1995-ci ildə qəbul olunan, 2002-ci və 2009-cu illərdə
əlavələrlə dəyişikliklər edilən Kontitusiyanın yenilənməsi zərurəti
son 7 il ərzində ölkənin həyatında, vətəndaşların yaşamlarında baş
verən dəyişkiliklərlə bağlıdır. Bundan başqa, Azərbaycanın
yerləşdiyi regionda və dünyada gedən siyasi, iqtisadi və geosiysi
proseslər də bəhs etdiyimiz Konstitusiyaya dəyişiklikləri qaçılmaz
edirdi.
Referendum aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər
edilməsi və onun 6 yeni maddə ilə tamamlanması nəzərdə tutulur.
Əlavələr və dəyişikliklər insan haqlarının və azadlıqların
müdafiəsini təmin edən əsasların təkmilləşdirilməsini; effektiv və
çevik dövlət idarəçiliyi mexanizminin formalaşmasını; həyata
keçirilən iqtisadi islahatların səmərəliliyini və ardıcıllığını
təmin etmək üçün iqtisadi idarəçilik mexanizminin
təkmilləşdirilməsini, qanunverici hakimiyyətin fəaliyyəti ilə bağlı
yeni tələblərin müəyyən edilməsini; dövlətin təhlükəsizliyi,
cəmiyyətdə sabitlik üçün əlavə təminatlar yaradılmasını nəzərdə
tutur. Bütövlükdə dəyişikliklər cəmiyyətin inkişafının müasir
mərhələsində onun həyat fəaliyyətinin əsas sahələrini əhatə
edir.
Dəyişikliklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə
qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı
seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident
vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin
aradan qaldırılmasını nəzərdə tutur.
Sənəddə prezidentin birinci vitse-prezidenti və
vitse-prezidentləri vəzifələrinin yaradılması nəzərdə tutulur.
Təklifə əsasən, onların vəzifəyə təyinatı və azad edilməsi
səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı
razılaşdırmalı deyil.
Bundan əlavə olaraq, prezident dövlət başçısı səlahiyyətlərini
icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident
icra edir.
Bütün bunlar heç bir halda dövlət başçısının mövqelərinin daha
da möhkəməndirilməsi ilə bağlı deyil və bəhs etdiyimiz məcradakı
iddialar absurddur.
Ən azı, ona görə ki, Azərbaycanın çağdaş siyasi landşaftında
dövlət başçısı İlham Əliyevə hansısa formada, səviyyədə və ya
potensialda rəqib sayıla biləcək siyasətçi yoxdur. Olan xalqın
adından danışmağı çox sevən, vətəndaşların rifahını və yaşamını
düşündüklərini iddia edən siyasət dəllalları ilə tarixin
zibilliyinə çoxdan atılan, fəqət hələ bunu anlamayan siyasi
mumiyalardır. Onlar son 25 ildə kim olduqlarını, nə bacardıqlarını
(daha doğrusu, heç nə bacarmadıqlarını), siyasəti bitmək bilməyən
primitiv intriqalar və ambisiyaların təminatı vasitəsi qismində
dərk etdiklərini, lakin bu dərrakə formatının müasir dünya
geosiyasətindəki çağırışları "həzm etmək" gücündə olmadığını
nümayiş etdirdilər.
Dövlət başçısının hakimiyyəti gücləndirməyə əsla ehtiyacı yoxdur
və belə zərurət də yaranmayıb. Səbəb olduqca sadədir: İlham
Əliyevin yürütdüyü siyasəti xalq dəstəkləyir və istənilən sorğular,
rəy araşdırmaları prezidentin reytinqinin yüksək olduğunu göstərər.
İlham Əliyev istənilən seçkidə çox böyük dəstəklə, səslə qələbə
qazanıb və situasiya indi də belədir.
Konstitusiyaya əlavələr və dəyişikliklər Azərbaycanın siyasi
idarəetmə sistemində innovasiyaları, zamanın diqtə etdiyi
tələblərin reallaşmasını, ölkəmizin üzləşdiyi çağırışlara adekvat
cavabı və dövlətçiliyin inkişafında yeni mərhələni ehtiva edir.
Prezidentin səlahiyyət müddətinin
artırılması...
Referendumda vətəndaşların seçiminə təqdim olunan məsələlərdən
biri də Azərbaycan prezidentinin səlahiyyət müddətinin 5 ildən 7
ilədək artırılması idi.
Bu, istək yox, zərurətdir, çünki Azərbaycan təki çox mürəkkəb
geosiyasi coğrafiyada yerləşən, bütün təzyiqlərə və pressinqlərə,
hətta daxili işlərə kobud müdaxilə cəhdlərinə rəğmən gerçəkdən də
müstəqil xarici siyasət yürüdərək suverenliyini qoruyan,
dövlətçiliyindən kimsəyə pay vermək niyyətində olmayan ölkə üçün
dövlət başçısı postuna seçilmiş şəxsin fəaliyyət proqramını həyata
keçirməsi üçün 5 il yetərli deyil. 7 illik müddət vətəndaşlardan
idarəetmə mandatı alan, xarici və daxili siyasəti müəyyənləşdirən
ölkə rəhbəri üçün artıq yetərli zaman deyil. Xalqın dəstəklədiyi
fəaliyyət proqramını reallaşdırmaq, taktiki və strateji məsələləri
həll etmək üçün 7 illik müddət gərəkli imkanlar yaradır.
Yaş senzi və vitse-prezidentlik: zamanın zəruri
tələbi
Konstitusiyaya edilən əlavə və dəyişikliklər arasında millət
vəkili ilə prezident seçkilərində namizədlərin üzləşdikləri mövcud
yaş senzinin aradan qaldırılması da var. Artıq Azərbaycanda 18 yaşı
tamam olmuş şəxslər parlament və prezident seçkilərinə qatıla
bilərlər.
Senzin aradan qaldırılması, gənclər qarşısında durmuş bu
məhdudiyyətin ləğvi bilik və potensialı ilə cəmiyyətdə tanınan
şəxslərin imkanlarından daha effektiv istifadə olunması zərurəti
ilə bağlıdır.
Bundan başqa, Azərbaycan beynəlxalq praktikadan və dünyanın
inkişaf etmiş ölkələrinin təcrübəsindən yararlanır. Məsələn,
Kanada, Fransa, Hollandiya, Çexiya, Finlandiya, Norveç, Sinqapur,
Malayziya, Yaponiya, İtaliya və s. ölkələrdə seçkili vəzifələr üçün
yaş senzi namizədlər qarşısında duran dəf olunmaz maneə sayılmır.
Nədən ki, seçkili vəzifələr üçün aşağı yaş senzinin aradan
qaldırılması vətəndaşın öz potensialını reallaşdırmasına imkan
verən amillərdən biri, gənclərin siyasi fəallığını dəstəkləyən və
stimullaşdıran amil qismində qəbul olunur.
Onu da unutmayaq ki, Konstitusiyaya yaş senzi ilə bağlı edilmiş
dəyişikliyi primitivləşdirməyə, mahiyyətini saxtalaşdıraraq təqdim
etməyə çalışanların iddiaları tamamən əsassızdır. Yaş senzinin 18-ə
salınması heç də ölkədə 18-20 yaşlı gənclərin kütləvi şəkildə
dövlət vəzifələrinə təyinatı demək deyil: belə təyinatlarda və
seçimlərdə ali təhsil, təcrübə və s. kimi məhdudiyyətlər var.
Vitse-prezidentlik postunun yaradılmasına gəldikdə isə, müəyyən,
bəlli sahələrin vitse-prezident səviyyəsində nəzarətə götürülməsi
Azərbaycanda dövlət idarəetmə mexanizmini daha da çevikləşdirəcək,
dövlət başçısının göstərişləri ilə Milli Məclisin qəbul etdiyi
qanunların reallaşdırılmasını daha da sürətləndirəcək. Bu isə
prezidentin müvafiq tapşırıqlarından sonra bir neçə istiqamətə
rəhbərlik edəcək insanlardan ibarət korpusun yaranması
deməkdir.
Dövlət idarəetmə sisteminin səmərəsinin artırılması, çevik
mexanizmlərin formalaşması, hakimiyyət vertikalının daha da
gücləndirilməsi, qanunların, qanunverici aktların və fərmanların
həyata keçirilməsi, icra prosesinin möhkəmlənməsi, bütün bunları
təmin edəcək operativ və effektiv sistemin yaradılması
vitse-prezidentlik postunun təsisatını labüd edirdi.
Dəyişikliklər dövlətin həyat fəaliyyətinin müxtəlif sahələrinə
cavabdeh olan birinci vitse-prezident və vitse-prezidentlər
vəzifələrinin təsis olunmasını nəzərdə tutur ki, bu yeni idarəetmə
təsisatı prezident idarəçilik formasının müasir çağırışlara adekvat
reaksiyasını təmin edəcək, fövqəladə vəziyyətlərdə və problematik
hallarda dövlətin idarəetmə mexanizminin maksimal səviyyədə optimal
çalışması, gərəkli optimallığı üçün zəmin yaradacaq.
Bütün bunlarla yanaşı, birinci vitse-prezident və
vitse-prezidentlər postlarının təsis olunması ölkədəki siyasi,
iqtisadi və sosial islahatların miqyasının daha da artırılaraq
onların genişləndirilməsini, habelə dövlət başçısının
səlahiyyətlərinin icraçı mexanizmlərini konkret bəlirləyir,
idarəetmə sistemini ehtimal edilə biləcək risklərdən qoruyur.
Müşahidəçilər dedilər ki...
Referendumun gedişatını izləmiş beynəlxalq müşahidəçilər
qruplarının açıqlamalarına görə, proses demokratik, şəffaf keçib,
seçicilərin yüksək fəallığı müşahidə olunub.
Müşahidəçilər onu da vurğulayırlar ki, referendum ölkə
qanunvericiliyinin tələblərinə tam uyğun və yüksək səviyyədə
keçirilib. Mərkəzi Seçki Komissiyasının, Seçki İnformasiya
Mərkəzinin, habelə dairə və məntəqə seçki komissiyalarının
fəaliyyəti müsbət dəyərləndirilib. Yerli müşahidəçilərlə yanaşı,
beynəlxalq ekspertlərin bəyanatlarında o da bildirilir ki,
referendumda səsvermə, prosesin təşkili, ən başlıcası isə səslərin
sayılması beynəlxalq standartlara uyğun, yüksək səviyyədə təşkil
olunub.
Səsvermənin nəticələrinə hər hansı formada təsir eə biləcək
ciddi qanun pozuntuları da qeydə alınmayıb.
Son aylarda Azərbaycana qarşı aşkar qərəzli mövqe tutan,
insinuasiyalarla uydurmaları "gerçək" kimi qələmə verməyə çalışan,
Bakını sürəkli hədəfə alan media orqanları istisna olmaqla xarici
ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycandakı
referendum diqqət məprkəzində olub: telekanallar, xəbər saytları və
informasyia agentliklərinin yaydıqları məlumatların ümumi məğzi
Azərbaycandakı referendumun yüksək səviyyədə keçirilməsi ilə
bağlıdır.
Xaricdən aldığı əmrlər və göstərişlərlə idarə olunan, merkantil
maraqlarını xalqın və dövlətini mənafeyindən üstün tutan bəlli
müxalifət "lider"ləri ilə funksionerlərinin saxtakarlıqları, siyasi
manipulyasiyaları da təbii ki, davam edib. Onlar həmişəki kimi,
dezinformasiyalar yaymaqla məşğuldur və indi də reallığı qəbul
etmir, qapıldıqları illüziyaları tərəfdarlarına son, absolyut
həqiqət kimi təqdim edirlər.
Elə həmin dünya təcrübəsinə əsasən, Azərbaycan Konstitusiyasına
əlavələr və dəyişiklikləri tənqid edənləri iki yerə bölmək olar:
siyasi və hüquqi savadları ilə erudisiyaları yetərincə olmayanlar,
bir də alınan sifarişi yerinə yetirərək qərəzli, destruktiv mövqe
tutanlar.
Bu şəxslər artıq anlamalıdırlar ki, Konstitusiya mətni səmavi
kitab deyil: çağdaş dünyada ölkələrin ali qanununa dəyişikliklərlə
əlavələr adidən adi haldır.
Məsələn, Rusiya Konstitusiyasına indiyədək 63 əlavə və
dəyişiklik edilibsə, ABŞ-da bu rəqəm 1789-cu ildən bəri 27-yə
bərabərdir. Kanadada Konstitusiyaya edilmiş 10 dəyişiklik
ümumiyyətlə ümumxalq referendumuna çıxarılmayıb və əyalət senatları
səviyyəsində qəbul olunub.
Azərbaycanda radikal müxalifət liderlərinin bir parasının
mövqelərindəki marazm o səviyyəyə çatır ki, "İsrail və Britaniya
kimi demokratik ölkələrdə Konstitusiyalara əlavələrlə dəyişikliklər
çox nadir haldır" deyirlər.
İsraillə Britaniya "kodifikasiya edilməmiş Konstitusiyaya malik"
ölkələr sayılırlar: yəni nə İsraildə, nə də Britaniyada ölkənin ali
qanunu adlandırıla biləcək sənəd, Konstitusiya yoxdur. Bundan
başqa, Konstitusiyaya şamil ediləcək sənədlər toplusu da mövcud
deyil.
Britaniya məhkəmə presedentlərinə əsaslanan anqlo-sakson hüquq
sistemidir və bu səbəbdən ölkənin "Konstitusiya" adlana biləcək
sənədlər toplusu statut hüququ (Statute Law); ümumi hüquq (Common
Law) və konstitusional anlaşmalara (Constitutional conventions)
söykənir.
İsrailə gəldikdə isə, ölkə Knessetinin (parlament) ilk
çağırışında, 1949-cu ilin yanvarın 25-də Konstitusiya layihəsi
müzakirəyə çıxarılsa da, indiyədək qəbul olunmayıb,
təsdiqlənməyib.
İsrail hazırda "11 əsas qanun" adlı toplu əsasında idarə olunur.
Yəni bu ölkələrin ümumiyyətlə, konstitusiyaları yoxdursa, olmayan
ali qanuna necə "çox nadir hallarda dəyişikliklər edilir" - məlum
deyil.
Fransada ümumiyyətlə 5 dəfə Konstitusiya qəbul edilərək
təsdiqlənib və bu səbəbdən də Fransa özünü "Beşinci Respublika"
adlandırır.
Dünya ölkələri arasında özlərini parlament və prezident
respublikaları adlandıran çox ölkələr var. Qonşu Ermənistanda da
parlament üsul-idarəsinə keçid adı altında prezident Serj Sarkisyan
hakimiyyətdə qalmaq üçün zəmin yaratmaqla məşğuldur. Yəni hər hansı
idarəetmə modeli, qanunlar toplusu və ya məcmusu ideal variant,
standart sayıla bilməz və sayılmamalıdır, Azərbaycan öz dövlətçilik
təcrübəsinə və realllıqlara əsaslanaraq inkişaf etməli, bu zaman
ölkənin mənafeləri və xalqın maraqları nəzərə alınmalıdır.
Azərbaycan həddən artıq gərgin geosiyasi situasiyada yeni
çağırışlarla qarşılaşdığından Konstitusiyaya əlavələr və
dəyişikliklər də zəruri idi.
Gerçəklik budur ki, Azərbaycanda vətəndaşlar sadəcə,
Konstitusiyaya əlavələrə və dəyişikliklərə yox, dünyəvi,
demokratik, hüquq dövləti prinsiplərinin güclü olduğu gələcəyə səs
verdilər.
Belə seçimin əhəmiyyəti isə göz qarşısındadır.