Günlərdir bu yazını yazmaq haqqında
düşünürdüm.
Hadisə baş verən gün balaca bir yazı yazdım, amma yayımlamadım.
Daha doğrusu, hadisəni bir az soyuqqanlı araşdırmaq istədim. İnanın
ki, hər iki tərəfi tanımıram, sadəcə mətbuatda yazılanlardan
bilirəm və izləyirəm. Bir ata sözü var bizdə. Deyir ki, "İmam üçün
ağlayanda, bir az da Yezid üçün ağla". Bu hadisədə sadəcə bir tərəf
mühakimə edildi, mətbuatımız, sağ olsun, ortalığı elə bir vəlvələyə
verdi ki, kimsə bu hadisənin pərdəarxasına görmək, olaya başqa
acıdan baxmaq istəmədi. Azərbaycan adına qazanılan sözün əsil
mənasında böyük qələbənin üzərinə qanla və ölüm hadisəsiylə kölgə
salındı. Söhbət "Qəbələ" komandasının Kiprin yunan tərəfinin
"Apollon" komandası üzərindəki möhtəşəm qələbəsindən sonra baş
verən hadisələrdən və bu hadisə sonunda döyülən, sonra da
xəstəxanada həkim etinasızlığının qurbanı olaraq faciəli səkildə
ölən fotoqraf Rasim Əliyevdən gedir.
Bəri başdan deyim ki, bu hadisə mənə çox pis təsir etmişdi, gənc
bir insanın həyatı söndürülmüşdü, ocağına atəş düşmüş, ana və
atasının ürəyi dağlanmışdı, əzizlərini itirən birisi olaraq onların
acısını anlıyır və paylaşıram.
Ancaq bu hadisədə mənim anlaya bilmədiyim bəzi xüsuslar var ki,
onu araşdırdım və sizlərlə onu paylaşacam.
Birinci, kimdir bu "qudurğan" Cavid Hüseyinov? - deyə
araşdırdığımda qarşıma çıxanlar bunlar oldu:
Atası Abbasov Şakir Hüseyin oğlu 1955-ci ildə Cəbrayıl rayon
Qaracallı kəndində anadan olub.1993-cü ilin 28 dekabırda Ağdamda
şəhid olub.
Atasının bibisi oğlu Allahvediyev Hikmət Əsəd oğlu.1965-ci il
Qaracallı kəndində anadan olub və 1992-ci ildə 28 iyunda Ağdərədə
şəhid olub.
Atasının bibisi oğlu Quliyev Sahib İslam oğlu - 1968-ci ildə
həmin kənddə anadan olub və 15 avqust 1992-ci ildə şəhid olub.
Atasının bibisi oğlu Mehtiyev Zaur Murad oğlu - 1975-ci ildə Bakı
şəhəri Binəqədi rayonunda doğulub və 25 aprel 1994-cü ildə Tərtərdə
şəhid olub.
Yenə Cavidin ailəsindən Əliyev Samir Qədir oğlu - 1978-ci ildə
Qaracallıda doğulub, 1993-cü ilin 15 avqustda şəhid olub.
Bunları sadalamaqda məqsədim heç də baş verən olaya haqq
qazandırmaq deyil. Sadəcə, Cavidi tanımağınızı istədim. Ailəsindən
bu qədər şəhid verən bir insan heç vaxt, birilərinin dediyi kimi,
"qudurğan" ola bilməz, olmamalıdır.
Mən heç də o fikirdə də deyiləm ki, kiminsə suçu varsa,
cəzalandırılmamalıdır. Lakin ortada başqa oyunlar dönürsə, bu
qətllə başqa hadisələrin üstü örtülməyə çalışılırsa, susmamaq
lazımdır. Nədən kimsə Kiprin yunan tərəfindəki oyun zamanında baş
verən hadisələrə diqqət yetirmir, ancaq o oyunda Cavidin məlum əl
hərəkəti qabardılır? Cavid o qədərmi tərbiyyədən yoxsul idi ki, onu
izləməyə gələnlərə qarşı onu edirdi? Təəssüf ki, içimizdəki türk
düşmənləri daim bizdən bir addım irəlidədirlər. Məhz onların
səs-küyü nəticəsində Kiprin yunan tərəfi mətbuatda "Yunan Kipri"
kimi yanlış təqdim olunmaqla qalmadı, türk düşmənlərinin həmin
oyunda bayrağımızı yandırmaları, futbolçularımıza su şişələri
atmaları da "görməzdən gəlindi". Kimsə rumların bayrağımıza və
bayraqlarımıza qarşı bu tərbiyyəsizliyinə səsini çıxarmadı. Ancaq
Cavidin sırf yunanlara inad meydana Azərbaycan və Türkiyənin
bayraqları ilə çıxması içimizdəki "yunanlar"ı bərk narahat
etdi.
Və son hər iki gənc üçün acınacaqlı oldu. Bəlkə də Rasim
xəstəxanadan sağ-salamat çıxsaydı, özünün dostuna dediyi kimi,
Cavidlə dostlaşıb bərabər "Panatinaikos" matçına yollanacaqdılar.
Xəstəxanadakı görüntüləri də göstərirdi ki, Rasim üç-beş özünü
bilməzin hücumuna məruz qalsa da, ölüm ondan uzaqdır. Ancaq
ölüm maşınına çevrilən səhiyyəmiz daha bir gənci əlimizdən
aldı. Hər kəs Cavidi qınayır, ancaq kimsə geriyə baxıb,
həkimlərin məsuliyyətsizliyini görmək istəmir. Sanki bütün
girişləri qapadıb, daşqının ancaq Cavidin üzərindən keçilməsini
istəyirlər. Heç döyənlər bu qədər linç olunmur, Rasimə bir çırtma
belə vurmayan, ona görə döyüldüyünü eşidib, xəstəxanaya qaçan Cavid
qatil kimi təqdim olunur.
Deyirlər ki, cinayəti bilib, gizlədib. Birincisi, Cavid bildiyi
zaman ortada ölüm hadisəsi yox idi, döyülmə faktoru vardı. Fərz
edək ki, elə ölüm faktoru var idi. Kim bu vaxta qədər cinayət
işləmiş dostunu, qohumunu polisə təhvil verib? Kimdə belə ürək var?
Cavidi cinayəti bilib gizlətməkdə ittiham edənlərin hansı öz
qohumunun cinayətini bildiyi zaman polisə şikayət edər? İnciməyin,
hamımız azərbaycanlıyıq və mental dəyərlərimiz hər zaman hüquqdan
üstün olub və belə addım atana, nə qədər doğru addım atsa da, kimsə
yaxşı baxmaz. O ki qaldı, beyni qanlı gənclər ola...
Nə isə... Türkiyədə Hrant Dink küçənin ortasında öldürüldü. Hər kəs
onun qətli və qatili ilə məşğul olarkən, biriləri Türkiyənin altına
dinamitlər qoydu və partlatdı.
Nədənsə, bu ölüm hadisəsi ilə o hadisə arasında çox bənzərliklər
görürəm. Azərbaycan Prezidenti cənab İlham Əliyev və Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın idmana göstərdiyi qayğının
müqabilində idmançılarla bağlı bu kimi xoşagəlməz halların baş
verməsi və hansısa məsuliyyətsiz gənclərin qəbuledilməz hərəkətləri
üzərindən idmana olan qayğının tənqid olunması üzərində də
dayanılmalıdır. Sanki gözəgörünməz bir əl dirijor çubuğu ilə media
və ictimaiyyəti tamamilə yanlış tərəfə yönləndirir. Medianı
anlayıram, həmkarlarını itiriblər və yaralıdırlar. Çalışaq
acımızdan birilərinin istifadəsinə imkan verməyək. Allah Rasimə
rəhmət etsin, yaxınlarına səbr versin, günahsızsa, Şəhid oğlu
Cavidin qapısını açsın ki, Qarabağ uğrunda canını fəda etmiş
atasının ruhu rahat uyusun və Azərbaycanımızı qorusun! Amin!
Musavat.com