2015-ci il noyabrın 24-də necə kədərlənmişdiksə, 2016-cı
il iyunun 27-də elə sevindik. Sülhpərvər Azərbaycan qardaşı, dostu,
qonşusu olan iki nəhəng dövlətin bir-birinə qarşı gərgin
münasibətinə biganə qala bilməzdi. Təyyarənin vurulması
hadisəsindən 3 gün sonra - noyabrın 27-si Azərbaycan Prezidenti
İlham Əliyev ölkəmizə səfər edən Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu ilə görüşündə bildirdi ki, hər iki ölkə ilə
tarixən sıx əlaqələrə malik olduğumuzdan bu gərginlikdən təəssüf və
narahatlıq hissi keçiririk. Azərbaycan tərəfi Türkiyə – Rusiya
münasibətlərindəki gərginliyin azaldılması və aradan qaldırılması
istiqamətində səylərini göstərməyə hazırdır.
Axar.az xəbər verir ki, İctimaiyyət də eynisini düşünürdü. Ancaq
düşünmək azdır. Siyasilər öz işlərini görəcəkdilər. Bununla yanaşı,
rəhbər şəxslərin sülh mesajlı açıqlamalarına xalqlar əməli dəstək
verməliydi. Hələ ki, nə türk, nə də rus xalqı irəliyə doğru addım
atırdı. Onların mətbuatlarındasa savaş ifadələri barış ifadələrini
kölgədə qoymuşdu. Belə məqamda nəsə qeyri-adi ideyanın
gerçəkləşməsinə ehtiyac vardı. Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunda bu ideyanın özülü çoxdan
qoyulmuşdu.
"İl boyu bilik" proqramı çərçivəsində "Qardaşlaşmış məktəblər"
layihəsinin sərhədləri aşmasını, beynəlxalq aləmə çıxmasını xeyli
müddətiydi planlaşdırırdıq. Ölkə daxilində 43 məktəb arasında
"Qardaşlaşma Sazişi" imzalanmışdı. Məqsəd müxtəlif bölgələrin
məktəbləri arasında körpü yaratmaq, ünsiyyəti formalaşdırmaq, bilik
inteqrasiyasına nail olmaq, yeniyetmələrə dostluq dəyərinin ali
hiss olduğunu aşılamaq, azərbaycanlıların əsirlərdən bəri tapındığı
qardaşlıq ənənəsini təbliğ edərək, dəyər kimi yaşatmaq, bir-birinin
qonağı olan şagirdlərə vətəndaşı olduqları ölkəni qarış-qarış
tanıtdırmaq, genimizdə yaşatdığımız multikultural həyat tərzinin,
həm psixoloji, həm də fiziki mənada insan rahatlığını təmin
etdiyini aşılamaqdır.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və
dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilər
Şurasının üzvü akademik Kamal Abdullayevdən təşəbbüs gəlir: mübarək
missiyanı niyə beynəlxalq səviyyəyə çıxarmayaq? Əsl şərait yaranıb.
Türk və rus məktəblilərini Bakıya qonaq çağıraq, onları yerli
məktəblilərlə görüşdürək, paytaxtımızla yaxından tanış edək,
aralarındakı münasibəti dostluq və qardaşlıq müstəvisinə gətirərək,
sazişlə rəsmiləşdirək.
Alqışlanası ideyadır, sadəcə reallığa çevrilməsi müşküldür. Bakı
hazırdır. Bəs Türkiyə, bəs Rusiya? Hər iki ölkənin təhsil rəsmiləri
razılıq verəcəklərmi? 2016-cı ilin yanvarıdır. Nəinki buzlar
əriyib, əksinə, şaxta münasibətləri daşa döndərib. Qoy olsun. Geri
çəkilən deyilik. Ünvanımıza səsləndirilən "alınmaz" rədifli
cəsarətsiz qafiyələrə belə, məhəl qoymadan ideyanın gerçəkləşməsinə
israr göstəririk. Fondun Himayəçilər Şurası xeyir-dua verir,
yolumuzun açıq və hamar olmasına böyük dəstək göstərir. Vaxt təyin
olunur, proqram hazırlanır, məktublar yazılır, xəbərlər
yayılır.
Nəhayət Moskva şəhəri 1273 nömrəli ingilis dili təmayüllü
məktəbin, Ankara şəhəri "Heydər Əliyev ilkokulu"nun, Bakı şəhəri
189-190 nömrəli tam orta məktəbin və Bakı Slavyan Universitetinin
Məktəb - Lisey Kompleksinin şagirdləri bir araya gəlirlər. 4 məktəb
arasında "Qardaşlaşma Sazişi" BSU-nun akt zalında imzalanır.
İnanırdıq ki, bu imzalar Türkiyə və Rusiya arasında sülhün təməlini
qoyur.
Hər üç ölkənin məktəbliləri fevralın 16-na qədər Bakıda oldular.
Gəzdilər –gördülər, oxudular – maarifləndilər, oynadılar –
dincəldilər, intellektual yarışlar keçirdilər – bildilər. Bildilər
ki, onların dostluğu təmsil etdikləri ölkələrinin müansibətlərinə
böyük töhfə olacaq. Türklər rusları, ruslar türkləri qonaq
çağırdılar. Sülhün ilk qaranquşları bizdən xahiş etdilər ki,
növbəti görüşləri Ankara və Moskavada təşkil edək.
Hələ onda iyulun 27-i deyildi, fevralın 14-ü idi. Hələ
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan vurulan təyyarənin
pilotlarının ailəsinə dərin hüznlə başsağlığı verməmişdi. Daşa
dönən buz suya çevrilməmişdi.
Hadisələr durulur. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə
və Rusiya arasındakı gərgin münasibətin yumşalmasındakı böyük rolu
aydın görünür. İyulun 1-i Rusiyanın Soçi şəhərində səfərdə olan və
rus həmkarı Sergey Lavrovla görüşən Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu Azərbaycanın dövlət başçısına Türkiyənin Rusiya
ilə münasibətlərinin yaxşılaşdırılması istiqamətində göstərdiyi
köməyə görə minnətdarlığını bildirir. Bundan öncə Türkiyənin baş
naziri Binəli Yıldırım da İlham Əliyevə təşəkkür etmişdi.
Əlbəttə sevinirik. Azərbaycan Prezidenti qardaşı, dostu, qonşusu
olan iki nəhəng dövlətin bir-birinə yaxınlşamasında müstəsna xidmət
göstərib. Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsi də bu
yaxınlaşmada iştirakçı olubsa, nə mutlu bizə.
Türk və rus məktəbliləri Bakıda olarkən yerli həmkarları ilə
birgə Azərbaycan Prezidentinə müraciət ünvanlamışdılar. Müraciətdə
deyilir: "Təkcə məktəblilər və məktəblər arasında deyil, həm də
xalqlar, ölkələr arasında qardaşlığa, isti münasibətlərə töhfə
verən "Qardaşlaşmış məktəblər" layihəsinin məhz Azərbaycanda
keçirilməsi Sizin mənəvi haqqınızdır. Görüb eşitdiklərimiz bizim
hər birimizdə bu qənaəti də gücləndirdi ki, Siz bir dövlət başçısı,
həm də sadə, mehriban insan olaraq yeniyetmə və gənclərin yaxın
dostu, himayədarısınız. Sizin təhsil aldığınız 6 nömrəli məktəbdə
keçirdiyimiz görüşlər, məktəb illərinizi əks etdirən foto-guşə ilə
tanışlıq da qəlbimizdə silinməz xatirəyə çevrildi.
Biz ürəyimizin səsi ilə Azərbaycanda gördüklərimizi ölkəmizdə
təbliğ və təşviq edəcəyik. İmzaladığımız qardaşlıq andı ilə
üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirərək, növbəti dəfə
öz dostlarımızla Moskva və Ankarada yenidən görüşəcəyik.
Cənab Prezident! Sizə bildirmək istəyirik ki, ölkənizdən zəngin
təəssüratla ayrılırıq, bizi Bakıya Azərbaycana marağımız gətirdi,
indi isə Vətənimizə özümüzlə Azərbaycan sevgisi aparırıq".
Yenidən görüşəcəksiniz. Çəkinmədən, sıxılmadan, açıq ürək, geniş
düşüncə ilə. Artıq Azərbaycanın da dəstəyi ilə iki ölkə arasında
münasibətlər bərpa olunur. Sülhü qorumaq qardaşlaşmaqdan keçir.
Bilik Fondunun "Qardaşlaşmış məktəblər" layihəsinin beynəlxalq
səviyyədə növbəti uğurlarını gözləyin.