Məndən xəlvət ağlamısan
deyəsən…
Faiq Balabəyli - 50
23 fevral bu məmləkətdə uşaq saflığını hələ də qoruyub
saxlayan, lazımınca qiymətini almayan şair Faiq Balabəylinin doğun
günüdür. Özü də 50 yaşı tamam olur. Əzizimizi ürəkdən təbrik edir,
ona bir 50 də yaşamasını arzulayırıq. Oxuyacağınız yazını isə
Faiqin 45 yası tamam olanda yazmışdım.
Beş il əvvəlin
düşüncələri
…Bir neçə dəfə Faiq
Balabəylinin ad günündə mətbuatda təbrik yazısını mən yazmışdım.
Hələ bir dəfə "dörd divar" bizdən o yanda olanda da... Özü də
bilirdi ki, orada nəyin günahını çəkirdi:
Sənsizlikdən darıxıb,
Dərindən ah çəkirəm.
Mən şer yazmıram ki,
Sözlə günah çəkirəm.
Bu il də mən yazıram. Yoruldum-demək istəmirəm, yanlış
anlamayın. Onda yazmaq daha rahat idi. Demirəm ki, yenə qayıtsın
ora, rahatca təbrik edək.
Amma… Hətta günahkar olub cəzasını çəksəydi belə, çöldə bir
kimsənin haqqı çatmırdı ki, onu insani hüquqlardan məhrum etsin.
Qırx beş illik ömrünün iyirmi beş ilini həsr etdiyi dənizçi-şairi
xidmət göstərdiyi hər iki sahədən didərgin saldılar. Özü də təkcə
dənizçi olmağı yetmirdi. Dənizi ədəbiyyata gətirənlərdən birinin
məhz Faiq Balabəyli olduğu yaddan çıxırdı - həm dənizdəki, həm də
ədəbiyyatdakı yönətmənlərin yadından… Niyəsini özü hamıdan yaxşı
bilir. Bilal Alarlının təbirincə desək, dövrümüzün zindan
ədəbiyyatını yaradanlardan biri kimi, Faiq Balabəyli öz halal
haqqına qovuşmalıdır.
Onun halal haqqı bir az da
qəzetdəki fəaliyyətindən keçir. Onun qəzetindən danışan kimi,
nədənsə çoxunun yadına Faiqin məhbəsə atılmağı düşür. Yəni,
dolayısıyla demək istəyirlər ki, qəzeti onun zindanlara atılmasına
qədər yol gəldi. Deyək ki, burası bəlli. Amma… Nədənsə unudulur ki,
adını "tanınmayan", "aztirajlı" qoyduqları bu qəzet ("Yeni xəbər")
Danimarkanın "Yutlantes Posten"i ilə döyüşürdü. Vəhşi Qərbin Şərqə
hücumunun qabağına sinəsini vermişdi. İsveçrədə "İlin qəzeti"
nominasiyasının qalibi olan (yol xərci tapa bilmədiyindən gedib
hələ mükafatını ala bilməyən), səsi gedib "Vaşinqton post"a çatan
qəzetin harayı qəflət yuxusunda olan bizimkiləri oyada bilməmişdi
onda. Əvəzində şərlənib zindana salındı və ancaq orda anladı ki,
böyük sevgilərin hərdən böyük cəzası da olur:
Yağış isladıb yolu,
Yoxsa sənin göz yaşın?
Məni sən tək ağlamaz,
Nə bacım, nə qardaşım
Zamanın ironiyasına bax ki, dinimizin, inancımızın müdafiəsinə
qalxan bir qəzetin üstünə səlib yürüşü elədik özümüz. O cür
münasibət davamlı olaraq indiki səviyyəyə gətirib çıxarmalı idi.
Əgər onda Məhəmməd Peyğəmbərin karitkaturasını dərc edən təkcə
"Yutlandes Posten" idisə, indi bu "posten"lərin sayı beşə çatıb.
Sabah desələr ki, bu namussuz hərəkata beş ölkə qoşulub, -
təəccüblənmərəm. Gör bircə nəfər səsini çıxarırmı... Qoç döyüşü
lazımdır axı… Bəlkə indi yada düşə Faiq Balabəylinin "Yeni xəbəri".
Çünki zaman belələrinin oldu, məkan yox:
Burda oğrular doğru,
Doğrular oğrudur.
Buranın hökmü
oranın hökmündən
qəddar və ədalətlidir.
… Burda darıxmaq olmaz.
Həm də darıxmamaq.
Danmaq olmaz, Faiqi qəbul
etməyənlər qəbul edənlərdən xeyli çoxdur. Mən bunu onunla üzdə xoş
görüşənlərin davranışlarında çox hiss etmişəm. Müxtəlif səbəblər də
axtarmaq olar. Amma ortada olan bir halalca səbəb var ki, ona ağız
büzənlər Faiq Balabəyli yaradıcılığından tamamilə xəbərsizdirlər.
Və yaxud nə vaxtsa oxuduqları, amma yaddaşlarına həkk olunmayan bir
şerinin onlarda yaratdığı ovqata köklənib qalıblar.
O da mümkündür ki, Faiqin yaşam tərzində kimlərisə, nə isə qane
etməyib (Bəzi hallarda heç məni də… Hələ deyim ki, səbəbini özüm
üçün aydınlaşdıra bilmədiyim incikliyim də var). Amma bütün
bunların Faiqin yaradıcılığına nə aidiyyəti var ki… O, daha çox bu
haqqını ala bilməyib. Qəzetinin səhifələrini istedadlı qələm
dostlarına peşkəş edən Faiq, heç bir əlamətdar günündə həmin o
istedadlı dostların yadına düşmədi. Bəlkə burda bir az ifrata
varmaqlıq da var. Fakt ki, ortadadır.
Hətta mən Faiqin doğma
yazarlar diyarı olan cəlilabadlı həmkarlarının hazırladıqları
icmallarda, bəzi mətbu çıxışlarında onun imzasını xəsisliklə
hallandırdıqlarını hiss etmişəm. Bir daha xatırlayıram ki, burda
başqa səbəblər axtarmaq yersizdir, bunlar ancaq mütaliəsizlikdən
irəli gələ bilər. Sözümü qəribliyə salmaq istəyənlər, heç olmazsa,
son vaxtlar mətbuatda dərc olunan şerilərini oxusunlar. Elə iyirmi
il əvvəl yazdıqlarını da oxuya bilərlər:
Bir quru nəfəsdi, o da vaxt gələr,
Görərsən budu ha getdi, gəlmədi.
Mənim xoşbəxtliyim sənin dilində,
Havaya deyilmiş quru kəlmədi.
Azər adlı bir dostumuz deyir
ki, Faiq qiymətini almayan uğurlu şairdir. Qoy elə onun qəzet
yazılarını qavramayanların acığına qəzetçiliyin daşını atsın. Bunu
edə bilər, şairliyini ki, ata bilməz.
… Bilir hər şeyi. Adam sevər
yerindən vurulanda sarsıntıdan gec ayılır, bəzən də heç ayılmır.
Uşaq deyil ki, özü hər şeyin fərqindədir, həyatı və
yazılarıyla:
Görübən gəlirəm mən bu dünyanı,
Hər şeyi yerinə öncə qoymuşam.
Əllərim üstündə yeriyirəm ta,
Yorğun ayağımı dincə qoymuşam.
Bilir ki, tuşlanan oxlardan
ürəyi qorumaq mümkün olsa da, onu bir soyuq baxışdan, biganə
duyğulardan qorumaq çətindir:
Bilinmir varllığın,
bilinmir yoxun,
Sənin tək çəkilib gözümdən yuxum.
Gördüm ki, sinəmə tuşlanıb oxun,
Onçün ürəyimi küncə qoymuşam.
Və bir də onu bilir
ki:
Təməli qoyulur
ayrılıqların.
Hələ çiçəklərin ləçəyi nəmli,
Hələ buludların gözləri yaşlı.
Günləri qabaqda gözləyir bizi,
Mən yaxşı bilirəm darıxmaq nədir,
Mən yaxşı bilirəm ayrılıq nədir.
Özüm də sevmirəm ad günlərini
qeyd etməyi, elə bilirəm ki, tanışların da əksəriyyəti eyni
qənaətdədir. Nədənsə, belə düşünürəm (mümkündür ki, mənim düşüncəm
yanlış olsun). Amma Faiq Balabəylinin ad günündə, özü də qırx beşin
tamamında, ürəyimdən nəsə yazmaq keçdi. Gərək hər şeyi vaxtında
deyəsən. Yadıma Faiqin iyirmi beş il əvvəl yazdığı misraları
düşdü:
Bircəciyim, de sözünü, duruxma,
Ömür keçir gözləyəmməz yaş durub.
Məndən xəlvət ağlamısan deyəsən,
Qurumayıb, yanağında yaş-durub.
Ad günü təbriki yazmaq istəyirdim ha…
Vasif SÜLEYMAN
50-in mübarək, arkadaş!