Artıq anlamaq gərəkdir ki, indi mömin müsəlmanlarla
hökumət, dindarlarla hakimiyyət arasında qarşıdurma yoxdur - olan
din pərdəsinə bürünmüş ekstremizmlə dünyəvilik, demokratiya,
insanın ən önəmli dəyər sayıldığı sistem arasında savaşdır. Heç bir
səmavi din başqa dindən olan insanları hədəf göstərmir. Əmin olun
ki, peyğəmbərlər indi olsaydılar, dinlə pərdələnən insanları görüb
onlara lənət oxuyardılar.
Bu sözlər Yaxın Şərqdə və ümumiyyətlə, müsəlman aləmində həddən
ziyadə nüfuz sahibi olan din xadiminə, Suriyanın müftisi Əhməd
Bədruddin Həssuna məxsusdur.
O, gerçəyi deyir.
Həmin gerçəyi ki, Allahın rəsulu, Hz.Məhəmməd (s.ə.s.) təqribən
55 kvadrat kilometrlik Yəsrib adlı vahədə yerləşən eyni adlı şəhərə
üz tutanda, orada ev tikmək istəyəndə məkan salacağı yeri ələ
keçirməmişdi - halbuki buna gücü, nüfuzu və imkanları çatardı.
Yox, Allahın elçisi ev tikmək istədiyi yeri Yəsribdəki iki yetim
qardaşdan satın aldı.
O qardaşlar uşaq olsalar da, rəsulillah ədalət və şəfqətlə
davranaraq cəmi müsəlmanlara həmişəki təki, örnək oldu. Dostu
Əbubəkrlə şəhərə gələn Hz. Məhəmməd (s.ə.s) burada "mühacirun"lar
tərəfindən qarşılansa da, o, bütün bəşəriyyətə xitab edərək
insanları haqqa, imana, irşada çağırdı.
Yəsrib də Mədinə-ən-Nəbiyə çevrildi.
Fəqət, indi bəzi müsəlmanlar balaca uşaqların haqqını əzmək,
onları ağlar qoymaqla bahəm, yerlərə sahib çıxmaq və siyasətdən
tutmuş, ictimai həyatadək yersizliklərlə zorakılığa, ölümlərə,
qəsbə, qarətə, talana, qəsdlərə çağırışlarla son qoymaq
istəyirlər.
Əsrlər əvvəl manixeylər, qnostiklər, müşriklər kimi davranan
kəslər islamın adından və sözlərindən istədikləri kimi istifadə
etdiklərini düşünür, hakimiyyətlərin devrilməsini, dövlətlərin
yerində "vilayət"lər və "əmirlik"lər yaradılmasını istəyirlər.
Onlar insanların şəriət və fiqh əsasında idarə olunmasını
arzuladıqlarını deyirlər.
Halbuki özləri şəriətin təməl qaydalarını, fiqhin postulatlarını
pozur və bunu gizlətməyə çalışırlar.
Azərbaycanda dindarların inanclarından sui-istifadə edərək
onları hakimiyyətə yox, dövlətə qarşı qaldırmaq, durumu
gərginləşdirmək, "qayda" adı ilə xaos yaratmaq istəyən qruplardan
biri də "Müsəlman Birliyi Hərəkatı"dır.
Hərəkatın lideri Taleh Bağırov "Azadlıq Radiosu"na verdiyi
müsəhibəsində belə deyib: "Bizə qarşı aparılan bu kampaniyanın
arxasında hal-hazırki ictimai-siyasi fəaliyyətimiz durur. Onlar
bizim bu fəaliyyətimizi təhrif etmək istəyirlər, bizi radikalizm və
digər yöndə göstərmək istəyirlər. Müsəlman Birliyi Hərəkatı olaraq
fəaliyyətimiz ölkə konstitusiyasına tam uyğundur. Konstitusiyadan
kənar heç bir addım atmırıq".
Bu açıqlama vacib məsələdir və Hacı Talehin dediklərinin
həqiqətə nə dərəcədə uyğun olduğunu qismən araşdırmağa çalışaq.
Fəqət, əvvəlcə bir qədər tarixə varaq.
Misirdə Əbbud əl Zümarın yaratdığı "Cihad əl Cədid" və banisi
Məhəmməd Əbdüssəlam Fərac olan "Təlaa əl Fateh" qruplaşmaları
təşəkkül tapanda onların birgə bəyanatında deyilirdi: "Misirin
hakimiyyət dairələrinin bizə qarşı apardığı kampaniyanın arxasında
ictimai-siyasi fəaliyyətimiz durur".
Bu açıqlama Hacı Talehin sözləri ilə sanki identikdir.
Bəhs etdiyimiz qruplaşmalar indi Misirdə ən təhlükəli ekstremist
və terrorçu dəstələr arasında yer alır.
Küveytdə "Cəmiət əl İslah əl İctimai" qruplaşması yarananda bu
dəstənin liderləri "təşkilatımızın adından da göründüyü kimi,
ictimai islahatlara təkan vermək istəyirik" deyirdilər. Amma indi
sözügedən dəstə "Əl Qaida"ya "biət etmiş", yəni sədaqət andı içmiş
terror qruplaşmaları arasındadır.
Əlcəzairdə "Əl Cəmaatul Sələfiyyatul Dəvəti vəl Qitaa" və ya
sadəcə, "Əl Cəmaa" qruplaşması 1997-ci ildə yaradılanda
"qanunsuzluqlar və korrupsiyaya mübarizə" şüarı ilə çıxış edirdi.
Amma vur-tut iki ay sonra bu qruplaşma aşkar ekstremist dəstə
olduğunu göstərdi. "Əl Cəmaa" indi özünü "Məğribdə Əl Qaida"
adlandırır.
Misalların sayını artırmaq, "Əsbat əl Ənsar", "Cəmiyat İhya ət
Turaz əl İslami", "Cund əş Şam", "Hizbut Təhrir əl İslami",
"Ləşkəri Taiba"nı, daha sonra "Cəbhət ən Nüsra"nı, "Cund əl Şam vəl
Muslimin"i, "Riyadus Dabiq"i və ən nəhayət, İŞİD-i xatırlayaraq
həmin qruplaşmaların da yaradıldıqları ilkin dövrlərdə "ölkə
qanunlarına qarşı çıxmırıq, sadəcə, dindarların haqq və
hüquqlarının qorunmasını istəyirik" tipli bəyanatlarını yada salmaq
olar.
"İlkin məqsəd və məram"ların sonradan ekstremizmə, terrorizmə,
dini radikalizmə transformasiyası çox tez, hətta "fenomenal"
sürətlə getdiyindən təəccüblü heç nə yoxdur: çünki haqlarında bəhs
etdiyim təşkilat və qruplaşmalar elə bünövrədən sonrakı
məqsədlərini gerçəkləşdirmək üçün yaradılmışdılar.
Azərbaycandakı dini hərəkatlar və qruplar sırasına qatılmağa
çalışan "Müsəlman Birliyi Hərəkatı"nın banisi, rəhbəri Taleh
Bağırov belə deyir: "Hərəkatın fəaliyyətini planlı şəkildə təhrif
etmək istəyirlər. Mübarizəmizi sivil şəkildə, hüquqi müstəvidə
aparırıq, bizə qarşı əsassız ittihamlar yayanlar məhkəməyə
veriləcəklər".
Qətiyyətli açıqlama, hətta ultimatum ruhlu bəyanatdır.
Taleh Bağırovun və onun təşkilatının fəaliyyətini "planlı
şəkildə təhrif etmək" fikrindən çox uzağam.
Sadəcə, faktlarla danışaq və danılması mümkün olmayan məqamlara
istinad edək.
Facebook-dakı "Hicab bizim namusumuzdur" adlı səhifə yazır
(orfoqrafiya və stilistika olduğu kimi saxlanılıb): "Bu yezid
sifətləri cəzalandırmaq istəyən muxtarların nəzərinə... Vicdansız
Elmarın Gəncədə İmam Hüseynin əzasına qoyduğu qadağadan sonra ona
qarşı etirazlar və təhdidlər dayanmaq bilmir. Biri sözü ilə, biri
nifrinləri ilə, biri də onu ölümə hədələməklə etirazını bildirir.
Bu cinayətləri törədən məmurlar gərək tez bir zamanda
cəzalandırılsın. Uşaqlarımızı döyən məmurları gecə saatlarında
tutub yaxşı döymək lazımdır.
Elmar kimiləri də gərək öldürülsün.
Onun kimilərin qanı halaldır. İnşaallah tez bir zamanda onların
ölüm xəbəri yayılacaq. Sadəcə bir məsələyə diqqət edin ki, bunları
cəzalandırmaq istəyənlər və onlara lənət və nifrin göndərənlər,
onların ailələri ilə və ata anaları ilə işləri olmasın. Çalışın
ailələr təhqir olunmasın. Cəzalandırılan insanların ailələrinə
xəsarət dəyməsin.
Bunları cəzalandıran şəxslər milli qəhrəmanımıza çevriləcəklər və
Azərbaycan tarixi bu qəhrəmanlarla fəxr edəcək.
Hər ibni-ziyadın qarşısında bir muxtar olması gərəkdir".
Ümit Zeynalov adlı Facebook istifadəçisi isə belə yazıb: "Artıq
Azərbaycanda vəziyyət tam başqadır. Əqidə, məzhəb qardaşlığı hər
şeydən üstün tutulur. Budəfəki aksiyalar 70-80 nəfərdən ibarət
olmayacaq, başınıza daş olub yağacağıq. Leysan olub sizi
Azərbaycandan yuyub aparacağıq, ayağınızı hara qoyduğunuza diqqət
edin. İmam Hüseyn bayrağını bayrağımız edib Azərbaycanı Kərbala
məktəbi ilə talan edərik. Dindarlar və Bakının 32 kəndi Hacı Tale
bəyin əmrini gözləyir, tutulan dindarlar buraxılmasa, polis
idarələri yandırılacaq və polislərə qarşı amansız olacağıq".
Taleh Bağırova qarşı "təqiblər"in olduğunu deyənlərin
çağırışları budur.
Onlar dövlət sturkturlarında çalışanların, rəsmi şəxslərin
döyülməsini, öldürülməsini istəyir, Azərbaycanda talan və
amansızlıqlar "xəbərdarlığı" edirlər.
Kütləvi iğtişaşlara, qatı xuliqanlığa, qətllərə və ağır
cinayətlərə çağırışların qanunvericilikdə necə dəyərləndirildiyini
lüzum görmürəm.
Demokratiya və insan haqları prinsiplərinə gəldikdə isə, bir
anlıq təsəvvür edin ki, ABŞ-da "dindar" olduqlarını iddia edənlər
qubernatoru döyməyə, məmurları öldürməyə, polis idarələrini
yağmalamağa və yandırmağa çağırışlar edir, Birləşmiş Ştatları talan
edəcəklərini yazırlar.
Belə çağırışların sadəcə, bir kəlməsi yetər ki, ABŞ-ın Daxili
Təhlükəsizlik Nazirliyi (Department of Homeland Security, DHS)
həmin adamları dərhal həbs etsin və istintaqa başlasın.
ABŞ-da dini radikallarla, islamçı ekstremistlərlə polisin və
təhlükəsizlik strukturlarının davranışı bəllidir.
Konqresin "Daxili Təhlükəsizlik Aktı"na uyğun olaraq, belə şəxslərə
qarşı "qətiyyətli ifadəalma metodları" tətbiq olunur.
"Qətiyyətli ifadəalma metodları"nın nə olduğunu Quantanamo
həbsxanasında saxlanan məhbuslar əla bilirlər: həmin metod trivial
işgəncələrdir ki, adı sivil ifadələrlə pərdələnib.
Fransa, Almaniya, İsveç, Britaniyada "ölkəni talan edərik",
"məmurları döyün", "dindar qardaşlarımızın qisasını alın" tipli
açıqlamalar isə kim tərəfindən və harada səslənməsindən asılı
olmayaraq terrora, ekstremizmə çağırış sayılır və qanunvericiliklə
ən ağır cəzalara layiq bilinir.
Qonşu Rusiyada və ya Türkmənistanda, Belarus və ya Ukraynada,
Gürcüstan və ya Qazaxıstanda isə analoji bəyanatlar birbaşa terrora
çağırış sayılır.
... Avqustun 31-də İran İslam Respublikasının tanınmış din
xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani Azərbaycanda
rəsmi səfərdə oldu.
"Müsəlman Birliyi Hərəkatı"nın sədri Hacı Tale Bağırov və onun
müavini Elçin Qasımov da ayətullanın əlini öpənlər sırasında
idilər.
Cənab Həmədani İrandakı "mühafizəkarlar" adlanan siyasi
düşərgənin ən nüfuzlu təmsilçilərindən biri olmaqla yanaşı, İranın
xarici və daxili siyasətinin vektorlarının müəyyənləşdirilməsində
də söz sahibidir.
Belə şəxsin Azərbaycana səfəri önəmli hadisə idi, sözsüz. Amma
onun əlinin öpülməsi nə xalqımızın adət-ənənələrinə, nə də islam
qaydalarına uyğun deyildi.
Doğrudur, osmanlı türklərində belə adət var və Anadoluda
böyüklərin, yəni yaşlıların əli öpülür.
Fəqət, osmanlı türkü yalnız valideynlərinin, bir də yaşlı
qohumlarının əlindən öpər. Türkiyədə hansısa müsəlmanın din
xadiminin əlindən öpməsi nonsens kimi qəbul olunur.
Azərbaycanda da bineyi-qədimdən belə adət olmayıb, indi də "əl
öpmə" ənənəsi yoxdur.
Tale Bağırzadə ayətullah Həmədaninin əlini öpməsi ilə bağlı belə
açıqlama verib: "Bu məsələyə münasibət bildirmişik. Ayətullah
Həmədani İslam alimidir. Dünyada din alimlərinin əllərindən
öpürlər. Burada heç bir problem yoxdur. O, bizim həmyerlimizdir.
Hər şeydən öncə azərbaycanlıdır. Bizdə insanlar var ki, Avropada öz
həyat yoldaşlarının əllərini öpdürürlər. Fətullah Gülənin də
əlindən öpülür. Digər əl öpmələri də qeyd etmək olar. Qardaş
Türkiyədə ağsaqqalın əlindən öpürlər. MHP sədrinin əlindən
dəfələrlə öpüblər. Bizi qınayanlar qərəzli şəxslərdir".
Sözün açığı, Taleh Bağırova qarşı heç bir qərəzimiz yoxdur.
Doğrudur, din xadimlərinin əllərinin öpüldüyü ölkələr var,
Türkiyədə də Fətullah Gülən və ya MHV sədri Dövlət Baxçalının əlini
öpürlər.
Amma Türkiyədə o əl öpənlər osmanlı türkləridir: ingilisin,
hollandın və ya ərəbin belə "əlöpmə" mərasiminə qatılması onların
ölkələrində ən azı birmənalı qarşılanmaz.
İslamda din xadiminin əl öpməsi "biət"in, yəni sədaqətin bir
formasıdır.
Ayətulla Həmədaninin əlinin öpülməsi də birbaşa olaraq onun
ideyalarının, mövqeyinin, dünyagörüşünün paylaşılması, sözlərinin
və çağırışlarının birmənalı olaraq qəbulu kimi
dəyərləndirilməlidir.
Hər halda İranda belədir.
Üstəlik, Taleh Bağırov "əlöpmə"də qeyri-adi heç nə görmürsə və
bu, sədaqət izharı deyilsə, onda nədən İranın "Səhər"
telekanalından tutmuş, "mühafizəkarlar"ın nəzarətindəki ən müxtəlif
media qurumları T.Bağırzadənin "müdafiəsi"nə qalxıblar?
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq
İlqar Altay deyib: "Tale Bağırzadə 5 il İranın Qum şəhərində dini
təhsil alıb. Hər birisi 1 il olmaqla Məşhəd və Nəcəfdə (İraq)
xüsusi "kurs" keçib. Təhsil alıb, beyni yuyulub millət, vətən, xalq
anlayışlarından uzaqlaşdırılmış bu gənc hazırda fanatizm
dərəcəsində siyasi radikal şiəliyi təmsil edir".
İndi Taleh Bağırovun "heç bir xarici ölkə və ya qüvvə ilə
əlaqə"lərin olub-olmamasına məntiqlə düşünənlər qərar versin.
Taleh Bağırov "müstəqil siyasətçi və demokrat insan" olduğunu
deyir, amma indiyədək onun Pakistan, Türkiyə, Səudiyyə Ərəbistanı,
Rusiya və ya başqa ölkədən gəlmiş nüfuzlu din xadiminin əlini
öpdüyünü görən olmayıb.
Çıxışlarında ölkədəki hakimiyyəti sürəkli olaraq "yezidi rejim,
əməvilər" adlandıran Taleh Bağırov "fəaliyyətinin təhrif"
olunduğunu deyir.
Ölkədə qisasçılıq ruhunun yayılmasına can atmaq, kütləvi
itaətsizlik və iğtişaşlara çağırışlar, hakimiyyət mənsublarının
hədələnməsi, "indiyədək susmuşuq, bundan sonra..." ifadələri ilə
başlayan ultimatumlar, hədələr - bütün bunlar "Konstitusiya
çərçivəsində fəaliyyət" sayıla bilərmi?
"Müsəlman Birliyi Hərəkatı" sadəcə, proseslərin təzahür forması,
Taleh Bağırov isə Azərbaycanda vətəndaş müharibəsi yaratmaq, dini
zəmində toqquşmalar burulğanını törətmək istəyənlərin siyasətində,
bəlkə də ən sadəlövh fiqurlardan biridir.
Onlar Azərbaycanı parçalamaq, məhv etmək istəyən güclərin əlində
bilərəkdən və ya sövq-təbii olaraq alətə çevrilir, ölkəmizi hədəfə
almış radikal islamçı ideoloqların ssenarilərində subyektlərə
dönürlər.
Yaşananlar göstərir ki, Azərbaycannda din pərdəsi altında
fəaliyyət göstərən radikallar və ekstremistləri şəbəkələşdirmək,
onları aktivləşdirmək üçün aşkar cəhdlər göstərilir.
Radikallar son vaxtlar hədsiz dərəcədə cürətləniblər və bu
"qətiyyət" heç bir halda daxili emosionallıq, hisslər məcmusu ilə
izah oluna bilməz.
Çünki Taleh Bağırov da daxil olmaqla, radikalların çıxışları,
xütbə və moizələri, bəyanat və çağırışları indiyədək Azərbaycanda
dini zəmində toqquşmalar yaratmaq, dövlət çevrilişini reallaşdırmaq
istəyən güclərin fiqurları olmuş şəxslərin və təşkilatların
səsləndirdikləri ifadələri sanki təkrarlayır.
Azərbaycanda "qəflətən", zəruri və obyektiv zəmin olmadan
"Hüseyniyyə" cərəyanının ifrat dərəcədə fəallaşması hadisələrin
normal məcrasında olan hadisə deyil. Dövlətin əsaslarına, milli
ideologiyanın təməllərinə qarşı yönələn ifadələr, aşkar itaətsizlik
çağırışları və kütləvi aksiyalara səslənişlərin "daxili hisslərin
təbəddülatı" sayılması baş verənləri çox səthi dəyərləndirmək
olardı.
Nədən ki, bu çağırışların əsasında din, irşad, hidayət və iman
yox, siyasət durur.
Özü də kənardan diltə olunan, idarə edilən və ən başlıcası -
"nəticə"lər barədə hesabat tələb olunan siyasət.
... "Möminlərin haqqını pozan məmurlar, dövlət mənsublarını
öldürmək gərəkdir. Belələrinin qanları halaldır. İnşallah, onların
ölüm xəbərləri tezliklə yayılacaq. Vallahi, bizim səbrimizlə
oynamayın. Dindarlar indi əmr gözləyirlər".
Suriyadakı "Cəbhət ən Nüsra li Əhli əş Şam" qruplaşması 2012-ci
ilin yanvarın 3-də belə bəyanatla çıxış etmişdi.
Radikallar məkandan asılı olmayaraq, eynidir və onların
məqsədlərini təxminləmək də çətin deyil.
Bunu hələ Çar Rusiyasındakı sosial-demokratların "Qoca"
dedikləri Vladimir İliç Ulyanov-Lenin söyləmişdi.
"Müsəlman Birliyi Hərəkatı"nın rəhbəri Taleh Bağırovun
fəaliyyətinin zahiri və batini, bəyanatlarının eksteryer və
interyer mahiyyəti, çağırışlarının üz və astarı var.
Son vaxtlardasa astar vurub üzə çıxıb.