Bir vaxtlar 15 respublikanı özündə birləşdirən SSRİ adlı
nəhəng dövlətin sistemli şəkildə həyata keçirdiyi işləri bu gün bir
ölkə öz üzərinə götürüb. Əskik və artıqlarını bir kənara qoyaq,
maarifləndirmək sovetin məfkurəsi idi. Sadə bir misal:
valideynlərimizin hamısının kitabxanası olub. Əksər evlərdə həm
xanımın kitabxanası vardı, həm bəyin.
Bir müşahidə aparmışam: o dövrün adamlarının rəflərindəki
kitablar demək olar bütün evlərdə eyni ardıcıllıqla düzülüb. Səbəb:
nəşrlər xüsusi qaydada, müəyyən sistem üzrə həyata keçirilirdi.
Plan hazırlanır, dərc olunacaq müəlliflərin adları müəyyənləşir və
ardıcıllıqla nəşr olunur. Niyəsi: oxucu bir yazıçını tam oxuyub
bitirə bilsin. Ardından dərsliklər həmin yazıçını hansı səviyyədə
oxuduğunu adamdan soruşurdu. Hıqqandınsa, yaşadığın ərazidə
barmaqla göstəriləcəksən, sinifdə qalmaq təhdidi ilə üz-üzə
qalacaqsan.
Düzdür, sovet sistemi bu kitablar vasitəsi ilə ideologiyasını
yayırdı. Bu gün isə Azərbaycanda kitab bazarı sərbəst fəaliyyət
göstərir və hansısa müəllifdən ideologiyaya xidmət etmək tələb
olunmur. Deməli, bizim başladığımız layihə cəmiyyətə daha çox xeyir
verəcək, həqiqətən savadlı, intellektual vətəndaşın yetişməsinə
xidmət edəcək.
Artıq bilirsiz, layihəmizin adı "Ev kitabxanası"dır. Azərbaycan
Respublikasının Prezidenti Yanında Bilik Fondunun, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin, Yaradıcılıq Fondunun, Bakı Slavyan
Universitetinin birgə layihəsinin ideya müəllifi Azərbaycan
Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət müşaviri, görkəmli yazıçı Kamal Abdullayevdir. Kamal
müəllimin "Yazıçını yox, oxucunu formalaşdırmaq" fikrindən yola
çıxıb, seçdiyimiz 3 müəllifin kitabını 39 məktəblinin evinə
daşıdıq. Tarixi missiyanın başlanğıcında rol almağımdan şərəf hissi
keçirdim.
Layihənin ilk müəllifləri - Şəhriyar Del Geraninin "Darlxmağın
adı", Qan Turalının "9 hekayə" və Aydın Talıbzadənin "ƏBUHÜBB"
kitablarını Xaçmaza apardıq. Rayonun müxtəlif məktəblərinin şagird
və tələbələri ilə görüşdük. "Kitabi-Dədə Qorqud" haqqında inşa
müsabiqəsində iştirak edənləri, qalibləri də, sabah mütləq qalib
olacaq məktəbliləri də mükafatlandırdıq.
Haşiyə çıxım: Bilik Fondunun "Epizod" layihəsi var. Uduzanları
mükafatsız qoymuruq. Məntiq deyir ki, nə əbədi qalib var, nə əbədi
məğlub.
Müsabiqədə iştirak edən bütün məktəblilər Fondun hədiyyələrinə
layiq görüldü. Hədiyyələrin içərisində ən parlaq görünəni 3 kitab
idi. Hər kitab barəsində geniş məlumat verdik: Şəhriyardan şeir
oxudum, Qan Turalıdan hekayə. Aydın Talıbzadənin romanının məzmunu
barədə lakonik formalı məlumat verdim. Elə həvəslə dinləyirdilər
ki...
Məktəblilərlə danışdıq ki, hədiyyə aldığı kitablarla öz şəxsi
kitabxanalarını yaratsınlar. Heç birinin kitabxanası yoxmuş. İndisə
var. Razılaşdıq ki, kitabları oxuyub, təəssüratlarını qələmə
alacaqlar, "müəllim, istəyirsiz, kitab rəfimizin şəklini çəkib sizə
göndərək" replikasını səsləndirən 11-ci sinif şagirdindən belə
mövqe gözləyirdim. Şeir bitəndə o soruşmuşdu: "Doğrudan şairin
anasının 9 barmağı olub"; "Doğrudan şair ancaq 9-a qədər saya
bilir?"
Məktəblilərlə görüş sınaq oldu. Qayıdıb, təəssüratımı danışdım.
Layihənin daha geniş sferanı əhatə etməsinə böyük ehtiyac olduğunu
dəqiqləşdirdik. Artıq əsasnaməni hazırlayırıq. Yaxın günlərdə böyük
təqdimat mərasimi keçirəcəyik. Prosesə hökumət və qeyri-hökumət
təşkilatlarını cəlb etməyə hazırlaşırıq. Yaradıcı insanlar arxayın
olsunlar: kitabları seçəcək Şura müəyyənləşəcək; müəlliflər və
oxucular təsnifatlandırılacaq. Layihənin hədəf kontingenti
məktəblilər, tələbələr-gənclər, orta və yaşlı nəslin nümayəndələri
olacaqlaq. Hansı nəslə daha çox hansı kitabı oxumaq vacibdirsə,
qapılarına o kitabla gedəcəyik.
Qapıları açın, evinizə kitab gəlir.