Rusiyalı politoloq Modest Kolerov bir müddət öncə
"Regnum" agentliyindəki analitik yazısında Cənubi Qafqazla bağlı
maraqlı və kifayət qədər də təhlükəli proqnozlar yayımlayıb. O,
Qarabağın Moskva tərəfindən tanınacağını, Azərbaycanın İranı
provokasiyaya çəkəcəyini iddia edib.
Kremlin qeyri-rəsmi sözçüsü kimi tanınan Modest Kolerovun
Axar.az-a eksklüziv müsahibəsini təqdim edirik:
- Cənab Kolerov, siz "Regnum" agentliyindəki məqalənizdə
Azərbaycanın İranı yaxın gələcəkdə provokasiyaya çəkəcəyini qeyd
edirsiniz. Bu iddianızın səbəbi nədir?
- Mən İranda, o cümlədən Azərbaycan əsilli elitada bu
hərəkətlərə qarşı münasibətin necə olduğunu bilirəm. Hər şey çox
sadədir. Tehranda Bakının Güney Azərbaycanı özünə birləşdirəcəyi
barədə xəbərdar edilmiş şəxslər var.
- Siz həm də Qarabağın Rusiya tərəfindən tanınacağını
deyirsiniz?
- Mən Rusiya Federasiyanın belə çıxılmaz vəziyyətdə qalacağını
demişəm. Səbəb çox sadədir. Hər şey ABŞ-ın başlatdığı Böyük Yaxın
Şərq planının necə reallaşacağından asılıdır.
- Bəs ABŞ-ın Qafqazla bağlı planı nədən
ibarətdir?
- ABŞ hər kəsin bir-birinə qarşı vuruşduğu Qafqaz
hazırlayır.
- Ermənistanın da məhv olacağını
deyirsiniz...
- Ermənistan o dərəcədə balacadır ki, onun bundan sonra
parçalanması və ya məhv olması qəti əhmiyyətli deyil.
- Axı Moskvanın köhnə rəqibi Türkiyə Qafqazda üstünlüyə
yiyələnə bilər...
- Yox, yiyələnə bilməz. Onun bu dəqiqə əsas vəzifəsi müdafiədir.
Amma bu müdafiənin təşkili üçün o Acarıstan və Naxçıvanı tam siyasi
nəzarəti altına ala bilər.
- Rusiyanın parçalanması üçün də təhlükənin yaxınlaşdığı
proqnozlaşdırılır.
- Mən bilirəm ki, Bakıda bu barədə danışmağı sevirlər. Doğrusu,
terrorizmlə müharibə Rusiyada hələ də bitməyib. Rusiyanı hələlik
heç bir parçalanma gözləmir.