Günlərdən bəri səssizcə sosial medianı izləyirəm. Hər
yazını oxuyuram, ancaq susuram. Bu gün susqunluğumu pozub, məsələyə
nöqtə qoymaq istədim. İlk öncə bilməyinizi istəyirəm ki,
səssizliyimin tək səbəbi sizə olan sayğımdır.
Həyat yoldaşım Sabir Rüstəmxanlının builki seçkilərdə iştirakı
əngəllənəndən sonra hər bir Azərbaycan vətəndaşı kimi mən də
millətimin səsi olmaq üçün bu marafona qoşuldum və Sumqayıt 42
saylı ikinci seçki dairəsindən MM-ə namizədliyimi irəli sürdüm. Mən
ilk dəfə 2005-ci ildə seçkilərə qatılmışdım və çox uğurlu bir seçki
kampaniyası aparmışdım. O zaman seçkilər daha demokratik keçirdi və
hər hansısa bir əngəllə qarşılaşmamışdım. Sadəcə olaraq, bir evdən
iki namizəd olmasın deyə geri çəkilmişdim. Deməyim odur ki, mənim
bu sahədə yetərincə təcrübəm var və qanunları yaxşı deyil, çox
yaxşı bilirəm. Bilmədiyim isə oyunun yazılmamış qaydalarıymış ki,
onu da bu seçki marafonu başlamamış önümə çəkilən əngəllər
sayəsində öyrənmiş oldum. Təfərrüat qoy məndə sirr olaraq qalsın.
Hər şər görünəndə xeyir, xeyir kimi görünəndə isə şər var. Bəlkə də
dostlarım çox üzüldü, ancaq mən bu oyundan xeyirlə çıxdım. Bu
seçkidə Böyük Türk Millətinin özümə olan münasibətini, dostlarımı,
analıq etdiyim yüzlərlə övladımı, ürək yandıranlarımı, eyni zamanda
əlindən tutaraq, göz yaşını sildiyim dost bildiklərimi, millətim
içində düşmən axtarmadığım üçün düşmən adlandırmayıb, "gərək-görək"
dostlarını da tanıdım. Xüsusilə, təşəkkür edəcək söz tapa
bilmədiyim Türkiyədən və Türk Dünyasından mənə qarşı edilən
haqsızlığa etiraz edən yüzlərlə mərd insanı tanıdım. Mənim
namizədliyim üçün səs verib haqsızlıq qarşısında susmaq istəməyən
seçicilərimi - qan qardaşlarımı-bacılarımı tanıdım.
Bəlkə də millət vəkili olsaydım, bu qədər sevinməzdim. Ancaq
əmin olun ki, mənə imza verən hər bir vətəndaşın səsi olacağam.
Basqılara rəğmən geri çəkilməyib yanımda dayanan hər bir vətəndaşın
vəkili olacağam. Sizlərin sevgisi heç bir mandatla əvəzlənməyəcək
qədər dəyərlidir. Siz mənə bir daha türk olmağın qürurunu
yaşatdınız. Bəzi insanlara ADAMlıq dərsi verdiniz, vəfa örnəyi
oldunuz. Sizin verdiyiniz vəkillik mandatı əbədidir və mən onu
gözüm kimi qoruyacağam.
Biz Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış
insanlarıq. Həyat yoldaşım Sabir Rüstəmxanlı bu millətin
müstəqillik aktına imza atmış bir kişi, yeni tarixə öz möhrünü
vurmuş bir türk böyüyüdür, mən isə 25 ildir türk dünyasının birlik
və bərabərliyi uğrunda mübarizə aparıram. Bu şərəf bizə yetər! Mən
Qarabağ savaşında bölgələri qarış-qarış gəzəndə, qaçqınlara yardım
aparanda, Şəhid analarının acılı göz yaşlarını siləndə, bu gün
qarşıma keçib mənə əngəl törədənlər, haradaydınız? Harada
olduğunuzu bilməsəm də, o ər meydanında olmadığınızı gözəl bilirəm.
Bəziləriniz xəstəlik kağızı alaraq evinizdən kənara çıxmırdınız,
bəziləriniz isə uzaqdan ölkənin ağır durumunu izləyirdiniz...
Biz bunları heç vaxt yazmadıq, demədik, düşündük ki, bu bizim
Vətən qarşısındakı borcumuzdur. Amma indi görürəm ki, bu tarixi
yazmaq lazım imiş və o zamanlar topladığım faktlardan ibarət bir
kitab yazmağın vaxtıdır. Yazmayanda, deməyəndə bəziləri gerçəkləri
saxtalaşdırır və uğurları öz adlarına yazırlar. Ulu öndər Heydər
Əliyev Ağdamın Quzanlı kəndində topun-tüfəngin səsləri altında
iclas geçirəndə o iclasda mən varıydım, sizlər hardaydınız? Gecəylə
Axıska türklərini Balakən və Zaqatala bölgəsinə yerləşdirməyə
aparanda, Tərtərin ən ağır günlərində, Ağdərənin savaşdığı
günlərdə, qaçqının-köçkünün önündə mən vardım, siz haradaydınız?
Kim o zaman hansı qanadın altında gizlənib, hamısını bilirəm. Ancaq
bu zamana qədər ona görə susmadım ki, siz bu xidmətlərim
qarşılığında haqqımı yeyib, özümü də borclu çıxarasınız. Bunun adı
allahsızlıqdır!
Mənim isə Allahı olmayanlarla işim olmaz! Mən sizin şərrinizdən
Haqqa sığındım və hər şeyi Onun ədalətinə həvalə etdim! Ancaq
unutmayın ki, mən həmişə dövlətimin əmrindəyəm. Hər zaman
dövlətimin yanında oldum və şəxsi mənfəətimi nə dövlətimdən, nə də
millətimdən üstün tutmadım, tutmaram! Bu qarşılaşdığım ilk
haqsızlıq olmadığı kimi, hamı bilsin ki, mən ayağı tapdalanan kimi
ölkəsinin əlehinə çıxanlardan olmadım, olmaram da!
Ancaq üstümüzə topla tüfənglə gəlmək istəyənlər də anlasın ki,
şəxsən mən savaş görmüş birisi olaraq qorxaq da deyiləm! Mən həmişə
vətən xainləri, türk düşmənləri ilə savaşdım və savaşacağam. Biz nə
rusun, nə erməninin uşağı olmadıq, biz türk oğlu türkük! Bizimlə
savaşacaqsınızsa, bunun untmayın. Türk adı altında gizlənən erməni
törəmələri, bizə qarşı kinlərini qusmaqdadırlar. Bəziləri də
qulaqdandolma ədəbiyyatlarla onlara "qılverənlik" edirlər.
Günahdır, etməyin! Bizimlə savaşacağınıza əsirlikdəki qız-gəlinimiz
üçün ermənilərlə mübarizə aparın. Mənim düşmənim ermənilərdir,
onlarla mübarizə aparıram. Budur sizi narahat edən?
Biz məqam-mövqe adamı deyilik. Bizim üçün millətə xidmət
əsasdır, mandat-vəzifə deyil! Bizim üçün seçki prossesi bitmişdir!
Hədəfimiz isə dəyişməyib! Bu günə qədər millətim və dövlətim üçün
hansı ürəklən xidmət etmişdimsə, eyni şəkildə davam edəcəyik
yolumuza!
Sonda bir daha mənə imza verən və bunun üçün xırda məmurlar
tərəfindən incidilən seçicilərimə təşəkkür edirəm və mənə görə
yaşadıqları o əzab-əziyyətə görə, halallıq istəyirəm. Mənim üşün
bitmiş olan seçki dönəmində dəstəyini əsirgəməyən bütün dostlarıma,
soydaşlarıma, Türkiyədən və dünyanın dörd bir yanından öz
mövqelərini açıqlayan insanlara təşəkkür edirəm! Mən həmişə türk
dünyasının səsi olacağam! Mən hər zaman sizin haqqlarınız uğrunda
mübarizədən geri çəkilməyəcəm! Qoy Milli Məclisə layiqli
namizədlərlə yanaşı layiq olmayanlar da seçilsin, ancaq artıq bu
prossesdə mən yoxam! Mənim vətənim böyük Turan, millətim türkdür!
Mənə sizin vəkiliniz olmaq yetər!
P.S. Bu günlərdə barəmizdə aparılan çirkin kampaniyalardan biri
də nəqliyyat naziri Ziya Məmmədovla qohumluq əlaqəmizdir. Biz türk
ailəsiyik və türk adət-ənənəsinə görə ailə qurularkən qohumlar
seçilmir. İki gənc bir-birini sevib, evləniblər. Bir şəxs
vəzifədəykən onunla qohum olmağı şərəf sayıb, "vuruldu" şaiyəsi
çıxar-çıxmaz qohumluqdan vaz keçənlər də bizi özləri ilə
qarışdırmasınlar. Bəli, Ziya Məmmədovun qardaşı İldırımın qızı
mənim gəlinimdir. Hər kəs bilsin ki, istənilən məqam-vəzifənin
gözümdə qızımdan ayırmadığım gəlinimin və nəvəm Mələyin dırnağı
qədər dəyəri yoxdur! Bu qədər çirkinləşməyin!"
Qeyd: Tənzilə
Rüstəmxanlının namizədliyi 42 saylı Sumqayıt Seçki Dairəsində qeydə
alınmayıb.