Yuxarı

DÇ və Cindar Həsən

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gecə heç gözümə yuxu getmədi. Futbol üzrə 20-ci dünya çempionatı haqda verdiyim proqnoz düz çıxdı. Almaniyanın 4-cü dəfə kuboku başı üzərinə qaldırmasını gözləmədən yatmağa qərar verib, televizoru söndürdüm. Hesab bəlli idi...

... Gözlərimi təzəcə yummuşdum ki, hay-küy ətrafı bürüdü. Sərsəm halda səs gələn tərəfə - küçəyə qaçdım. Gördüklərim məni heyrətə gətirdi. Son vaxtlar sosial şəbəkələrdə İŞİD-çilərin günahsız insanların başına gətirdikləri qəddarlıqla müqayisə olunacaq vəhşiliklərlə üz-üzə idim sanki. Düzdür, burda Qurandan ayələr oxuyub, peyğəmbərin gül adını çəkib, təkbir gətirib baş kəsmirdilər. Körpə uşağı, yaşlı qadınları öldürmürdülər, qız-qadını zorlamırdılar. Amma deməliyəm ki, bütün bu şahidi olduqlarım da insanlığa yad idi.

Millətimizin tapıntısı, istedadı və yaradıcılıq sferası ilə milyonların qəlbinə işıq tutmağı bacarmış, milli cindarımız Həsənin qəzəbi məni çaşqın etmişdi. Gördüklərim zatən bu. Doğrusu, əvvəlcə qorxdum, gördüm özümdən gedirəm, tez hər iki əlimlə özümdən tutdum. Bir növ özümü ələ aldım. Siqaret yandırmaq istədim, əlim boşa çıxdı, əynimdə cibi olan libas yox idi. Axı yataqdan durub qaçmışam bayıra. Gördüm müvazinətimi itirirəm, tez əlimi atıb baldırımdan tutdum, özümü yenidən ələ aldım.

Mili mənəvi dəyərləri, mentaliteti, adət və ənənəni subyektiv və obyektiv səbəblərdən özündə qoruyub saxlayan, minillərin o tayından bu tayına qədər gətirib çıxara bilmiş Cindar Həsənin bir dəstə əcaib-qəraib məxluqu qabağına salaraq şallaqlayaraq küçə boyu o tərəfə, bu tərəfə qovmasına tamaşa etmək gecənin bu vaxtı heç də xoşa gələn olmasa da, başa gələn hal idi. Uşaq vaxtı sovxozun bağına üzüm yığmağa gedəndə qarovulçu məni belə şallaqlayardı...

Birdən Cindar Həsən məni görüb, qaşlarını düyünlədi, gözündən iki qığılcım qopdu, burun pərəkləri enləndi, saqqalı biz-biz oldu. Qamçısını göydə fırlayıb üstümə çımxırdı:

- Fuyus-muyus, dıqıdı-mıqıdı, mikodu-bikodu, fyus-muyus....

Sonra da qamçı havada şaqqıldadı. Haçadil qırmanc az qala üzümü yalayacaqdı. Geri çəkildim, gözləri qızarıb hədəqədən çıxmış Həsənə çımxırdım.

- Nə edirsən, adə, ay cindar, məni niyə vurursan?

Cindar Həsən səsimi eşidən kimi bir qədər toxtadı:

- Adə, mən də elə bildim ki, sən də mənim cinlərimdənsən, salacaqdım şallağın altına, eşşək qədər döyəcəkdim.

İndi başa düşdüm ki, bu əcaib-qəraib məxluqlar cinlər imiş. Yazıq cinlər qonşunun hasarına söykənib ciyiltili səslər çıxarır, biri digərinin belində zol duran qamçı yerini dili ilə yalayır və öz dillərində nə isə danışırdılar. Hərdən də əlləri ilə ayıb yerlərini gizlədirdilər ki, dişi cinlərdən ayıbdır. Elə dişi cinlər də abır-həyanı üstün tuturdu.

- Cindar Həsən bəy, əgər sirr deyilsə, bu yazıqları niyə döyürsən? – yazığım gəldi sütül cinlərə. Baxmayaraq ki, qocalmış, qartımışları da az deyildi aralarında.

- Bunlar, kişi deyil, bunların kişilikdə, cin-şəyatinlikdə belə payları yoxdur. Gözüynən görmüşdülər bunlar. Bunlar bəni-adam kimi bir şeydilər. Məni el içində rüsvay eləyiblər. O boyda Latın Amerikasında mənə xüsusi diqqət vardı. Təsəvvür elə, Argentinanın paytaxtında, Buones Ayresdə, düz Xulio Santes parkının yaxınlığında mənə 4 sot torpaq verəcəkdilər. Kupçası, tikintiyə icazəsi, layihə cizgisi, hər şeyi hazır vəziyyətdə. Arzum ürəyimdə qaldı.

- Nə oldu axı?

- Nə olacaq, Argentina Almaniyaya uduzdu. Bunlar məni arxayın saldı ki, jurnalistlər məndən mundial barədə soruşsalar, cavab verim ki, qalib olacaq komandanın adında "a" və "g" hərfləri olacaq. Mən də dedim. İndi almanlar argentinalıları udan ərəfədə, dedim cinsiz, şəyatinsiz, adınız-sanınız var, elə edin ki, heç olmasa heç–heçə olsun. Göndərdim onları o boyda meydançaya. Yarıtmadılar. Əllərindən bir iş gəlmədi. Elə baxdılar ağlayan argentinalılara, sevinən almanlara, dedilər: "Gedib hakimin ürəyinə girib onu yoldan çıxara bilmərik, bu kişilikdən deyil, qoy ədalət qalib gəlsin". Tfu bunların quyruqlarına, palaz qulaqlarına... Hamısını yığıb, aparıb tökəcəm İŞİD-in cinlərinin qabağına. Qudurublar... Köpək uşaqları...

Tarix
2014.07.15 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Kimdir Mahirə Nağıqızı?..

Fərqanə, bu gün sənsiz gəldi...

Elə bil, vəsiyyət edirdi... - Aşıq Vüqar

Şərifin ifritə nənəsini...

Bakıya gedən yolu kəsən qəhrəmanlar - Video

Tərlan Qasımov təltif edildi - Foto

Göndərdiyin acılar sürüşür qucağımdan...

2017 yazarların yaddaşına belə köçdü - Sorğu

SSRİ-nin dağıldığı gün: Qorbaçovun Buşa məxfi zəngi - Mətn

Soyuq Arxangelsk, “Bakı” restoranı və doğma üzlər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla