Rəşid Behbudov adına Mahnı Teatrında "Məsəl ya..."
tamaşasında idim. "Media Company" şirkətinin nəzdində açılan
"M-Teatr"ın (Mənim Teatrım) hazırladığı tamaşaya
baxdım.
Üzeyir Hacıbəyovun "Ordan burdan" kitabı əsasında hazırlanan bir
bölümlü mükalimə tamaşasının quruluşçu rejissoru əməkdar artist
Vidadi Həsənovdur. Vidadi Həsənov həm də yeni yaradılan teatrın
bədii rəhbəridir. Tamaşanı çox bəyəndim. Hər şey super idi.
Aktyorlar Günay Əhməd, Oktay Mehdiyev, Amid Qasımov, Vüqar Hacıyev,
Elgün Həmidov bizi 100 il əvvələ qaytardılar. Utandım. Həminki
qalmışıq. Milli psixologiyamız daşlaşıb. Suxurlaşıb. Nicat Daglar
Allah şahididir.
Dünən elədiyi pis hərəkəti çəkib bu gün adama göstərəndə özünü
xəcalətin hansı küncündə görürsə, ora yumalandım... Hamı gülürdü,
elə bilirdim mənə gülürlər. Gənc aktyorlar səhnədə bütün
hərəkətləri ilə deyirdilər ki, oynamırıq, yaşayırıq. Onlar rolda
deyildilər, həqiqətin özü idilər. Günay Əhməd "orda bir müsəlman,
burda bir müsəlman, orda, burda bir müsəlman öldürülür" deyəndə özü
də göz yaşlarını saxlaya bilmədi. Görürdüm, heç saxlamaq istəmədi
də. Axı o oynamırdı. Nəyi, niyə oynayacaqdı ki? Bizimkidir.
Necəyəmsə, elədir. Nəyin roluna girəcəkdi? Məgər rola girməyə
ehtiyacmı var? Özüdür. Xalisdir. Müsəlmandır. Türkdür. 20-ci əsrin
əvvəlində Üzeyirin, Sabirin, Cəlilin, Mirzə Fətəlinin halına
ağladığı insandır.
İlk baxışda belə anladım ki, 5 gənc aktyor, 100 il əvvəli
görməyən 5 istedadlı insan Vidadi Həsənovun əlindən tutub o dövrə
qayıdıblar. Elə deyilmiş. Heç yerə getmək lazım deyilmiş. Onların
dayandığı indiki əsr başdan ayağa əvvəlki əsrdir. İnsanımız
əvvəlkidir. Boşbğazlığı, səbirsizliyi, cəsarətsizliyi,
deyingənliyi, qeybəti, tənbəlliyi - 20-ci əsrin əvvəlindəki
vəziyyəti ilə eynidir.
5 aktyor tamaşaçını riqqətə gətirmişdi. Onlara inandım. Mənə elə
gəldi ki, tamaşa bitən kimi, hamımız dönüb olacağıq 21-ci əsrin
adamı. Hamımız yaxamızı keçmişin əlindən alacağıq. "Buraxın, biz bu
salondan çıxıb düz gələcəyə gedirik" deyəcəyik.
Bu, mütləq belə olacaq. Hələ ilk tamaşalarıdır. İkincidə 5
nəfər, üçüncüdə 10 nəfər, sonra 100, 1000, 10000... nəhayət hamımız
keçmişin cəngindən xilas olacağıq. Mənim Teatrım məni əziyyət
çəkməyə qoymaz. Yetər ki, onlara qoşulaq, bütün tamaşalarını
izləyək. Hər kəs o teatra sidq ürəklə "Mənim teatrım" deyə bilər.
Mən dedim. Onlar da qəbul etdilər.
Həmin gün Milli Dram Teatrında böyük yazıçı və ziyalımız Sabir
Rüstəmxanlının 70 illik yubileyi keçirilirdi. Dəvətliydim. Tamaşa
ilə eyni vaxta başlayırdı.Tamaşaya getdim. Yubiley tədbirinə gedə
bilmədim. Bir təsəllim var: Üzeyir Hacıbəyovla Sabir Rüstəmxanlı
ruh əkziləridir. Sabir Rüstəmxanlı da milləti üçün eynisini deyir,
eynisini düşünür, eynisini arzulayır. Dünən Sabir Rüstəmxanlının 70
illik yubileyi həm də Mahnı Tetarında qeyd olunurdu. Mənim Teatrım
tamaşanı Sabir Rüstəmxanlının ucalığına həsr etmişdi. Mənim
Teatrımdır, sifarişi də özüm vermişdim.
azerfax.az