var və imamlarımızın şəhidliyinin islam aləmində əbədi iztirab və
ağrı doğurduğunu söyləyənlər haqlıdılar. Bizim qədim yurdumuzun
məğlubiyyət səlnamələrinin özünəməxsus dili, mifologiyası və
uğursuzluq fəlsəfəsi mövcuddur.
Kənardan baxanda qalibiyyət üçün yalnız Qərbin əlinə, dilinə,
filminə, siyasətinə, oyunlarına baxmağa məhkum edilmiş bir toplumu
qarşınızda görə bilərsiniz. Axı uduzanda hamının bir-birini
didib-parçalamağa hazır olduğunu, qarşılıqlı nifrətin və hüdudsuz
aqresiyanın ictimai ruha hakim kəslidiyini yaxşı görmüşük.
Dünən adamlar qələbənin başına toplaşmışdılar. Sevinc, qürur,
güvənc hislərini ifadə etməkdə çətinlik çəkənlərin yaşadığı emosiya
dənizini görmək son dərəcə fərəhli hadisəydi. Qalibiyyətin dilini
danışmaq tamam ayrı olurmuş. İnsanların hər neqativə və şübhəyə
köklənən halının dəyişməsi inqilabi yeniləşmədir. Azərbaycanın
liderinin missiyası ilə 2-ci Dünya savaşında uduzsa da, yenidən
səfərbər olunaraq kiçik uğurlarla milli gücünü bərpa edən
almanların görkəmli sərkərdəsi Adenauer arasında dərin bir oxşarlıq
var. Ədəbiyyat bizə torpağın hər qarşını Vətən adlandırmağı
öyrədib. Lakin yüz illər Bakının bağrını yaran və çarizmə, sovet
tanklarına, yaxud ingilis imperiyasına gərək olan qara qızılın hər
qramı coğrafiyamız üzərində dərin və ləkəli izlər qoyub.
Çıxardığımız neftin altındakı ərazilər zəhərlənmiş və minalanmış
çöllərə çevrilib. Salxım buruqlara həsr olunan poetik
nümunələrimizin əkisinə olaraq qara mazutlardan sonra qalan
torpaqlar ayağımızın altından sürətlə bizi tərk edib. Və təkcə
sərvətlərimizin amansız sümürülməsi ilə yox, həm də milyon kub
metrlərlə axıdılan çirkli sular vasitəsilə yaradılan süni şor
göllərin, tullantılardan törənmiş hövzələrin yerində cənnət qurmaq
yalnız bu toprağı bütün varlğı ilə sevənlərin işi ola bilərdi.
Dünən ən yüksək təəssüratlar selinə qərq olmuş Olimpiya meydanı
həm də bu xalqa "Böyük Şor" ərazisini qaytardı. Sadəcə yabanı
bitkilərə yem olmuş torpaqların milli fonda dönməsini bütün
millətimiz bir yerdə qeyd elədi. Ustad Məhmət Akif Ərsoy qələmi
əsə-əsə yazdığı İstiqlal marşında millətinə ayaq basdığı
torpaqların altında kəfənsiz yatanları xatırlamağı tapşırırdı.
Gələcək azərbaycanlılar onların xəritələrdə göstərdiyi yerləri abad
Vətən torpaığına kim döndərdiyini dəqiq biləcəklər. Onda
insanlarımızın leksionundan "böyük şor"lar çıxacaq və bir daha geri
qayıtmayacaq.
Yaranışın ilki, bəşəriyyətin xeyir və şər tərəziləri üzərində
qərar tutması, yer kürəsini çiyinlərində daşıyan öküzün min illərdi
qət etdiyi yol, onun üzərində canlı varlıqların əməlləri hər zaman
fövqəladə maraq kəsb edib. Dörd ünsürün qoruyub saxladığı kainatdan
kənarda sivilizasiya mövcud deyil. Dünən ilk baxışda insanın alın
qırışlarını, yaxud susuz çölləri xatırladan yer qabığını yarıb üzə
çıxan insanlar dünyaya başlanığıca qayıdış çağırışını verdilər. Hər
addımından bir qığılcım törəyən tək adamın sonra həyat nişanələri
kimi arxasında qoyub getdiyi yaşıl nemətlər də, can atdığı su
qurşağı da hamını Allahın bəxş etdiklərinə sayğı ilə yanaşmağa
dəvət üçün seçilmişdi. Yüzlərlə texniki qurğunun real həyata bu
qədər yaxın bir ruhu təkrarlaması demək olar görünməmiş hadisəydi.
Qayalaşan və hər pilləsində Azərbaycanın min illik yazılı tarixinə
işıq salmağa çalışan həmin kompozisiyalar ən uca zirvədə əlində tək
alov tutan adamın bəlkə də yer üzünə odu gətirən Zevs olduğuna
işarələr idi.
Hə, simvollarla düşünmək Şərq varlığının ayrılmaz hissəsidir.
Siz səsindəki matəm ruhu ilə hər zaman Şərqi təmsil edəcək muğam
ustadının bəzənmiş piano üzərindən milyonlara "Xəyal et" deyərək
səslənən qərbli rok ulduzunun eyni salonu paylaşmasında da bir
harmoniya və nizam axtarın. Kim bilir, özgürlüyün himnini yazmağa
şərqlilər nə vaxt qalxacaqlar, lakin onları yaşadan
"Allahu-əkbər"siz keçinmək hələ ki, mümkün deyil. Alim öz
auditoriyasını yaxşı tanıyır - genetik kodunda kədər olan
millətini. Qarabağı təkcə siyasət davası bilənlərin zehinlərini
necə dəyişmək olardı? Savaşda gözündən əlil olmuş İlham Zəkiyevin
əli ilə yanan məşəli meydanlara daşımaqla, yüz illərdi səfərbərlik
və döyüş ruhu ilə oxunan şikəstəyə minlərlə səsin qovuşuğunda yer
tapmaqla, hər qarışını dolaşan məşəli Quzanlıya, Horadizə qədər
gedə biləcəyini dünyaya göstərməklə. O tonqalı Qarabağda yandırmaq,
təkcə səngərdə dayanan əsgərin deyil, hər kəsin mübarəzəsinə yalnız
bu yolla çevrilə bilərdi.
Mədəniyyətin gücü silahlardan daha ötədir. İndi tatami üzərinə
çıxan güləşçi də, oxla hədəfi nişan alan atıcı da Azərbaycanın
torpaq bütünlüyündə bəlli bir missiyada iştırak edir.
Dünən həm də Qarabağın uğrunda gedən döyüşlərin günü idi.
Azərbaycan qadını ilə at belində birgə savaşa yollanan
babalarımızın örnək tarixini müasir zəmanəmizə necə daşımaq olar?
Tarixi nə qədər kişi sifətli saysalar da, zərif məxluqların dünya
idarəçiliyindəki yerini inkar edə bilməzlər. Liderin şəxsi
taleyinin uğurlu olması təkcə bir insanın xoşbəxtliyinə çevrilmir,
həm də xalqın faydasına işləyir.
Dünən Mehriban Əliyevanın zəkasının, zövqünün, təşkliati
qabiliyyətinin və daha neçə-neçə nəcib keyfiyyətlərin növbəti
təntənəsi günüydü. Həmşə Şərqin patriarxal hakimiyyətindən
şikayətlənən Qərbə tribunadan səslənən məhz Azərbaycanın Birinci
xanımı idi. Onun simasında təcəssüm edən obraz bir ölkənin açıq,
azad və ləyaqətli qadını üçün ən yaxşı tablo ola bilərdi. Qara
çadralar altında və kişi zorakılığından inildəyən cəmiyyətlərin
tamam əks mənzərəsini bundan yaxşı yaratmaq mümkün deyildi.
Bir sözlə, İlham Əliyev öz qələbəsinə doğru inamla irəliləməkdə
davam etdi. O, bundan ötrü yüzlərlə xarici təxribatı dəf etməli,
məkrli ssenariləri pozmalı oldu. Bu mübarizədə o öz millətinə
söykənsə də, bir an belə qarşıya qoyulmuş məqsəddən geri çəkilmədi,
ona qarşı törədilən yanğınlardan, soyulan binaların dərisindən,
yaxud ovlanan diplomatlarından usanıb "dayanmaq" əmrini
vermədi.
İlham Əliyevin dünənki qələbəsi fərdi hadisədən daha çox təmsil
etdiyi millətinin aktivinə yazıldı. Putin və Ərdoğan onu ayaqüstü
alqışladı. Kemeron və Merkel Azərbaycan liderinin iddia və
qalibiyyət ambisiyalarını yəqin qəlblərində anlayışla qarşıladılar.
İnsanların içərisindən kiçiklik kompleksini çıxarmağın və
yüksəkliyə doğru canatmağın belə nümunələri tarixdə elə də çox
olmur.
Dünən Azərbaycanda yanan məşəlin odunu Prezident İlham Əliyev
Atəşgahdan götürmüşdü. Onu ikinci İlham son ünvanına çatdırdı.
Həyat işığından məhrum olsa da, söykəndiyi Liderin açıq bəsirət
gözlərinə, dərin duyumuna, seçdiyi yola və qətiyyətə güvənərək
uğura yetişmək mümkün olurmuş.
İlham Əliyevin miqyası və Heydər Əliyevin dünyası haqqında çox
danışırlar. Hər iki böyük şəxsiyyətin formalaşdığı zaman və siyasi
şərait çox fərqli olub. Lakin bir həqiqəti heç kəs inkar edə
bilməz: övlad atadan irəliyə keçəndə bu yalnız qürur doğurur.
Dünən həm də ata Əliyevin sevindiyi gün idi - Azərbaycanın
qüdrətli oğlunun qələbəsi günü! Dünən göylərə ucalan təkcə yaylım
atəşləri deyildi, həm də bir məmləkətin ən sadə insanın də dilindən
səslənən dualar idi!
Allah millətimizi və liderimizi hifz etsin!