Xan Altay
ucalığı
Altay, yəni Qızıl dağlar,
özünü türk sayan hər bir kəsin ömrü boyu heç olmazsa bircə dəfə
görmək istədiyi, ziyarətinə can atdığı sirli, qutsal bir yerdir.
Türk ruhundakı enerjinin köklərini duymaq istəyənlərin, tarixlə,
mifologiya ilə, türk dilləri və folkoru ilə maraqlananların dəli
sevdasıdır. Əfsanədir, nağıldır... Qədim türklər dağları canlı
sayırdılar, buna görə də onlara sevgiylə, ehtiramla XAN deyirdilər:
Xan Tenqri, Xan Altay...
(Əvvəli burada)
***
Oymaqlarda keçirdiyimiz günlərin hər birinin öz gözəlliyi və
unudulmaz yönləri vardı.
Yenə yolda gözləyirlər bizi. Ust Kan (Qan ağzı) rayon icra
hakimiyyəti başçısı Qriqori Nikolaeviç Pilkin (adı çaşdırmasın,
tərtəmiz altaylıdır) yüksək mədəniyyətli, təcrübəli, söhbətcil bir
adamdır. Köhnə dost kimi qarşıladı məni.
Yenə qonağa həsr olunmuş şeir səslənir:
"Göz yetməyən uzaqlıqdan gəldiniz, əziz qonaq. Atla çatmaq
olmayan yerdən gəldiniz, əziz qonaq. Yolunuz açıq olsun. Göydən
gələn Tanrı nemətlərinə qonaq olun, əziz qonaq. Bizim ağartışdan
yeyin ki, bərkətimiz artıq olsun".
Altayın bir il öncə dünyasını dəyişmiş məşhur qayçısı Aleksey
Kalkinin oğlu da bizi qarşılayanlar arasındadır. Atasının yolunu o
davam etdirir.
Yenə aşırımda ağaclara lent bağlayırıq. Sonra göz önündə seyrək
meşəli, bol otlu geniş bir vadi açılır. Burda vaxtilə Altayın ən
böyük qoyunçuluq təsərrüfatı olub, 90 min qoyun saxlayıblar.
Öncə Ust Kan muzeyinə baş çəkirik. Muzey böyük olmasa da,
altaylıların qədim mədəniyyəti, yaşayış tərzi, geyim-kecimi,
məişəti haqqında təsəvvür yaradır... Muzeyin maraqlı yönlərindən
biri burda tez-tez məktəblilərin rəsm sərgilərinin, bəzən də ayrıca
bir gənc rəssamın sərgisinin keçirilməsidir. Belə sərgilərə maraq
böyükdür və uşaqları muzeyə cəlb edir. Burda Altayda çox rast
gəlinən və bir-birini təkrar etməyən daş baba örnəkləri də var.
Yadıma Ağdamda Şahbulaq altındakı Daşbaba düşür. İndi yəqin ki,
ermənilər Pazıdık xalçası kimi onu da öz adlarına çıxırlar. Yəqin
imkanları olsa, bu Altay heykəllərini də erməniləşdirərlər.
Muzeyin maraqlı tərəflərindən biri də burda yaxın dövrlərə aid
olan eksponatlardır. Məsələn müharibə dövrünün məktubları... Bizdə
kəndlərimizdə nə qədər belə əhəmiyyətl və millətin ruhuna, taleyinə
işıq salan yazılar gərəksiz bir şey kimi atılıb gedib...
Muzeydən sonra Altay respublikasının turistləri ən çox cəlb edən
tarixi guşələrindən birinə - Denisov mağarasına gedirik. Dünənki
istidən sonra hava birdən-birə sərinləşib, yağış çiləyir. Yol
Dağlıq Altayda gördüyüm ən geniş çöllükdən, seyrək ağaclı,
parkabənzər meşələrdən, Altay, rus, qazax kəndlərindən keçir. Altay
dağlarına gələn yolun biri də budur. Vaxtilə N.K.Rerixin Altayı
öyrənən ekspedisiyası da bu yoldan keçıb. Həmin ekspedisiyanın
üzvlərindən biri qeydlərində yazırdı ki, yol və mənzərə
heyranedicidir, Rerixin xanımı mavi, çəhrayı, sarı, al çiçəklərin
xalısını görəndə ağlamaq dərəcəsinə gəlmişdi.
Altayların Ayu Daş dedikləri rəsmi yazılarda Denisov mağarası
olub və yerlilərin də təəccübləndiyi bir şəkildə Altay sərhəddinin
içindən çölünə adladılıb. Bələdçimizə bir rus xanım da qoşulur. Dik
pillələrlə mağaraya qalxırıq. Mağaranın girişi nəhəng bir ayı
ağzına bənzəyir. Cəmi iki salondan ibarətdir. Mağara deyiləndə
mənim yadıma sonuncu dəfə Türkiyədə, Tokatda gördüyüm mağara düşür.
Dar dirişdən sonra bir tunellər labirintinə düşürsən. Hələ çoxunun
sonunadək gedə bilməyiblər. Sonradan özəl tikilmiş daş pillələr
sanki yerin mərkəzinə endirir. Ən dibdə də yeraltı bir göl. Yerin
üstündəkindən solğun olmayan yeraltı aləm, qeyri-adi rənglər
dünyası xatirənə əbədilik həkk olunur.
Onunla müqayisədə Denisov mağarası adi bir kahadır. Ancaq
buranın dəyəri elmi bilgilərindədir. Burda üst-üstə neçə mədəniyyət
qatı, ən azı 300 min ilin insan izləri var. Halbuki araşdırmalara
qədər bu izlərin yaşı cəmi 50 min il sayılırdı. Altaylılara görə,
nə vaxtsa bu mağarada nəhəng bir Qara Şaman yaşayıb və o istədiyi
zaman ayıya çevrilə və bütün ətraf əhalini qorxu altında saxlaya
bilirmiş...
***
Geri dönərkən Turattı adlı qazax kəndində dayanırıq. Kənd icra
nümayəndəsi Tamara bacarıqlı bir qadındır. İkinci Dünya
müharibəsində bu kəndin yetişdirdiyi dörd gənc Sovet İttifaqı
Qəhrəmanı olub. Kəndin içində qoyulan abidələrini ziyarət edirik.
Şəhid məzarı, düşmənlə savaşda həyatını qurban vermiş hər bir
gəncin xatirəsi hörmətə layiqdir...
Abidənin yanında məscid tikilib. Ancaq görünür, qapısı çoxdan
açılmayıb və yolunu ot basıb. Yerlilərdən kimsə deyir ki, bu kənddə
bir azərbaycanlı da yaşayır. İcra nümayəndəsi öyrənir. Evi kəndin
aşağı başındadır. Bir qazax qızıyla evlənib, Novosibirskdən gəlib,
burda ev alıb. Ancaq görüşə bilmədik. Harasa gediblər.
Vidalaşıb oymaq mərkəzinə qayıdırıq.
***
Yenə bir dağ ətəyindəki istirahət və ya turist mərkəzində qalır
və gecə yarısına kimi icra başçısı Pılkinlə söhbət edirik.
Bu oymağın geniş otlaqları var. Əsasən heyvandarlıqla
məşğuldurlar.
İcra başçısı yerli adət-ənənələrdən danışır. "Məsələn, toyda
burnu soyuq olan heyvan kəsmirlər. Qoyun olmaz. At, cöngə kəsilər.
Gəlin bəy evinə bir hörüklə gəlir. Bəy evində hörüyünü ikiyə
ayırırlar.
Qapılar bağlanmıır. Yolla keçən ac olsa, evə dönüb bir şey yeyib
gedə bilər. Sonra ev sahibindən üzr istəmir, əksinə, ev sahibi üzr
istəyir ki, bağışla, evdə olub sənə qulluq edə bilməmişəm. Ovçular
haqqında maraqlı əhvalatlar danışır.
Rusiyadan ovçular gəlir. Yerlilərdən "ovlamağa nə var deyə"
soruşurlar. "Fildən, dovşandan başqa hər şey" deyə cavab verirlər.
Ovçular meşəyə girən kimi qarşılarına Altay öküzü, sonra at çıxır.
Ov heyvanı sayıb vururlar. Camaat yığışır ki, siz belə ovçuluğu elə
evinizdə də eləyə bilərdiniz..."
Gecə yayın ortası üçun gözlənilməz bir leysan yağış yağır. Yaz
yağışına bənzər bir yağış.
Ertəsi gün, ayın 23-də saat 11-də oymağın mərkəzi kitabxanasında
mədəniyyət işçiləri, kitabxanaçılar və müəllimlərlə görüşümüz var.
Brontaya "bir saata yekunlaşdıraq" deyirəm. "İnanma, - deyir, -
gündə əllərinə belə fürsət düşmür"...
Görüşü icra başçısı Pılkin açdı, çox səmimi bir çıxış elədi.
Onun və sonrakı danışanların çıxışlarında diqqətimi çəkən və xoş
təsir bağışlayan boş, gəlişigözəl söz deməmələri idi. Bəlli oldu
ki, internetə girib mənimlə bağlı nə varsa, gözdən keçiriblər. Bəzi
kitablarımın ruscaya tərcümələrini də oxumuşdular. Buna görə
suallar da yerli-yataqlıydı, maraqlıydı. Məsələn, kitabxananın
müdiri yarızarafat, yarıciddi soruşdu: "Siz kitabınızda yazırsınız
ki, Şimali Azərbaycan bir qartala bənzəyir, Bakı onun başıdır. Bəs
ürəyi haradır? Ürəyimdən keçdi deyəm ki, ürək Qarabağdır. Ancaq bu
sual daha lakonik və şux cavab tələb edirdi. Dedim: Azərbaycanın
ürəyi mənəm. Sizin qarşınızda oturmuşam... Hər bir şair vətəninin
canlı ruhu olmalıdır.
Çox maraqlı və səmimi görüş oldu. Sonra yerlı musiqiçilərin
yığcam konsertini dinlədik. Nə qədər tələssək də, kitabxanaçı
qızlar, "bu yeməkləri evdə bişirib gətirmişik" deyə, bizi qonaq
eləmədən buraxmadılar.
Hara gediriksə, Sergeyin ustalığı yolları qısaldır. Axşamüstü
Tursibdəydik. "Gedənədək sizə ehtiyacım olmayacaq", - deyə onlarla
vidalaşıram.
***
Əlimdəki yazıya o qədər bağlanmışdım ki, hətta Xatun çayının
sahilindəki narın qumlu çimərliyə, velosiped, at kirayə verilən
yerlərə getmək həvəsimi boğur, səhər otaqda Altay balıyla çay içir,
gün ərzində cəmi bir dəfə, axşam saat 5-də eyvanı çaya açılan
restoranda, bu restoranı tikənlərin ağacla işləmək məharətinə və
ağcaqayınların zərif qız saçları kimi eyvana və çayın üstünə
sallanan saçaqlı budaqlarına tamaşa edə-edə çol heyvanlarının
ətindən hazırlanmış yüngül bir yemək yeyir, üstündən bir bardaq
soyuq kefir içib yenidən otağıma, daha doğrusu, açıq eyvana
qayıdıram. Xatun çayının səsində bir dinclik və uşaqlıq xatirəsi
var. Yel əsəndə bu səsə şam ağaclarının kədərli xışıltısı da
qoşulur. Bu yay isti keçdiyindən meşələrdə kəpənəklər və pərvanələr
artıb. Gecələr eyvanın işığına uçuşur, sanki işığa pərdə çəkir və
məni bilgisayarımı da götürüb otağa keçməyə məcbur edirlər. Hava
tez işıqlanır, saat 4-5 arasında bu mələk cildli yarpaq qatilləri
yoxa çıxır və mən də qayıdıram açıq havaya..
***
Altaya gəlib marallıqlara getməmək, şitğa maral buynuzunun
vannasına girməmək günahdır. Yolun yorgunluğunu çıxarmaq üçün elə
həmin axşam yaxın marallıqların birinə getdim. İki qadın işləyir:
Avqusta, Asta. Azərbaycandan xeyli adam tanıyrlar. Avqusta,
"Azərbaycandan bir deputat gəlmişdi bura, - deyir, - hər dəfə onu
görəndə ağlayırdım, elə bil, atamı görürdüm. Yüzəyüz atamın
sifətiydi sifəti. Bu da doğmalığın bir əlamətidir..."
Ayrılanda zarafat edirəm: "Mən yazıçıyam. Qayıdanda yazacağam.
Dağlıq Altayda marallığa getdim, cəmi iki maral gördüm".
Gülüşürlər. "Minə yaxın maralımız var. İndi, yuxarıda, yaylaqdadır"
- deyirlər. Bu zarafat bəs edir ki, hər axşam orda məni
növbədənkənar, gülərüzlə, xüsusi qayğıyla qəbul eləsinlər...
Nə qədər arzulasan da, təkbaşına qalmaq o qədər də asan deyil.
Vaxtilə Bakıda qonağımız olmuş Altayın tanınmış ifaçısı İrina
Kenzina zəng vurur. "Eşitmişəm, Altaydasınız! - sonra
dəqiqləşdirir, - daha doğrusu, feysdən oxumuşam. Mənə niyə zəng
vurmursunuz?"
Bəhanəm var. "Bilirəm, sən buralardan uzaqda yaşayırsan!" "Yox,
indi yaxındayam, Çemala, qardaşlarımın yanına gəlmişəm". "Mən də
Cemalda, Tursibdəyəm", - deyirəm.
Axşam gözlənilmədən bu dağların iki gözəl ifaçısı və müğənnisi
İrina və Jıldız eyvana qalxır. Jıldız milliyyətcə şordur. O da
Bakıda türkçülük bayramında qonağımız olub. İrina mənim şeirlərimi
altaycaya çevirib... İndi də bərabər yeni konsertə
hazırlaşırlar.
***
Altay bir təbiət möcüzəsidir; insanın ağlına gələn bütün doğal
gözəlliklərin toplandığı bir yerdir. Sibirin ən uca nöqtəsi olan Üç
Sumerdə Kadın-bacı zirvəsindən (hündürlüyü 4506 m) düzənliklərə
qovuşan dağ ətəklərinədək, tayqadan tutmuş gül-çiçəyi göz oxşayan
yaşıl çöllərədək çeşidli ilğım qurşaqları, dərin dərələrin,
bərəkətli vadilərin, şırım-şırım doğradığı saysız dağ silsilələri,
meşələr, sıldırım qayalar, tarix sirlərini qoruyan mağaralar,
buzlaqlar və buzlaqlardan başlanan möhtəşəm Xatun çayı, Baykaldan
sonra ən böyük və ən dərin içməli su hövzəsi olan Teles gölü (Altun
göl), Çuy, Çuluşman, Arqum, Kökçə, Yaloman, Ursul, Qaraqudur,
Karagöl, Kızıltoprak, Aylaquş, Akkaya, Akkeve, Altınkayak, Arça,
Batıqran, Balıkça, Barda, Bayak-Çaqan, Balanık, Karabulak, Karaqan,
Karasu, Karaözək, Çöksu, Kuba, Komurlu, Kızılkaya, Ortolik,
Sarıaçık, Sarıözək, Sıqara, Solvayrı, Sınırlı, Toşta, Tozak, Uzun
oyuk, Ulusu, Çapış, Çeliktaş, Ucal, Uçurqa, Cumalı və s. hər biri
bir təbiət abidəsidir. Bu cür tanış, qədim türk adları daşıyan bol
sulu, çoşqun dağ çayları Dağlıq Atayın ən böyük sərvətlərindən
biridir. Burdakı irili-xırdalı çayların sayı təxminən 20 mindir.
Çaylar boyu gözəl istirahət düşərgələri salınıb; türist axırını
ildən-ilə artsa da, təbiətin ilkin gözəlliyi pozulmazdır.
***
Altay miflər, nağıllar ölkəsidir; az qala hər dağın, hər gölün,
hər çayın, hər bölgənin, hər yolun öz əfsanəsi var. Məsələn, Xatun
çayının əmələ gəlməsi bir məhəbbət əfsanəsi ilə bağlıdır. Çayın
altayca adı "Kadın-Su"dur. Kadın-Su Biy-su ilə, yən Bəy çay ilə
qovuşub dünyanın ən böyük çaylarından bir olan Obu əmələ gətirir.
Sibirdəki müxtəlif türk ləhcələrində Obun fərqli adları var: Umar,
Omar, Amar, Akuar, Ana çay, İlahə çay və s. Bunun bir səbəbi
Xatunun qədim adının Humay - Böyük ana və ya göylər ilahəsidir.
Qədim türklərdə Kan-Xan erkək hakimdirsə, Nan qadındır və
görünür, nənə sözü də burdan gəlir.
Sütun kimi yüksəllən qayalar, yazılı daşlar, qədim suvarma
sisteminin nişanəsi olan arxlar, kurqanlar haqqında da çoxlu
əfsanələr var.
Altaylılar elə hesab edirlər ki, uşağı olmayan bir qadın yazılı
Kalpak daşda niyyət eləsə, Göy Tanrıdan uşaq diləsə, hökmən
arzusuna çatacaq.
Şumer mədəniyyətinin Şərq kökənli olduğunu nəzərə alsaq, qədim
Mesopotamiyadakı İnanna adlı ilahə də Altay mifologiyası ilə
bağlanır, bəlkə Şumer adını da Üç Sumerdən aparmışdılar.
Altay sözünün ilkin variantı Altun Aydır, yəni Qızın Ay. Qədim
Altaylılar Aya tapınır, Ay təqvimini qullanır, Yeri Ayın övladı
sayırdılar. Altaylılar öz ulu atalarına Altay-Kuday (Xuda)
deyirdilər.
Altay sözü burda yaşayan xalq üçün çox geniş və qutsal anlam
daşıyır və bu sözü hətta ölkə mənasında işlədirlər. Birinin hardan
olduğu ilə maraqlananda "sən Qazax Altaydansan?", "Sən Qırğız
Altaydansan?" deyə soruşurlar. "Altayca danış" yerinə altayla
deyirlər...
Qeyd etdiyim kimi, Altayda toponimlərin böyük əksəriyyəti qədim
türkcədir. Altay dili ərəbcənin, farscanın əli yetişməyən bir
uzaqlıqda, öz ilkin saflığını qoruyub saxlamışdır. Altay şeirində
alletrasiya və bizim folklorumuzda az-az da olsa rastlaşdığımız
kimi, misraların ilk sözlərinin qafiyələnməsi geniş
yayılmışdır.
Ünsiyyət zamanı düşünürsən ki, bu sözlərin bəzilərini niyə
yenidən dilimizə gətirməyək. Məsələn, altaylılar eynilə Türkiyədə
olduğu kimi, "hakim" əvəzinə "yarqıc" deyirlər - məhkəmə yarqıcı,
idman yarqıcı və s. Dil kimliyinin və gözəlliyini qorumuş onlarla
bu cür söz var. Məsələn: alanzı (şübhələnmək), albatı (xalq), andış
(zarafat), arbutken (təbiət), acın (hirslənmək), baylık
(zənginlik), başkar (rəhbərlik), bilgir (elm), bile (ailə), biçik
(kitab), işyal (əməkhaqqı), yayınış (sirr), yakşılaş (salamlaşmaq),
yarqanat (sahil), yebren (qədim), yürükçü (rəssam), kaykal
(təəccüb), qoşançı (müğənni), ün (səs), komusla (komuz çal), çaqış
(ağıl), tura və ya dura (ev), uçarsu (şəlalə), ırıs (xoşbəxtlik),
əmiçi (həkim) və s...
Altay eposu dünyada məşhurdur. Maday-Kara dünya folklorunun şah
əsərləriylə bir sırada dayanır...
***
Yollar boyu Brontoy Bedyurovla - Er-Tadruşla - tarixdən, dünya
siyasətindən başlamış, etimalogiyaya qədər - dağı arana, aranı dağa
daşıyırıq. Şair, publisist, tərcüməçi, içtimai xadim, səmimi insan
olan Brontoy Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu qurtarıb.
Çox gəzib, çox görüb. Kitablarında milli ruh güclüdür, xalq həyatı,
adət-ənənələr, Altay tarixi haqqında çox yazır və Oyrot dövrü Altay
əfsanələrini, Altay xalqının milli azadlıq mübarizəsi ilə bağlı
rəvayətləri ilk dəfə o qələmə alıb. Ekzüperini və yapon
lirikasından nümünələri altaycaya çevirib. Rusiya Dillər
Akademiyasının akademikidir.
***
Altayda olduğum sonuncu günlərdə dağların daha bir möcüzəsinin
şahidi oldum. Hava birdə-birə soyudu, yağış gəldi və ilk baharda
olduğu kimi göy gurultusu dağları silkələməyə başladı. Bu şişirtmə
deyil, onu bilirəm ki, göy gurultusu və ildırım çaxması haqqında da
çoxlu araşdırmalar aparılıb, hətta ildırımın daha güclü olduğu
yerlərin xəritəsi də var. Məncə, Altay o xəritədə ön yerlərdən
birində dayanmır, ancaq burdakı kimi göyün parçalanıb yerə
töküləcəyi təsəvvürü yaradan güclü şimşək çaxışına heç yerdə rast
gəlməmişdim. Uzun müddət eyvanda oturub yayın ortasında bu təbiət
möcüzəsinə tamaşa edirəm...
Yola düşməzdən əvvəlki gün Diman Belekov nəvəsi ilə birgə
vidalaşmağa gəldi. Tursibin həyətində, köşkdə oturub söhbət
edirdik. Məni dilə tutub yeməyə aparmaq istəyirdi, ancaq mən neçə
gündən bəri davam etdirdiyim rejimi pozmaq niyyətində deyildim.
Altay haqqında təəssüratlarımı bölə-bölə orda olduğum günlərdə
eşitdiyim arzu və təklifləri çatdırırdım. Əslində, doğurdan da,
Altay türk dünyasının bir görüş yerinə çevrilə bilər. İlk Türk
Xaqanlığının 545-ci ildə yarandığı rəsmiləşdirilsə də, Altayda da
gözəl bilirlər, ondan öncəki Hun, Skif-Sak imperatorluqları da
türklərə məxsus idi. Bunların hamısı Altayla bağlıdır. Yəni hardan
başlayırsan başla, tarixin hansı yolundan keçirsən keç, Altayın
qızıl dağlarından yan keçə bilməzsən.
***
Ertəsi gün tezdən hazırlaşıb Əjərlə Sergeyi gözləyirdim, ancaq
qəfildən Brontoy döydü qapımı. "Niyə əziyyət çəkmisən" sualıma,
"Şukşinin ev muzeyinə baxmaq istəyirdin, ora kimi bərabər gedək! -
dedi. – Həm də səni "Sibirski Oqni" jurnalının əməkdaşı Yeqor
Plitçenko ilə ilə tanış etmək istəyirəm, dostumuzdur.."
Mən Yeqora son vaxtlarda "Literaturnaya qazeta"nın Moskvada
yaşayan Azərbaycan şairlərinin şeirlərinə və Azərbaycan folkloruna
geniş yer ayrılan layihələrini örnək gətirərək, Sibirdə yaşayan
azərbaycanlılara diqqəti artırmalarını xahiş etdim.
***
Tarixi şəxsiyyətlərin heykəlləri, rəssam əliylə yaradılan
portretləri, fotoları zamanın axarından qoparılan anların
ifadəsidir, ömür okeanından damladır, illər boyu yaşananların
xırdaca bir həniri, əsintisidir. İnsanın həyatı boyu keçdiyi
yolların, çəkdiyi əzabların, duyduğu sevincin və kədərin bütün
mürəkkəb mənzərəsini hansısa donuq şəkil və ya qranit əks etdirə
bilər. Buna görə də hər hansı heykəldə yaradılan xarakterin ən
ümumi cəhəti ifadə olunur; kimsə orda axtardığını tapır, kimsə
tapmır.
Böyük rus yazıçısı Vasili Şukşinin doğma kəndi Srostkada
qoyulmuş heykəli də onun ömrünün qısa bir parşasını, bu kəndlə
bağlı günlərinin bir görüntüsünü əks etdirir, lakin heykəltaraş
onun xarakterini o qədər dəqiqliklə duymuş, təbiətlə, bu yerlərlə
bağlılığını, burda keçirdiyi yaşantıları-abidənin ümumi fəlsəfəsi,
seçildiyi yer və forması ilə o qədər ustalıqla ifadə etmişdir ki,
bu möhtəşəm abidəyə həyəcansız, ürəyin titrəmədən baxa
bilmirsən.
Şukşinin anası üçün aldığı, özünün çox az yaşadığı evin yanından
ötüb kəndin üstünə, Piket dağına qalxdıq. Maşınları saxlamağa
ayrılan meydançada yol bitir, sonra məxmər kimi bir çəmənlik
başlayır. Yenicə yağmış yağış çəmənliyə milyonlarla göz bağışlayıb.
Elə bilirsən bu gözlərin hamısı sənə baxır. Qotaz bağlamış iri
yarpaqlı maral yoncasının tünd qoxusu vurur adamı. Ancaq göz önündə
açılan mənzərə fikrini yerdən ayırır, diqqətini – uzaq üfüqlərə
doğru çəkir. Birdən elə bilirəm çəmənliyin o başında iri gövdəli
bir adam oturub, bu mənzərəyə tamaşa edir. Heykəlin gözəlliyi də
elə bundadır. Məşhur yazıçı, kinorejissor, aktyor, Rusiyanın
əməkdar incəsənət xadimi, Dövlət və Lenin mükafatı laureatı -
yazdığını və çəkdiyini bürokratiya maneələrindən keçirənəcən əldən
düşmüş halda doğma kəndə qayıdıb, anasıyla qucaqlaşıb, göz yaşını
onun göz yaşına qatdıqdan, qohumlarına baş çəkdikdən sonra
dəlicəsinə sevdiyi doğma mənzərəni seyr etmək, saf havadan doyunca
udmaq, yaşıllıq dənizində gözlərini dincəltmək üçün kəndin
üstündəki dağa qalxıb. Ayaqyalın, baş açıq… bir daşın üstündə
oturub. Üzünü çöllərə, göz önündə sonsuz genişlik və yaşıl bir
dəniz kimi dalğalanan meşələrə tutub; Dağlıq Altaydan enib Sibirə,
ordan böyük dünyaya uzanan Çuy şossesi görünür.
Bu, Şukşindir. Onun öz yazdıqları vurğunu olduğu yurduna - kiçik
vətəninə bağlılığının ən gözəl ifadəsidir. "…Və olduqca gözəldir
mənim vətənim- Altay: elə ki orda oluram, sanki göylərə yüksəlirəm.
Dağlar, dağlar və elə bir genişlik ki, adamın ürəyi sızıldayır. Çox
nadir, bənzərı olmayan bir gözəllikdir. Onu təsəvvür etmək
imkansızdır. Onunla köksünü doldurmaq da olmur, nə qədər istəsən
yenə azdır, ancaq baxasan və bu genişliyin havasını udasan".
"Vətən … De nədən ürəyimdə bir fikir yaşayır ki, nə vaxtsa mən
həmişəlik orda qalacağam. Nə vaxt?"
Yəqin indi oturduğu bu yamacda dəfələrlə buna bənzər düşüncələr
keçib ürəyindən.
Bütün ömrü boyu bura can atmışdı, rejissorluqdan, aktyorluqdan
əl çəkib, doğma Altaya qayıtmaq, anasının yanında ancaq yazıçılıqla
məşqul olmaq istəmişdi.
Ömrünün sonuna yaxın əcnəbi jurnalistə verdiyi müsahibəni
oxumuşdum. "Bu yaşımda anladım ki, hər yerə çatmaq olmaz, anladım
ki, mənim yerim yazı masasının arxasıdır".
Bu arzusunu məktubla anasına da bildirir:
" Ana, bir xahişim var, mən gəlməmiş, evlə bağlı heç nə
düşünməyin, yəni evi (sənin evini nəzərdə tuturam) satmayın.
Gələrəm, nə etməli olduğumuzu düşünərik… Bu böyük filmdən sonra
kino ilə az məşğul olmağı düşünürəm, lap az, ən yaxşısı, yazmaq və
evdə olmaqdır… Öz doğma yurdumda yaşayıb işləmək arzusundayam".
Söz yox ki, o öz qonorarıyla anasına hədiyyə kimi aldığı evə
qayıtmağı nəzərdə tuturdu.
Heykəltaraş böyük yazıçının ürəyinin yurd sevgisiylə, Altay
dağlarının qutsal ruhu ilə, insani təmizləyən, ucaldan saf havayla
dolduğu yeri seçib.
Elə bilirəm Şukşin deyil, özüməm, kəndin qırağındakı təpədə
oturmuşam. Dünyanın bütün alçaqlıqlarının, riyakarlıqlarının,
ədalətsizliklərinin içində sıxılan, xıncım-xıncım olan bədənim,
haqsızlıqlara üsyan eləyən ürəyim burda yavaş-yavaş dincəlir,
torpaq ağrıların ağrısını sorur, hava düşüncələrimi nizama salır.
Adətən heykəllər kəndin içində, həyətdə, məktəb önündə, yol
qırağında qoyulur… Yox, heç yerdə bu rahatlıq yoxdur. Yazıçınının
sevdiyi yer buradır. Çünki şəhərlərin biganəlik və qeybət zəhəri
yavaş-yavaş kəndin damarlarına da yol tapır, doğmalıq və təmənnasız
sevgilər azalır. Öz-özüylə və təbiətlə baş-başa qalmaqdan başqa
çarə yoxdur.
Tanış olsaq, onu nə qədər dərindən duyduğumu bilərdi. Biz, kənd
uşaqları bir-birimizə bənzəyirik. Arada minlərlə kilometr məsafə
olsa da! O ana sevgisi də, təbiətə, gözəlliyə, düzlüyə, ədalətə,
halal zəhmətə bağlılıq da insanlığın şərtlərindəndir. Burda məsafə
və millət, dil fərqi unudulur! Ana sevgisinin, təbiətin və dərdin
dili birdir!
Bəlkə elə bu birlik duyğusudur adamaları uzaq məsafələrin
üstündən bir-birinə bağlayan, məni bura gətirən də qəribə bir
"yazıçı həmrəyliyidir".
Dağlıq Altayı görmək və köhnə yazıçı dostlarımla görüşmək
istəmişdim. Çünki zaman keçir, dünyada xalqları üz-üzə qoyan,
insanın həyatını zindana çevirən gərginliklər artır və bəlli olur
ki, bu xaosun içində öz mövqeyini dəyişməyən, görülməz sülh elçisi
olan, heç bir düşmənçilik siyasətinin sındıra bilmədiyi bir qüvvə
var: O da ədəbiyyatdır, qələm sahibləridir.
Şukşinlə görüşə bizi çəkən bu mənəvi qardaşlıq duyğusu idi!
Onun rus ədəbiyyatındakı yerini Sibirin yetirməsi olan başqa bir
məşhur rus yazıçısı Balentin Rasputin dəqiq ifadə etmişdir. "Bu gün
… həyatımızda namuslu, heç bir havada sınmayan, dəyişilməyən,
sənətkar səsi - başdan ayağa yalnız ağrılardan, sevgi
qanadlanmalarından və istedadından yoğrulmuş, öz taleyində
Rusiyanın bütün iztirablarını daşıyan, onun üçün nəyin gərəkli,
nəyin məhvedici olduğunu bilən rus insanı – Vasili Şukşin
çatışmır".
Havanın tutqun olmasına baxmayaraq heykəli ziyarətə gələnlər,
burdan onun baxmaqdan yorulmadığı genişliklərə baxan, yanında şəkil
çəkdirənlər çoxdur.
Adamların əli yalnız ayaq barmaqlarına çatır, şəkil çəkdirəndə
bu barmaqlardan o qədər tutublar ki, tuncun rəngi gedib, sanki
ayaqlardan uzun yolların tozu təmizlənib.
Mən bilmirəm sağlığında Şukşini bu kənddə nə qədər anlayıblar,
nə qədər seviblər, bu kənddə çəkdiyi filimlərə nə qədər yardım
ediblər. Ancaq o indi bu kəndin şöhrətinə çevrilib. Ona görə kənd
abadlaşdırılır, gəlib-gedənin ayağı kəsilmir. Şukşinin balaca
vətəninin adlı dillərdə dolaşır. Hər il burda Şukşin bayramı
keçirilib.
Yazıçı taleyi belədir. Müqayisə eləmək və bu kövrək mövzuya
acılıq qatmaq istəmirəm; əlbəttə, böyük ölkənin yazıçısı olmağın
üstünlüyünü də bilirəm, lakin bir anlığa onu da düşünürəm ki,
görəsən bizdə əsl ədəbiyyata, doğru sözə, xalq ideallarına xidmətdə
Şukşinin mənəvi bənzərləri, tale ortaqları olan yazıçılarımızdan,
məsələn, İsmayıl Şıxlıya, İsa Muğannaya, Ənvər Məmmədxanlıya, Sabir
Əhmədliyə nə vaxt buna bənzər, daha doğrusu, onların öz taleyinə
bənzər heykəllər qoyulacaq, ev muzeyləri yaradılacaq? Bir çox
heykəllərin məzarların üstündən doğma yurdumuzun çeşidli
qəsəbələrinə, Kür qırağına, dağ-aran torpaqlarımıza addımlamasını
görmək istərdik.
Şukşin 1933-cü ildə atası güllələnəndən sonra anasıyla birgə
qalmışdı, anasının söhbətləri ilə böyümüşdü. Öz dediyi kimi, əsl
kəndçi idi, Rusiyada kənd nəsrinin ən görkəmli nümayəndələrindən
biri idi. Əsərlərinə də əyalət danışığının bütün kaloritini
gətirmişdi. Eyni dil novatorluğunu biz Sabir Əhmədlinin əsərlərində
də görürük. İsa Muğannanın da əsərlərinə Şukşində olduğu kimi bir
çox filmlər çəkilib. Sabir Əhmədlinin Cəbrayılı düşmən
işğalındadır, amma İsmayıl Şıxlı, İsa Muğanna kimi yazıçılarımızın
kəndlərində onların belə canlı heykəlləri qoyulmalı, muzeyləri
yaradılmalıdır. Onların da xatirə günləri keçirilməlidir. Bizdə
yazıçıların cəmi üç-dörd ev muzeyi var, halbuki, çağdaş
ədəbiyyatımız Səməd Vurğun və Rəsul Rza ilə bitmir.
Bu düşüncələrlə Şukşinin heykəlinə yaxınlaşır, üzündəki
qeyri-adi narahatlığa baxa-baxa, xəyalən əsərləri ilə göz önündə
açılan mənzərələrin ruhunu tutuşdurmağa çalışıram. Yadıma düşür ki,
Şukşini mənə onun kəndin mənəvi və maddi dəyərlərinə amansız
hücumların ağrıları ilə yazılmış hekayələri və əlbəttə, "Qırmızı
Başınağacı" ("Krasnaya Kalina") filmi sevdirmişdi. Həmin filmə ilk
dəfə 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kino
festifalında baxmışdım. Film festivalın baş mükafatını almışdı və
haqlı olaraq kinematoqrafiyada yeni bir mərhələ sayılırdı.
Yağış gurlaşır və heykəllə vidalaşıb Şukşinin evinə, anası üçün
aldığı və anasının tək yaşadığı həmən evə doğru enirik. İndi ev
səliqəlidir. Pəncərələrin yaşmaqları və taxta qapaqları ağappağ
rənglənib. Asfalt yol düz qapıya kimi uzanır. Sağlığında necə olub,
bilmirəm. Balaca otaqlar, sadə, kasıbyana mebellər, özünün və
anasının otaqları əbədi bir ana-bala mehri içindədir. Bu mehrə bir
də rus sobasının bərəkəti qatılıb. Yəqin yazıçı öz halal puluyla
kəndin gözəl yerində, seçilən evlərdən birini alanda çox xoşbəxt
imiş. Amma bura qayıtmaq ona qismət olmadı. İş-güc anasına tez-tez
baş çəkməsinə imkan verməyəndə, həyət-bacaya, saraya, təsərüffat
tikililərinə baxmaq, evi yığışdırmaq yaşlı qadın üçün artıq
əziyyətə çevriləndə, anasını şəhərdəki kooperatıv evə köçürmək
məcburiyyətində qalıb.
Evin qabağındakı alma ağacı cırdır, amma arxadakı alma ağacları
yaxşı bar gətirib və yağışda yuyulan almaların qızaran yanaqları
uzaqdan diqqəti çəkir. Zarafata "Şukşin sağ olsa, bizi meyvəyə
qonaq edərdi" deyirəm. Əjdər sözümə bənd imiş kimi hasarın üstündən
uzanıb iki alma qoparır.
V.M.Şukşin bu kəndin kolxozçu gənclər məktəbində oxuyub. 1989-cu
ildə məktəb yenidən qurularaq Şukşin muzeyinə çevrilmişdir. Təəssüf
ki, biz gedəndə bağlı idi və muzeyə baxmaq qismət olmadı. Ancaq o
möhtəşəm abidəni, evini və bütün ömrü boyu can atdığı və nə vaxtsa
qayıdacağına ümid bəslədiyi yerləri görəndən sonra muzeyə baxmağa
ehtiyac da qalmadı.
Altay diyarı ucsuz-bucaqsızdır, zəngindir, gözəllikləri göz
oxşayır, amma yamacda oturub bu genişliyə tamaşa edən Şukşin
olmasa, buralar çox kasıb görünərdi.
Bir azdan Şukşinlə, Brontoyla, bu günlərdə əziyyətimi çəkmiş
Əjər və Sergeylə və nəhayət, ən çətini, dağlarla vidalaşıb,
Novosibirskdən gələn maşına oturub yola düzəldim.
***
Axşam Elçinin oğlunun kiçik toyu Novosibirskdə yaşayan
yerlilərimizlə görüşməyə bir bəhanə olacaqdı, ora tələsirdim...
Doğrudan da çox səmimi, gur, səviyəli br toy oldu. Düşündüm ki, kim
deyir biz Quzey Azərbaycanda on milyonuq. Uzaq Sibirdə də bir uşaq
toyunda ikiyüzə yaxın həmyerlimiz iştirak edirsə və bu mənzərə
getdiyim yerlərin çoxunda təkrar olunursa, onda sayımızı dəqiq
bilmirik...
Ertəsi gün Novosibirskdə Rus-Azərbaycan evinə getdik, evin
fəalları ilə tanış olduq, gördüyü işlər barədə Novosibirsk vilayət
dumasının üzvü, bacarıqlı təşkilatçı, gözəl insan kimi bölgədə
böyük hörmət qazanmış Musa Məmmədovun məlumatlarını dinlədik, Dünya
Azərbaycanlıları Konqresinin Sibir təmsilçiliyini yaratdıq...
Səfər başa çatdı. Ancaq Altaydan başlanan yollar uzandıqca və
yaşadıqca bu səfərlər başa çatmayacaq...
İyul.
Dağlıq Altay-Bakı