"Onlar özlərindən başqa kimsəni haqlı bilmirlər, çünki
haqq bu adamlar üçün yalnız öz qənaətləri, bir də haqsızlığı haqqa
çevirməyi ideologiya kimi təqdim edən təbliğatı quranlara inamdır.
Onların saqqallarının altından bəzən çox fərqli bayraqlar görünür"
(Məhəmməd Siddiq, "İslamdan danışanlar")
"Bu, əsl islam deyil". Tanış, geniş yayılmış ifadədir. Dünyanın
müxtəlif yerlərindəki radikal islamçı təşkilatlar, qruplaşmalar,
terror qrupları, dəstələr, hərəkatlar barədə danışanda, "Cəbhət əl
Nüsra", "Boko Haram", "Əl Qaida", İŞİD, "Ləşkəri Taiba", "Taliban"
və daha onlarla, bəlkə də yüzlərlə islamçı təşkilatların
əməllərinin yer aldığı videolar nümayiş olunanda, fotolar
paylaşılanda belə deyilir.
Bu terrorçular islamdan danışsalar da, ayələr və surələr
söyləsələr də, hədislərə və Qurana istinad etsələr də, gerçək
islamdan həddən ziyadə uzaq olduqları söylənilir.
Əslində, gerçəkdir. Belələri islama qulluq etmək əvəzinə islamı
öz alətlərinə çevirməyə, Quranı oxuyub anlamaq yerinə bu kitabı
oxumayıb anlatmağa çalışırlar.
Terrorçular "cihad" etdiklərini düşünürlər.
Radikal islamçıların qəti qənaətlərinə görə, yaşadığımız planet,
kürreyi-ərz iki hissədən ibarətdir ki, "dar ül islam"da möminlər
yaşayır, "dar ül hərb" adlandırılan məkanlar isə mütləq istila
olunmalı, oradakı dövlətlər məhv edilməli, hakimiyyətlər devrilməli
və hər yanda "Şəriət qaydaları" bərqərar olmalıdır. Fəqət ki,
pırtlaşıq saqqallı "mömin"lərin bəhs etdikləri "Şəriət qaydaları"
elə Şəriətin özünün qətlinə yönəlib: nədən ki, Şəriət insanın
haqqını qoruyur və haqqı, ədaləti insana bərabər tutur, bu səbəbdən
gerçək, əsl islam silahlı, çılğın baxışlı, tez-tez "Təkbir!"
hayqıran adamların təhtəlşüur qatlarındakı nifrət obyektidir.
Azərbaycanda son vaxtlarda din adı ilə pərdələnmiş radikal
qruplar və şəxslərin fəallığı artıb. Onlar iki düşərgəyə
parçalanıblar.
Bir tərəfdə kütlənin "vəhhabilər" adlandırdıqları "sələfi"lər,
yəni "sələfiyyun" təriqətinin mənsubları ki, onlar darbalaq
şalvarları, uzun saqqalları, "İslam Xilafəti" barədə refren halını
almış danışıqları ilə fərqlənirlər.
Belələrini radikallıqdan, hətta ekstremizmdən sadəcə, bir addım
ayırır və onların bir parası da "Xilafət" idefiksi, illüziyası,
hətta ximerası üçün Suriyaya, İraqa, Əfqanıstana, hətta Yəmənə
vuruşmağa yollanır, özlərini "mücahid" adlandırırlar.
Sələfilərin antoqonistləri, qarşı tərəfində duranlar "Əsl
Əhli-Beyt aşiq"ləridir ki, bu şəxslər də islamın, bəlkə də
inkişafa, tərəqqiyə, elmə, tolerantlığa və müasirliyə ən meylli
məzhəbi olan şiəliyin radikallaşdırılmış formatıdır.
Azərbaycandakı radikal qruplaşma üzvləri parçalandıqlarını,
düşərgələrə bölündüklərini düşünsələr də, bir-birlərini
"münafiqlər", "sələfiyyun uşaqları", "rafizilər", "xəvaricilər",
"müşriklər" adlandırsalar da, əslində bir mikrosxemdəki eyni
funksionallı çiplər təki, bir-birlərinə bənzəyirlər, bir-birlərinin
təkrarı və eyniləridir.
Onlar Azərbaycandakı vəziyyəti pozmaq, ölkəni ən yaxşı halda
Livan, ən pis halda Suriya və ya Yəmənə, İraqa, Liviyaya döndərmək
istəyən dövlətlərin, təşkilatların, siyasi və maliyyə qüvvələrinin
əllərində alətə çevrildiklərinin fərqinə varmırlar.
Bərəlmiş gözlər, "Allahu-əkbər!" qışqıran ağızlar, vurmağa hazır
yumruqlar, düşərgə mənsubiyyətindən asılı olaraq hakimiyyətin
"Taqut nökərləri" və ya "Yezid qulluqçuları" adlandırılması, polis
idarələrinin qarşısına yürüşlər, məscidlər və ibadət məkanlarının,
səcdəgahların qarşısında aksiyalar cəhdləri, sosial şəbəkələrdə
kütləvi itaətsizliyə çağırışlar - bütun bunlar alınan sifarişlərin,
əmrlərin, pulların müqabilində görülən işlərdir.
Əksi mümkün deyil və belə düşünən varsa, sadəlövhdür.
Əhalisinin əksəriyyəti müsəlmanlar olan bütün ölkələrdə olduğu
kimi, Azərbaycanda da dindən hakimiyyətə sərt təzyiq vasitəsi
qismində istifadə etmək, radikal qruplaşma üzvlərini alətə çevirmək
və küçələrə çıxarmaq, qanun pozuntuları və ya cinayətə görə həbs
olunmuş islamçını "ictihad yolçusu", "əzabkeş", "mücahid" kimi
qələmə vermək artıq sınaqdan çıxarılmış metodlar arasındadır.
Hər iki tərəfi birləşdirən "dəyər"lər çoxdur və onların arasında
əsas yeri Azərbaycandakı mövcud hakimiyyəti devirmək istəyi
tutur.
Gərçi sələfilər "İslam Xilafəti" və ya öz təbirləri ilə desək,
"Dövla İslamiya"nın yaradılmasını sidq-ürəkdən arzulayıb
Azərbaycanı da bu efemer xülyada "əmirlik" kimi görürlərsə, qarşı
tərəf ölkəmizi "Fiqh və Şəriətlə idarə olunan vilayət" təki
arzulayır.
Zahirən "qəvi düşmən", batində isə ideoloji, təşkilati, struktur
və metodologiya baxımından əkiz olan bu iki cərəyanı yönəldən,
maliyyələşdirən, idarə edən güclərin yalnız Şərqdə olduğunu
düşünmək gərək deyil.
İlk baxışdan paradoksal görünə bilər, amma reallıq budur ki,
ölkəmizdə din pərdəsi altında fəaliyyət göstərən radikal qruplaşma
üzvlərinin sayı az deyil. Onların aksiyalarının təşkilati baxımdan
təkrarlanması, şüar və çağırışların dəyişməməsi heç də "tələblərin
yerinə yetirilmədiyi üçün dəyişikliklər olmaması" ilə bağlı
deyil.
Radikalların aksiyalarına, hər belə etiraz çıxışından əvvəl
sosial şəbəkəllərdə və bu "dindar"ların yaratdıqları saytlardakı
təbliğat materiallarına, təşviqat üsullarına fikir versək, eyni
dəst-xətt aşkar görünür.
Həmin ssenari əvvəlcə Balkan yarımadasında, sonra postsovet
məkanının bir neçə ölkəsində, daha sonra Şimali Afrika və Yaxın
Şərq ölkələrində sınaqdan keçirilmiş, reallaşdırılmışdı.
Müxtəlif adları olsa da, hər dəfə "inqilab"dan, "mövcud
hakimiyyətdən cana gələn geniş xalq kütlələrinin etirazları"ndan
bəhs olunurdu və baş verənlər "adi vətəndaşların səbr kasasının
daşması" kimi qələmə verilirdi.
"Mülayim hərəkat", "narıncı inqilab", "qızılgüllər inqilabı",
"lalələr inqilabı" sonradan "ərəb baharı"na təkamül etsə də,
proseslərin konstruktiv məhvəri sabitdi: kənardan idarə olunan və
məharətlə bir istiqamətə yönəldilən kütlə hakimiyyəti devirir,
"müstəbid rejim"dən qurtulur - amma sonrası pis olur.
Yəni sonra Liviya, İraq, Yəmən, Ukrayna, Qırğızıstan, Tunis,
Əlcəzir olur ki, həmin ölkələrdəki vəziyyət göz qarşısındadır.
Azərbaycan müsəlman ölkələri arasında tolerant, dünyəvi, Şərq və
Qərbə eyni səviyyədə meylli, inkişafa can atan, ən başlıcası isə
böyük güclərin əlində alət olmayıb müstəqil siyasət yürüdən ölkədir
və elə bu səbəbdən də Şərqdəki çeşidli radikal-terrorçu
hərəkatlarla yanaşı, Qərbdəki "beyin mərkəzləri"nin
hədəfindədir.
Azərbaycanda radikal islamçıların, din adı ilə pərdələnmiş
qruplaşmaların kütləvi iğtişaşlar törətməsi rəsmi Bakıya illərdən
bəri təzyiq göstərən, ölkəmizi "ram etmək" istəyən Qərb ölkələrinin
də birbaşa marağındadır.
Çünki həmin dövlətlər, güclər Azərbaycanın sosial, institusional,
iqtisadi, ictimai, mədəni yaşamının uzunmüddətli böhranına,
dəyərlərin eroziyasına nail olaraq "cihad" və "möminlərin
mübarizəsi" adı ilə ölkəni sözün əsl mənasında çökdürməyə
çalışırlar.
Artıq hər şeyi öz adı ilə çağırmaq gərəkdir: Azərbaycanda
sünnilərlə şiələr arasında qarşıdurma yaratmaq, qardaşı qardaşın
üstünə qaldırmaq, ölkəni qan gölünə, parçalanmış məkana döndərmək
və sonra da bu zəlil vəziyyətə düşmüş insanları "xilas" adı ilə
idarə etmək istəyirlər.
Budur məqsəd.
Ölkədə guya "iki əks qütbə" bölünmüş təki bağışlayan radikal
islamçı qruplaşmaları və dəstələri birləşdirən məqam da teonomizm,
yəni Şəriət normalarının bütün qanunlardan və Konstitusiyadan üstün
sayılmasının gərəkli olması prinsipidir.
Bu, fundamentalizm, teokratizmdir ki, sonrakı mərhələ hər hansı
uzunmüddətli sonuclar nəzərə alınmadan düşmənə mümkün qədər ağır
zərbə vurulmasını, xəsarət yetirilməsini hədəfləyən
terrorizmdir.
Radikal islamçılıq, fikrimcə, faşizm və kommunizmdən sonra
üçüncü totalitar ideologiyadır ki, çağdaş həyatın problemlərinə
absurd, sərsəm formada orta əsrlər yanaşmasını təklif edir.
Retroqrad, xurafatçı, aqressiv olan bu ideologiya "cihad" və ya
"Şəriətin bərqərarı" adına hər zorakılığa haqq qazandırır.
Məhz bu səbəbdən radikal islamçılığın ifrat ideoloji mahiyyəti
qadın və kişilərin bərabər hüquqlarını, fikir və söz azadlığını,
əhalinin tam savadlılıq səviyyəsini nifrətlə rədd edir, müsəlman
orta əsrinin aqressiv-utopik bərpası ideyalarını şüarlara,
çıxışlara və nitqlərə hopdurur.
Radikal islamçılıq ənənəvi, əsl islamın mutasiya etdirilmiş,
tənəzzül olunmuş formasıdır.
Ona görə də Azərbaycanda kütləni küçələrə çağıran, dini
mərasimlər, ayinlər və bayramlar zamanı çeşidli rəngdə bayraqlar
qaldıraraq yürüşlər edənlər həm də olduqca təhlükəli
fiqurlardır.
Belə aqressiyanın qarşısının alınması, təhlükənin dəf edilməsi
üçünsə din mütləq şəkildə - Konstitusiyada göstərildiyi təki -
dövlət idarəetməsindən və qurumlarından ayrı tutulmalıdır.
Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır, dinimiz islamdır,
amma bu, dövlətin islam dininin şərtləri və qaydaları əsasında
idarə olunması xülyalarının bəslənməsi anlamına gəlməməlidir.
Ölkəmzdə dini dözümlülük, tolerantlıq var. Amma bununla bahəm,
din insanları da dözümlü olmalı, dövlətin qaydalarına və qanunların
tələblərinə riayət etməlidirlər.
Dinin şərtlərinə riayət etdikləri təki.
Azərbaycanda din dövlətdən ayrıdır. Amma dövlət dini özündən
ayırmadığı, iraq tutmadığı üçün, ölkəmizi İraqın halına salmağa
çalışanlara qarşı sivil mübarizə üsulları seçilməli, onların
qanunun ayırdığı yoldan sapmalarının qarşısı alınmalıdır. Sivil
mübarizə zamanı dinlə pərdələnmiş radikalların onsuz da zəif
bazaları sarsılır, istinad dayaqları dağılır və onlar məğlub
olurlar.
Onu da unutmayaq ki, artıq real tədbirlərin görülmə
zamanıdır.
Çünki Suriyada, Liviyada, Yəməndə, İraqda proseslər məhz bir-iki
dəstə radikal dindarın yürüşləri ilə başlanmışdı.
Azərbvaycanda yürüşlər və mərasimlər keçirən dindarlarasa sualım
var: siz ki, belə vətənpərvər, mömin, münəvvər və qeyri məziyyətlər
sahiblərisiniz - nədən aksiyalarınızda Azərbaycan bayraqlarına
nadir hallarda rast gəlinir, dövlət atributlarımızısa ümumiyyətlə
görmək mümkün deyil?
Sizdən istifadə olunduğunu, Qərb, Fars Körfəzi ölkələri və
İranın oyunlarına gəldiyinizi hələ də anlamayıbsınızmı?