Adı rok qrupu, ya da şou proqram kimi beyinlərdə
assosasiya doğuran bu marginal təşkilat – "Boko Haram" niyəsə son
illərdə dəbə minib.
Dünənədək Nigeriyada baş kəsib, qan tökməklə ad çıxaran "Boko
Haram" haqda nə yazırdılar, nə də bu dəstənin fəallığı nəzərə
çarpırdı.
Yalnız "İslam dövləti", "Nusra Cəbhəsi", "Əhrar əşŞam" kimi
manqrutlardan təşkil edilmiş silahlı birləşmələr meydana çıxanda
uzaq Afrika qitəsində də "Boko Haram" nəyin haram, nəyin halal
olduğunu diktə etməyə başladı. 2002-ci ildən bəri fəaliyyətdə olan
"Boko Haram" yalnız 2010-cu ildə ABŞ, 2014-cü ilin mayında isə
BMT Təhlükəsizlik Şurası
tərəfindən terror təşkilatları siyahısına
salındı. Geridə qalan 12 il ərzində törədilmiş cinayətlərdən isə
"tərəqqipərvər dünya" ya bixəbər olub, ya da seyrçi mövqeyində.
Kimisi bu terror qruplaşmasını Afrikanın Talibanı, kimisi
Əl-Qaidəsi hesab edir. Əsl adı isə "Camaatu Əhlus-Sünnə lid-Dava
vəl Cihad" olan terrorçu hərəkat Nigeriyanın radikal islam sektasıdır. Məhəmməd Yusif
adlı şəxs tərəfindən yaradılan təşkilatın məqsədi Nigeriyada
şəriətin tətbiqi və Qərb həyat tərzinin silinməsidir. Seçkidə
iştirak, köynək və şalvar geyilməsi də qadağandır.
Maraqlıdır ki, "Boko Haram"ın ambisiyaları bu ölkə hüdudlarını
aşmır. Məsələn, İŞİD-in "terror xəritəsi"ndə Qafqazdan ta
Avropayadək yürüş planları nəzərdə tutulub. "Boko Haram" isə
müsəlmanların Qərb cəmiyyətinə bənzər istənilən ictimai-siyasi
fəaliyyətini haram sayır.
Maiduguri şəhərində mənzillənmiş terrorçulara yerli sakinlər
lakonik şəkildə "Boko Haram" deyirlər. Hausa dilindən bu ad "Qərb
təhsili haramdır" kimi tərcümə edilir…
***
Məhəmməd Yusif
müsəlman məktəbləri və məscidi əhatə edən dini kompleks yaratmışdı.
Nigeriyadan və qonşu ölkələrdən bir çox yoxsul müsəlman ailələr
uşaqlarını bu məktəbə qoyurdular. 2003-2009-cu illər "bokoçular"
üçün durğunluq dönəmi də sayıla bilər. Amma 2009-cu il "cihad"çılar
üçün ağır bir sınaq dövrü oldu.
Maiduguridə şiddətli toqquşmalar baş verir; inzibati binalara,
polis məntəqələrinə hücumlar zamanı yüzlərlə "bokoçu" öldürülür,
minlərlə sakin şəhəri tərk edir, təhlükəsizlik qüvvələri qrupun
mənzil qərargahını ələ keçirir, döyüşçüləri həbs edir, Məhəmməd
Yusif öldürülür.
Onun cəsədi dövlət televiziyası ilə nümayiş etdirilirək
təşkilatın məhv olduğu açıqlanır. Çox çəkmir ki, Əbubəkr Şeka "Boko
Haram"ın liderliyinə gətirilir.
Bu müddətdə kilsələr, avtobus dayanacaqları, barlar, hərbi
kazarmalar, polis məntəqələri və hətta paytaxt Abucada BMT
mənzil-qərargahı hücumlara məruz qalıb.
Nəhayət, 2013-cü ildə Prezident Qudlak Conatan ölkənin 3 şimal
ştatında - Borno, Yobe və Adamavada fövqəladə vəziyyət rejimi elan
edir. Həmin ərazilərdə qoşunların yerləşdirilməsi yaraqlıların
əksəriyyətini Maidugurini tərk etməyə məcbur edir. "Boko Haram"
Kamerun sərhədi boyu ucsuz-bucaqsız Sambisa
meşələrinə çəkilməli olur.
Bu yaraqlılar 5 ildir ki, ölkədə ciddi mübarizə aparır, 4 min
adam öldürüb, yarım milyon adam öz ölkəsində məcburi köçkünə
çevrilib. Təkcə bu il ölənlərin sayı 1500 olub.
***
İndi qarşıda duran sual onların məktəblərdən niyə qızları
qaçırmasıdır.
Əslində, "Boko Haram" döyüşçüləri öz arvad-uşaqlarının hökumət
tərəfindən həbs edilməsinə adekvat olaraq bu addımları atırdılar.
Sonradan tərəflər arasında girov mübadiləsi keçirildi, qadın və
uşaqlar azadlığa buraxıldı.
Amma indi məktəblərdən yüzlərlə qız uşağının qaçırılması alver
məqsədi ilə həyata keçirilir - "bokoçu"lar da qazanır, alanlar da.
Terror təşkilatları biznes-kultdur, kimlərsə kondisionerli otel
otaqlarında şərab içərkən öz qurbanlarını yetişdirməyin yollarını
düşünürlər – həşşaşilərin lideri Həsən Səbbah kimi…