Sən hər zaman belə səssiz və sakitdin. Əlimdə böyüdün,
uşaqlığın gözlərimin önündədir.
Atamın, anamın sonbeşik qızı. Aramızda sənə "qızım" deyəcək
qədər yaş fərqimiz vardı…
Səndən başqa ailəmizdə daha beş bacı-qardaşım vardı, amma
nədənsə, səni hər zaman onlardan çox sevdim və sənə bir başqa
bağlıydım…
Gözlərində o qədər məsum bir ifadə var idi ki, o baxışlar hər
zaman içimizi titrədirdi.
Evimiz qonaqlı-qaralı olardı… Atamız çox qonaqsevərdi.
Gürcüstandan xalası uşaqları gələndə, sənin şeir söyləməni
istəyərdi, sən də utanıb qaçardın və yatağın altında, ya da qapının
arxasında gizlənərdin... Atam sənə "mənim gözünün sürməsi özündən
qızım" deyərdi… Gözlərin çox gözəl, təmiz və məsumdu,
mənalıydı...
İllər keçdikcə biz böyüdük və ata yurdumuzu bir-bir tərk etməyə
başladıq, evlənən evləndi, oxuyan oxumaq üçün getdi… Sən böyüyüb
orta məktəbi qurtardığın zaman mən artıq iş-güc adamı olmuşdum və
Bakıda yaşayırdım. Bir gün evimizi aradım, telefonun dəstəyini sən
qaldırdın, keyfini soruşduqda, "mən də oxumaq istəyirəm, adam olmaq
istəyirəm, sənin yanında olmaq istəyirəm" dedin… Səsin içimi
titrətdi və bir gün sonra artıq mənim yanımdaydın. Gəliş o gəliş və
biz bir daha ayrılmadıq, o məlum qəzaya qədər…
Sən oxudun Adam oldun, həm də Adam kimi Adam oldun… Sevdin,
evləndin, mən səni öz əlimlə telli-duvaqlı gəlin etmişdim… Sənin
elə bir gözəl toyun oldu ki, səsi hələ dağlardan getməyib. Taleye
bax ki, biz səninlə qayınxatını olmuşduq. Səni qayınatamız Xudu əmi
hər kəsdən çox sevmişdi… Atamız Yolçu kişi dünyasını dəyişəndə bir
tək sənin əlini əlimə verərək "Onun əlini buraxma" demişdi. Mən
sənin əlini heç buraxmadım, Könülüm…
Sənin övladlarını öz övladlarımdan heç ayırmadım, Könülüm… Hara
getsəm, dönüşdə yanına hədiyyəsiz dönmədiyim insandın… Bilmirəm
nədəndi, ancaq üzü güləndə güldüyüm, kədərləndiyində özündən çox
üzüldüyüm insandı Könülüm…
Bəzən mən sənə hirslənərdim, Sən də məndən küsərdin, sonra da
gizli-gizli iş telefonuma zəng edib səsimi duymaq istəyərdin, mən
"alo" deyərdim, sən susardın, mən də nəfəsindən bilərdim sən
olduğunu, təkrar-təkrar kimsiniz deyərdim və biz səninlə beləcə
həsrətimizə son qoyardıq. Sənsiz çox darıxırdım, fürsət tapan kimi
işdən nahara sizə gələrdim. Çox sevinər və o nahar yeməyi bambaşqa
olardu… Səndən qohum-qardaşda nələr olduğunu öyrənər, kimin nə
problemi olduğundan xəbər tutardım. Çünki sən hamıya "o iş
adamıdır, yormayın" deyib, hamı ilə özün danışar, hamının dərdini
sən dinlərdin və mənə vacib olanı çatdırardın.
Sən məndən daha yaxşı gəlin oldun… Sən məndən daha yaxşı bacı
oldun… Sən məndən daha yaxşı övlad oldun, ey atamın gözləri və ruhu
gözəl qızı…. Dik duruşlu, iffətli, abırlı, qürurlu, şərəfli,
əsalətli, namuslu, həyalı Gəlin! Əsalət və Əxlaq qanla gəlir… Sən
çox gözəl bir nəslin qızısan, mayan təmizdir və damarlarında çox
Şərəfli bir Ananın və Atanın qanını daşıyırsan... Qanı təmiz gözəl
qız, ondandır ki, anamız kimi çox gözəl bir ana oldun... Oğlu
Tengizə, qızı Dənizə sevdalı gəlin, ay gəlin…. Gəlin getdiyi yerdə
gəlinlərin gözü olan Gəlin… İnsan kimi insanlığa örnək olan
Könül...
Bəzən Allahım şeytanın çox olduğu yerə Sənin simanda mələklər
göndərər. Sən yer üzünə göndərilən, olduğun hər yerdə insanlara
örnək olan gözəllik mələyi idin, Könülüm… Evini namusunla alınmaz
qalaya çevirmişdin, bəzən səni üzənlərə belə o gözəl gözlərinlə
gülümsəyərək baxardın, səbrlə Adam olmağın nə olduğunu öyrədərdin….
Sən çox şeylər öyrətdin ailənə, gözəl Gəlin... Ana kimi Sənin İki
böyük Şah əsərin var: Tengiz və Dəniz.
Elə sənin ruhunu hər kəsdən daha yaxsı duyan Aydanım belə sənin
əsərindi. Biz Millət və Vətən deyərək özümüzü yollara vuranda
Cəmilimin anası olan anamın gözəl qızı.
Bilmirəm ki, səni necə anladım… Sən nə etdiyinin fərqində belə
deyilsən… Sən çox mərhəmətli bir qızdın, Könülüm… Bu qədər
zalımlığı və qəddarlığı nə zaman öyrəndin? Arxanda nə qədər yaşlı
göz buraxdığını bilirsənmi? Bəs sən Tengiz və Dənizə aşiq idin?
Bizi bir kənara qoy, onlara necə qıydın, onları niyə boynubükük və
gözləri yaşlı qoydun? Mən sənin əlini heç buraxmadım, sən niyə məni
buraxdın, mən sənə nə etmişdim? Səni çox sevən bir ürəyim var, onu
belə istəsən, sevə-sevə verərdim… Bilirəm, ətrafın səni haqq
etmədi... Sən insanların nifrət etdiyi "ölüm"ü belə gözəlləşdirmək
üçün seçdin... Allahımın səni çox sevdiyini bilirəm. Məkanın cənnət
olacaq, gözəl Gəlin…
Mənim üzülməyimi heç istəməzdin, heç vaxt da məni üzmədin, o
məlum qəzaya qədər...
Sən sevdiklərini qorumaq üçün fədakarlıq edən bir insandın…
Bəlkə yenə də sevdiklərini qorumaq üçün getdin… Həm də bu dünyada
çox sevdiyin həyat yoldaşın Şahbazın qollarının arasında… Ey
yolunda yol olduğun ata əvəzi qayının Sabir Rüstəmxanlının sevgili
gəlini, onu hər kəsdən daha çox üzdün…
Səndən sonra əlimiz qoynumuzda, gözümüzdə yaş, dilimizdə sən
varsan… Acımız çox böyükdür. Bu dünyadan Sənin simanda bir SAFLIQ
getdi.
Gülüşünlə və üzünün nuruyla ətrafına təmizlik saçırdın…
Sənə "bu gün yoxsan" deməyə dilim də, qəlbim də üsyan edir…
Çünki ürəyimizin ən isti yerindəsən… Tengizimin, Dənizimin,
Cəmilimin, Aydanımın gözlərindədir gözlərinin gözəlliyi,
baxışlarının saflığı… Mən onlardan təsəlli tapacam, qəlbim qan
ağlasa da…
Üsyan etmədim, etmirəm, Allahım səni yanına aldı deyirəm, Onun
sevgili qulu olduğun üçün… Anana, Babana və cavan qardaşın Xanlara
qovuşdun… Mən səni o qəzadan qoruya bilmədim, onlar səni
qorusun…
Hamımızın balaca bacısı, bizi orada qarşılamaq üçün getdin. Anan
yerinə qoyduğun Nazilə bacının ürəyi yanğın yerinə döndü. Ağılar
dilində gül açdı, Könül oyansın deyə... Şahbazın gözü yol çəkir,
səni apardığı yollardan sağ-salamat dönəsən deyə. "Kaş
aparmasaydım" deyir, bilirəm, hələ çox "kaş" deyəcək. O qədər çox
"kaş"lar var ki...
Yatdığın torpağı öpərək, "görüşəcəyik" deyirəm, Sultan
Könülüm…
Qeyd: Acımızı paylaşan, dərdimizə ortaq, bu ağrılı günümüzdə
bizi yalnız buraxmayan bütün dostlarımıza təşəkkürümü
bildirirəm.
Xatırladaq ki, tanınmış naşir Şahbaz Xuduoğlu
fevralın 11-də Yardımlıdan əmisinin yas mərasimindən qayıdarkən
qəzaya düşüb və həyat yoldaşı Könül Yolçu qızı Rüstəmxanlı
dünyasını dəyişib.