Sərkisyan Ermənistanın
Müdafiə Nazirliyində dəyişiklik etdi. Qarabağ separatçılarının
"müdafiə naziri" Movses Akopyan Ermənistan Baş Qərargah rəisinin
müavini vəzifəsinə gətirildi. Sərkisyanın etibar etdiyi digər şəxs
isə qondarma rejimin "müdafiə naziri" vəzifəsinə yola
salındı.
İlk baxışda çox sadə, heç bir effekti olmayan dəyişiklik kimi
görünür. Lakin Sərkisyan öz oxunu bir az daha uzağa nişan alıb.
Qəribə məqam orasındadır ki, Ermənistan mətbuatı da bu məsələdə
sakitlik nümayiş etdirdi. Heç bir "eksklüziv" yayımlamayan mətbuat
sadəcə prosesləri izləməklə kifayətləndi.
Sərkisyanın üç qorxusu
Əslində Sərkisyanın hakimiyyətdə qalma və ya prezidentlikdən
getdikdən sonra ona təsir imkanları çox aşağı düşüb. Son günlər
elektrikin qiymətinin artırılması ona olan ümidin bir az daha
itirilməsinə səbəb olub. Buna görədir ki, artıq aktiv şəkildə
İrəvan küçələri etiraz aksiyalarının meydanına çevrilib. Üstəlik,
Sərkisyan Rusiyanın da ümidlərini puç edib. Çünki İrəvandakı etiraz
aksiyaları digər bir tərəfdən də Moskvaya qarşı yönəlmiş mitinqlər
kimi anlaşılır. Gümrü olayları, Sərkisyanın Ermənistan
ictimaiyyətinə təsir imkanlarının aşağı düşməsi Rusiyanı narahat
edir.
Digər bir tərəfdən isə Köçəryan artıq tam aktivləşib. Onun son
Qarabağ səfəri, burada qondarma rejimin eks-lideri Arkadi
Qukasyanla səmimi söhbəti və bir çox erməni nazirinin onun qəbuluna
yazılmaları Sərkisyanın qorxularının daha da artmasına səbəb olur.
Əslində Moskva üçün də hazırkı zamanda real namizədlər sırasında
Robert Köçəryanın adının olması məqbuldur.
Sərkisyanı qorxuya salan üçüncü amil isə geosiyasi şəraitdir.
Qarabağda ard-arda məğlubiyyət, üstəlik, Bakının İrəvanı
siyasi-blokadada saxlaması, Gürcüstanla münasibətlərin Rusiya
ucbatından pis olması, Türkiyənin Azərbaycana dəstəyini artırması,
İranın isə başının üzərini qara buludlar alması (Yəmən böhranı,
nüvə danışıqları, İŞİD və kürd probleminə görə - İ.H.) İrəvanı
çətin duruma salıb. Bundan başqa: Rusiyanın üzərinə hücumların
artması Ermənistan üçün gələcəkdə heç də yaxşı günlər vəd
etmədiyini göstərir.
Sərkisyanın narahat olduğu məqam da buradır. Prezident anlayır
ki, istənilən halda ona dəstək verə biləcək əsas iki qüvvə - Rusiya
və Qərb onun yanında olmayacaq. Səbəb isə sadədir - Qərb Sərkisyanı
"sentyabr qərarı"na görə bağışlamır. Rusiya isə arxasında dayandığı
adama etimadını itirib.
Xocalı qatili hakimiyyətə hazırlanır?
Ermənistanda hər zaman Qarabağ ön planda olub. Məhz Qarabağ
kartı hakimiyyətlərin dəyişməsində əsas güc rolunu oynayıb. Həm
Petrosyan, həm Köçəryan məhz bu kartın vasitəsilə hakimiyyətlərini
idarə edib və ya onu itiriblər. Sərkisyan isə bu kartın mahir
oyunçusudur. Belə ki, orduda öz adamlarını yerləşdirən Sərkisyan
özünə dayaq kimi bu qüvvəni hər zaman ön plana gətirib. Ən maraqlı
məqam isə hazırda Ermənistan ordusunun yuxarı eşelonunun demək olar
ki, əksəriyyətinin Qarabağdan olan ermənilərdən təşkil
edilməsidir.
Sərkisyanın orduda ən böyük dayağı məhz Seyran Ohanyandır.
Xocalı soyqırımının əsas iştirakçılarından olan Ohanyan ordu
daxilində böyük dəstəyə sahibdir. Elə ona görə də bəzi mənbələr
Ohanyanın növbəti prezident olacağını iddia edirlər. Maraqlı məqam
isə təxminən 5 ay öncə həm müxalifət, həm iqtidar, həm də özünü
bitərəf adlandıran media qurumlarının ("Lragir.am", "Jamanak"
qəzeti, "News.am", "Tert.am" saytı həmişə ön pillədə olurdu – İ.H),
ən kəskin yazarlarında belə eyni anda Ohanyanın piarı ilə məşğul
olmağa başlamasıdır. Belə ki, İrəvanın Moskvanın tam nəzarətində
olduğunu iddia edən KİV məhz Ohanyanın və ordunun buna yeganə
müqavimət göstərən qüvvə olduğunu yazmaqdadır. Görünür, Ohanyanın
bu cür bəh-bəhlə təriflənməsinin təşkilatçısı da məhz
Sərkisyandır.
Lakin Ohanyan hələ də əhali arasında gərəkən hörməti qazanmayıb.
Üstəlik sosial-iqtisadi şəraitin pisləşməsi İrəvanda hərbi nazirə
qarşı marağı soyudub.
Çox güman ki, Sərkisyan da bunu görür. Erməni liderin yaxın
zamanlarda onun nüfuzunu qaldırmaq üçün müəyyən radikal addımlara
gedəcəyini istisna etmək olmaz. Ona görə də əsas istifadə
variantının Qarabağ olacağını da ikinci plana atmaq gərək deyil.
Qarabağda vəziyyətin zərrə qədər qızışması (avqust hadisələrində
olduğu kimi – İ.H.) belə bunun üçün ideal imkan ola bilər. Böyük
ehtimalla Sərkisyana tabe olan media qurumları məhz bu məqamda
Ohanyanı qəhrəman kimi təqdim edəcəklər. Daha sonra isə əhaliyə
Qarabağda savaş mesajları sırınacaq.
Qarabağda lokal toqquşma ola bilərmi?
Bəs Kreml necə? Əslində bu bir tərəfdən Kreml üçün sərfəli
oyundur. Çünki xalqın gözündə yeni qəhrəman yaradılması Rusiyanın
burada maraqlarının daha çox qorunmasına gətirib çıxaracaq.
Üstəlik, Qarabağdan gələn savaş informasiyaları diqqətlərin
sosial-iqtisadi durumdan az da olsa ayrılmasına səbəb olacaq ki, bu
da Moskvanın xeyirinədir.
Sərkisyan Putindən Ohanyanı istəsə və bu variantı irəli sürsə,
çox güman ki, ikinci razılaşacaq. Beləliklə, Qarabağda yenidən
kiçik lokal toqquşmaya yaşıl işıq yandırılacağını düşünmək
mümkündür. Əlbəttə, bu dəfə də Qarabağda açılan hər atəşə görə
erməni mediası Azərbaycanı günahlandıracaq. Və "uğurlu əməliyyatla
düşmənin susdurulması" təbliğatı Sərkisyanın dayağı Ohanyanın
hakimiyyətin zirvəsinə yolunu açacaq. Bu isə sonradan Sərkisyanın
hakimiyyətə təsir etməsinə şərait yaradacaq.
Məhz buna görədir ki, Sərkisyan Levon Mnatsakanyanı Qarabağa
göndərdi. Ordunun silahla təhcizatı, ən gizli müqavilələrin
imzalanmasını həyata keçirən bu adam üçün Qarabağ özünü publikaya
tanıtmaq baxımından böyük imkandır. Movses Akopyana gəlincə isə
Sərkisyanın ən yaxın adamı hesab edilən qondarma rejimin hazırkı
lideri Bako Saakyanın dəstəklədiyi general üçün çox güman ki,
İrəvanda mühüm postlardan biri nəzərdə tutulub. Belə ki, hazırda
Ermənistanın Baş Qərargah rəisi olan Yuri Xaçaturov artıq yaş
senzini doldurmaq üzrədir. Sərkisyan məhz ordunun beyini hesab
edilən bu aparata özünün ən etibarlı adamını yerləşdirmək
istəyəcək. Bu, həm də Ohanyanın mövqelərinin möhkəmlənməsinə şərait
yarada bilər.
İstənilən halda Sərkisyan sakit oturmayacaq. Etdiyi son gedişlə
o, Köçəryanın hücumlarını dəf etmək üçün özünə sipər hazırlamış
oldu. O, bu sipərin arxasından qalxaraq hücuma yalnız əlindəki
Qarabağ kartını oynamaqla keçəcək. Məhz bundan sonra Kremldə
Sərkisyanın qələminin qırılıb-qırılmamasına qərar veriləcək.
Lakin bu siyasətdir. Siyasətdə isə hədəfə gedən yollar istənilən
zaman dəyişə bilər.