7 oktyabrda BMM-də keçirdiyimiz Azərbaycanın
müstəqilliyinin 25 illiyinə həsr olunmuş bir tədbirə əsasən
ziyalılarımızı və mətbuatımızı dəvət etmişdik. Məqsədim sadəcə 18
oktyabrın önəmini bir daha xatırlatmaq, gündəmə gətirmək, bu
millətin mustəqilliyə qovuşmasında əməyi və haqqı olan hər kəsi
minnəttarlıq hissi ilə anmaq idi. Yaxın tariximizdə baş vermiş bu
önəmli hadisənin unutdurulmaması üçün gündəm yaratmaq və İstiqlal
Aktına imza atan millət vəkillərinə təşəkkür etməkdən başqa bir
məqsədimiz yox idi.
Tədbirdə iştirak edən millət vəkilləri və ziyalılarımız da
çıxışlarında bunu edirdilər. Millət vəkili Qüdrət Həsənquliyev öz
çıxışında Müstəqillik Aktında imzası olan millət vəkillərinə
"İstiqlal" ordeninin verilməsini belə təklif etdi, Fazil Mustafa da
o günün önəmini və o gün üçün mübarizə aparmiş insanlarin millətin
taleyində oynadıgı rolu bir daha qeyd etdi. Millət vəkili Fəzail
İbrahimli Azərbaycanın mustəqilliyə gələn yolunun tarixi
həqiqətlərindən, millətimizin azadlığa qovuşmaması üçün rus ve
ermənilərin işbirliyindən danışdı. O günlərin canlı şahidlərindən
biri və Müstəqillik Aktında imzası olan Firudin Cəlilov da bu
günlərimiz üçün o zaman çəkilən çilələri, çətinlikləri, acıları və
ağrıları anlatdı.
Azadliq hərakatının liderlərindən biri Sabir Rüstəmxanlı da o
günün qəhramanlarının bu gün yaşadıqları çətinlikləri, onlara
edilən haqsızlıqları dilə gətirdi. Bəzi çıxışlardan sonra söz
istəyən Yasəmən Qaraqoyunluya çox böyük bir ehtiramla söz verdim.
Yasəmən xanım sanki o tədbirdə olmayan birisi kimi çıxışçıların heç
birini dinləməmişdi, çox aqressiv bir şəkildə bizi ittiham etməyə
başladı ki, bəs niyə bura Əli Kərimli, İsa Qəmbər dəvət olunmayıb?
Qüdrət Həsənquliyev lider olmayıb (qeyd edim ki, Qüdrət bəy
tədbirdən gedəndən sonra Yasəmən xanım bunları dedi),
falan-filan.
Yasəmən xanımın çıxışı tam bir provakasiya xarakterliydi,
tədbirin əhəmiyyətinə kölgə salmaq, ara qarışdırmaq, iş görmək
əvəzinə söz oyunu etməkdən başqa bir şey deyildi. Mən xanımın
çıxışına cavab vermək zorunda qaldım, kimsənin şəxsiyyətinə
toxunmayacaq, alçatmayacaq bir şəkildə fikirlərimi söylədim və
"sənin lider saydığın adamları mən lider saymıram" dedim. Xarici
fondlardan maliyə alaraq öz dövlətinə düşmənçilik edənləri tənqid
etdim. "Bəzən ermənidən daha betər düşmənçilik edənlərimiz var"
dedim; M.Ə.Rəsulzadənin də haqqı yeyilməməli, Əbülfəz Elçibəy də bu
ölkənin prezidenti olub və milli azadlıq hərakatının liderlərindən
biridir, onun da xidmətləri danılmamalı, Heydər Əliyev də bu
ölkənin prezidenti olub, ölkəni bölünmə təhlükəsindən qoruyub,
dövlət müstəqilliyimizi möhkəmləndirib, ona da haqsızlıq
edilməməlidir. Mənim xanıma verdiyim cavabın mahiyəti bundan ibarət
idi. Yaxşı ki, kameranın yaddaşında tədbirdəki bütün çıxışlar
olduğu kimi qalır.
İndi gələk iki gündən bəri sosial mediada açılan birtərəfli
müzakirələrə, təhqirlərə və yalanlara…
Sanki biri düyməyə basdı ki, içinizdə nə qədər kin və nifrət,
çirkab varsa, tökün bu ailənin üzərinə (eynən Ərgənakonda olduğu
kimi - onda da belə çirkabla gəlmişdilər üzərimizə. Zəkəriyyə Özün
hazırladığı ittihamnamənin düyməsini Fətullah Gülən basmışdı).
Birincisi, mənim kimi dəvət edib, kimi etməyəcəyim haqqında
kimsənin önündə götürdüyüm bir öhdəliyim yoxdur və buna da borclu
deyiləm. İkincisi, bu gün guya Əli Kərimlinin müdafiəsinə qalxaraq,
məni təhqir edenlərə bir sualım var: 1999-cu ildə sizin bir
çoxunuzun da təmsil olunduğunuz AXCP üzvülərinin əksəriyyəti onu və
xanımı Samaranı təhqir edəndə onu sizlərin şərindən qorumaq üçün
tədbir təşkil edərək, "Ədalət Qılıncı" təqdim etmişdim; Əli
Kərimlidən soruşun sizə söyləsin ki, o qılıncı ona kim təqdim
etmişdi. Zaman o zaman idi ki, indi söydüyünüz iqtidarla Əli bəyin
heç bir problemi yox idi, onu və ailəsini sizin əqidə yoldaşlarınız
təhqir edirdi. Mən Tənzilə Rüstəmxanlı isə bir çox təhqirləri gözə
alaraq Əli Kərimliyə bir övladım kimi sahib çıxmışdım. Demkonqres
parçalananda təhqir etdiyiniz Sabir Rüstəmxanlı bir ata qayğısıyla
onu qorumuşdu və buna görə yenə sizin əqidə dostlarınızın
təhqirlərinə məruz qalmışdı. Nə acı ki, bu gün o, sizlərin məni
təhqir etməsinə baxaraq əllərini ovuşdurur. Hər kəs əslində
mahiyətini ortaya qoyur. Tökün ətəyinizdəki daşları, yalanlarınız
sadəcə öz ayağınıza dolaşar.
Mənə sual ünvanlayanlardan biri də Turqut Ərdir ki, Azərbaycanda
1992-ci ildən 2000-ci ilə qədər Türkiyəmizin səfirliyində mətbuat
müşaviri olaraq çalışmış və sonra burdan göndərilmişdir. Səbəbini
özü bilir. Burda olduğu müddətdə bir və ya iki dəfə toplantılarda
görüşmüşük. Ondan sonra onunla heç qarşılaşmamışam. Turqut bəy,
soyadın Ər olunmasıyla insan ər olmaz! Ərlik türk kültüründə qadına
sayğıdan başlayır. Bizim kültürdə ər savaşına ərənlərlə gedərdilər,
yoxsa feys səhifələrinin arxasına gizlənənlərlə mənim işim olmaz.
Mən yeddi cəddimi bilirəm və şəcərəmi də 15 il öncə "Dumanda itən
vətən" kitabında yayımlamışam. Yeddi göbək babalarım türk oğlu
türkdür. Türk olmağımla hər zaman qürur duymuşam. Səni üzmək
zorundayam. Soyumda-sopumda heç qanı qarışıq yoxdur. Məni bilənlər
bilir ki, hər zaman sözümün əri olmuşam. Türk milliyətçisiyəm. Bu
nə zamana, nə də məkana görə dəyişər!
Elçibəylə bağlı sözlərində də səmimi deyilsən. Əgər gerçəkdən
Elçibəyi sevsəydin, illər uzunu onu söyən və ona xəyanət edən
adamların sözcülüyünü yapmazdın. Elçibəyi özünə qalxan etmə, o bir
türk böyüyüydü. Onda türk əxlaqı vardı. Mənə atdığın bu böhtanlara
görə sənin başına dünyanı dar edərdi. Mənim qohumlarımın kim
olduğunu araşdırmadan öncə bir öz soykökünə bax. Gör orda erməni
qarışığı varmı?
Azərbaycanda göreşənlik edəcəyinə, bax gör Türkiyədə türk
soyundan olan nə qədər nazir, başnazir və cumhurbaşqanı var. Bizdə
dövlətin məqamlarına sayğılı olurlar, yoxsa ölkənin başında durmuş,
ona xidmət göstərmiş və dünyasını dəyişmiş bir dövlət adamını sənin
kimi söyüş söyüb təhqir etmirlər.
İllərdir Azərbaycana düşmən mövqeyində durmusan. Kim Heydər
Əliyevlə bağlı bir kələmə yaxşı mənada söz söyləyibsə, elə bil
sənin anana, arvadına söyür. Həmən iftira makinanı işə salırsan.
Burdan sənə yüzlərlə qatı açılmamış söyüş göndərərdim, amma bunu
zəif və cahil adamlar edər. Bu mənim işim deyil. Sənə burdan
səslənirəm: Mənimlə bağlı irəli sürdüyün o ittihamları kanıtlayacak
faktları ortaya qoymasan, səndən şərəfsiz adam elə sən özünsən.
Heydər Əliyev Azərbaycanın prezidenti olub. Böyük dövlət adamı,
ölkəmi təmsil edən atributlardan biri olub. Əlbəttə, Türkiyədə və
başqa yerlərdə sənin kimilərin onu təhqir etməsinə imkan
verməmişəm. Çünki mənim dövlət məqamına sayğım var və türk
əxlaqından danışanın bunu bilməsi gərəkir. Qaldı ki günlərdir
iftira maşınlarını işə salaraq öz çirkablarını bizə atmaq istəyən
"bəy" və "xanımlara", onların da kim olduğunu öyrəndikdən sonra
içim çox rahatladı. Necə deyərlər, "dinimə söyən müsəlman olsa
barı".
Avropada yaşayan və Əli Kərimlinin silahşorluğünü yapan
jurnalistin xanımının kaseti yayımlanıb. Məni söyən və mənə sus
deyən xanımın isə kaseti sosial mediada dolaşırmış. Sizin əxlaq
meyarınızın ölçüsü budurmu?
Avropaya sığınaraq, məni söyən "vətən sevərlər" orda erməni və
Ermənistanın Azərbaycanın Qarabağ torpaqlarının işğalı barədə bir
yazınızdan, Xocalı soyqırımı ilə bağlı təşkil etdiyiniz bir
konfransdan, erməni əsirliyində olan ananızın, bacınızın azad
olunması üçün gördüyünüz bir işdən danışa bilərsinizmi?
Ölkə başçısı Avropa ölkələrinə rəsmi səfərdə olanda ermənilərdən
öncə onu protest edəcək mitinqlər təşkil etməkdirmi vətənpərvərlik?
Bir erməni siyasətçisi, bir erməni alimi, qəzet yazarı göstərin ki,
sizlər qədər dövlətini, millətini və onun qadınını aşağılasın.
İllərdir ermənilərin Azərbaycana və türk xalqına etdikləri
zülümlərə qarşı mübarizə aparıram. Ermənilər belə sizin qədər bizi
təhqir etmədilər. Üzüldüyüm bu deyil. Hər kəs düşüncəsinə görə
əxlaq nümayiş etdirər. Məni üzən odur ki, bütün bu olayların
başında duran siyasətçilər Azərbaycan iqdidarına iddialı
olanlardır. İçinizi bürümüş bu kinlə, nifrətləmi Azərbaycanı idarə
etməyi düşünürsünüz? Allah bu milləti o gündən qorusun.
Qaldı ki Yasəmən xanımın adını çəktiyi liderlərə, konkret olaraq
İsa Qəmbərə və onun şəxsiyyətinə, hər zaman hörmətlə yanaşmışam.
Bunu hər kəsdən yaxşı o bilir. Yasəmən xanımın səmimiyyətinə şühə
etmirəm, o tam da başqa bir şey demək istəyirdi, olmadı. O düşündü
ki, sağlam bir siyasi müzakirə aça bilər. Əminəm, düşündü ki, bəlkə
illər keçdikcə adlarını çəkdiyi adamlar yaşa dolublar,
olqunlaşıblar və onlarla hansısa bir masanın arxasında oturub,
ölkə, millət məsələsini müzakirə edə bilər və ya siyasi polemikaya
girə bilər.
Amma o, daha bilmir ki, bu mümkün deyil. Alim xanım hardan
bilsin ki, müdafiə etdiyi cəbhənin insanları üçün müxtəlif
fikirlərə, söz azadlığına yer yoxdur. Orda ya bizdən olacaqsan, ya
da səni linçetmə kampaniyası başladacağıq. Nə yazıq ki, Yasəmən
xanım, zaman məni haqlı çıxartdı.
Çoxları indi əllərini ovuşdura-ovuşdura gözləyir ki, mən Yasəmən
xanım haqqında bir şeylər yazacam. Orda bir az durun! O, fikirini
dedi, mən də cavabını verdim və məsələ bununlada bitdi. Nəinki söz
demək, ona daş atanın başına mən qaya tullayaram. Sizdən fərqli
olaraq, mənim türk anasına sayğım sonsuzdur. Hələ ki, bu bir bilim
adamı ola.
Sonda onu demək istəyirəm ki, iftirayla, yalanla üzərimizə nə
qədər gəlsəniz də, unutduğunuz bir şey daha var. Yalanın ömrü çox,
həm də çox az olar. Gerçəklər gec-tez yerini tapacaq. Məni
sevindirən bir o oldu ki, deməli çox möhtəşəm bir konfransımız olub
ki, bu qədər səs-küyə səbəb oldu. Deməli yola davam…
Sizlər bizə ayaq bağı ola bilməzsiniz. Biz bu yola baş qoyanda
sizləri və yalanlarınızı gözə almışdıq. Hər zaman dövlətimin və
millətimin yolundayam, yanındayam. Allah bizi şeytanın şərindən
uzaq eləsin. Sizləri isə inancınız varsa, Allaha həvalə edirəm.
Namərd dostun olunca, mərd düşmənin olsa yaxşıdır.